Məhkəmə qərarları › İş №2(006)-3894/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3894/2020

29.09.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3894/2020 29.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, X8 qızının katibliyi, İddiaçı vəkili X2, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh Karasu əməliyyat şirkətinə qarşı «əmrin ləğvi, işə bərpa» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Karasu əməliyyat şirkətinə qarşı «əmrin ləğvi, işə bərpa» tələbinə dair iddia ərizəsi ilə məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1997-ci ildən Karasu əməliyyat şirkətində çalışırdı. Son 15 il şirkətdə müxtəlif rəhbər vəzifələrdə çalışmışdır. 2016-cı ilin may ayından şirkətinə Baş mexaniki vəzifəsində işləyirdi. İşlədiyi bütün dövrlərdə şirkətin daxili qaydalarına əməl etmiş, rəhbərliyin tapşırıqlarını və digər istehsalat öhdəliklərini vaxtında və texniki təhlükəsizlik qaydalarına uyğun olaraq yerinə yetirmişdir. Yeni avadanlıqların öyrənilməsi və şirkətdə tətbiq edilməsi ilə bağlı 2005-ci ildə Kanada dövlətində 10 həftəlik treninqdə olmuşdur. Həmin dövrdən indiyə qədər şirkətin ona aid olan bütün sahələrində yeni avadanlıqların tətbiqi və istismarında fəal istirakçı olmuşdur. İşlədiyi müddət ərzində rəhbəri olduğu sahələrdə istehsalat qəzalarına yol verməmiş, bütün işlərin texniki təhlükəsizlik norma və qaydalarına tam şəkildə uyğun olaraq yerinə yetirilməsinə çalışmışdır. Lakin, 2020-ci ildə fevral ayının 10-da başqa departamentin (şöbənin) istismarında olan neft qızdırıcısının demontajı zamanı naməlum səbəblərdən qaz partlayışı olmuş və onun rəhbəri olduğu şöbənin nəzdindəki, təmir sexinin qaynaqçısı xəsarət almışdır. Bununla bağlı şirkət rəhbəri V.O.Davlyatovun xx.xx.2020-ci il tarixli 02X- OK nömrəli əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi tətbiq edilməklə işdən azad olunmuşdur. İddiaçı verilmiş əmri qanunsuz hesab edir, çünki:

1. Dövlət Əmək Müfəttişliyinin apardığı təhqiqat əsasında tərtib olunmuş akta əsasən ona Əmək Məcəlləsinin maddələrinə uyğun olaraq İnzibati Xətalar Məcəlləsinin 198.0.1-ci maddəsi tətbiq edilmiş və Əmək Müfəttişliyinin xx.xx.2020-ci il tarixli Qərarı ilə 1000 (min) manat məbləğində cərimə olunmuşdur. Q.Ə.Ş-ti bunu əsas tutaraq ona başqa cəza tətbiq edə bilərdi;

2. Qəza baş vermiş neft qurğusunda demontaj işlərinin aparılmasını rəhbəri olduğu şöbənin təmir sexinin rəisinə tapşırmışdır. Təmir işlərinin aparılması birbaşa onun vəzifə səlahiyyətidir;

3. Hadisə vaxtı o, hadisə yerində olmamışdır. Şirkətin baş mühəndisinin verdiyi digər vacib tapşırığın icrası ilə məşğul olmuşdur. Birinci iddia ərizəsini xx.xx.2020-ci il tarixdə Şirvan şəhər Məhkəməsinə poçt vasitəsilə göndərmişdir. Şirvan şəhər Məhkəməsi Q.Ə.Şirkətin Baş ofisinin Bakı şəhərində olmasını əsas gətirərək ərizəni qəbul etməmişdir. İddiaçı MPM-nin 36.7-ci maddəsini əsas tutaraq Şirvan şəhər Məhkəməsindən şikayət etmişdir. Şirvan şəhər Məhkəməsi onun şikayət ərizəsini Şirvan Apellyasiya Məhkəməsinə göndərmişdir. Şirvan Apellyasiya Məhkəməsində xx.xx.2020-ci il tarixli dinləmədə o, şikayət ərizəsini geri götürmüşdür. Buna səbəb isə baş vermiş hadisə ilə bağlı onunla bərabər işdən çıxarılmış digər əməkdaşların iddia ərizələri artıq Nəsimi rayon Məhkəməsinə göndərilmişdir. Göstərilənləri nəzərə alaraq Q.Ə.Ş-ti tərəfindən iddiaçıya tətbiq olunmuş 70-ci maddənin üzərindən götürülməsindən və onun işə bərpa olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili X10 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə qeyd olunan mülki işə iddiaçının iştirakı olmadan baxılmasını xahiş edərək iddianı qəbul etmədiyini bildirdi və onun rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Dövlət Əmək Müfəttişliyi Xidmətinin MN seriya ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokolundan görünür ki, xx.xx.2020-ci il tarixdə Ayaz Cəfərovun xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə zamanı baş mexanik İddiaçı tərəfindən əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərinə əməl edilməmişdir. Nəticədə İddiaçı tərəfindən Azərbaycan Respublikası İXMnin 198.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt Ayaz Cəfərovun xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqatı zamanı toplanmış sənədlər ilə təsdiq edilmişdir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli 02X-OK nömrəli əmrin surətindən görünür ki, Filialda işləyən X11 ilə bağlanmış xx xxxxx 2019-cuil tarixli 1688-3 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx xxxx 2020-ci il tarixdə xitam verilmişdir. Həmin əmrin əsası kimi aşağıdakılar qeyd olunmuşdur: xx xxxxxx 2020-ci il tarixdə saat 15.40 radələrində Kayman Adalarının Cavabdehın cari təmir sexində elektrik qaz qaynaqçı vəzifəsində işləyən X5 iş zamanı xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə baş vermişdir. Qeyd olunan hadisə istehsalat xarakterli olduğu üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2000-ci il tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na müvafiq olaraq Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə 04-2/086 nömrəli xx xxxxxx 2020-ci il tarixli məktubla dərhal məlumat verilmişdir. Əmək müfəttişliyinin xx xxxxxx 2020-ci il tarixli **********9 nömrəli əmri ilə hadisənin araşdırılması üçün təhqiqat komissiyası yaradılmışdır. Təhqiqat komissiyası tərəfindən hadisə hərtərəfli araşdırılmış və nəticədə müvafiq təhqiqat aktı tərtib edilərək təsdiq edilmişdir. Təhqiqat aktı Şirkətə xx xxxx 2020-ci il tarixdə **********2 nömrəli mktubla rəsmi qaydada təqdim edilmişdir. Təsdiq edilmiş təhqiqat aktına əsasən hadisənin baş verməsinə səbəb olaraq təhqiqat aktının 4.1-ci bəndinə əsasən, Şirkətin baş mexaniki İddiaçı, 4.2-ci və 4.6-cı bəndlərinə əsasən mühəndis X6 4.3-cü və 4.6-cı bəndlərinə əsasən, neftin hazırlanması və nəqli sexinin rəisi X7, 4.4-cü və 4.6-cı bəndlərinə əsasən neftin hazırlanması və nəqli sexinin nasos stansiyaları üzrə böyük ustası X3 cavabdehliyini, 4.5-ci bəndinə əsasən kirayə (cari) təmir sexinin rəisi X1 nəzarətsizliyi göstərilmiş və beləliklə adıçəkilən işçilər özlərinin əmək funksiyasının və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetrimədiyi və bundan əlavə təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi ilə əmək vəzifələrinin və Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini kobud şəkildə pozmuşlar. Bundan əlavə baş vermiş hadisənin araşdırılması, səbəbinin təhqiq edilməsi və gələcəkdə bu kimi halların qarşısının alınması məqsədi ilə şirkət rəhbərinin 02/L nömrəli xx xxxxxx 2020-ci il tarixli əmri ilə Filial rəhbərinin sədrliyi ilə Filial üzrə daxili komissiya yaradılmışdır. Daxili komissiyanın xx xxxxxx 2020-ci il tarixli aktına əsasən hadisənin baş verməsinə əsas verən yuxarıda adları çəkilən işçilərdən əlavə Şirkətin hasilat üzrə vitseprezidenti Vladimr Navozovun, neftin hazırlanması, təhvili və satış şöbəsinin meneceri X4 və İstehsalatın operativ idarə edilməsi üzrə menecer İbrahimov Cavid Adıgözəl oğlunun öz əmək funksiyalarına laqeyid yanaşmaları ilə vəzifə təlimatlarının tələblrini, əmək və icra intizamını pozduqları müəyyən edilmişdir. Beləliklə, məhkəmə müəyyən etmişdir ki, iddiaçı ilə Şirkət arasında əmək münasibətləri mövcud olmuş və xx.xx.2020-ci il tarixdə həmin münasibətlərə xitam verilmişdir. İddiaçı hazırda onun işdən çıxarılmasının qanunsuz olduğunu qeyd etməklə işdən çıxarılma barədə əmri mübahisələndirmişdir. Yuxarıda sadalanan hallardan göründüyü kimi Şirkətdə istehsalatda bədbəxt hadisə baş vermiş və bu qəza iddiaçı tərəfindən ona həvalə edilmiş işin lazımınca yerinə yetirilməməsi səbəbindən olmuşdur. İddiaçı tərəfindən təmirə bağlanmış sobanın ilanvari borusunun yuyulması işin mübahisə edilməyən halıdır. İddiaçı bu barədə ona verimiş tapşırığın qanunsuz olduğunu bildirmiş, lakin həmin qanunsuz əmri icra etməmək barədə əmri verən şəxsə hər hansı bir irad bildirməmişdir. Bununla əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə istinad edərək bildirir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məlum olduğu kimi, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Göründüyü kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli Qərarı). Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə görə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilmə əsaslarından biri də işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasıdır. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı qüvvədə olan əmək qanunvericiliyinə və işəgötürən ilə onun arasında bağlanmış əmək müqaviləsinin müddəalarına zidd olaraq əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Qeyd olunan faktı təsdiq edən təhqiqat aktı və inzibati xəta haqqında protokol mövcuddur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinə görə aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirmiş və əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Nəticədə iddiaçı cavabdehin qanuni mənafeyinə ciddi xələl gətirmişdir. Belə ki, iddiaçı işlədiyi dövrdə öz vəzifəsini yerinə yetirərkən pozuntulara yol vermişdir. Bununla yanaşı, öz əmək funksiyalarını yerinə yetirərkən istehsalatda qəza törətmişdir ki, qeyd olunan hallar müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirən hüquqazidd hərəkətlər hesab edilməlidir. Yuxarıda qeyd olunan işin hallarını müzakirə edib, onlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Karasu əməliyyat şirkətinə qarşı «əmrin ləğvi və işə bərpa» tələbinə dair iddia ərizəsi əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdeh Karasu əməliyyat şirkətinə qarşı «əmrin ləğvi və işə bərpa» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar