Məhkəmə qərarları › İş №2(006)-3830/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3830/2020

15.10.2020 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3830/2020 15.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclas katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X16 iştirakları ilə, İddiaçı cavabdeh “xxxxxxxx” ASC-yə qarşı "abonent müqaviləsinin bağlanılması, elektrik enerjisinin bərpa edilməsi və zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxxxxxx” ASC-nin üzərinə İddiaçı ilə elektrik enerjisinin alqı-satqısı abonent müqaviləsinin bağlanılması vəzifəsinin qoyulması və ünvan 1 ünvanında yerləşən yaşayış evinə elektrik enerjisinin verilməsinin bərpa edilməsini, cavabdeh “xxxxxxxx” ASC-dən İddiaçı xeyrinə 6000 (altı min) manat pulun maddi zərərin əvəzi kimi, 1000 (bir min) manat isə mənəvi zərərin əvəzi kimi tutularaq ödənilməsi, iddiaçının vəkilin göstərdiyi yardıma görə ödədiyi 200 (iki yüz) manat pul və dövlət büdcəsinə ödədiyi 30 (otuz) manat pulun cavabdeh “xxxxxxxx” ASCdən tutularaq İddiaçı ödənilməsi, cavabdeh “xxxxxxxx” ASC ilə X24 arasında xx.xx.2000-ci ildə bağlanılmış abonent müqaviləsinə görə A26113019M335990 saylı AMPY(5219A) tipli sayğac üzrə xx.xx.2001-ci ildən xx.xx.2018-ci il tarixinə kimi yaranmış 8.850 (səkkiz min səkkiz yüz əlli) manat borcun adı çəkilən tərəflərin özlərinə aid edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 3 otaqdan ibarət fərdi yaşayış evi xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir. (Reyestrdən çıxarışın notarial təsdiq edilmiş surəti əlavə edilir). Qeyd edir ki, adı çəkilən ev xx xxxx 2008-ci il tarxində alqı-satqı müqaviləsi ilə X2 Valeh Vəlhət oğlu və X22 və X8 almış və mülkiyyət hüququna dair DƏDRX-dən xx.xx.2008-ci ildə müvafiq çıxarış almışdır. (Çıxarışın surəti əlavə edilir). Satıcılar evi könüllü boşaltmadığı səbəbindən X1 rayon Məhkəməsinə müraciət edərək adı çəkilən şəxslərin ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yerləşən 3 otaqdan ibarət mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi, cavabdehlərin qeyd edilən ünvan üzrə qeydiyyatlarının ləğv edilməsi, həmin evdən və torpaq sahəsindən şıxarılması xahiş etmiş, məhkəmənin 2(003)- 1933/2009 saylı xx xxxxxx 2009-cu il tarixli qətnaməsi ilə iddia tələbləri təmin edilmişdir. Cavabdehlər həmin qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6456/2014 saylı xx xxxxxx 2014-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış və Ali Məhkəmənin Mülki Kollegiyasın 2(102)-2462/2015 saylı xx xxxx 2015-ci il tarixli qərarı ilə cavabdehlərin kassasiya şakayəti təmin olunmamış və məhkəmənin qətnaməsi hüquqi qüvvəyə minmiş və icraya yönəldilmişdir. (Qərarların surəti əlavə edilir). Həmin qətnamə icra olunmaq üçün Xəzər rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, ən nəhayət bu qətnamə xx xxxxxx 2018-ci il tarixində icra edilmiş, cavabdehlər əşyaları ilə birlikdə evdən çıxarılmış və ev təhvil verilmişdir (İcra və Probasiya şöbəsinin aktının surəti əlavə edilir). xx xxxxxx 2018-ci ildə ev təhvil verildikdən sonra orada yaşayış olmamış və onlar kommunal xidmətlərin bərpa olunması və abonent müqavilələri bağlanılması üçün “Azəriqaz” və “xxxxxxxx” ASC-yə müraciətlər etməyə başlamış, “xxxxxxxx” ASC-nin nümayəndələri ilə görüş vaxtı onlar şifahi bildirmişlər ki, həmin mənzilin borcu vardır, borc bağlandıqdan sonra onunla abonent müqaviləsi bağlanıla bilər. Cavabdeh “xxxxxxxx” ASC-dən həmin borcla bağlı müvafiq açıqlama (arayış) götürülmüş və məlum olmuşdur ki, həmin abonent müqaviləsi X24 ilə xx.xx.2000-ci ildə bağlanılmış, 1988-ci ildən 2011-ci ilədək 4 dəfə sayğac dəyişdirilmiş, sonuncu dəfə xx.xx.2011-ci ildə A26113019M335990 saylı sayğac quraşdırılmış və xx.xx.2001-ci ildən xx.xx.2018-ci il tarixinə kimi 8.850 (səkkiz min səkkiz yüz əlli manat) borc yaranmışdır. Tərəflərindən xx.xx.2020-ci il tarixində yazılı şəkildə cavabdeh “xxxxxxxx” ASC-yə ərizə ilə müraciət olunaraq elektrik enerjisinin bərpası və yeni abonent müqaviləsinin bağlanılmasını xahiş etmiş, cavabdeh bu yazılı ərizəyə heç bir cavab verməmiş, nə müqavilə bağlamış, nə də elektrik enerjisini bərpa etməmişdir (Arayış və ərizənin surəti əlavə edilir). Cavabdehin nümayəndələri ilə danışıqlar zaman izah olunmuşdur ki, “mənzilin və ya evin borcu” ola bilməz, çünki ev və ya mənzil müqavilə tərəfi-istehlakçı deyildir, müqavilə tərəfi - istehlakçı konkret olaraq hər hansı fiziki və ya hüquqi şəxslərdir ki, onlardan borcu vaxtında-iddia müddəti ərzində tələb etməli idi və ya qanunvericiliyə uyğun olaraq enerji təchizatını dayandırmalı idi. Əgər həmin abonent-fiziki şəxs X14 xx.xx.2001-ci ildən xx.xx.2018-ci il tarixinə kimi 8.850 (səkkiz min səkkiz yüz əlli manat) borc yaranmışdırsa, belə halda Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq etdiyi “Elektrik enerjisindən istifadə Qaydalarf’na uyğun olaraq tədbir görməli idi. Onunla müqavilə bağlamamışdır, eyni zamanda mənzilin ona təhvil verildiyi vaxtdan da o, elktrik enerjisindən istifadə etməmişdir. Onun üzərinə digər şəxsin istifadə etdiyi elektrik enerjisindən istifadə haqqını ödəmək vəzifəsi qoyula bilməz. Cavabdeh “xxxxxxxx” ASC, elektrik enerjisinin ötürülməsi və paylanması xidmətləri üzrə təbii inhisar subyektidir, ondan başqa digər alternativ subyekt yoxdur, ona görə də onun onunla abonent müqaviləsi bağlamaqdan imtina etmək hüququ yoxdur. Cavabdeh “xxxxxxxx” ASC xx xxxxxx 2018-ci ildən, yəni ev ona təhvil verildikdən sonra dəfələrlə ona müqavilə bağlamaq və elktirk enerjisinin verilməsini bərpa etmək barədə müraciətlərini təmin etmədiyindən, keçən 2 il yarım müddət ərzində dəfələrlə Mərdəkan qəsəbəsində yerləşən “xxxxxxxx” ASC-nin Xəzər rayon RETSİ-nə gedibgəlmişdir. Cavabdeh elektrik enejisini vermədiyindən, 2 il yarım müddətində onu bu evdən istifadə etmək, bu müddət ərzində onu kirayəyə vermək imkanından da məhrum etmişdir, əgər o, evi ayda minimum 200 manat olmaqla kirayəyə versəydi, 2 il yarım müddətində, yəni 30 ay müddətində bu (30 ay X 200 manat )=6000 manat pul vəsaiti əldə edə bilərdi. Cavabdehin belə qanuna uyğun olmayan hərəkətləri nəticəsində ona həm maddi ziyan (əldən çıxmış fayda) şəklində, həm də təxminən 1000 manat həcmində mənəvi ziyan vurmuşdur. Belə ki, keçən müddət ərzində cavabdeh qanunla üzərinə qoyulmuş vəzifələri yerinə yetirmədiyi, haqsız olaraq işi süründürməçiliyə saldığı səbəbindən onu mənəvi iztirablara məruz qoymuşdur. Ona görə də o, həm maddi, həm də mənəvi zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məcəllənin bu normasına uyğun olaraq nümayəndəsi E.Dənyalov vasitəsi ilə 4 saylı Vəkil bürosu ilə bağlanılmış müqaviləyə uyğun olaraq “xxxxxxxxxxxx” ASC vasitəsi ilə vəkil bürosuna xx.xx.2020-ci il tarixində ödənilmiş 200 (iki yüz) manat pul vəsaiti və dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən cavabdeh “xxxxxxxx” ASC-nin üzərinə İddiaçı ilə elektrik enerjisinin alqı-satqısı abonent müqaviləsinin bağlanılması vəzifəsinin qoyulması və ünvan 1 ünvanında yerləşən yaşayış evinə elektrik enerjisinin verilməsinin bərpa edilməsini, cavabdeh “xxxxxxxx” ASC-dən İddiaçı xeyrinə 6000 (altı min) manat pulun maddi zərərin əvəzi kimi, 1000 (bir min) manat isə mənəvi zərərin əvəzi kimi tutularaq ödənilməsi, iddiaçının vəkilin göstərdiyi yardıma görə ödədiyi 200 (iki yüz) manat pul və dövlət büdcəsinə ödədiyi 30 (otuz) manat pulun cavabdeh “xxxxxxxx” ASC-dən tutularaq İddiaçı ödənilməsi, cavabdeh “xxxxxxxx” ASC ilə X24 arasında xx.xx.2000-ci ildə bağlanılmış abonent müqaviləsinə görə A26113019M335990 saylı AMPY(5219A) tipli sayğac üzrə xx.xx.2001-ci ildən xx.xx.2018-ci il tarixinə kimi yaranmış 8.850 (səkkiz min səkkiz yüz əlli) manat borcun adı çəkilən tərəflərin özlərinə aid edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil yuxarıda qeyd olunan məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxxxxxx” ASC-nin nümayəndəsi X26 iddia tələblərinə etiraz edərək iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. Abunə kodu **********30025 olan abunə haqqında sənəddən görünür ki, X17 8850,08 manat əlavə ödəniş hesablanmışdır. xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, İddiaçı ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsi, döngə 3, 25 nömrəli evin elektrik enerji təcizatını təmin edilməsini və onun ilə abonent müqaviləsi bağlanılmasını xahiş etmişdir. Xəzər rayon icra və probasiya şöbəsinin icra məmurlları T.Bayramov, A.Nəcəfov, iş üzrə tələbkar X7, cavabdeh X32, Xəzər RPİ 1-ci polis bölməsinin sahə müvəkkili Nəbi Orucov, hal şahidləri X23 və X27 tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli aktdan görünür ki, borclu şəxslər Bakı şəhəri, Xəzər rayonu, Mərdakan qəsəbəsi, Əzizbəyov küçəsi, döngə 3, 25 nömrəli evdən əşyalarını çıxararaq evi tələbkara təhvil vermişlər. İcra zamanı icra hərəkətlərinin aparılması ilə bağlı tərəflərdən heç bir ərizə və şikayət daxil olmamış və iştirakçılar tərəfindən imzalanmışdır. Əzizbəyov Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsindən görünür ki, cavabdehlər X10, X11 və X9 yetkinlik yaşına çatmayan övladları - X18, X19, X25 və X20 ilə birlikdə iddiaçı X3 mülkiyyətində olan Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsi, döngə 3-də yerləşən 25 nömrəli evdən və həmin evə aid torpaq sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehlərin və onların yetkinlik yaşlarına çatmayan övladlarının yuxarıda qeyd olunan ünvan üzrə qeydiyyatları ləğv edilməklə, onlar həmin ünvanda yerləşən evdən və torpaq sahəsindən çıxarılmaları qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri, Xəzər (Əzizbəyov) Rayon Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın xx.xx.2015-ci il tarixli qərarından görünür ki, cavabdeh X12, X13 və Rəhmanova Rasimə Vəlhəd qızının kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-6456/2014 saylı xx xxxxxx 2014-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 76 nömrəli reyestr kitabının 6818 nömrəli vərəqində xx.xx.2014-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. AR-İ seriyalı, 049954 nömrəli etibarnamədən görünür ki, İddiaçı tərəfindən xx.xx.2017-ci il tarixdə X4 30 il müddətinə etibarnamə verilmişdir. Ödəniş qəbzindən (№ 61099) görünür ki, iddiaçı tərəfindən hüquqi yardım göstərilməsi üçün 4 saylı Vəkil Bürosunun hesabına 200 manat ödənilmişdir. Ödəniş qəbzindən (№ 58777) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Belə ki, «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın (Bundan sonra – Qaydalar) 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qaydaların 9.1-ci bəndinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəzıyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Qaydaların 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsi, döngə 3, 25 saylı evin əvvəlki mülkiyyətçisi X17 8850,08 manat əlavə ödəniş hesablanmışdır. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsi, döngə 3, 25 saylı evin İddiaçı adına tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 76 nömrəli reyestr kitabının 6818 nömrəli vərəqində xx.xx.2014-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmasına bxmayaraq evin keçmiş sakinləri xx.xx.2018-ci il tarixə qədər evi əsl mülkiyyətçisinə təhvil verməkdən imtina etmişlər. xx.xx.2020-ci il tarixdə İddiaçı cavabdehə müraciət edərək ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsi, döngə 3, 25 nömrəli evin elektrik enerji təcizatını təmin edilməsini və onun ilə abonent müqaviləsi bağlanılmasını xahiş etmişdir. Beləliklə iş materiallarından göründüyü kimi 8850,08 manat əlavə ödəniş İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsi, döngə 3, 25 saylı evinə sahiblik etdiyi dövr üçün yox, əvvəlki mülkiyyətçisi X14 həmin evdə yaşadığı dövr üçün hesablanmışdır. Belə olan halda məhkəmə hesab edir ki, **********0025 saylı abunə koduna hesablanmış 8.850 manat məbləğində borc İddiaçı tələb edilə bilməz. “İnformasiya əldə etmək haqqında” Qanunun 2.4-cü maddəsinə əsasən fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır. Həmin Qanunun 10.4.8-ci maddəsinin tələblərinə görə informasiya sahibi həqiqətə uyğun olmayan, natamam və ya qeyri-dəqiq informasiya verməməli, şübhə yarandığı hallarda informasiyanın düzgünlüyünü və mötəbərliyini yoxlamalıdır. Məhkəmə iddianın “elektrik enerjisinin alqı-satqısına dair abonent müqaviləsinin bağlanmasın vəzifəsinin “xxxxxxxx” ASC-nin üzərinə qoyulması” tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. «Elektrik enerjisindən istifadə qaydaları haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 saylı, x xxxxxx 2005-ci il tarixli Qərarın 7.9-cu bəndinə və «Elektroenergetika haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Qeyd olunan Qərarın 7.6-cı bəndində təsbit olunmuşdur ki, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlər ilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Beləliklə, yuxarıda qeyd olunanlara görə məhkəmə hesab edir ki, iddia bu hissədə təmin olunmalı, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsi, döngə 3, 25 saylı evin mülkiyyətçisi olduğundan, adına elektrik enerjisinin alqı-satqısına dair müvafiq müqavilənin bağlanması və həmin qeyri-yaşayış sahəsinin elektrik enerjisi ilə təchiz edilməsi vəzifəsi “xxxxxxxx” ASC-nin üzərinə öhdəlik kimi qoyulmalıdır. Məhkəmə iddianın “vurulmuş maddi ziyanın ödənilməsi” hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçı ona vurulmuş maddi ziyanla bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının evə dair icarə haqqının minimum 200 manat təşkil etdiyi barədə mülahizələri ehtimal xarakteri daşıdığı üçün, iddia bu hissədə əsassız hesab edilməli və təmin edilməməlidir. Belə ki, məhkəmənin qənaətinə görə sözügedən icarə haqqının 200 manat məbləğində olması faktı məhz icarə müqaviləsinin müvafiq bəndinə əsasən təsdiq edilməli olduğu halda iddiaçının ehtimallara istinad etməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Məhkəmə iddia tələbinin mənəvi zərər hissəsi ilə əlaqədar aşağıdakıları qeyd edir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarının 7-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Məhkəmə, iddiaçının onun mənəvi sarsıntı keçirməsini qəbul edir. Lakin əsas tələb təmin olunduğundan, iddiaçının pozulmuş hüququnun bərpa edilməsi mənəvi zərərin ödənilməsi kimi də qəbul edilməlidir. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı iddia qaldırması üçün hüquqi xidmət göstərməsi məqsədi ilə Bakı şəhəri 4 saylı Vəkil Bürosuna 200 manat və dövlət rüsumu kimi 30 manat ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manatın 15 manatı və vəkilin göstərdiyi yardıma görə ödənilmiş 200 manat məbləğində pulun 100 manatı, cəmi 115 manat məbləğində cavabdeh “Cavabdeh" ASC-dən alınaraq İddiaçı ödənməlidir. Nəticə hissəsi: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. **********30025 saylı abunə koduna hesablanmış 8.850 manat məbləğində borc İddiaçı tələb edilməsin. İddiaçı ilə elektrik enerjisinin alqı-satqısına dair abonent müqaviləsinin bağlanılması və ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə elektrik enerjisinin verilməsi vəzifəsi Cavabdeh ASC-yə həvalə edilsin. İddia digər hissədə rədd edilsin. Məhkəmə xərci olaraq iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manatın 15 manatı və vəkilin göstərdiyi yardıma görə ödənilmiş 200 manatın 100 manatı, cəmi 115 manat məbləğində pul cavabdeh “Cavabdeh" ASC-dən alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar