Məhkəmə qərarları › İş №2(006)-3748/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3748/2025

24.10.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3748/2025 24.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2, cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı «mənzilə köçürmə və istifadə hüququnun tanınması» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı «mənzilə köçürmə və yaşayış sahəsinə istifadə hüququnun tanınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların Bakı şəhəri Nəsimi rayonu 3-cü mikrorayon R.Məmmədov küçəsi 25 saylı evin 59 saylı mənzilinə (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, R.Məmmədov küçəsi, 95, M5, m2) köçürülmələri və istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılardan İddiaçı1 iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh xx.xx.1998-ci il tarixdə ailə qurmuşlar, nikahları Kürdəmir rayonu Yenikənd kənd icra nümayəndəliyində qeydə alınmışdır. Birgə nikahlarından doğulmuş xx.xx.1999-cu il təvəllüdlü İddiaçı2 və xx.xx.2001-ci il təvəllüdlü İddiaçı3 adlı iki övladları var. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(041)-125/2021 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Cavabdehlə ailə həyatı qurduqdan sonra birgə nikah dövründə Bakı şəhəri Nəsimi rayonu 3-cü mikrorayon R.Məmmədov küçəsi 25 saylı evin 59 saylı mənzilini alsalar da, cavabdeh hansısa yollarla birgə nikah dövründə əldə edilmiş mənzilin sənədlərini saxtalaşdıraraq birgə nikah dövrünə təsadüf etməyən dövrə sənəd almış və onun hüquqlarını pozmuşdur. Hazırda cavabdehlə birgə nikahlarından doğulmuş uşaqlar yetkinlik yaşlarına çatmışlar. O və uşaqları Bakı şəhərinə köçüb orada yaşamaq istəsələr də, onların başqa yaşayış yerləri olmadığından cavabdehə məxsus mənzilə köçüb orada yaşamaq və həmin mənzilə istifadə hüququ əldə etmək məcburiyyətində qalmışlar. Tərəflərin iştirakı və izahatları: İddiaçı1 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin izahatında bildirdi ki, o, orta məktəbi Kürdəmir rayonunda almış, ali məktəbə qəbul olunduqdan sonra isə Bakı şəhərinə köçərək atasına məxsus evdə yaşamağa başlamışdır. Artıq 6 ildir ki, davamlı olaraq atasına məxsus mənzildə yaşayır və oradan başqa onun yaşamağa başqa yeri yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, digər İddiaçı3 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmənin əvvəlki iclasında videozəng vasitəsilə izahatı dinlənilmiş cavabdeh İddiaçı3 bildirmişdir ki, hazırda Naxçıvanda təhsil alır və təhsilini başa vurduqdan sonra Bakı şəhərinə gəlib atasına məxsus evdə yaşamaq fikrindədir. Lakin, hazırki vaxtadək davamlı olaraq atasına məxsus evdə yaşamamışdır. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməmiş və rədd edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında iddia tələbini qəbul etmədi, məhkəməyə iddiaya etiraz təqdim edərək bildirdi ki, iddia üzrə mübahisəli mənzil cavabdehə nikahdan əvvəl çalışdığı müəssisə tərəfindən nikahdan xeyli əvvəl xx.xx.1992-ci il tarixli orderlə Nizami rayon İcra Hakimiyyətinin sərəncamına əsasən əvəzsiz qaydada verilmişdir. Mənzil ilk dəfə 1998-ci il tarixdə mənzil fondunun özəlləşdirilməsi proseduru ilə xüsusi mülkiyyətə keçmiş, həmin vaxt orderdə və mənzildə yaşayış yeri üzrə yalnız cavabdehin adı qeyd olunmuşdur. Nizami rayon İcra Hakimiyyətinin «Azkooptikintiquraşdırma» tresti İxtisaslaşdırılmış TQİ-nin işçisi Cavabdeh mənzil verilməsi haqqında» xx.xx.1992-ci il tarixli sərəncamının surətindən görünür ki, həmin sərəncam sahəsi 16 kv.m olan M.Hacıyev küçəsi 25 nömrəli 59 saylı mənzilin gənc mütəxəssis Cavabdeh 1 nəfər (özü) ailə təkibi ilə verilməsi haqqındadır. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.1998-ci il tarixdə verilmiş MH seriyalı 165699 №-li qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, ünvan 1 Cavabdeh adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə həmin tarixdə reyestr kitabında 150636 № ilə qeydiyyat aparılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli məktubla məhkəməyə təqdim edilmiş sənədlərin surətindən görünür ki, Cavabdeh ünvan 1 ünvanı ilə bağlı xx.xx.1992-ci il tarixdə order, xx.xx.1992-ci il tarixdən həmin ünvanda yalnız özünün qeydiyyata alınmasına dair Forma 2 arayış, xx.xx.2016-cı il tarixdə yeni qaydalarla R.Məmmədov küçəsi 95 M5 ünvanına dair çıxarış verilmişdir. Eyni zamanda qoşma sənədlərlə Cavabdeh BTİ-yə ünvanladığı mənzilin özəlləşdirilməsinə dair xx.xx.1998-ci il tarixli ərizəsinin surəti də təqdim edilmişdir. Nizami Rayon İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli sərəncamına əsasən Cavabdeh Bakı şəhəri M.Hacıyev küçəsi 25 saylı evin 59 saylı mənzilinə köçmək üçün eyni tarixli order verilməklə sonuncu həmin ünvana qeydiyyata alınmışdır. xx.xx.1998-ci il tarixdə tərəflər arasında nikah bağlanmış, xx.xx.1998-ci il tarixdə isə həmin ünvana dair Cavabdeh mülkiyyətin təsdiq edilməsi haqqında qeydiyyat vəsiqəsi verilmişdir. İddiaçı1 mənzilin birgə nikah dövründə birgə vəsaitləri hesabına əldə etmələrini iddia etsə də, işdə olan sənədlərlə mənzilin ümumi birgə mülkiyyət olmaması müəyyən edilmişdir. Əks halda mənzilə dair mülkiyyət sənədinin verilməsi üçün iddiaçının onu ərinin adına özəlləşdirilməsinə razılıq verməsi zərurəti olardı ki, arxiv sənədlərində belə razılığın mövcud olmadığı, Cavabdeh order verilərkən həmin ünvana köçürülməklə qeydiyyata alınan yeganə şəxs olması müəyyən edilməlidir. Mübahisəli mənzil cavabdehə nikahdan əvvəl çalışdığı müəssisə tərəfindən əvəzsiz qaydada verilib. Mənzil ilk dəfə 1998-ci ildə mənzil fondunun özəlləşdirilməsi prosesduru ilə xüsusi mülkiyyətə keçib və həmin zaman orderdə və mənzildə daimi yaşayış yeri üzrə qeydiyyatda yalnız Cavabdeh olduğu üçün, qanuna uyğun olaraq mənzil yalnız cavabdehin adına, təkbaşına mülkiyyətçi kimi özəlləşib və buna görə də, iddia rədd edilməlidir. İddiaçı həmin mənzildən 5 ildən çoxdur ki, istifadə etmir və əslində qəbul etmişdir ki, bu mənzildən ona heç bir pay düşmür. «Ərarvad arasında əmlak bölgüsü» tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli e-2(006)-1053/2025 saylı qətnaməsi ilə İddiaçı1 iddia tələbi təmin edilməmişdir. Bundan əlavə həmin mənzildə yalnız Cavabdeh istifadə hüququ tanınmışdır. Hazırda həmin mənzildə yalnız 1 nəfərin - Cavabdeh istifadə hüququ var və həmin əmlakdan heç vaxt birgə istifadə edilməmişdir. Birgə nikahdan xx.xx.1999-cu il təvəllüdlü İddiaçı2 və xx.xx.2001-ci il təvəllüdlü İddiaçı3 heç vaxt həmin mənzildən istifadə hüquqları olmamış və yalnız İddiaçı2 mənzildən müvəqqəti istifadə etmişdir. Birgə nikahdan xx.xx.1999-cu il təvəllüdlü İddiaçı2 və xx.xx.2001-ci il təvəllüdlü İddiaçı3 artıq yetkinlik yaşlarına çatmışdırlar. Qeyd olunanlara əsasən və həmin mənzildə birgə yaşayan ailə üzvləri olmamışdır. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 mənzil qeydiyyat ünvanları Kürdəmir rayon, Yenikənd kəndi ünvanıdır və hazırda da orada yaşayırlar. Yalnız İddiaçı2 R.Məmmədov küçəsi 95 M5 ünvanından müvəqqəti istifadə etmişdir. Ərizəçilər İddiaçı1 və İddiaçı3 heç vaxt həmin mənzildən istifadə etməyiblər. Hazırda həmin mənzildə yalnız 1 nəfərin - Cavabdeh istifadə hüququ var və həmin əmlakdan heç vaxt birgə istifadə edilmədiyini nəzərə alaraq mənzilə köçürülmə və yaşayış sahəsinə istifadə hüququnun tanınması tələbinə dair iddia əsasız hesab olunmalıdır. Eyni zamanda iddianın iddia müddətinin ötürülməsi əsası ilə də rədd edilməlidir. Belə ki, iş materiallarında olan Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(041)-125/2021 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı1 arasında xx.xx.1998-ci il tarixdə Kürdəmir rayon Yenikənd kənd İcra Nümayəndəliyində 11 nömrə ilə alınmış nikahın pozulması qət edilmişdir. Tərəflər arasında bağlanmış nikah xx.xx.2021-ci il tarixdə pozulmuş, iddiaçı isə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etməklə, Mülki Məcəllədə Mənzilə köçürülmə və yaşayış sahəsinə istifadə hüququnun tanınması tələbi ilə bağlı müəyyən edilmiş 3 illik iddia müddətini ötürmüşdür. Bu o deməkdir ki, ən azı nikahın pozulması vaxtı ona məlum idi ki, cavabdeh mənzilə təkbaşına yiyələnib (Dövlət tərəfindən əvəzsiz bağışlanıb). Həmin ünvanda yalnız 1 nəfərin – Cavabdeh istifadə hüququ olub və bu hal iddiaçının ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu an idi. Tərəflərin qızının (İddiaçı2) həmin mənzildə müvəqqəti yaşaması da, mənzilə köçürülmə və yaşayış sahəsinə istifadə hüququnun tanınması tələbinə əsas vermir. Bundan əlavə tərəflərin qızları - İddiaçı2 və İddiaçı3 artıq yetkinlik yaşlarına xeyli əvvəl çatıblar. Hər 3 iddiaçı həmin mənzildə birgə yaşayan ailə üzvləri olmamışdır. Mənzildə yalnız 1 nəfərin – Cavabdeh istifadə hüququ olduğundan mənzilə köçürülmə və yaşayış sahəsinə istifadə hüququnun tanınması tələbinə dair iddia əsasız hesab olunmalıdır. İddiaçı1 «Ər-arvad arasında əmlak bölgüsü» tələbi ilə hazırki iş üzrə iddia tələbləri əvvəllər irəli sürülsə də, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(006)-1053/2025 saylı qətnaməsi ilə iddiaçının iddia tələbləri təmin edilməmişdir. Yuxarıda qeyd edilənlərə, mübahisəli mənzil cavabdehə nikahdan əvvəl çalışdığı müəssisə tərəfindən əvəzsiz qaydada verildiyindən, mənzildə daimi yaşayış yeri üzrə qeydiyyatda yalnız Cavabdeh olduğunu, iddiaçılardan birinin mənzildən müvəqqəti, digər ikisinin mənzildən ümumiyyətlə istifadə etmədiklərini, iddiaçıların digər ünvanda yaşayış qeydiyyatlarının olduğunu, digər ünvanda yaşayış yerlərinin olduğunu, həmin əmlakdan heç vaxt birgə istifadə edilmədiyini, tərəflərin qızlarının yetkinlik yaşına çatdığını, iddia müddətinin ötürüldüyünü nəzərə alaraq, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materialları: Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli 1174 saylı sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh gənc mütəxəssis göndərişi ilə 1988-ci ildən bu günə kimi «AzKTQ» tresti İxtisas. TQİ-də işləyir. 1988-ci ildən 1 nəfər ailə üzvü ilə (özü) N.Quvatovun adına olan Gənclər küçəsi ev 126 sahəsi 47,31 m2 olan 3 otaqlı 57-ci mənzildə, mənzil sahəsinə heç bir hüququ olmadan yaşayır və qeydiyyatdadır. Nizami rayon icraiyyə komitəsinin 3/260 saylı xx.xx.1989-cu il tarixli qərarı ilə vətəndaş Cavabdeh gənc mütəxəssis kimi 1 nəfər ailə tərkibi ilə mənzil növbəsində götürülməsi haqqında İxtisas. TQİ-nin 14 №-li xx.xx.1988-ci il tarixli qərarı təsdiq edilmişdir. Hal-hazırda onun ailəsi 1 nəfərdən ibarətdir. Növbədən kənar mənzil almaq hüququ olan gənc mütəxəssislərin siyahısında Cavabdeh birincidir. «AzKTQ» tresti İxtisas. TQİ-nin müdiriyyəti, həmkarlar komitəsi özlərinin 2 nömrəli xx.xx.1992-ci il tarixli birgə qərarı ilə Azərittifaqın 137 nömrəli xx.xx.1991-ci il tarixli qərarına əsasən Cavabdeh 1 nəfər ailə tərkibi ilə (özü) M.Hacıyev küçəsi ev 25 mənzil sahəsi 16,0 m2 olan 1 otaqlı 59 nömrəli mənzil verilmişdir və Nizami rayon İcra Hakimiyyətindən onların təsdiq etməyi xahiş edirlər. Nizami rayon İcra Hakimiyyətinin mənzil komissiyası xx.xx.1992-ci il tarixli 8 nömrəli protokolunda həmin qərarın təsdiq olunması tövsiyə olunur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti M.Hacıyev küçəsi 25 saylı evin sahəsi 16,0 m2 olan 1 otaqlı 59 nömrəli mənzilin gənc mütəxəssis Cavabdeh 1 nəfər ailə tərkibi ilə (özü) verilməsi haqqında «AzKTQ» tresti İxtisas. TQİ-nin müdiriyyəti, həmkarlar komitəsinin 2 nömrəli xx.xx.1992-ci il tarixli birgə qərarı təsdiq edilmiş, adına order verilməsi qərara alınmışdır. Bakı şəhər İH Tİ və MHQİ tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli MH seriyalı 165699 saylı qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu 3-cü mikrorayon Rəşid Məmmədov küçəsi 25 saylı evin 59 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə xx.xx.1998-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu 3-cü mikrorayon Rəşid Məmmədov küçəsi 25 saylı evin 59 saylı mənzili (yeni qaydalarla: AZ 1111, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi, 95, M5, m2) xüsusi mülkiyyət kimi Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 2456 saylı reyestr kitabının 228618 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli məktubla təqdim edilmiş sənədlərdən görünür ki, Cavabdeh ünvan 3 ünvanı ilə bağlı xx.xx.1992-ci il tarixdə order, xx.xx.1992-ci il tarixdən həmin ünvanda yalnız özünün qeydiyyata alınmasına dair Forma 2 arayış, xx.xx.2016-cı il tarixdə yeni qaydalarla R.Məmmədov küçəsi 95 M5 ünvanına dair çıxarış verilmişdir. Cavabdeh Bakı şəhəri Tİ və MHQİ-yə mənzilin özəlləşdirilməsinə dair ünvanladığı xx.xx.1998-ci il tarixli ərizəsinin surəti də təqdim olunmuşdur. Kürdəmir Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli 2(041)-125/2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh İddiaçı1 qarşı «nikahın pozulması» tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh ilə İddiaçı1 arasında 24 aprel 1998-ci il tarixdə Kürdəmir rayon Yenikənd kənd İcra nümayəndəliyində 11 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(006)-1053/2025 saylı qətnaməsindən görünür ki, İddiaçı1 Cavabdeh qarşı «ər-arvad arasında əmlak bölgüsü» tələbinə dair iddiası təmin edilməmişdir. Ağsu 1 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 xx.xx.2025-ci il tarixə saat 10:15-ə təyin olunmuş ilkin mediasiya sessiyasına gəlmiş, cavabdeh isə həmin sessiyaya gəlməmişdir. xx.xx.2025-ci il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçılar tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 40 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: 1982-ci ildən qüvvədə olmuş və qüvvədən düşmüş Mənzil Məcəlləsinin: 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar.İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. 01 oktyabr 2009-cu ildən qüvvədə olan Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Qeyd olunan qərarda göstərilmişdir ki, Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, iddiaçılar iddia tələbini əsaslandırarkən qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcud olmasına baxmayaraq, mənzilin iddiaçılardan İddiaçı1 ilə cavabdehin birgə nikahda olduqları dövrdə aldığını bildirmişlər. Halbuki, mənzil birgə nikah dövründə əldə edilməmişdir, cavabdeh tərəfindən daha öncə, əvəzsiz qaydada əldə olunmuşdur. Məhkəmə araşdırması zamanı işin faktiki halları ilə müəyyən edildi ki, iddiaçılardan Elza və İddiaçı3lar mülkiyyətçinin qızı və keçmiş arvadı olmaqla davamlı olaraq Kürdəmir rayonunda qeydiyyatda olduqları ünvanda yaşamışlar, onların hazırki mübahisəli mənzillə faktiki bağlılıqları yalnız ilin yay fəslində - tətil müddətində gəlib mənzildə müvəqqəti yaşamaqdan ibarət olmuşdur. Elza və İddiaçı3lar mənzildən davamlı olaraq yaşayış sahəsi kimi istifadə etməmişlər. Hazırda da İddiaçı1 Kürdəmir rayonunda yerləşən mənzildə yaşayır, orada orta məktəbdə çalışır və onun Bakı şəhərində yerləşən mənzildən yaşayış sahəsi kimi istifadəsi təkzib olunur. Həmçinin İddiaçı3 da digər ailə üzvləri kimi Kürdəmir rayonunda qeydiyyatda olduqları ünvanda yaşayaraq oradan yaşayış sahəsi kimi istifadə etmiş və hazırda da təhsili ilə əlaqədar Naxçıvanda yaşayır. Onun da hazırki mənzildən yaşayış sahəsi kimi istifadə etməsi öz təsdiqini tapmır. Mənzildən son 6 ildə mülkiyyətçinin ailə üzvü kimi istifadə edən İddiaçı2dır. Cavabdeh mənzildə faktiki yaşayan İddiaçı2 iddia tələbinə etiraz etsə də, cavabdeh özü də qızı İddiaçı2 təxminən 6 il əvvəl ali məktəbə qəbul olunduqdan sonra davamlı olaraq onun mülkiyyətində olan mənzildə yaşamasını, hazırda da orada yaşamaqda davam etməsini inkar etməmişdir. İddiaçı2 atası olan Cavabdeh razılığı ilə həmin mənzilə köçmüş, orada yaşamış və mənzildən təyinatı üzrə istifadə etmişdir. Bu səbəbdən, İddiaçı2 cavabdeh tərəfindən həmin mənzildən çıxarılması, yaxud onu mənzildən istifadə etməsi üçün həmin mənzilə buraxılmaması qanuni və əsaslı deyil. Məhkəmə bu qənaətə gəlir ki, cavabdeh İddiaçı2 mübahisəli mənzildən istifadə hüququ yaranmışdır və o, həmin mənzilə köçürülməlidir. Məhkəmə mülkiyyətçinin hüquqlarının məhdudiyyətsiz olmadığını, xüsusilə cavabdehin ailə üzvü olan qızına qarşı belə barışmaz mövqedə olmasını ədalətli hesab etmir. Mülkiyyətçinin üstün hüquqları əsas götürülərsə, Bakı şəhərində yaşayan və atasına məxsus mənzildən yaşayış sahəsi kimi istifadə edən İddiaçı2 qarşı ədalətli yanaşma sərgiləmək olmaz. Bu səbəbdən, məhkəmə hesab edir ki, iddia qismən - İddiaçı2 münasibətdə təmin edilməli, digər iddiaçılara münasibətdə isə iddia rədd edilməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı2 Bakı şəhəri Nəsimi rayonu 3-cü mikrorayon R.Məmmədov küçəsi 25 saylı evin 59 saylı mənzilinə (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, R.Məmmədov küçəsi, 95, M5, m2) köçürülməli və onun həmin mənzildən istifadə hüququ tanınmalıdır. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı2 Bakı şəhəri Nəsimi rayonu 3-cü mikrorayon R.Məmmədov küçəsi 25 saylı evin 59 saylı mənzilinə (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, R.Məmmədov küçəsi, 95, M5, m2) köçürülsün və onun həmin mənzildən istifadə hüququ tanınsın. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar