Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3807/2021 09.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X4 oğlunun katibliyi, Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı «məlumatların verilməsi tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «məlumatların verilməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 050 734 41 27 saylı nömrənin sahibidir. 2015-ci ilin 01 may tarixindən bu günə kimi 050 362 19 91 saylı və 050 602 99 99 saylı nömrələrdən zənglər gələrək iddiaçını hədələyirlər, təhdid edirlər. Bununla əlaqədar, iddiaçı dəfələrlə müxtəlif orqanlara müraciət etmişdir. Göstərilənlərə əsasən bütün zənglərin Cavabdeh MMC-dən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək, əsassız olduğuna görə təmin edilməməsini, habelə ərizə təqdim edərək, işə iddiaçının iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq belə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Cavabdeh MMC-nin İddiaçı ünvanladığı 17 fevral 2020-ci il tarixli məktubdan görünür ki, müraciətdə qeyd edilən istəyin yerinə yetirilməsi mümkün deyildir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanılmış abunə müqaviləsinin 5.4-cü maddəsinə əsasən fakturasız xətt sistemində abunəçi yalnız "xxxx" MMC tərəfindən təqdim edilən müxtəlif xidmətlər çərçivəsində nömrədə həyata keçirilmiş zənglərin və digər xidmətlərdən istifadə müddətləri barədə məlumat əldə edə bilər. Cavabdeh MMC-nin Müştəri Xidmətləri ofislərindən “izahlı məlumat xidməti” çərçivəsində abunəçilər (nömrə adına rəsmiləşdirilmiş şəxs) şəxsiyyətini təsdiq edən sənədlə (şəxsiyyət vəsiqəsi) və yaxud abunəçinin verdiyi etibarnamə (müvafiq qaydada tərtib və təsdiq olunmuş) əsasında səlahiyyətli şəxs ödənişli əsaslarla fakturasız (SimSim) xətt nömrəsindən yalnız gedən zənglərə və qısa mesajlara dair izahlı məlumatı əldə edə bilərlər. Telefon danışıqları, qısa mesaj, yaxud digər xidmətlərdən istifadə zamanı (həmçinin də mobil internet xidmətindən istifadə edilən zaman baxılan internet səhifələr və yüklənən məlumatların məzmunu da daxil olmaqla) məzmunun əldə edilməsi, yazılması, saxlanması, həmçinin əldə edilməsi arzu olunan digər məlumatları özündə əks etdirən hər hansı xidmət verilməsi isə Cavabdeh MMC tərəfindən nəzərdə tutulmamışdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən abunəçilərə yalnız mobil rabitə xidmətləri təqdim edilir. Telefon danışıqları, qısa mesaj (SMS) yaxud digər xidmətlərdən istifadə zamanı (həmçinin də mobil internet xidmətindən istifadə edilən zaman baxılan internet səhifələr və yüklənən məlumatların məzmunu da daxil olmaqla) məzmunun əldə edilməsi, yazılması, saxlanması, həmçinin əldə edilməsi arzu olunan məlumatları özündə əks etdirən hər hansı xidmət verilməsi Cavabdeh MMC tərəfindən nəzərdə tutulmamışdır. Cavabdeh belə xidmətin təqdim edəcəyi barədə nə iddiaçı, nə də hər hansı bir digər abunəçi qarşısında hər hansı bir formada öhdəlik götürməmişdir. Göründüyü kimi iddiaçı tələbinin əsaslı olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı «məlumatların verilməsi tələbi»nə dair iddia ərizəsi əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «məlumatların verilməsi tələbi»nə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-3807/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3807/2021
09.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver