Məhkəmə qərarları › İş №2(006)-3829/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3829/2023

17.10.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3829/2023 17.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı «əmək haqqı» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «əmək haqqı» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək iş vaxtından artıq vaxtda (624 saat, 78 həftə, hər biri 8 saat olmaqla) görülən işə görə 3.800 manat məbləğində əmək haqqının tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2019-cu il tarixdən etibarən Cavabdeh MMC-də Qida və İçki Departamentində öncə ofisiant köməkçisi, xx.xx.2021 tarixdən xx.xx.2023-cü il tarixədək ofisiant kimi çalışmışdır. Ofisiant kimi aylıq əmək haqqı öncə 492,66 manat, xx.xx.2022-ci il tarixdən isə 555,43 manat olmuşdur. Həm əmək qanunvericiliyinin tələbi, həm də əmək müqaviləsinin şərtlərinə görə işçi gündə 8 saatdan və həftəlik 40 saatdan artıq işləməməlidir. Buna baxmayaraq o, həftədə 6 gün olmaqla 48 saat işə cəlb olunmuşdur və bunun haqqı ödənilməmişdir. Bununla bağlı şirkət rəhbərliyinə dəfələrlə müraciət etsə də, nəticə əldə etməmişdir. Qeyd olunan məsələ ilə bağlı Əmək Müfəttişliyinə şikayət olunsa da, problem həllini tapmamışdır. İşçilərin işə gəlmə və işdən çıxma vaxtını qeydə alan turniket-kart sistemində hər həftənin şənbə günü işə gəliş və çıxış vaxtı qeydə alnmışdır. Əmək Məcəlləsinin 165-ci maddəsinə görə Cavabdeh MMC-də çalışdığı bir il yarım müddət ərzində iş vaxtından artıq görülən əməyə görə haqq hər saat üçün 2 dəfədən az olmayaraq hesablanmalıdır. Onu da qeyd edir ki, Mediasiya Sessiyasına dəvətlə bağlı təklif Cavabdeh MMC-yə 19 iyun 2023-cü il tarixdə göndərilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o, işə gedərkən, turniket-kart sistemində kart vuraraq iş yerinə giriş edirdi. Onda turniket-kart sistemində kart vurması ilə bağlı çıxarış yoxdur. Əmək müqaviləsini imza edərkən həftənin 5 günü işləməli olduğununu bilirdi. Həftənin 6-cı günü menecer tərəfindən işləməyə məcbur edilmişdir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, iddiaçı tərəfindən Əmək Müfəttişliyinə şikayət edilmiş və araşıdma aparılmış, bununla bağlı inzibati xəta tərkibi olmaması əsası ilə xeyirlərinə qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən, iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarından görnür ki, iddiaçı ilə cavabdeh MMC-nin direktoru Talanova İrinanın etibarnamə əsasında nümayəndəsi Ersen Mazharoğlu ilə aralarında xx.xx.2019-cu il tarixdə 249 saylı müddətli (6 aylıq) əmək müqaviləsi bağlanmış, xx.xx.2022-ci il tarixdə həmin əmək müqaviləsinə dəyişikliklərin ediməsinə (əmək haqqı hissəsində) dair direktor İrina Talanova ilə ilə razılaşma imzalanmış, daha sonra aralarında xx.xx.2021-ci il tarixdə 006 saylı yeni müddətli (1 aylıq) əmək müqaviləsi bağlanmış və bu müqavilələrə əsasən o, Qida və İçki Departamentinə Ofisiant köməkçisi işləmiş, sonradan ofisiant işinə qəbul olunmuşdur. Həmçinin əmək müqavilələri bağlanan tarixlərdə tərəflər arasında eyni tarixli və eyni saylı tam maddi məsuliyyət haqqında müqavilələr də bağlanmışdir. Qeyd edilən həmin sənədlərdə işçinin əmək funksiyaları, tərəflərin hüqüq və vəzifələri, eləcə də, əmək fəaliyyəti ilə bağlı müəyyən şərtlərin razılaşdırılması göstərilmişdir. Daha sonra müəyyən edilmişdir ki, iddiaçı cavabdehlə xx.xx.2023-cü il tarixə kimi əmək münasibətlərində olmuş, əmək müqaviləsinə xitam verilən zaman son haqq hesabının ödənilməsi ilə əlaşədar iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X1 Bakı şəhər İdarəsinin Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinə müraciət etmiş və araşdırma ilə əlaqədar “İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında” xx.xx.2023-cü il tarixdə MN №0108217 saylı qərar qəbul edilmişdir. Sözügedən qərardan görünür ki, İddiaçı əmək hüquqlarının pozulması ilə əlaqədar müraciətinin araşdırılması zamanı müəyyən edilmişdir ki, əmək müqaviləsinə xitam verilən zaman son haqq hesabının ödənilməsi ilə bağlı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinin tələbləri pozulmuş, nəticədə X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış, lakin sonuncu barəsində Azərbaycan Respublikasının İXM-nin 192.4-cü maddəsi ilə başlanmış iş üzrə icraata həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən xitam verilmişdir. Həmçinin iş materiallarından görünür ki, iddiaçının cavabdehlə əmək münasibətində olduğu müddətdə hər həftənin şənbə günü (8 saat) əlavə olaraq işə cəlb edilməsi, lakin bu iş vaxtlarına görə ona hər hansı ödəniş hesablanmaması və ödənilməməsi ilə bağlı cavabdehə mediasiyanın tətbiqi barədə təklif ünvanlanmış, lakin cavabdeh tərəf ilkin mediasiya sessiyasında iştirak etməmiş, bu səbəbdən, Bakı 9 saylı Mediasiya təşkilatı tərəfindən 21 iyul 2023-cü il tarixli MŞB/9/2023-01351 saylı ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayış verilmişdir. Həmin arayışdan göründüyü kimi, iddiaçı xx.xx.2023-cü il tarixə saat 15:30-a təyin olunmuş ilkin mediasiya sessiyasında iştirak etmiş, 50 manat mediasiya xərcini ödəmişdir. İddiaçının tələblərinin maddi əsasını Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 165-ci maddəsi təşkil edir. Həmin normanın İ hissəsinə əsasən işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla, eləcə də əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində ödənilir. Həmin normanın İİ hissəsinə əsasən əmək müqaviləsində, kollektiv müqavilədə iş vaxtından artıq vaxt ərzində görülən işə görə işçilərə daha yüksək məbləğdə əlavə haqqın ödənilməsi nəzərdə tutula bilər. Qeyd edilən normanın İİİ hissəsinə görə isə iş vaxtından artıq işlərin əlavə istirahət günü ilə əvəz edilməsinə yol verilmir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara, yəni, əmək müqaviləsində 5 gün işləməsi nəzərdə tutulduğu halda menecer tərəfindən 6 gün işləməsinə məcbur edilməsi, işçilərin işə gəlmə və işdən çıxma vaxtını qeydə alan turniketkart sistemində hər həftənin şənbə günü işə gəliş və çıxış vaxtı qeydə alınmasına dair mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Habelə məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş və iddiaçının bildirdiyinə görə işçilərin işə gəlmə və işdən çıxma vaxtı qeyd edilən siyahıya istinad etməsi ilə əlaqədar qeyd edir ki, həmin siyahının kimin tərəfindən tərtib edilməsinə və ümumiyyətlə qeyd edilən siyahının mötəbərliliyinə dair iddiaçı tərəfindən hər hansı bir sübut təqdim edilməmişdir. Cavabdeh tərəf isə belə bir siyahıdan məlumatlarının olmamasına və onlarda olan sənədlərdə bu növ siyahının olmamasına istinad etmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Həmçinin məhkəmə xx.xx.2023-cü il tarixli MN №0108217 saylı qərarla işəgötürənin iddiaçının əmək hüquqlarının pozması ilə bağlı hərəkətlərində inzibati xəta tərkibinin olmamasını da nəzərə alır. Belə ki, qeyd edilən qərarda istinad olunan Azərbaycan Respublikasının İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı «əmək haqqı» tələbinə dair iddiası rədd edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən ödənilmiş 50 manat mediasiya xərci iddiaçıya aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «əmək haqqı» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 50 manat mediasiya xərci iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar