Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3773/2020 11.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili X3, cavabdehin nümayəndələri X1, X4 və X5 iştirakı ilə, İddiaçı cavabdeh «xxxxxxxx» ASC-yə qarşı "işə bərpa və s." tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxxxxxx” ASC-nin xx.xx.2020ci il tarixli, K/20-01995 nömrəli əmrinin ləğv edilməsi, onun əmək müqaviləsinə xitam verilənədək işlədiyi vəzifəyə bərpa olunmağı, xx.xx.2020-ci il tarixdən işə bərpa olunduğu tarixədək olan müddət ərzində məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, o, 2020-ci ilin may ayının əvvəlində Xırdalan şəhərində xidməti vəzifəsinin icrası vaxtı Bakı-Sumqayıt şossesinin kənarında yerləşən fərdi istehlakçının sayğacdan kənar şəbəkəyə qoşulduğunu aşkar edərək müvafiq akt tərtib etmişdir. Akt yazmadan əvvəl həmin evin sahibi və qohumu kimi özünü təqdim edən şəxslər ona etiraz edib təzyiq göstərərək, onların oradan uzaqlaşmalarını tələb etmişlər. Əks halda onu “xxxxxxxx” ASCdə olan yaxın qohumları (“xxxxxxxx” ASC-nin sədrinin müavini Ramil Yusifov) vasitəsilə işdən azad etdirəcəklərini bildirmişlər. Buna baxmayaraq o, şöbə rəisi Ruslan Məmmədova telefonla məlumat vermişdir. Şöbə rəisi kənara durub aktını yazıb işinə davam etməyi ona tapşırmışdır. O da öz növbəsində aktı yazıb, surətini ərazi üzrə sahə rəisinə verib işinə davam etmişdir. Həmin gün başqa bir fərdi yaşayış evində sayğacadək olan məsafədə qidalandırıcı kabelin izolyasiyasının pozulduğunu aşkar etmiş, bu barədə ev sahibinə iradlarını bildirmiş və işlərinə davam etmişlər. Həmin vaxt onlar iki nəfər idi. O, ərazidə şəbəkəyə baxış keçirərkən digər iş yoldaşı Seyran İbrahimov adlı işçi də digər abonentlərin şəbəkəsinə baxış keçirirdi. X6 xəbəri olmadan həmin abonentdən 200 manat pul almışdır. O isə heç bir məlumat verməmişdir. Təxminən 5 gündən sonra Seyran ona bildirmişdir ki, Yaqub adlı abonent ona 200 manat pul verib, o da pulu öz ehtiyaclarına sərf etmişdir. Bu ilin may ayının 24-də ASC-nin rəsmisi X18 yanına dəvət edərək bu məsələni araşdırmışdır. Sonra isə onu dəvət etmişdir. Ondan nəyə görə abonentdən pul aldıqlarını soruşmuşdur. O, bundan xəbərsiz olduğunu, yalnız bu yaxınlarda Seyranın bunu ona bildirdiyini demişdir. Hansı ki, Seyran özü bu barədə Rauf Əhmədova və Ruslan Məmmədova məlumat vermişdir. Seyran həmin vaxt Rauf Əhmədova bildirmişdir ki, bundan Rabilin xəbəri olmamışdır. Buna baxmayaraq, Rauf Əhmədov onu dinləmədən bu barədə vaxtında ona məlumat vermədiyini ona irad tutmuşdur. Sonra onların hər ikisi barəsində Korrupsiyaya qarşı Mübarizə İdarəsinə məlumat verəcəyi ilə hədələyərək hər ikisindən işdən azad olunmaları barədə ərizə yazmalarını tələb etmişdir. Bildimişdir ki ya ərizənizi yazın, ya da barənizdə materialları toplayıb Korrupsiyaya qarşı Mübarizə İdarəsinə məlumat verəcək. Bu vaxt Rauf Əhmədovun göstərişi ilə onun köməkçisi Məmməd Alışanov onlardan özü diqtə edərək yazdırdığı işdən azad olunma barədə ərizələrini almışdır. Hətta ərizənin məzmununu da özü yazdırmışdır. Rauf Əhmədovun göstərişi ilə onun köməkçisi Məmməd Alışanov onlardan ərizə aldıqdan sonra yenidən Rauf Əhmədovun otağına girib ərizəni ona verdikdən sonra onlara bildirmişdir ki, telefonunuz açıq olsun, zəng edib bizi yenidən araşdırma üçün dəvət edəcəklər. Əllərində olan aktları və planşetləri geri təhvil almışlar. Həmin gündən onların hər ikisini işə buraxmamışlar. Təxminən bir həftədən sonra ünvanına akt yazdığı abonentin Ağamirzə adlı qohumu onun şəxsi telefonuna zəng edərək “gördünüz aqibətiniz necə oldu” deyə onu ələ salmağa başlamışdır. Göründüyü kimi onun işdən azad olunmağı bu barədə ərizənin hədə qorxu altında alınması və işdən ASC sədrinin müavini Ramil Yusifovun yaxın qohumlarının mənzilində pozuntu aşkar edib akt yazmağı ilə əlaqədar olmuşdur. Ondan hədə-qorxu altında ərizə alındıqdan sonra onun sağlamlıq durumumda problemlər yaşanmış və o, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində xroniki pielonefrit diaqnozu ilə ambulator müalicədə olmuşdur. İşəgötürən onu ambulator müalicədə olduğu dövrdə işdən azad etmişdir. Müalicədən qayıtdıqdan sonra cavabdehə rəsmi ərizə ilə müraciət edərək təzyiq altında ondan alınan ərizəni ləğv etməyi və onu işə buraxmasını xahiş etsə də, nəticəsi olmamışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X8 yuxarıda göstərilən məzmunda izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddiaçı xx xxx 2020-ci il tarixindən xx xxxx 2020-ci il tarixədək ambulator müalicədə olmuşdur. xx xxxx 2020-ci il tarixdə də onun əmək müqaviləsinə xitam verilmişdir. xx xxxx 2020-ci il tarixində iddiaçıdan ərizə alıblar ki, onu xx xxx 2020-ci il tarixində işdən azad etsinlər. Əgər iddiaçı xx xxx 2020-ci il tarixdə işdən azad olunmasını istəyibsə, onda nəyə görə 31 mayda deyil, 01 iyunda işdən azad ediblər. İddiaçıya ərizəni hədə-qorxu ilə yazdırmışlar. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci hissəsinə əsasən İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Göründüyü kimi, iddiaçının işdən azad olunmasına dair əmrə əsas olmuş ərizə qanunvericiliyin tələbləri pozulmaqla alınmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı xx.xx.2020-ci il tarixli ərizə ilə müraciət edərək xx.xx.2020-ci il tarixdən onun əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixi bazar gününə təsadüf etdiyindən “xxxxxxxx” ASC-nin xx.xx.2020-ci il tarixli, K/20-01995 nömrəli əmri ilə İddiaçı əmək müqaviləsinə öz xahişi ilə xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Əmrə əsas olmuş sənəd iddiaçının şəxsi ərizəsi olmuşdur. İddiaçı iddia ərizəsində tələblərinin əsası kimi bir sıra həqiqətə uyğun olmayan hekayə təfsir etmiş, ərizənin isə ondan hədə-qorxu ilə alındığını göstərmişdir. Bu halların heç bir həqiqətə uyğun deyildir və elə təsadüfi deyildir ki, istinad edilən halların sübutu kimi iddiaçı məhkəməyə hər hansı maddi sübut təqdim etməmişdir. Digər tərəfdən, birincisi, əgər iddiaçıya ərizə hədə-qorxu ilə yazılmışdırsa, onda niyə iş yerindən çıxaraq müvafiq hüquq mühafizə orqanlarına müraciət etməmişdir və ya işəgötürən təşkilata ərizəsinin etibarsız hesab edilməsinə dair dərhal müraciət ünvanlamamışdır. Belə ki, xx xxx 2020-ci il tarixdə ərizəni yazmış, xx xxx 2020-ci il tarixdə isə ambulator müalicəyə getmişdir. İddiaçının ərizəsinin etibarsız hesab edilməsinə dair müraciət etmək üçün kifayət qədər vaxtının olmasına baxmayaraq belə bir müraciəti yalnız xx xxxx 2020-ci il tarixdə etmişdir. Bu isə onun ərizəni sərbəst iradə ifadəsi olaraq yazdığını göstərir. Digər bir tərəfdən, əgər iddiaçı doğrudan da xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək ambulator müalicədə olmuşdursa, onda niyə əmək qabiliyyətinin olmamasına dair vərəqənin əslini işəgötürənə təqdim etməmiş, xx.xx.2020-ci il tarixdə məhkəməyə ünvanladığı iddia ərizəsinə əlavə etmişdir. Bu hal birmənalı olaraq əmək qabiliyyətinin olmamasına dair vərəqənin iddiaçı tərəfindən sonradan, lakin əvvəlki tarixlə aldığını göstərir. İkincisi, illərlə iş təcrübəsi olan, yetkin bir insanın ona hədə-qorxu gəlinməklə ərizəsinin alındığını iddia etməsi onun özünə nisbətdə gülünc göründüyü qədər, ölkədə böyük nüfuza malik olan “xxxxxxxx” ASC-nin səlahiyyətli şəxslərinə nisbətdə də ağlasığmaz biz yalandır. Əgər iddiaçı bununla Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 79-cu maddəsində qeyd edilən əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallara istinad etməyi düşünürsə, bu əsasla da əmrin ləğv edilməsi tələbi əsassızdır. Belə ki, Əmək Məcəlləsinin 79-cu maddəsində qeyd edilən əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edildiyi hallara aiddir. Hazırkı halda, əmək müqaviləsinin ləğvinin təşəbbüskarı iddiaçı olmuşdur. Buna görə də işəgötürən tərəfindən hazırkı əmr verilən zaman iddiaçının əmək qabiliyyətinin olmaması əhəmiyyət daşımır. Eyni zamanda əmək qabiliyyətinin olmamasına dair işəgötürənə iddiaçı tərəfindən hər hansı bir məlumat verilməmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin digər nümayəndələri X4 və X9 yuxarıdakı məzmunda izahat verərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən X7 izahatında bildirdi ki, o, İddiaçılə bir yerdə işləmişdir. Xırdalanda abonentin ünvanında baxış keçirərkən kabelin izolyasiyasının pozulduğunu aşkar etmiş və abonentə bu barədə məlumat vermişlər. Sonra Rabil onun yanından ayrılmış və pozuntu aşkar etdikləri abonent ona 200 manat pul vermişdir. Atası əməliyyat olunduğundan həmin pula ehtiyacı var idi və ona görə də pulu götürmüşdür. Lakin Rabilin o puldan xəbəri yox idi. Həmin hadisədən bir həftə sonra bu barədə Rabilə demişdir. Rauf Əhmədov onu çağırmış və ona da hadisənin necə olduğunu danışmışdır. Ona demişdir ki, bu işdə Rabilin heç bir günahı yoxdur, onun həmin hadisədən xəbəri olmayıb. İkisinə də ərizə yazdırmışlar. Onları hədələmişlər ki, ərizəni yazmasalar onlar barəsində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə məlumat verəcəklər. Onlar da qorxduqları üçün işdən çıxma barədə ərizə yazmışlar. Məhkəmə proses iştirakçılarının izahatlarını və şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan İddiaçı tərəfindən «xxxxxxxx» ASC-nin idarə heyətinin sədri Vüqar Əhmədova ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizənin surətindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən «xxxxxxxx» ASC-dən əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli, K/20-01995 saylı əmrin təsdiq təsdiq olunmuş surətindən görünür ki, İddiaçı «xxxxxxxx» ASC ilə əmək müqaviləsinə öz xahişi ilə xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan ******* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2020-ci ildə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən «xxxxxxxx» ASC-də tutduğu vəzifədən azad edilmişdir. Əmək Məcəlləsinin 68.1-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. HəminMəcəlləsinin 68.2-ci maddəsinin «a» bəndinə əsasən əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər. Əmək Məcəlləsinin 83-cü maddəsinin İ hissəsinə görə, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də, tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı, soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı xx.xx.2016-cı il tarixdən “xxxxxxxx” X11 satışa nəzarət idarəsində mühəndis vəzifəsində çalışmış, xx xxxx 2020-ci il tarixli, 1420-01995 saylı əmrə əsasən isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə uyğun olaraq xx.xx.2020-ci il tarixdən öz xahişi ilə tutduğu vəzifədən azad edilmiş və əmək müqaviləsinə xitam verilmişdir. Hazırda iddiaçı vəzifədən azad edilməsi barədə əmrin ləğv edilməsi, əmək müqaviləsinə xitam verilənədək işlədiyi vəzifəyə bərpa olunması, xx.xx.2020-ci il tarixdən işə bərpa olunduğu tarixədək olan müddət ərzində məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə hesab edir ki, cavabdeh “xxxxxxxx” X14 tərəfindən İddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2020-ci il tarixli, K/20-01995 saylı əmri əmək qanunvericiliyinin tələblərinə uyğun olmuşdur. Belə ki, iş materiallarından görünür ki, İddiaçı işdən azad olunmasına əsas onun “xxxxxxxx” X11 idarə heyətinin sədrinə işdən azad olunması barədə yazdığı ərizəsi olmuşdur. İddiaçı iddia tələbinin əsas dəlili həmin ərizənin ona hədə-qorxu təsiri altında yazdırılmasından ibarətdir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci bəndinə əsasən, işəgötürən tərəfindən zor işlədilərək, hədə-qoxu gələrək yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. İddia ərizəsində və məhkəmə baxışı zamanı iddiaçı və onun nümayəndəsi və vəkili İddiaçı vəzifədən azad olunması barədə yazdığı ərizənin ona hədə-qorxu yolu ilə yazdırılmasını bildirsələr də, bu dəlillər öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçının qeyd olunan dəlilləri ilə əlaqədar araşdırma aparılarkən müəyyən edilmişdir ki, həqiqətən İddiaçı xx xxx 2020-ci il tarixdə cavabdehə ünvanladığı ərizə ilə tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. İddiaçı həmin ərizənin ona təzyiq göstərilməklə alındığını göstərsə də, o bunu təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə şahid Seyran İbrahimovun ifadəsinə münasibətdə qeyd edir ki, hazırda S.İbrahimovun da cavabdehlə olan əmək müqaviləsinə xitam verilmişdir. Həmçinin şahid ifadəsi digər sübutlarla da öz təsdiqini tapmamışdır. Belə olan halda şahid ifadəsi mötəbər sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə, sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır. Məhkəmə yuxarıda şərh olunan işin faktiki hallarına və maddi hüquq normalarının tələblərinə əsasən hesab edir ki, işəgötürən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verərkən Əmək Məcəlləsiinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozmamış, əksinə iddiaçı işdən azad edilməsi barədə ərizənin özü tərəfindən yazıldığını inkar etməmiş və həmin ərizənin ona hədə-qorxu təsiri altında yazdırılmasına istinad etsə də, bu xüsusatı təsdiq edə biləcək hər hansı əsaslı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh «xxxxxxxx» ASC-yə qarşı "işə bərpa və s." tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh «xxxxxxxx» ASC-yə qarşı "işə bərpa və s." tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №2(006)-3773/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3773/2020
11.09.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver