Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3823/2020 23.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "mənzilə köçürülmə və s." tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, ailə qurarkən köçdüyü və son günlərədək yaşadığı evdən uşağı ilə birlikdə istifadə hüququnun tanınması və uşağı ilə birlikdə həmin evə köçürülməyi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, 2004-cü ildə Cavabdeh ilə toy edərək ailə həyatı qurmuşdur. Lakin cavabdeh onu aldadaraq, yəni dəfələrlə tələb etməyinə baxmayaraq hər dəfəsində bir bəhanə taparaq nikahlarını qeydə aldırmamışdır. Birgə nikahlarından xx.xx.2005-ci ildə X5 adlı uşaqları olmuşdur. Həmin uşaqda doğuşdan sonra asma xəstəliyinin olduğu məlum olmuşdur. O, uşağı ilə birlikdə fasiləsiz olaraq 2007-ci ilə qədər həmin evdə yaşamışdır. Bundan sonra özünün ağır xəstəliyi ilə əlaqədar o, həmin mənzildə yaşasa da qısa müddətə əməliyyat üçün Rusiya Federasiyasında dayılarının yanına getməli olmuşdur. Həmin vaxt ona məlum olmuşdur ki, qaynanası onun və uşağının xəstə olması səbəbi ilə anasına zəng edərək onun cehizlərini gəlib aparmalarını bildirmişdir. O, 2008-ci ildə əməliyyat oldunduqdan sonra Rusiya Federasiyasından gəldikdən sonra rayona ana evinə gəlmişdir. Sonra yenidən ünvan 2 ünvanında yerləşən mənzilə qayıdaraq yaşamışdır. O, həmin mənzildə yaşamağa davam edərkən qaynanası özünün də xəstə uşağı olduğu və onun və uşağının da xəstə olduğunu əsas gətirərək, özünün xəstələrə baxa bilmədiyini deyərək təkrar rayon göndərmişdir. Lakin o, mütəmadi uşağının və özünün həkim müayinəsinə Bakı şəhərinə gedən zaman həmin evdə qısa müddətlərdə yaşamışdır. Ən son 2019-cu ildə yaşamışdır. Həmin vaxtdan sonra həmin mənzildə bir daha yaşamağına cavabdeh imkan verməmişdir. Halhazırda o, qardaşının evində yaşayır. Qardaşı ailəlidir, həmin evdə 2 ailənin yaşaması çətin olduğu üçün o, uşağı ilə birlikdə gəlin köçdüyü mənzilə köçüb yaşamaq istəyir. Həmçinin o, evli olan zaman keçirdiyi xəstəlik nəticəsində İİ qrup əlil olmuşdur. Uşağı da asma xəstəliyindən əziyyət çəkir və hələ də müalicəsi davam edir. Bunun üçün də o, teztez Bakıya gedib Bakıda qalmalı olur. Cavabdeh onu evdən uşağı ilə birlikdə çıxarmışdır. O, Cavabdeh ilə ailə qurarkən qaynatası Sədrəddin Mollayevə məxsus olan və ünvan 3 ünvanındakı mənzilə gəlin köçmüşdür. Gəlin köçdüyü gündən həmin mənzildə yaşamışdır. Yaşayış yeri olmadığı üçün o, öz evində yaşamaq istəyir. Gələcəkdə də bu hüquqlarının qorunması üçün məhkəməyə müraciət etməyi qərara almışdır. Hüquq münasibətləri yaranan zaman qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq, uzun müddət yaşadığı və ərinin atası olan Sədrəddin Mollayevin adına olan evdə onun yaşamaq və oradan istifadə etmək hüquqları vardır. Buna görə də məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X6 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, cavabdeh iddiaçı Çalabova Nurəddin qızı ilə 2005-ci ildə anası X1 təkidi ilə ailə qurmuşdur. Evləndikdən sonra iddiaçının səhhətində problemlər olduğunu bilmişdir. Cavabdeh buna görə anasına həmişə iradını bildirmişdir. xx.xx.2005-ci ildə oğulları Sədrəddin dünyaya gəlmişdir. 2006-cı ildə Nuranə ayrılmaq istədiyini bildirmiş, cavabdeh etiraz etməmişdir. Çünki ayrılmağı əvvəldən istəyirdi. 5-6 aydan sonra iddiaçının qohumları gəlib onun əşyalarını aparmışlar. Nuranə heç vaxt Nəsimi rayon, 4 mikrorayon, 20 Yanvar küçəsi, ev 21B, mənzil 67-də, yəni anasına məxsus mənzildə yaşamamışdır. Tərəflər ayrılanadək bir neçə dəfə Bakıya anasının evinə qonaq gəlmiş, bir həftə və ya 10 gün qonaq qalıb Balakənə qayıtmışlar. Ona görə ki, toy Balakən rayon, Pirqarx kəndində olmuş və cavabdehin atasına məxsus onun yaşadığı Pirqarx kəndindəki evə gəlin gəlmiş və cehizini gətirmişdir. Oğulları Sədrəddin 6 aylıq olanda iddiaçı cavabdehi aliment üçün məhkəməyə vermis və həmin vaxtdan cavabdeh hər ay 200 manat aliment ödəyir. Nuranə heç vaxt ayrılandan sonra cavabdehin mənzilində olmamışdır. Çünki, cavabdehin anasına deməmiş çıxıb getdiyinə görə anası onu daha qəbul etmək istəməmişdir. Buna görə cavabdeh olmadığı vaxtlar da iddiaçı heç vaxt cavabdehin anasının mənzilinə gələ bilməzdi. 2019cu ildə cavabdehin anası vəfat etmişdir. Cavabdeh vərəsəliklə mənzili öz adına keçirmişdir. Nuranə kənddə bunu eşidib guya cavabdehin bir yerdə yaşayıb, evə köçürülmə və istifadə hüququ istəyir. Cavabdeh Nəsimi rayon 247 saylı məktəbdə idman müəllimi işləyir. Əmək haqqı 238 manat olduğu halda oğlu Sədrəddinə 6 aylığından yəni, tərəflər ayrıldığı vaxtdan hər ay 200 manat aliment ödəyir. Cavabdehin anası sağ olanda o, köməklik edirdi. Sonra, cavabdeh qohumuna alimentə görə 7000 manat borclu qalmışdır. Buna görə də aliment ödədiyinə evlənə bilmir. İddiaçı cavabdehin anası vəfat etdikdən sonra cavabdehin evinin həyətinə gəlir, qışqırır, söyür, nalayiq sözlər deyir, cavabdehi hədələyir. Məhkəməyə müraciət etdikdən sonra cavabdehə xəbər göndərir, zəng edir ki, qardaşlarım onu öldürəcək. İddiaçıya 80000 manat verib, mənzili də ona verməlidir. Qonşular da onun nalayiq sözlərinə görə cavabdehə irad bildirirlər ki, o qadın bura niyə gəlir, bizi narahat edir. Əvvəldən cavabdehin nə özü, nə xasiyyəti yaxşı olmamışdır. Cavabdeh avqustun 5-6sı iddiaçının qardaşı hədə-qorxu gəldiyinə görə DİN-in 102 xidmətinə zəng etmişdir. İndi polis bu işlə məşğuldur. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-4760/2020 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli 2(006)-8321/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq xx xxxxxx 2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlak əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Məhkəmə iddianın hüquqi tərəfləri ilə bağlı qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli Qərarına əsasən, 2000-ci ilin sentyabr 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İşin hallarından göründüyü kimi tərəflər arasında hüquq münasibətləri xx.xx.2001-ci il tarixdən sonra yaranmışdır. Ona görə də mübahisəyə Mülki Məcəllənin 228-ci maddəsi tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Qeyd edilən Məcəllənin 228.5-ci maddəsində göstərilmişdir ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» xx.xx.2008-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında faktiki nikah münasibətləri olmuş, bu nikah münasibətindən xx xxxxxx 2005-ci il tarixdə X5 anadan olmuşdur. Mübahisəli mənzil cavabdehin anasının xüsusi mülkiyyətində olmuş, 2019-cu il tarixdə anasının ölümündən sonra Cavabdeh adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. Məhkəmə tərəfindən həmçinin müəyyən edilmişdir ki, İddiaçı X1 (cavabdehin anası) qanunvericiliklə dairəsi konkret olaraq müəyyən edilmiş ailə üzvləri sırasına daxil olan şəxs deyildir. Qeyd edilən hüquq normalarından da göründüyü kimi, yaşayış binasının tərkib hissəsindən digər ailə üzvünün istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması kimi mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur. Məhkəmə araşdırmaları ilə müəyyən olundu ki, iddiaçının mübahisəli Bakı şəhəri, Nəsimi rayonu, 4 MR, 20 Yanvar küçəsi, 21B saylı evin 67 saylı mənzilindən istifadə hüququnun yaranması üçün onunla cavabdeh arasında notarial qaydada təsdiqlənmiş yazılı razılaşma olmamışdır. Belə olan halda, göstərilənlərdən aydın olur ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, 4 MR, 20 Yanvar küçəsi, 21B saylı evin 67 saylı mənzilinə istifadə hüququ əldə etməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni, insanın yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın əsası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanuni iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Məhkəmə bildirir ki, evə köçürmə barədə qətnamə mahiyyətinə görə evdən qanunsuz məhrumetməyə qədər mövcud olmuş vəziyyətin bərpa edilməsidir. Məhkəmə araşdırması zamanı iddiaçının köçmək istədiyi yerdə öncədən yaşaması və yaşadığı yerdən qanunsuz məhrum edilməsi faktı müəyyən edilməmişdir. İddiaçı mübahisəli mənzildə bir müddət yaşadığını və mənzili könüllü olaraq tərk etdiyini bildirmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının yaşayış yerindən qanunsuz məhrum edilməsi öz təsdiqini tapmadığından Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində göstərilən normanın pozuntusu halı da müəyyən edilmir. Həmçinin mübahisəli mənzilin tam mülkiyyət hüququ üzrə cavabdehin adına daşınmaz əmlak əmlakın dövlət reyestrində qeydiyyata alınması da işin mübahisəsiz halıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının evə köçürülmə ilə bağlı iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "mənzilə köçürülmə və s." tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbu edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №2(006)-3823/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3823/2020
23.11.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver