Məhkəmə qərarları › İş №2(006)-3759/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3759/2024

10.12.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3759/2024 10.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İlk iddia üzrə iddiaçının nümayəndəsi, qarşılıqlı iddia üzrə cavabdeh Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair ilk, Cavabdehlər İddiaçı və Nümayəndə qarşı pay bölgüsü və təzminat tələbi barədə qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı xx.xx.1974-cü il təvəllüdlü Cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, ev 42 ünvanında yerləşən 65 saylı mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, ev 42 ünvanında yerləşən 65 saylı mənzildə yaşayır. Həmin mənzil Daşınmaz Əmlakın Dövlət Reyestri Ximdəti tərəfindən verilmiş xx.xx.2008-ci il qeydiyyat tarixli və ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan da göründüyü kimi, İddiaçı mülkiyyətindədir. Üçüncü şəxs xx.xx.1974-cü il təvəllüdlü Cavabdeh iddiaçının keçmiş gəlinidir. Üçüncü şəxs Cavabdeh 2004-cü ildən etibarən həmin mənzildə qeydiyyatdadır. Cavabdeh ilə iddiaçının oğlu Nümayəndə 2001-ci ildə nikaha daxil olmuşlar. Onlar arasında bağlanmış nikah Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. 2021-ci ilin avqust ayından etibarən artıq həmin şəxs qeyd olunan mənzildə yaşamır. Adı qeyd olunan şəxsin İddiaçı məxsus olan mənzildə qeydiyyatda olması hazırda iddiaçının sahiblik və istifadə hüquqlarının pozulması ilə nəticələnmişdir. Belə ki, İddiaçı əmlakı üzərində tam sərəncam verə bilmir, qeydiyyatda olan şəxsin razılığı tələb olunduğundan mənzili istədiyi şəkildə alqı-satqı, bağışlama və sair qanuni yollarla özgəninkiləşdirə bilmir. Cavabdeh iddiaçıya məxsus mənzildə qeydiyyatda olması iddiaçı üçün əlavə xərclərə səbəb olur, eyni zamanda üçüncü şəxsə gələn məktublar həmin ünvana gəlir. Bu da narazılığa səbəb olur. Ona görə də, hazırda İddiaçı cavabdeh xx.xx.1974-cü il təvəllüdlü Cavabdeh qeydiyyatdan çıxarmaq niyyətindədir. İddiaçı Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə «qeydiyyatdan çıxma» tələbinə dair ərizəsi ilə müraciət etmişdir. Lakin, Nəsimi rayon Polis İdarəsi tərəfindən iddiaçıya məsələ ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Ona görə də, İddiaçı Nəsimi rayon Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir. O, hesab edir ki, Nəsimi Rayon Məhkəməsi iddia tələbini tam təmin etməlidir, iddiaçının gəlini xx.xx.1974-cü il təvəllüdlü Cavabdeh mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamə qəbul etməlidir. Cavabdehlər İddiaçı və Nümayəndə qarşı pay bölgüsü və təzminat tələbi barədə qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 65 saylı mənzil aralarında bölünməsinə, mənzilin ikidə bir hissəsinə onun mülkiyyət hüququnun tanınmasına və ya 30.000 manat məbləğində təzminat verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə o, 2001-ci ildə rəsmi nikaha daxil olub evlənmişlər. Birgə nikahdan uşaqları olmuşdur. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. ünvan 2 ünvanında yerləşən 65 saylı mənzil X2 məxsusdur və cavabdeh Nümayəndələ evli olduqları vaxtdan həmin mənzildə yaşayır. X6 Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsindən arayış var. 2001-ci il tarixindən həmin mənzildə yaşayır və xx.xx.2004-cü il tarixində isə qeydiyyata düşmüşdür. 2018-ci ildən oğlu Türkiyədə təhsil aldığına görə mütəmadi olaraq onun yanına getmiş və 2021-ci il tarixindən xəstəliyi ilə bağlı Türkiyədə müalicə almağa başlamışdır. Yoldaşı bu dövrdə ona heç bir köməklik etmirdi və qaynanası tərəfindən təhqirlərə, şər böhtana məruz qalmışdır. Bu səbəbdən boşanmağa qərar vermişdir. Cehiz əmlakları və bütün əşyaları həmin mənzildə qalanda yararsız hala salınmış, əşyalar hal-hzırda həmin ünvandadır. Bununla bağlı dəfələrlə polisə müraciət etmiş ona həmin evdə yaşamağa imkan vermirlər. Birgə nikah dövründə yaşadıqları və qeydiyyatda olduğu evdən başqa yaşayış yeri yoxdur. Buna görə də həmin evin birgə əmlak kimi aralarında bölünməsini məhkəmədən xahiş edir. Hal-hazırda rəfiqələrinin evində yaşayır. Məhkəmədə İddiaçı nümayəndəsi Nümayəndə ilk iddia tələbini müdafiə edərək onun təmin edilməsini, qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş etdi və ilk iddia ərizəsinin məzmununa uyğun izahat verdi və həmçinin bildirdi ki, o, Cavabdeh mübahisəli evə istifadə hüququnu tanımamış, yalnız onun həmin mənzilə qeydiyyata alınmasına razılıq vermişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaq, məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia təmin, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-997/2022 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə cavabdeh Nümayəndə arasında bağlanmış xx.xx.2001-ci il tarixli nikah qeydi pozulmuşdur. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Nümayəndə ilə Cavabdeh arasında olan nikaha xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2008-ci il tarixdə verilmiş çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi ev 42, mənzil 65 X1 mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda göstərilmiş ki, Cavabdeh xx.xx.2004-cü il tarixdən ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmaqla Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi ev 42, mənzil 65-in X1 mülkiyyətinə keçməsinə əsas olmuş sənədlərdən müəyyən edilir ki, həmin mənzilə dair iddiaçıya xx.xx.1990-cı il tarixdə order verilmiş, həmin ünvanda qeydiyyatda olan şəxslərin (Nümayəndə və Mehriban Məmədova) razılıqları əsasında adına özəlləşdirilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh xx.xx.2001-ci il tarixdə İddiaçı ailə üzvü Nümayəndə ilə rəsmi nikah qeyd etdirməklə Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi ev 42, mənzil 65 ünvanına gəlin köçmüş, xx.xx.2004-cü il tarixdən həmin ünvana yaşayış yeri üzrə qeydiyyata alınmış, nikahları Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən olundu ki, nikah pozulduqdan sonra Cavabdeh həmin mənzildə yaşamır. Məhkəmə hesab edir ki, Cavabdeh həmin evə istifadə hüququnun yaranıbyaranmaması halı, onun əsasları və tətbiq ediləcək qanunvericilik normaları müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalarıdır. Həmin Məcəllənin 13.7-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə hesab edir ki, Cavabdeh mənzildən istifadə edilməsi ilə əlaqədar hüquq münasibətləri 2000-ci ilin sentyabrın 1-dən sonra yarandığı üçün, həmin münasibətlə bağlı mübahisə Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1 və 228.2 maddələrinin qaydalarına uyğun həll edilməlidir. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarında göstərilir ki, 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2 maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinin tələbinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinin tələbinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5 maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5 maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2 maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarında qeyd olunur ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün, mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması kimi mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur. Hazırki iş üzrə Cavabdeh ilə İddiaçı arasında yuxarıda sadalanan mütləq şərtlər yerinə yetirilməmiş, bu hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Məhkəmə iclasında İddiaçı Cavabdeh həmin evə istifadə hüququnu tanımadığını, onun yalnız mənzilə qeydiyyata alınmasına razılıq verdiyini qeyd etsə də, məhkəmə hesab edir ki, mülkiyyətçinin Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi ev 42, mənzil 65-ə «qeydiyyata alınmasına razılıq» verməsi onun həmin mənzilə istifadə hüququnun əmələ gəlməsi üçün əsas deyildir. Bu səbəbdən məhkəmə hesab edir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamına dair notariat qaydasında bağlanmış razılaşma olmadığından və cavabdehin həmin mənzilə istifadə hüququ yaranmadığından, onun həmin mənzildən qeydiyyat çıxarılması üçün istifadə hüququna xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci bəndinə görə hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə görə, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Məhkəmədə iddiaçı tərəf cavabdehin istifadə hüququna xitam edilməsi barədə tələb irəli sürməsini onun həmin mənzildən qeydiyyatdan çıxara bilmədiyi ilə əsaslandırmışdır. Hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehin iddiaçının mənzilindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Belə ki, həmin maddəyə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Eyni zamanda məhkəmə qeyd edir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə hesab edir ki, mənzildən istifadə hüququ olmayan cavabdehin iddiaçının (mülkiyyətçinin) iradəsinə zidd olaraq onun mənzilində yaşayış yeri üzrə qeydiyyatda qalması mülkiyyətdən maneəsiz istifadə hüququna xələl gətirir. Məhkəmə həmçinin hesab edir ki, ilk iddia təmin olunduğundan qarşılıqlı iddianın təmin olunması əsasları öz əhəmiyyətini itirməklə, rədd edilməlidir. Buna baxmayaraq, qarşılıqlı iddiada mübahisəli mənzilin ümumi birgə əmlak hesab olunması dəllilərinə münasibətdə qeyd edilməlidir ki, mənzil üzrə hüquq müəyyənedici sənədlərə əsasən İ.S. Məmmədovaya xx.xx.1990-cı il tarixdə orderin verilməsi, bu əsasların olması səbəbindən həmin mənzilin sonradan onun adına xüsusi mülkiyyət kimi qeydiyyata alınması aşkardır. Bu faktların mövcudluğu mənzilin birgə nikah dövründə əldə edilməsini istisna etməklə onun üzərində ümumi mülkiyyət əsaslarını yaratmır. Belə ki, əmlakın ümumiliyi dedikdə ailə ittifaqından irəli gələn ortaqlıq nəzərdə tutulur. Bu ortaqlıq ər-arvadın könüllü iradələri olan nikah əsasında meydana gəlir və ailə birliyində əldə olunan əmlaka münasibətdə şəriklik vəziyyəti yaradır. Dövlət reyestrində qeydə alıması üçün mənzildə faktiki yaşayanların və ya mənzil sahəsinə hüququ olanların razılıq ərizəsinin təqdim edilməsi isə “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci və 8-ci maddələrinin tələblərindən irəli gələn haldır. Belə ki, qanunun 5-ci maddəsinə əsasən, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Qeyd olunmalıdır ki, cavabdeh həmin anda iddiaçının gəlini olmaqla, razılıq ərizəsində yaşadığı mənzilin anasının adına özəlləşdirilməsinə etiraz etmədiyini ifadə etmişdir. Bu isə onun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 8-ci maddəsində iddiaçı ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş şəxslərin ərizəsi kimi qəbul edilməsinə əsas vermir. Bununla da mənzil özəlləşdirilərkən cavabdehin razılıq ərizəsinin verməsi onun mülkiyyət hüquqularınının yaranması əsası kimi qəbul edilə bilməz. O cümlədən qeyd olunmalıdır ki, yekun nəticədə mənzilə mülkiyyət hüquqları cavabdehin əri adına deyil, həmin anda qaynanasının adına qeydə alınmışdır ki, bu da mənzilin ümumi birgə nikah dövründə əldə edilmiş əmlak olaraq hesab edilə bilməsini istisna edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdəiştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, 42 saylı evin 65 saylı mənzilindən istifadə hüququna xitam verilməli, Cavabdehlər İddiaçı və Nümayəndə qarşı pay bölgüsü və təzminat tələbi barədə qarşılıqlı iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumları iddiaçıların özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlk iddia tələbi təmin edilsin. Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, 42 saylı evin 65 saylı mənzilindən istifadə hüququna xitam verilsin. Cavabdehlər İddiaçı və Nümayəndə qarşı pay bölgüsü və təzminat tələbi barədə qarşılıqlı iddiası təmin edilməsin. Məhkəmə xərcləri ilk və qarşılıqlı iddia üzrə iddiaçıların özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar