Məhkəmə qərarları › İş №2(006)-3780/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3780/2025

14.10.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3780/2025 14.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti mübahisə predimeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı «əmək müqaviləsinə xitam verilməsi və s.» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti mübahisə predimeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı «əmək müqaviləsinə xitam verilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məlumatların “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi hüququnun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı şəhər İdarəsinə həvalə edilməsi, mediasiya xidməti üçün ödədiyi 61 manat rüsumun Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən o, “xadimə” vəzifəsinə işə götürülmüşdür. İşə götürülməyinə baxmayaraq, o, heç vaxt həmin işdə işləməmişdir. Lakin həmin vaxtdan bu günə kimi mərkəzləşdirilmiş elektron informasiya sistemində onun Cavabdeh MMC-də işləməsinə dair əmək müqaviləsi bildirişi mövcuddur. Belə olan halda aydın olur ki, Cavabdeh MMC öz fəaliyyətini dayandırsa da, lakin onunla bağlanmış əmək müqaviləsinin ləğvi və ya xitamı barədə əmr qəbul edilməmiş və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məlumatların “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi təmin edilməmişdir. O, ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məlumatların “Əmək və Məşğulluq” altsisteminə daxil edilməsini xahiş etmişdir. Müfəttişliyin cavab məktubunda ona bildrilib ki, qeyd olunan mübahisə ilə bağlı iddia ərizəsi ilə rayon (şəhər) məhkəməsinə müraciət etməlidir. Bundan sonra o, pretenziya məktubu ilə Cavabdeh MMC-yə müraciət edərək, onunla Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsini və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məlumatların “Əmək və məşğulluq” altsisteminə daxil edilməsini xahiş etmişdir. Lakin Cavabdeh MMC fəaliyyətini dayandırdığına görə məktubunun Cavabdeh MMC-yə çatdıırlması mümkün olmamışdır. Elektron informasiya sistemində onun hal-hazırda Cavabdeh MMC-də işlədiyi, yəni əmək müqaviləsinin qüvvədə olması görünür. Lakin o Cavabdeh MMC-nin məsul şəxslərini tapıb əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məlumatların “Əmək və məşğulluq” altsisteminə daxil edilməsini tələb edə bilmir. Bu səbəbdən də yaranan mübahisənin həll edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəməyə ərizə göndərərək, üzürlü səbəbdən gələ bilmədiyini qeyd etmiş, məhkəmədən mülki işə onun iştirakı olmadan baxılaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh və 3-cü şəxsə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə cavabdehin və 3-cü şəxsin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən əldə olunan arayışdan görünür ki, İddiaçı Cavabdeh MMC ilə xx.xx.2024-cü il tarixdə müddətsiz əmək müqaviləsi bağlamaqla xadimə vəzifəsində qeydiyyatdadır. “AZEMİS” Elektron Məhkəmə Sistemindən əldə olunan məlumatdan görünür ki, İddiaçı Cavabdeh MMC-də əmək müqaviləsi üzrə Cavabdeh MMC vəzifəsində qeydiyyatdadır. Bakı 6 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli, MŞB/6-00780 saylı “ilkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, xx.xx.2025-ci il tarixə təyin edilmiş mediasiya prosesində yalnız İddiaçı iştirak etmişdir. İddiaçı tərəfindən 50 manat mediasiya xərci və 10 manat poçt xərci ödənilmişdir. (mediator: A.Quliyev) İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış pretenziya məktubundan görünür ki, onun Cavabdeh MMC ilə mövcud olan əmək müqaviləsinə xitam verilməsi və “Əmək və Məşğulluq” altsistemində əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar bildirişin daxil edilməsi xahiş edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı şəhər İdarəsinin məktubundan görünür ki, araşdırma zamanı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən Cavabdeh MMC ilə İddiaçı arasında xx.xx.2024-cü il tarixindən bağlanmış əmək müqavilələrinin qüvvədə olduğu məlum olmuşdur. Göründüyü kimi, iddiaçı bağlanmış əmək müqaviləsinə xitam verilməməsi və əmək müqaviləsinin bağlanmasına dair bildirişin mərkəzləşdirilmiş elektron informasiya sistemində aktiv olaraq qalması nəticəsində iddiaçının hüquqları pozulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. «Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 27 dekabr 2013-cü il tarixli 875-İVQD nömrəli Qanunu əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin yaradılmasının hüquqi əsasını müəyyən etmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinə edilən dəyişiklikliyə əsasən, əmək müqaviləsi bildirişini müvafiq elektron informasiya sisteminə daxil etmək işəgötürənin vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin birinci bəndinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə «Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar» təsdiq edilmişdir. Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə elektron sənəd – yəni əmək müqaviləsi bildirişi daxil edilməlidir. Bunun üçünsə işəgötürənlərin və ya onların səlahiyyət verdiyi şəxslərin gücləndirilmiş e-imzası olmalıdır. E-imza işəgötürənin işçi ilə imzaladığı və möhür ilə təsdiq etdiyi əmək müqaviləsinin sistemə daxil edilərkən eyni hüquqi qüvvəni saxlamasını təmin edir. Sistemdə işəgötürən tərəfindən təsdiq edilmiş hüquqi qüvvəyə malik əmək müqaviləsi yerləşdirilir. E-imza vasitəsilə sistemə daxil edilən əmək müqaviləsi bildirişi eynilə kağız üzərində olduğu kimi, hər iki tərəfin hüquqlarını müdafiə edərək, məsuliyyətdən yayınmanın qarşısını alır. Bu sistem işçilərin əmək hüquqlarının pozulmamasına, habelə işəgötürən-işçi münasibətlərinə nəzarəti gücləndirməklə, inkişaf edən və ya inkişafdan qalan fəaliyyət sahələrin ayırd edilməsinin asanlaşmasına, iqtisadi inkişafın tənzimlənməsi üzərində işlərin keyfiyyətinin artmasına, dolayısıyla da sosial rifahın yüksəldilməsinə müsbət təsir göstərir. Göründüyü kimi, qeyd olunan sistemdə əmək müqaviləsi barədə məlumatın olması cavabdehin hüquqlarını pozur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilmiş hesab edilməli, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilmiş hesab edilsin. Əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar