Məhkəmə qərarları › İş №2(006)-3841/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3841/2022

27.07.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3841/2022 27.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəmənin hakimi Tağıyeva Natavan Tağı qızı, İddiaçı Cavabdeh qarşı “işləmək hüququnun qorunması və s.” tələbinə dair iddia ərizəsinə ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “işləmək hüququnun qorunması və s.” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, işləmək hüququnun qorunmasını, işində saxlanılmağını, əmək müqaviləsini AR Əmək Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə uyğun müddətsiz uzadılmasının təmin edilməsini və ona qarşı təhdidlərə son qoyulmasını, AZETTOİ-nin direktoru Cavabdeh qadağan olunmuş uşağa görə valideyni cəzalandırılması repressiya metodunu tətbiq etməsinə, Azərbaycan vətəndaşlarının sərbəst işləmək və şikayət etmək hüququnu tanınmamasına hüquqi qiymət verilməsini, AZETTOİ-nin hüquqşünası Rasim Babayevin hüquqi səlahiyyətlərindən şantaj vasitəsi kimi istifadə etməsinə hüquqi qiymət verilməsi, aylarla davam edən stressin sağlamlığına və mənəvi vəziyyətinə vurduğu ağır zərbənin əvəzində maddi kompensasiyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkmədən xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərək hesab edilir ki, iddia ərizəsi məhkəməyə verilərkən qanunvericiliyin tələblərinə əməl edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddia tələbi əmək münasibətlərindən irəli gələn mübahisə ilə bağlıdır. Lakin, tərəflərin ilkin mediasiya sessiyasında iştirak etməsi barədə arayış iş materiallarına əlavə etdilməmişdir. Nəzərə alınmalıdır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun: 3.1. mediasiya aşağıdakılar üzrə tətbiq edilir: 3.1.1. mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla); 3.1.2. ailə münasibətlərindən irəli gələn mübahisələr; 3.1.3. əmək münasibətlərindən irəli gələn mübahisələr; 3.1.4. inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr. 28.1. Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Göründüyü kimi, yuxarıda qeyd edilən əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə ilkin mediasiya sessiyasında iştirakı məcburidir. Tərəflər “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq mediasiya prosesində iştirak etdikdən sonra, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli, bu zaman mediasiya prosesində iştirak etməsini təsdiq edən müvafiq sənədi məhkəməyə təqdim etməlidir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: ...149.2.4-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat ... 150.0. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: ...150.0.8. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsində cavabdehin (hüquqi şəxs AZETTOİ) ünvanı (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı göstərilməmiş, həmçinin iddia tələbinin “xahiş etdi” hissəsində öz iddia tələbini qeyrimüəyyən şəkildə ifadə etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci və 149.2.3-cü maddələrinin tələblərinə əsasən, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) və iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə... ...152.1.6-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə... 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı “işləmək hüququnun qorunması və s.” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar