Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3902/2021 04.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsinə qarşı «işə bərpa» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsinə qarşı «işə bərpa» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsinin 17 noyabr 2020-ci il tarixli 1544 ş/h saylı əmrinin ləğv edilməsi və onun əvvəlki, yəni Sabirabad Rayonlararası Mühafizə Bölməsinin Mülki Mühafizə Xidməti üzrə mühafizəçi vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx xxxx 1989-cu il tarixdə Cəbrayıl rayonu Maralyan kəndində doğulmuşdur və erməni işğalçılarının Cəbrayıl rayonunu işğalı səbəbindən Saatlı rayonu ərazisinə məcburi köçkün kimi yerləşmişlər. Həmin vaxtdan da bu günə kimi Saatlı rayonu ərazisində yaşamışlar. Lakin məcburi köçkün kimi ünvan 1 ünvanda qeydiyyatdadır. 02 mart 2015-ci il tarixdə Sabirabad Rayonlararası Mühafizə Bölməsinin Mülki Mühafizə Xidməti üzrə mühafizəçi vəzifəsinə təyin edilmişdir. 17 noyabr 2020-ci il tarixə kimi həmin vəzifədə nümunəvi mühafizəçi olaraq işləmişdir. Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsinin 17 noyabr 2020-ci il tarixli 1544 ş/h saylı əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Əmək kitabçasını Sabirabad Rayonlararası Mühafizə Bölməsinin Mülki Mühafizə Xidmətinə şəxsən ərizə ilə müraciət etdikdən sonra 30 mart 2021-ci il tarixdə almışdır. Qeyd etdiyi əmrin surəti isə ona bu günə kimi təqdim edilməmişdir. O, əmrin surətini almaq üçün Sabirabad Rayonlararası Mühafizə Bölməsinin Mülki Mühafizə Xidmətinə müraciət etsə də, bunun heç bir müsbət nəticəsi olmamışdır. Məhkəmənin nəzərinə çatdırır ki, işlədiyi müddətdə intizam tənbehi almamışdır, lakin buna baxmayaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən çıxarılmışdır. Bildirir ki, mühafizəçi işlədiyi dövrün, yəni ümumilikdə 5 il 8 ayın 5 il 6 ayını Saatlı Mərkəzi Rayon Xəstəxanasında xidmətdə olmuşdur. İşlədiyi dövr ərzində barəsində heç bir şikayət və nöqsanlar olmayıb. Şanlı İİ Qarabağ müharibəsinin ilk günlərində Saatlı Mərkəzi Rayon Xəstəxanasında xidmətdə olmuşdur. Mühafizəçi olmasından əlavə bir Azərbaycan vətəndaşı olaraq həmin dövrdə Xəstəxanaya gətirilən yaralılara və tibb işçilərinə əlindən gələn bütün köməkləri çox böyük həvəslə, fəxrlə etmişdir. Müharibə dövrü olduğu üçün demək olar ki, hər gün posta çıxmışdır. Həmin günlərdən birində səhər saatlarında xidmətdən çıxıb evə gedərkən ona komandirləri Fərid Fərəcov telefonla zəng etmişdir ki, Fuad Sayalov adlı komandirin göstərişi var ki, o, postdan çıxdığı günün axşam saatlarında, yəni saat 17:00-da təzə posta çıxmalıdır. Həmin vaxt o, Fərid Fərəcova xidməti postundan səhər çıxdığını, yorğun olduğunu və bundan başqa evdə yataq xəstəsi olan atasının olduğunu və atasına da yalnız onun qulluq etdiyini bildirmiş və xahiş etmişdir ki, imkan varsa başqa mühafizəçini həmin posta göndərsinlər. Lakin Fərid bildirdi ki, Fuad Sayalovun əmri qətidir və icra edilməlidir. Həmin gün şəxsən Fuad Sayalov onun xidmətdə olduğu postu təxminən gecə saat 3-4 radələrində yoxlayaraq, onun yuxulu olduğunu aşkar etmiş və ona bildirmişdir ki, səhəri gün Sabirabad Rayonlararası Mühafizə Bölməsinin Mülki Mühafizə Xidmətinə gedərək bu barədə izahat versin. O, səhəri günü Sabirabad Rayonlararası Mühafizə Bölməsinin Mülki Mühafizə Xidmətinə gedərək olanlar barədə izahat vermişdir. Bundan sonra o, təxminən 1 ay yarım xidmətdə olmuş, lakin sonradan məlum əmrə əsasən tutduğu vəzifədən azad edilmişdir. Onu da qeyd edir ki, Fuad Sayalovun həmişə onunla və eyni zamanda digər mühafizəçilərlə tez-tez mübahisəsi olurdu. Belə ki, bir dəfə o, Fuad Sayalova bildirmişdir ki, çox şükür, Cəbrayıl rayonu mənfur düşmənin işğalından azad edildi. Fuad Sayalov isə həmin vaxt ona bildirmişdir ki, rayonları işğaldan aza olunubsa gedib öz rayonlarında işləsin, yoxsa ona imkan verməyəcək ki, o, Saatlıda mühafizəçi işləsin. Hətta bir neçə dəfə Fuad şəxsən ona demişdir ki, ya özü işləyəcək, ya da o. Fuad onu yuxulu tutduqdan sonra o, sonuncuya ailəsində xəstə olduğunu və bu səbəbdən də hər gün posta çıxa bilmədiyini demək üçün rəisləri Əli Babayevin qəbuluna düşmək istədiyini bildirmişdir. Lakin sonuncu ona bildirmişdir ki, rəis hər şeyi ona tapşırıb və qəbula düşə bilməz. Hazırda onda olan məlumata görə Fuad Sayalov xidmətində yol verdiyi nöqsanlara görə təqaüdə göndərilmişdir. Onda olan məlumata görə tutduğu vəzifədən azad edilərkən məlum əmrdə onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamış, qeyd edilən əmrə maddəni köçürməklə kifayətlənmişlər. Barəsində olan əmrin məzmununda əmək müqaviləsinin ləğv edilməsinin əsası göstərilməmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, İddiaçı iddia tələbi tam əsassızdır. İddiaçı iddia ərizəsində işdən azad olunma əmrini görmədiyini, əmək kitabçasını 30 mart 2021-ci il tarixdə aldığını göstərsə də, eyni zamanda Əmək Məcəlləsinin 70-ci maddəsini işdən azad olunma əmrinə olduğu kimi köçürüldüyünü də bildirmişdir. İddiaçı əmri görmədiyi halda, onun eynilə köçürülməsini bilməzdi. İddiaçı əvvəl törətdiyi qəbahətə görə qüvvədə intizam tənbehi olmasına baxmayaraq, yeni qəbahət törətmiş və onun barəsində bölmənin X4 ümumi qərarı ilə tutduğu vəzifədən azad olunması üçün Baş Mühafizə İdarəsinin rəhbərliyi qarşısında vəsatət qaldırılmışdır. Vəsatət əsasında isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinin tələblərinə tam uyğun olaraq Sabirabad Rayonlararası Mühafizə Bölməsinin Mülki Mühafizə Xidməti üzrə mühafizəçi vəzifəsindən xidmətdən xaric edilmişdir. İddiaçı Sabirabad Rayonlararası Mühafizə Bölməsinin X4 yığıncağında iştirak etmiş və həmin yığıncaqda onun xidmətdən xaric olunması barədə BMİ rəhbərliyi qarşısında vəsatət qaldırılmışdır. Onun haqlı olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad olunması barədə 16 noyabr 2020-ci il tarixdə rəy çıxarılaraq, inzibati əmr verilmiş, 17 noyabr 2020-ci il tarixdə isə şəxsi heyət üzrə əmr verilmişdir. Bütün bunlardan xəbərdar olan İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin tələblərinə zidd olaraq iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Bu səbəbdən, iddianın əsassız və qanunsuz olduğu üçün rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsinin Sabirabad Rayonlararası Mühafizə Bölməsinin Mülki Mühafizə Xidməti üzrə mühafizəçisi işləmişdir. Həmin iş yerində əmək fəaliyyətinə 02 mart 2015-ci il tarixdən başlamışdır. İddiaçı xidmətdə olarkən bundan öncə də obyektin etibarlı mühafizəsini təmin etmədiyinə görə, bölmə rəhbərliyi tərəfindən 15.10.2020-ci il tarixli 114 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin «a» bəndinə əsasən «Töhmət» elan olunmuşdur. Komandir heyətinin İddiaçıla dəfələrlə fərdi söhbət aparmasına baxmayaraq, işində əsaslı dönüş yaratmamış, yenidən intizamsızlığa yol vermişdir. Bölmənin manqa komandiri X6 tərəfindən 17.10.2020-ci il tarixdə xidmətin təşkili, aparılması və ona nəzarət edilməsinin vəziyyəti yoxlanılarkən bölmənin mülki-mühafizə xidməti üzrə mühafizəçisi İddiaçı təyin olunduğu postda sayıqlığını itirərək yatdığı aşkar edilmişdir. Bununla bağlı xidməti araşdırma aparılmış, həmin gün saat 02.50 radələrində manqa komandiri tərəfindən xidməti yoxlama aparılarkən Saatlı rayonu H.Əliyev Muzeyinin inzibati binasına xidmətə təyin olunan mühafizəçi İddiaçı Muzeyin giriş qapısını açıq qoyaraq otaqda sayıqlığını itirərək yatdığı müəyyən edilmişdir. İddiaçı faktla bağlı izahat verərkən qeyri-səmimiliyə yol vermiş, lüzumsuz səbəbdən komandirlə kobudluğa yol vermişdir. İddiaçı bununla da, DİN-in 14.04.2015-ci il tarixli «Mülki Mühafizə Xidmətinin fəaliyyətinin təşkilinə dair Təlimatı»nın təsdiq edilməsi barədə Q10-001-15 saylı qərarının və DİN-in 08.04.2005-ci il tarixli 130 nömrəli əmri ilə təsdiq edilmiş «Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi»nin tələblərini kobud surətdə pozmuşdur. Toplanmış materiallar tədbir görülməsi üçün bölmənin X4 yığıncağına verilmişdir. Sabirabad Rayonlararası Mühafizə Bölməsinin İHT-nin 20 oktyabr 2020-ci il tarixli yığıncağında məsələ müzakirə olunmuş və iddiaçının tutduğu vəzifədən azad olunması barədə Azərbaycan Respublikası DİN BMİ-nin rəhbərliyinin qarşısında vəsatət qaldırılması qərara alınmışdır. Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsinin 16 noyabr 2020-ci il tarixli Ə389-038-20 saylı əmrinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən ləğv edilmişdir. Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsinin 17 noyabr 2020-ci il tarixli Ə1544ş/h-038-20 saylı əmrinə əsasən Baxışov X5 Rayonlararası Mühafizə Bölməsinin Mülki Mühafizə Xidməti üzrə mühafizəçi vəzifəsindən azad edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra Əmək Məcəlləsinin) 70-ci maddəsinin «ç» bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. İşin faktiki hallarından göründüyü kimi, işəgötürən Əmək qanunvericiliyinə riayət etməklə, əmək müqaviləsinə xitam vermiş və iddiaçını işdən azad etmişdir. İddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əsaslı olmuşdur. Cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, cavabdeh qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəbini qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. İddia əsassızdır və təmin edilə bilməz. İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsinə qarşı «işə bərpa» tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsinə qarşı «işə bərpa» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-3902/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3902/2021
04.06.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver