Məhkəmə qərarları › İş №2(006)-3828/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3828/2021

05.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3828/2021 05.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclas katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Cavabdeh İddiaçı MMC-yə qarşı «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7.297 manat əsas borc, 500 manat hüquqi yardım xərci və 30 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı MMC-yə qarşı «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-dən 5.000 manat mənəvi zərər, 5.000 manat əsassız iddia verdiyi üçün, 1.000 manat vəkil xərci, 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli 2(006)-3828/2021 saylı qərardadı ilə ilk iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmışdır. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Nəsimi rayon Məhkəməsinə iddia ərizəsi verərək Cavabdeh 7.297 manat əsas borc, 500 manat hüquqi yardım xərci və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin Cavabdeh qarşı iddiasını tamamilə əsassız və qanunsuz olduğu üçün aşağıdakılara görə qəbul etmirlər. 1) İddiaçı MMC-nin 7.297 manat məbləğində kommunal haqqını Cavabdeh tələb etməyə subyektiv hüququ yoxdur. 2) "xxxx" MTK ilə İddiaçı MMC arasında bağlanmış müqavilələr əhəmiyyətsiz olduğu üçün bağlandığı andan etibarsızdır. 3) Bakı şəhəri Xətai prospekti 38 ünvanda yerləşən binanın C blokunda 15-ci mərtəbəsində 315 saylı Cavabdeh təhvil verilməmişdir. 4) İddiaçı MMC iddia müddətini ötürmüşdür. Buna görə hesab edirlər ki, İddiaçı MMC-nin Cavabdeh qarşı hərəkətləri ilə, əsassız iddia qaldırmaqla Cavabdeh maddi və mənəvi ziyan vurmuşdur. Belə ki, Bakı şəhəri Xətai prospekti 38 ünvanda yerləşən binanın C blokunda 15-ci mərtəbəsində sahəsi 139 m2 olan mənzil "xxxx" MTK ilə bağlanmış C-139/15 saylı 12.09.2006-cı il tarixli müqaviləyə əsasən Cavabdeh tərəfindən əldə edilmişdir. Müqavilənin 1.2 və 2.1-ci bəndlərinə əsasən "xxxx" MTK tikinti başa çatdıqdan sonra mənzili müqavilə ilə müəyyən edilmiş texniki vəziyyətdə təhvil verməyi öhdəsinə götürmüşdür. Lakin müqavilə üzrə öhdəliklərini bu günədək tam yerinə yetirməmişdir. C-139/15 saylı 12.09.2006-cı il tarixli müqavilə üzrə binanın C blokunun 15-ci mərtəbəsində sahəsi 139 m2 olan mənzil və mənzilin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində dövlət qeydiyyatı üçün zəruri sənədlər X1 təhvil verilməmişdir. Nəticədə, Cavabdeh mənzilə sahiblik, istifadə, mülkiyyət hüquqlarından məhrum olmuş, təmir işlərinə başlaya bilməmiş, mənzili mülkiyyət hüququ ilə öz adına qeydiyyatdan keçirə bilməmişdir. Bununla əlaqədar, Cavabdeh Nəsimi rayon Məhkəməsinə iddia ərizəsi verərək, Bakı şəhəri Xətai prospekti 38 ünvanda yerləşən binanın C blokunun 15-ci mərtəbəsində sahəsi 139 m2 olan mənzilin və həmin mənzilin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində xüsusi mülkiyyət kimi dövlət qeydiyyatına alınması üçün qanunla müəyyən olunmuş zəruri sənədlərin "xxxx" MTK tərəfindən Cavabdeh təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nəsimi rayon Məhkəməsinin (hakim Cəmilə Musayeva) 03.05.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbləri tam təmin edilmişdir. Bütün bunlardan təbii ki, İddiaçı MMC-nin də xəbəri vardır. Amma buna baxmayaraq, dəfələrlə Cavabdeh narahat etmiş, qanunsuz olaraq kommunal haqların ödənilməsini tələb etmişdir. Nəticədə, Cavabdeh mənəvi iztirablar keçirmiş, guya onun İddiaçı MMC-yə hansısa əsassız borcu olması təəssüratı yaranmış, bu onun işgüzar nüfuzuna zərər vurmuş, vaxtının müəyyən hissəsini İddiaçı MMC-yə sərf etməyə məcbur olmuşdur. Bundan başqa, hazırkı iş üzrə Cavabdeh Nəsimi rayon Məhkəməsində təmsil edilməsi üçün, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən Vəkil ilə 1.000 manat məbləğində müqavilə bağlanılmışdır. Bu məbləğ də, İddiaçı MMC-dən məhkəmə xərci kimi Cavabdeh xeyrinə tutulmalıdır. Qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında qarşılıqlı iddianı müdafiə etdi, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə bağlı etiraz göndərərək, Cavabdeh öz iddiasında ona 5.000 manat maddi ziyan, 5.000 manat mənəvi ziyan vurulduğuna görə təzminat, 1.000 manat vəkil xərci və dövlət rüsumu üçün ödənilmiş 30 manat pulun İddiaçı MMC-dən tutulub ona verilməsini tələb edir. Cavabdeh tərəfindən iddiaçıdan 5.000 manat maddi ziyanın tələb olunmasını iddia ərizəsində başa düşmək olmur. Mənəvi zərərlə bağlı cavabdehin tələb etdiyi 5.000 manat isə ona kommunal ödənişi etmədiyinə görə məktub ünvanladıqlarını və telefonla zəng vurulduğunu əsas gətirir. Həyatını pandemiya dövründə təhlükəyə qoyub təmizlik işləri aparan insanlar nə üçün günahlandırılır? İddiaçı MMC hüquqi şəxsdir və fəaliyyəti bina sakinlərinə, o cümlədən Cavabdeh 315 nömrəli mənzilə kommunal xidmətlər göstərilməsindən ibarətdir. Cavabdeh qarşılıqlı iddiada mənzili 12.09.2006-cı il tarixdə alğı-satqı müqaviləsi əsasında aldığını təsdiq edir. Bu həqiqətən belədir. Deməli mənzilə İddiaçı MMC tərəfindən 175 ay xidmət göstərilmişdir. Mənzilin sahəsi 139 m2-dir. Müvəkkillər yığıncağının qərarına əsasən göstərilən mənzilin hər m2-nə görə xidmətin məbləği 0,30 qəpik müəyyən edilmişdir. İddiaçı MMC faktiki olaraq Cavabdeh mənzilinə kommunal xidmət göstərmiş və həmin xidmətin göstərilməsi bu gün də davam etdirilir. Cavabdeh qarşılıqlı iddia ərizəsində iddia müddətinin keçməsini əsas gətirir. Əgər qeyd etsə idi ki, son üç ili onlardan tələb edə bilərlər, bəlkə də daha ədalətli və qanuna uyğun olardı (Mülki Məcəllənin 373-cü maddəsi). Əslində onlar görüşlərində A.Misirzadədən son üç ili xahiş etmişlər. Qeyd edirlər ki, İddiaçı MMC tərəfindən müqavilə bağlamaq və kommunal ödənişi etməklə bağlı Cavabdeh dəfələrlə yazılı və şifahi müraciətlər edilmişdir. Lakin Cavabdeh müraciətlərinə münasibət bildirməmişdir. İlk görüşlərində Cavabdeh yalnız bir ilin kommunal haqqını ödəməklə bağlı razılaşmışdır. Onlar isə mülki qanunvericiliyə görə üç ilin, yəni 1.500 manat ödəməli olduğunu ona izah etmişlər. Cavabdeh qarşılıqlı iddia ərizəsində maddi və mənəvi zərərə görə pul tələb edir. Faktiki olaraq İddiaçı MMC ilə Cavabdeh arasında heç bir pul və ya digər əmtəə əlaqəsi olmadığı halda, Cavabdeh onlardan hansı maddi ziyanın əvəzini tələb edə bilər? Mənəvi zərərlə bağlı hissəyə isə aydınlıq gətirərək bildirir ki, onlar sakinlərdən bütün dünyada qəbul olunmuş qaydalara uyğun kommunal haqqını xahiş etmişlər. Yəni fərdi görüş, telefon danışığı, bildiriş və ya məktublar göndərməklə əlaqə saxlamışlar. Cavabdeh ilə iki dəfə direktor Qaçay Şahbazovun, iki dəfə isə Cavabdeh təşəbbüsü ilə görüşmüşlər. Cavabdeh ilə direktor Q.Şahbazovun söhbətləri çox səmimi olmuşdur. Əslində Cavabdeh kommunal xidmət haqqını ödəmədiyinə görə İddiaçı MMC-yə maddi və mənəvi ziyan vurmuşdur. Hesab edir ki, mənəvi zərər məfhumu hazırkı mübahisələndirilən məsələyə aid edilə bilməz. İnsanların bəlkə biri birilərinə salam verməsi də kiminsə vaxtının alınması deməkdir? Kommunal xidmət haqqını toplamaq onların işidir. Qanunla hər bir kəsin öz əmlakını və ya pulunu tələb etmək hüququ vardır. Cavabdeh məxsus olan 315 saylı mənzil ona alğı-satqı vaxtı təhvil verilmişdir. Əgər bu belə olmasa idi, Cavabdeh qohumu Muxurov Stanislavın kürəkəni, eyni zamanda mərtəbə qonşusu Namiq deyilən şəxs «açarı itirmişəm» deyə «ona görə də məcburən qapını elektrik mişarı ilə kəsməliyəm» deməzdi. Bu faktı təsdiq edən şahidlər də var. Əlavə olaraq məlum edir ki, eyni məzmunlu, yəni ödənişləri ödəməkdən imtina edən bir qrup sakinlərlə bağlı onlar tərəfindən Bakı şəhərinin və Respublikanın bir sıra rayon məhkəmələrinə müraciət edilmişdir. Belə ki, ödənişdən boyun qaçıran bina sakinlərinə qarşı iddialara müxtəlif məhkəmələrdə müxtəlif vaxtlarda baxılaraq qətnamələr qəbul edilərək iddiaları təmin edilmişdir. Bu səbəbdən, qarşılıqlı iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, nümayəndınin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, ilk iddia üzrə iddiaçı ilk iddia ərizəsinin geri qaytarılmasını xahiş etmiş və yuxarıda qeyd edildiyi kimi, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli 2(006)-3828/2021 saylı qərardadı ilə ilk iddia ərizəsi Azərbaycan Respublikası MPMin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmışdır. Qarşılıqlı iddia tələbi o vaxt qismən, yaxud tam şəkildə təmin edilə bilərdi ki, ilk iddia tələbinə mahiyyəti üzrə baxılaraq, ilk iddia əsassız hesab edilərək, təmin edilməsin. Bu halda, qarşılıqlı iddia tələbində qeyd edilən maddi, mənəvi ziyanın, hüquqi xidmət xərcinin, yaxud vaxt itkisinə görə, və ya vicdansızcasına əsassız iddia vermiş tərəfdən digər tərəfin xeyrinə məbləğin tutulması məsələsinə qismən, yaxud tam təmin edilməsi yönündə hüquqi qiymət verilə bilərdi. Hazırda isə, qarşılıqlı iddianın məhkəməyə verilməsinə səbəb olmuş, qarşılıqlı iddia üzrə iddiaçının qeyd etdiyi kimi ona qarşı ilk iddia verilməsi halı ortadan qalxmışdır. İlk iddia üzrə iddiaçı iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Digər tərəfdən, qarşılıqlı iddia üzrə iddiaçının ona vurulmasını iddia etdiyi maddi və mənəvi zərərin nədə ifadə olmasını əsaslandırmamışdır. Qarşılıqlı iddia üzrə cavabdehin qarşılıqlı iddia üzrə iddiaçıya hansı şəkildə və hansı hərəkət, yaxud hərəkətsizliyi ilə maddi ziyan vurduğu qarşılıqlı iddia ərizəsində məlum olmur. Vurulmuş mənəvi ziyanın ödənilməsi tələbinə dair hissədə də tələb məchul qalır, tam və hərtərəfli əsaslandırılmamışdır. Bu səbəbdən, qarşılıqlı iddia tələbi hazırda əsassızdır və təmin edilə bilməz. Qarşılıqlı iddia təmin edilmədiyindən, hüquqi yardım göstərilməsi üçün xərc, yaxud ağlabatan həddə xərc qarşılıqlı iddia üzrə cavabdehdən tutula bilməz və qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh İddiaçı MMC-yə qarşı «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair qarşılıqlı iddiası təmin edilməməlidir. Ödənilmiş 30 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Cavabdeh İddiaçı MMC-yə qarşı «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Ödənilmiş 30 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar