Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3899/2021 08.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı «ləğv edilmiş "xxxx" ASC-nin müxbir hesabında olan 7.692 Avro məbləğində vəsaitin qorunan əmanət kimi dərhal növbədənkənar qaydada ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı «ləğv edilmiş "xxxx" ASC-nin müxbir hesabında olan 7.692 Avro məbləğində vəsaitin qorunan əmanət kimi dərhal növbədənkənar qaydada ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ləğv edilmiş "xxxx" ASC-nin müxbir hesabında olan 7.692 Avro məbləğində vəsaitin qorunan əmanət kimi dərhal növbədənkənar qaydada ödənilməsi öhdəliyinin ləğvedici Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 21.04.2020-ci il tarixdə "xxxx" ASC-də açılmış hesabına 7.692 Avro vəsait köçürülmüş, lakin İBAN səhv göstərildiyindən qeyd edilən vəsaitin onun cari fiziki hesabına mədaxil edilməsi baş tutmamışdır (21.04.2020-ci il tarixli SWİFT-dən çıxarış). Habelə İBAN-da düzəliş edildikdən sonra bu vəsaitin onun cari fiziki şəxs hesabına mədaxil edilməsi ilə bağlı pulu göndərən üçüncü şəxs tərəfindən müvafiq müraciət məktubu da qanunsuz olaraq icra edilməmişdir (25.04.2020-ci il tarixli məktub). Həmçinin o, özü də bankın uzun müddət müştərisi olaraq bir neçə dəfə pulun mədaxil edilməsini tələb etsə də, tələbinə məhəl qoyulmamışdır. X5 İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarına əsasən "xxxx" ASC-nin lisenziyası həmin tarixdən etibarən ləğv edilmiş, bununla da ona məxsus olan qeyd edilən pul vəsaiti cari hesabına mədaxil edilmədən lisenziyası ləğv edilmiş "xxxx" ASC-nin müxbir hesabında ilişib qalmışdır. Bu isə onun pul vəsaitinin ilkin siyahı üzrə qorunan əmanət kimi təsnifləşdirilməsinə mane olmuşdur. Vəsaitin cari hesabına mədaxil edilməsi haqqında "xxxx" ASC-yə dəfələrlə müraciət etməsinə, qorunan əmanət kimi tanınması və onun növbədənkənar qaydada ödənilməsi haqqında Əmanətlərin Sığortalanması Fonduna rəsmi müraciətinə rəğmən ƏSF tərəfindən ona imtina verilmişdir. «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikası Qanununun, Mülki Məcəllənin tələblərinə və bank praktikasına zidd olaraq pul vəsaiti müştəri olaraq hesabına qanunsuz olaraq mədaxil edilməmişdir (belə ki, pulu köçürən şəxs də, həmçinin hesab sahibi olaraq o da bu tələbləri etsə də, tələbi təmin olunmamışdır). Bu səbəbdən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddiaçının iddia tələbi üzrə cavabdehdən tələb etdiyi məbləğ iddia ərizəsindən də göründüyü kimi bank lisenziyası ləğv edilib Əmanətlərin Sığortalanması Fondu ləğvedici təyin edilənədək iddiaçının hesabında olmamışdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 30.04.2021-ci il tarixli qərarına əsasən "xxxx" ASC-nin lisenziyası ləğv edilmiş və Əmanətlərin Sığortalanması Fondu banka ləğvedici təyin edilmişdir. Bu səbəbdən iddia tələbi üzrə araşdırma Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin aparılmalı deyil. Əmanətlərin Sığortalanması Fondu Əmanətlərin Sığortalanması Haqqında Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müvafiq qərarlarına əsasən banklarda sığorta hadisəsi baş verdiyi dövrdə qorunan əmanətlər üzrə ödənilməli olan kompensasiya məbləğlərinə aid hissədə məsuliyyət daşıyır. Lakin hazırki iddia tələbinin mənbəyi əmanət müqaviləsi deyil (kompensasiya olunacaq-yəni qorunan əmanət) hesabda olan pul vəsaitinin geri ödənilməsi tələbidir. «Əmanətlərin Sığortalanması Haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Əmanətlərin sığortalanması sisteminin yaradılmasının məqsədi banklar və xarici bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə, fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdir. Ələt azad iqtisadi zonasında əmanətlərin sığortalanması sahəsində münasibətlər «Ələt azad iqtisadi zonası haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir. Qanunun 2.1.1 -ci maddəsinə əsasən əmanət - hesablanmış faizlər də daxil olmaqla, bankın milli və xarici valyutada qəbul etdiyi və müvafiq qanunvericiliyə və ya müqaviləyə əsasən geri ödəməli olduğu pul vəsaitləridir, o cümlədən notariusun depozit hesabına mədaxil edilmiş fiziki şəxslərə məxsus vəsaitləridir; 2.1.2. qorunan əmanət - sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu (bundan sonra - Fond) tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir. Həmin Qanunun 3.1. Əmanətlərin sığortalanması məqsədləri üçün bıı qanunla Əmanətlərin Sığortalanması Fondu yaradılır. 3.2. Fondun sığorta ehtiyatları bu qanunun 11-ci maddəsində müəyyən olunan mənbələr hesabına formalaşdırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 05.09.2018-ci il tarixli və 10.08.2020-ci il tarixli qərarlarına əsasən sığorta hadisəsi baş verdikdə Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə kompensasiyanın ödənilməsi heç də bank əmanətinin qaytarılması və ya Fondun bankın öhdəliyini öz üzərinə götürməsi anlamını verməməlidir. Fond tərəfindən kompensasiya əmanətçinin pul vəsaitini itirməsi riskinin qarşısını almaq məqsədi ilə yarana biləcək məhdudiyyətlərin əvəzi kimi ödənilir. Beləliklə, Fondun əsas məqsədi qoyulan əmanətlərin mülkiyyət kimi geri qaytarılması deyil, əmanətçilərin banklarda olan əmanətlərini sığortalamaqla onlara dəyə biləcək maddi və mənəvi ziyanı ən qısa müddətdə qanunvericiliklə müəyyən edilmiş qaydada kompensasiya etməklə ölkənin maliyyə və bank sisteminin inkişafına dəstək olmaqdır.Hesab edirəm ki, iddia tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə və Banklar Haqqında Azərbaycan Respublikası Qanununa uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinin inzibati Kollegiyası tərəfindən (hakim Həmid Həmidov) araşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 131.1-ci maddəsinə əsasən «Banklar haqqında» Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində, lisenziyasının ləğvi, məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının qəbul etdiyi inzibati aktlar üzrə mübahisələrə apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılır. Buna görə də, İddiaçı cavabdeh X1rşı irəli sürmüş olduğu iddia tələbi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə, iddiaçı və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlər toplusundan (21.04.2020-ci il tarixli SWİFT-dən çıxarış, 25.04.2020-ci il tarixli məktub) görünür ki, iddia ərizəsində qeyd olunduğu kimi İddiaçı 21.04.2020-ci il tarixdə "xxxx" ASC-də açılmış hesabına 7.692 Avro vəsait köçürülmüş, lakin İBAN səhv göstərildiyindən qeyd edilən vəsaitin onun cari fiziki hesabına mədaxil edilməsi baş tutmamışdır. İBAN-da düzəliş edildikdən sonra bu vəsaitin onun cari fiziki şəxs hesabına mədaxil edilməsi ilə bağlı pulu göndərən üçüncü şəxs tərəfindən müvafiq müraciət məktubu da icra edilməmişdir. Az sonra, X7 Heyətinin 28 aprel 2020-ci il tarixli qərarına əsasən "xxxx" ASC-nin lisenziyası həmin tarixdən etibarən ləğv edilmiş, bununla da iddiaçıya məxsus olan qeyd edilən pul vəsaiti cari hesabına mədaxil edilmədən lisenziyası ləğv edilmiş "xxxx" ASC-nin müxbir hesabında qalmışdır. Bu isə iddiaçının pul vəsaitinin ilkin siyahı üzrə qorunan əmanət kimi təsnifləşdirilməsinə mane olmuşdur. «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikası Qanununun 2.1.1-ci maddəsinə əsasən əmanət – hesablanmış faizlər də daxil olmaqla, bankın milli və xarici valyutada qəbul etdiyi və müvafiq qanunvericiliyə və ya müqaviləyə əsasən geri ödəməli olduğu pul vəsaitləridir, o cümlədən notariusun depozit hesabına mədaxil edilmiş fiziki şəxslərə məxsus vəsaitləridir Qanunun 2.1.2-ci maddəsinə əsasən qorunan əmanət – sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu (bundan sonra – Fond) tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir. Mülki Məcəllənin 954.1-ci maddəsinə əsasən bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. Mülki Məcəllənin 959.1-ci maddəsinə əsasən bank müştərinin hesabına daxil olmuş pul vəsaitini müvafiq ödəniş sənədinin banka daxil olduğu günün ertəsi günündən gec olmayaraq hesaba salmalıdır, bu şərtlə ki, qanunda və ya bank hesabı müqaviləsində daha qısa müddət nəzərdə tutulmasın. Mülki Məcəllənin 954.2-ci maddəsinə əsasən bank hesabda olan pul vəsaitinə dair müştərinin maneəsiz sərəncam vermək hüququna qarantiya verməklə, bu vəsaitdən istifadə edə bilər. Mülki Məcəllənin 966-cı maddəsinə əsasən müştəriyə gələn pul vəsaitinin vaxtında hesaba salınmadığı və ya bank tərəfindən əsassız olaraq hesabdan silindiyi, habelə pul vəsaitinin hesabdan köçürülməsi və ya hesabdan verilməsi haqqında müştərinin göstərişlərinin lazımınca yerinə yetirilmədiyi hallarda bank həmin məbləğ üçün bu Məcəllənin 449-cu maddəsində nəzərdə tutulmuş qaydada və miqdarda faizlər ödəməlidir. Mülki Məcəllənin 951-ci maddəsinə əsasən əgər bank əmanəti müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, əmanətçinin əmanət üzrə hesabına dair lazımi məlumat göstərilməklə banka onun adına üçüncü şəxslərdən daxil olmuş pul vəsaiti əmanət üzrə hesaba daxil edilir. Həm də nəzərdə tutulur ki, əmanətçi həmin şəxslərdən pul vəsaiti almağa razılığını ifadə edərək, onlara əmanət üzrə hesaba dair lazımi məlumat vermişdir. Mülki Məcəllənin 952.1-ci maddəsinə əsasən əmanət banka müəyyən üçüncü şəxsin adına qoyula bilər. Əgər bank əmanəti müqaviləsində ayrı müddət nəzərdə tutulmayıbsa, həmin şəxs bu hüquqlara əsaslanan ilk tələbini banka verdiyi və ya belə hüquqlardan istifadə etmək niyyətini başqa üsulla banka bildirdiyi andan əmanətçi hüququ qazanır. Xeyrinə əmanət qoyulan fiziki şəxsin və ya hüquqi şəxsin adının göstərilməsi müvafiq bank əmanəti müqaviləsinin mühüm şərtidir. Göründüyü kimi, iddiaçının hüquqları pozulmuşdur, ona qaytarılmalı pul vəsaiti qaytarılmamışdır. İddiaçı mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün dəfələrlə cavabdehə müraciət etmişdir. Belə ki, iddiaçı qeyd olunan vəsaitin cari hesabına mədaxil edilməsi barədə "xxxx" ASC-yə dəfələrlə müraciət etməsinə, qorunan əmanət kimi tanınması və onun növbədənkənar qaydada ödənilməsinə dair Əmanətlərin Sığortalanması Fonduna rəsmi müraciət etmiş, lakin Fond tərəfindən onun haqlı tələbi təmin edilməmişdir. Bu səbəbdən, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, ləğv edilmiş "xxxx" ASC-nin müxbir hesabında olan 7.692 Avro məbləğində vəsaitin (ödəniş anı üçü Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla) qorunan əmanət kimi dərhal növbədənkənar qaydada İddiaçı ödənilməsi öhdəliyi ləğvedici Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Ləğv edilmiş "xxxx" ASC-nin müxbir hesabında olan 7.692 Avro məbləğində vəsaitin (ödəniş anı üçü Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla) qorunan əmanət kimi dərhal növbədənkənar qaydada İddiaçı ödənilməsi öhdəliyi ləğvedici Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-3899/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3899/2021
08.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver