Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3828/2025 16.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən verilmiş 29-59/3-1-1109K/2024 saylı əmrin ləğv edilməsi, Bakı şəhəri ərazisində yerləşən digər məktəblərin birində direktor müavini vəzifəsinə və ya ona bərabər digər vəzifəyə işə bərpa edilməsi və məcburi işburaxma müddəti üzrə xx.xx.2024-cü il tarixdən işə bərpa ediləcəyi günə qədər ştat cədvəli üzrə ödənilməli olan əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2008-ci il tarixdə həmin dövrdə yaşadığı Bərdə rayonunda yerləşən R.Musayev adına internat orta məktəbində “Azərbaycan dili və Ədəbiyyat” fənni üzrə müəllimə vəzifəsinə işə qəbul olunmuşdur. 2022-ci ilədək, yəni 14 il müddətində həmin məktəbdə pedaqoji əmək fəaliyyəti göstərmişdir. “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2015-ci il tarixli 994 nömrəli Sərəncamına əsasən keçirilən diaqnostik qiymətləndirmələrdə eləcə də müəllimlərin işə qəbulu imtahanlarında iştirak edərək məqbul nəticələr əldə etmişdir. Bu əsasla da işlədiyi dövrlərdə yüksək əmək haqqı almışdır ki, bu da ailə büdcələrinə müsbət təsir göstərmişdir. 2022-ci il tarixdə Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində direktor vəzifəsinə vakant olan işə qəbul üzrə 3 mərhələdən ibarət müsabiqədə iştirak edərək müsabiqəni uğurla keçmişdir. Bu əsasla direktor vəzifəsinə təyin olunacağı zaman həyat yoldaşının hərbi qurumda xidmət etməsi və hərbi xidmət yerinin Bakı şəhəri üzrə təyin olunması ilə əlaqədar iş yerinin Bakı şəhəri ərazisinə dəyişdirilməsi onun üçün arzulanan hal olmuşdur. Beləliklə, iddiaçı cavabdehin tabeliyində ümumtəhsil məktəblərinə direktor müavini vəzifəsinə vakant olan işə qəbul üzrə 3 mərhələdən ibarət müsabiqədə iştirak edərək müsabiqəni də uğurla keçmişdir. Daha sonra cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini X2 tərəfindən qəbul edilərək ona Bakı şəhər Suraxanı rayonunda yerləşən 89 saylı tam orta məktəbdə əmək müqaviləsi üzrə “uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı” direktor müavini vəzifəsi təklif edilmişdir. Razılıq bildirdikdən sonra iddiaçının həmin məktəbdə qeyd olunan vəzifə üzrə işə qəbul olunmağı barədə xxxxxxx0002X0 saylı əmək müqaviləsi bağlanmış və işə qəbul olunma əmri verilmişdir. Cavabdeh orqan ilə iddiaçının arasında əmək müqaviləsi bağlanan zaman ona bildirilmişdir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tabeliyində faəliyyət göstərən dövlət ümumtəhsil məktəblərinə müsabiqədə iştirak edərək direktor müavini vəzifəsinə qəbul olunmuş şəxslər ilə əmək müqaviləsi əmək qanunvericiliyinin tələblərinə və nazirliyin daxili qaydalarına əsasən hər il yenilənməklə 5 (beş) il müddətinə bağlanılır. Qeyd edilən müddət bitdikdən sonra vəzifəyə təyin olunmuş şəxsin pedaqoji fəaliyyəti dövründə hər hansı bir qayda pozuntusuna yol verilməmişdirsə, həmin şəxsin daimi əsaslarla müvafiq vəzifəyə təyin olunmağı barədə qərar qəbul edilir. İddiaçı ilə əmək müqaviləsi bağlanılan zaman digər bir şəxsin 1 illik əmək müqaviləsinin yenilənməsi, eyni zamanda ikinci bir şəxsin də 5 illik müddətli müqavilə müddəti bitdiyindən daimi əsaslarla vəzifəyə təyin olunma qərarının verilməsi icra edilirdi. Beləliklə, iddiaçı əmək müqaviləsi bağlandıqdan sonra Bakı şəhəri Suraxanı rayonunda yerləşən 29 saylı tam orta məktəbdə direktor müavini vəzifəsinə təyin edilərək işə bağlamışdır. Yeni vəzifəyə təyin olunması ilə əlaqədar Bərdə rayonuna gedərək 14 il fasiləsiz işlədiyi R.Musayev adına internat orta məktəbinə öz istəyi ilə işdən çıxma barədə ərizəsini təqdim etməklə işdən çıxaraq əmək kitabçasını təhvil götürüb cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsinə təhvil vermişdir. xx.xx.2023-cü il tarixdən etibarən 2023-2024-cü tərdis ili üzrə Bakı şəhəri Suraxanı rayonunda yerləşən 29 saylı tam orta məktəbdə qeyd olunan vəzifədə işləyərək ştat cədvəli üzrə 745.15 manat əmək haqqı almışdır. Bundan əlavə işə qəbul olunduğu ilk gündən etibarən öz ixtisası üzrə 11 saat dərs yükü ilə təmin olunaraq ümumilikdə hər ay 1000 manat məbləğində əmək haqqı almışdır. Lakin 2024-cü ilin avqust ayında əmək məzuniyyətində olduğu zaman ona heç bir məlumat verilmədən, xəbərdarlıq edilmədən – cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və 29-59/3-1-1109K/2024 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən işdən azad edilmişdir. Eyni zamanda öz ixtisası üzrə təmin olunduğu 11 saat dərs yükü də ondan alınmışdır. Halbuki, bu məsələ ilə bağlı əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı qanunvericiliyin norma və qaydalarına nəzər yetirsək “təhsil (ümumi və məktəbdənkənar) müəssisələrində əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı qaydalar” da qeyd edilmişdir ki, Mövcud qaydalara əsasən ümumi təhsil müəssisələrinin ixtisası üzrə dərs yükü ilə təmin edilmiş direktor müavinlərinin tutduqları vəzifədən azad edilərkən işlədikləri məktəbdə müəllim kimi saxlanılması və ya həmin müəssisədə vakant yer olmadığı halda, rayonun (şəhərin) müvafiq fənn üzrə müəllimə tələbat olan digər məktəbində müəllim kimi işlə təmin edilməsi rayon (şəhər) təhsil şöbəsi (idarəsi) ilə razılaşdırılmaqla ümumi təhsil müəssisəsinin direktoru tərəfindən həyata keçirilir. Lakin yuxarıda sadalanan norma və qaydaların heç biri icra olunmamış həm iddiaçının konstitusion hüquqları, həm də əmək qanunvericiliyinin maddi və prosessual hüquq normaları cavabdeh tərəfindən hərtərəfli olaraq kobud şəkildə pozulmuşdur. Bununla bağlı iddiaçı xx.xx.2024-cü il tarixdə Bakı şəhəri üzrə Təhsil İdarəsinə müraciət edərək işdən hansı səbəbə görə azad edilməsi ilə bağlı müraciət etmişdir. Müraciəti ilə bağlı iddiaçını cavabdeh idarənin müdir müavini Anar Məmmədov və insan resursları sektorunun müdiri Aygün Bayramova qəbul edərək yaranmış anlaşılmazlıq ilə bağlı araşdırmalar aparılacağı və araşdırmalardan sonra onu yenidən qəbul edəcəklərini və narahat olmamasını bildirmişlər. xx.xx.2024-cü il tarixdə cavabdeh idarənin əməkdaşlarının öz təşəbbüsü ilə yenidən idarəyə dəvət edilmişdir. Bu dəfə də onu eyni şəxslər qəbul etmişdir. Görüş zamanı əmək fəaliyyəti ilə bağlı heç bir nöqsan və ya digər halların aşkar olunmadığını əksinə 14 illik işini itirməyinə səbəbkar olduqları üçün təəssüfləndiklərini bildirmişlər. Lakin bu dəfə də hansı səbəbdən işdən azad olunmağını soruşduqda yenə də heç bir səbəb göstərilmədən onu növbəti dəfə yenidən dəvət edəcəklərini bildirmişlər. Bundan bir ay sonra, yəni xx.xx.2024-cü il tarixdə cavabdeh idarənin əməkdaşları iddiaçını qəbul etmişlər. Lakin bu dəfə də işdən azad olunmasının səbəbi ona izah edilməmişdir. Əmək qanunvericiliyinin tələblərinə əsasən onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmalı olduğu halda bu barədə heç bir qanuni əsas göstərilməmişdir. İddia ərizəsi yazılan tarixədək hələ də səbəbin nə ilə bağlı olması iddiaçıya məlum deyil. İddiaçı ailəlidir, hərbiçi ailəsidir. Xüsusi təyinatlı universitetlərdə təhsil alan iki övladı var. Dövlətin ümumtəhsil müəssisəsində 15 il fasiləsiz şəkildə ixtisası üzrə pedaqoji əmək fəaliyyəti göstərmişdir. Əmək faəliyyəti ilə bağlı dövrlər ərzində işlədiyi təhsil müəssisələrində davranış qaydalarının tələblərini pozmamış, heç bir nizam-intizam məsuliyyətinə cəlb edilməmiş və rəhbərlik tərəfindən nə yazılı, nə də şifahi töhmət almamışdır. Əksinə əmək fəaliyyəti ilə bağlı rəhbərlik tərəfindən müsbət xarakterizə olunmuşdur. Lakin cavabdeh hansısa maraqları səbəbindən həm 14 illik işini, həm də qanuni əsaslarla qəbul olduğu digər işini itirərək işsiz qalmış və bunun da səbəbi ona izah edilmir. Heç bir əsas olmadan qanunsuz olaraq iddiaçının işdən azad olunması hazırda onu və ailəsini mövcud həyat səviyyəsinin çətinlikləri ilə üz-üzə qoyur. İşdən azad edilərkən “əmək müqaviləsinə xitam verilməsi” barədə əmr ilə tanış olmamış və həmin əmrin surəti, eləcə də əmək kitabçası ona təqdim edilməmişdir. Əmək mübahisəsinin həlli ilə bağlı mediasiya üçün müraciət edilmişdir. xx.xx.2025-ci il tarixdə mediasiya sessiyası baş tutmuş, lakin cavabdeh mediasiya sessiyasında iştirak etməmiş, mediator tərəfindən ilkin mediasiya sessiyasından sonra proses zamanı barışıq sazişi imzalanmadığından MŞB/11/2025-00247 saylı arayış verilmişdir. İşə bərpa olunması ilə bağlı ərizə ilə rəsmi qaydada müraciətlər etsə də Bakı şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2025-ci il tarixli 3-29-69/2-ə-8624/4-4 saylı cavab məktubu ilə müraciətinə imtina verilmişdir. İmtinaya əsas olaraq göstərilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin bitməsi ilə əmək müqaviləsinə xitam verilmişdir. Halbuki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin rəsmi səhifəsində qeyd edilmişdir ki, direktor müavini vəzifəsini tutmuş şəxslərlə bağlanmış əmək müqaviləsinin müddəti başa çatdıqdan sonra illik fəaliyyət barədə hesabat agentliyə təqdim olunur və müvafiq müsahibə keçirildikdən sonra şəxslə bağlanmış əmək müqaviləsinin müddəti uzadıla, müddətsiz əmək müqaviləsi bağlanıla və ya ləğv edilə bilər. Lakin heç bir müsahibə keçirilmədən və iddiaçıya məlumat verilmədən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçının cavabdeh ilə aralarında yaranmış mübahisəni yoluna qoymaq cəhdləri nəticə verməmişdir. Cavabdeh tərəfindən ona qarşı ədalətsiz mövqe sərgilənərək qərəzli şəkildə, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Qanunla işçinin iradəsinin əleyhinə və razılığı olmadan işəgötürən tərəfindən zor işlədilərək, yaxud hər hansı başqa üsulla əmək müqaviləsini xəbərdarlıq etmədən və məlumat vermədən qərəzli şəkildə ləğv etmək qadağandır.
3. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi iddia ərizəsinə etirazı məhkəməyə təqdim edərək, iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 89 nömrəli tam orta məktəbdə uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə təyin edilmiş və onunla xx.xx.2024-cü il tarixədək müddətli əmək müqaviləsi bağlanmışdır. İddiaçı bildirir ki, ona əvvəlcədən yazılı xəbərdarlıq verilməli idi. Lakin Əmək Məcəlləsinin 73-cü maddəsinə 12 avqust 2024-cü il tarixdən əvvəl edilən dəyişikliklərədək bu cür tələblər işəgötürən üçün öhdəlik deyildir. Belə olan halda, müqavilənin xitamı tam qanuni şəkildə və qüvvədə olan normativ aktlara uyğun həyata keçirilmişdir.
5. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi məhkəməyə iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim edərək qeyd etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Lakin o, işə bərpa tələbi ilə yalnız xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Bu isə qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətinin ötürüldüyünü göstərir. Buna görə də iddia tələbi ilə bağlı iddia müddətinin tətbiq edilməsi və iddia tələbinin rədd edilməsi xahiş olunur.
a) Məhkəmə prosesi:
6. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, işə mahiyyəti üzrə baxılmasını, müddətin ötməsinin nəzərə alınmamasını və iddia tələbinin təmin olunmasını xahiş etdi. Bildirdi ki, əmək kitabçasını sonradan əldə edib, əmrin surəti ona verilməyib və cavabdeh əmək qanunvericiliyinin tələblərinə əməl etməyib.
7. Məhkəmə iclasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə2 iddia tələbi üzrə iddia müddətinin ötürüldüyünü bildirib, iddia tələbinin rədd edilməsini xahiş etdi.
8. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iddia ərizəsini, cavabdehin etirazını, iddia müddətinin tətbiqi barədə ərizəni nəzərdən keçirib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) İş materialları:
9. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsindən görünür ki, Gəncə Elm-Təhsil Mərkəzinin hüquqşünaslıq ixtisası üzrə təhsil almış iddiaçı müddətli əmək müqaviləsi əsasında xx.xx.2024-cü il tarixədək Bakı şəhəri 89 nömrəli tam orta məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə qəbul edilmişdir.
10. Əmək müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2023-cü il tarixli X1 görünür ki, xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixədək müddətə Bakı şəhəri 89 nömrəli tam orta məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə qəbul edilmişdir. İddiaçının işə başlama tarixi xx.xx.2023-cü il müəyyən edilmişdir.
11. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, iddiaçının xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müraciətlərinə cavab olaraq bildirilmişdir ki, onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin bitməsi əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.
12. Bakı 11 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli, MŞB/11/2025-00247 nömrəli arayışdan görünür ki, iddiaçı mediasiya sessiyasında iştirak etmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. İddiaçı tərəfindən 50 manat İMS, 10 manat kargüzarlıq xərci ödənilmişdir.
13. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin işə təyin edilmə barədə xx.xx.2023-cü il tarixli əmrindən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsi haqqında Əsasnamənin 15.6-cı bəndi rəhbər tutularaq iddiaçının Bakı şəhəri 89 nömrəli tam orta məktəbə uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə işə qəbul üzrə müsəbiqənin nəticələrinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müddətli əmək müqaviləsi ilə uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə təyin edilməsi əmr edilmişdir.
14. Bakı şəhəri 89 nömrəli tam orta məktəbin direktorunun “əmək məzuniyyətinə buraxılma barədə” xx.xx.2024-cü il tarixli əmrindən görünür ki, qeyd olunan pedaqoji işçilərin (51. İddiaçı Ə.) xx.xx.2024-cü il tarixdən 2023-2024-cü tədris ili hesabına 56 təqvim günü müddətinə növbəti əmək məzuniyyətinə buraxılmaları, xx.xx.2024-cü il tarixdə işdə hesab edilmələri əmr edilmişdir.
15. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli əmrindən görünür ki, iddiaçının əmək müqaviləsinə müddəti bitdiyinə görə xx.xx.2024-cü il tarixdən xitam verilməsi əmr edilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
16. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixdə müddətli əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinə əsasən işçi (iddiaçı) xx.xx.2024-cü il tarixədək Bakı şəhəri 89 nömrəli tam orta məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə işə qəbul edilmişdir. Onun işə başlama tarixi xx.xx.2023-cü il müəyyən edilmişdir. İddiaçıya xx.xx.2024-cü il tarixli əmr ilə əmək məzuniyyəti verildiyi üçün işçi məzuniyyətdən qayıtdıqdan sonra ilk gün əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə iclaslarında iddiaçı etiraf etmişdir ki, məzuniyyət bitdikdə və işə çıxmağa hazırlaşan zaman xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xitam verildiyi barədə ona məlumat verilmişdir. Bundan sonra iddiaçı bir neçə dəfə cavabdeh müəssisənin direktor müavini ilə görüşdüyüni və ona köməklik ediləcəyi barədə vəd aldığını bildirsə də, cavabdeh belə vədlərin verildiyini qəbul etmir. İddiaçıya 2024-cü ilin dekabr ayında etdiyi müraciətlərə dair cavabdeh tərəfindən rəsmi xx.xx.2025ci il tarixli məktub 2025-ci ilin fevral ayında çatmışdır. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış ilə müəyyən edilir ki, iddiaçı xx.xx.2025-ci il tarixdə mediasiyanın tətbiqi barədə cavabdehə təklif göndərmiş, xx.xx.2025-ci il tarixdə mediasiya sessiyası yekunlaşmışdır. İddiaçı məhkəməyə xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə müraciət etmişdir. Cavabdehin nümayəndəsi iddia müddətinin ötürüldüyünü bildirsə də, iddiaçı iddia müddətinin ötürülməsinin nəzərə alınmamasını, işə mahiyyəti üzrə baxılmasını xahiş etmiş, mediasiya sessiyasından sonra qəza keçirdiyini və bir neçə dəfə xəstəxanada olduğunu bildirmişdir.
c) Məhkəmənin mövqeyi və iş üzrə gəldiyi nəticə:
17. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verildiyi üçün ilk növbədə hazırkı iddia tələbi üzrə iddia müddətinin ötürülüb-ötürülmədiyi araşdırılmalıdır. İş üzrə mübahisəsiz haldır ki, iddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyi barədə əmək müqaviləsinə xitam verilməmişdən bir gün əvvəl xx.xx.2024-cü il tarixdə məlumatlı olmuşdur. xx.xx.2024-cü il tarixdə iddiaçının məzuniyyətdən sonrakı ilk iş günü idi. Cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli əmri ilə tərəflər arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. İşin faktiki hallarından görünür ki, iddiaçı öz əmək hüquqlarının pozulduğunu əmək müqaviləsinə xitam verildiyi xx.xx.2024-cü il tarixdə artıq bilirdi. Buna görə də iddiaçı cavabdeh müəssisənin rəhbər şəxsləri ilə görüşmüş və iddiaçının bildirdiyinə görə, həmin şəxslər ona müxtəlif vədlər vermişlər. Mülki iş materiallarında iddiaçının cavabdehə rəsmi ilk müraciətinin xx.xx.2024-cü il tarixdə olduğu müəyyən edilsə də iddiaçı iddia tələbini məhkəmədə mübahisələndirmək üçün cavabdehə mediasiyanın tətbiqi barədə təklifi xx.xx.2025-ci il tarixdə göndərmişdir. Yəni iddiaçı onunla bağlanmış əmək müqaviləsinin xitam edildiyini bildiyi vaxtdan 6 ay, cavabdehə işə bərpa olunması barədə rəsmi müraciətindən isə 2 ay sonra mediasiyanın tətbiqi barədə təklif göndərmişdir. Göründüyü kimi, açıq və aydın şəkildə müəyyən edilir ki, iddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyini bilmiş, öz əmək hüquqlarının pozulduğunu hesab etmiş, cavabdehə şifahi və yazılı qaydada işə bərpa olunması barədə müraciət etmiş və məhkəməyə müraciət etmək üçün 1 aylıq iddia müddətini ötürmüşdür. İddia müddəti ötürüldüyü üçün iddia tələbi təmin edilməməlidir.
18. İddiaçı 1 aylıq iddia müddətini ötürdükdən xeyli müddət sonra xx.xx.2025-ci il tarixdə cavabdehə mediasiyanın tətbiqi barədə təklif göndərmiş və xx.xx.2025-ci il tarixdə İMS-də iştirak edilməməsi barədə arayışı almışdır. Arayışı aldıqdan 3 ay sonra – xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçı arayışı aldıqdan sonra xəstəliyi səbəbindən məhkəməyə müraciət edə bilmədiyini bildirmiş, lakin müvafiq təsdiqedici sənədləri və iddia müddətinin üzrlü səbəbdən ötürülməsi barədə əsaslandırılmış ərizəsini məhkəməyə təqdim etməmişdir. İddiaçı 3 ay müddətinə xəstə olması barədə sənədləri məhkəməyə təqdim etsəydi belə, o, iddia müddətini mediasiya təklifini göndərdiyi vaxtadək artıq ötürmüşdü.
19. Məhkəmə iddiaçının əmək müqaviləsinə xitam verilməzdən əvvəl onun xəbərdar edilməməsi barədə dəlilinə münasibətdə qeyd edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmr verilən vaxt – xx.xx.2024-cü il tarixdə qüvvədə olan əmək qanunvericiliyinin normalarına əsasən cavabdehin iddiaçını məlumatlandırmaq vəzifəsi yox idi. Yəni əmək müqaviləsinin müddəti bitdiyi halda işəgötürənin əmək müqaviləsinə xitam vermək hüququnu həyata keçirməsi üçün işçini xəbərdar etməsi həmin vaxt qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmamışdı. Maddi hüquq münasibətlərinə hadisə baş verdiyi vaxt qüvvədə olan normalar tətbiq olunur.
20. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında göstərilən mövqeyini nəzərə almaqla qeyd edir ki, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığı kimi, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzürlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir.
21. Məhkəmə qeyd olunanlara əlavə olaraq iddiaçıya izah edir ki, hüquq normalarına hərfi mənada yanaşılması hüquqdan sui-istifadəyə yol açdığı halda həmin normalar hərfi mənada deyil, əsas mahiyyətinə görə tətbiq edilməlidir. İddiaçının öz hüquqlarının pozulduğunu bilməsi üçün onun mütləq xx.xx.2025-ci il tarixli məktubu əldə etməsi gərəkli deyildi. İddiaçı onsuz da o məktubda qeyd olunanları, yəni onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xx.xx.2024-cü il tarixdən bilirdi və buna görə həmin tarixdən sonra işə getməmişdir. Əmək mübahisələri onun nəticələrinin aradan qaldırılmasının və müvafiq sübutların əldə edilməsinin mümkün olması üçün çevik həll edilməli olan mübahisələrdəndir. Buna görə də qanunverici 1 aylıq iddia müddəti müəyyən etmiş və həmin qəbildən olan mübahisələrin məhkəmə icraatının müddəti məhdudlaşdırılmışdır.
d) Tətbiq edilən hüquq:
22. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 2-ci maddə, 3. hissə. Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. 11-ci maddə, “b” bəndi. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək Əmək müqaviləsi üzrə işəgötürənin əsas hüquqlarındandır. 73-cü maddə, 1.hissə. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 73-cü maddə, 2.hissə. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. 296-cı maddə, 2-ci hissə. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296-cı maddə, 3-cü hissə. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 296-cı maddə, 6-cı hissə. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. 296-cı maddə, 7-ci hissə. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. 297-ci maddə. Fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır.
23. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 35.1, 35.2. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Maddə 32.4.2. Mediasiya prosesinə aşağıdakı gündən xitam verilir: - bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən. Maddə 32.1.9. Mediasiya prosesinə aşağıdakı hallarda xitam verilir: - bu Qanunun 21.8-ci, 29.2-ci və 29.3-cü maddələrində göstərilən arayış tərtib olunduqda. Maddə 29.2. Tərəflər və ya onlardan biri onlara mediatorun (mediasiya təşkilatının) və ya digər tərəfin bu Qanunun 22.1-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və ilkin mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən ilkin mediasiya sessiyası barədə bildirişi təqdim etməsindən sonra tərəflər və ya onlardan biri ilkin mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı ilkin mediasiya sessiyasında iştirak edən tərəflərə təqdim edir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən bildiriş tərəflərə ilkin mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir.
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
25. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
26. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddiası təmin edilməməlidir.
27. İddia təmin edilmədiyinə görə iş üzrə çəkilmiş mediasiya xərci iddiaçıya aid edilməlidir.
Nəticə:
28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə çəkilmiş mediasiya xərci İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova