Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3903/2023 18.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndələri X2 və X3 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı «əmək müqaviləsinə xitam verilməsi barədə qərarın qanunsuz və əsassız hesab edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının tutulması, maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «əmək müqaviləsinə xitam verilməsi barədə qərarın qanunsuz və əsassız hesab edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının tutulması, maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin 12 iyun 2023-cü il tarixli «Əmək müqaviləsinə xitam verilməsi barədə» əmrinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi, işə bərpa edilməsi, qanunsuz işdən azad olunduğu gündən başlayaraq qətnamə icra olunacaq günə kimi məcburi iş buraxdığına görə əmək haqqının ödənilməsi, habelə vurulmuş mənəvi zərərin əvəzi kimi 1.000 manat məbləğində pulun və Bakı 8 saylı Mediasiya Təşkilatının hesabına ödədiyi 50 manat mediasiya xərcinin Cavabdeh MMCdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 2012-ci il tarixdən başlayaraq "xxxx" MMC-yə məxsus törəmə şirkətlərində işləmiş, sonuncu işlədiyi yer Cavabdeh MMC olmuşdur. "xxxx" MMC-nin «Ganjlik Mall» üzrə təhlükəsizlik xidmətinin rəisi vəzifəsində çalışmışdır. Belə ki, 23 may 2023-cü il tarixdə cəmiyyətin təhlükəsizlik idarəsinin rəisi Kamal Rəsulovun rəhbərliyi ilə təhlükəsizlik xidmətlərinin rəislərinin iclası keçirilmiş, rəhbər şəxsin bəzi vermiş olduğu yanlış qərarlarına etiraz etdiyi üçün, sonuncu onu hədələmiş və işdən könüllü olaraq ərizə yazaraq çıxmasını tələb etmişdir. O, Kamal Rəsulovun ona qarşı irəli sürdüyü tələbin əmək qanunvericiliyinin tələblərinə uyğun olmadığını və bu səbəbdən ona etiraz edərək könüllü işdən ayrılmayacağını bildirmişdir. Bundan sonra, 15 may-22 may 2023-cü il tarixlərdə qısa müddətli məzuniyyətə çıxmış və məzuniyyət müddəti bitdikdən sonra iş yerinə qayıdaraq vəzifəsinin icrasına davam etmişdir. Həmin tarixdən başlayaraq Kamal Rəsulov ona yenə təkidli formada könüllü olaraq işdən çıxması ilə bağlı öz təşəbbüsü ilə ərizə yazmasını tələb etmiş, həmin hədələrə baxmayaraq işinin icrasını davam etdirmişdir. K.Rəsulov isə öz xoşu ilə ərizə yazmayacağı təqdirdə onun başına oyun açacağını bildirmişdir. Bundan sonra Kamal Rəsulov tərəfindən 01 iyun 2023cü il tarixdə «Amburan Mall»-un təhlükəsizlik xidmətinin rəisini onun işlədiyi «Ganjlik Mall»a gətirilərək işi ondan təhvil almağa çalışmış, Kamal Rəsulov tərəfindən onun işinin icrasına şərait yaratmadığı üçün pozulmuş hüquqlarının bərpası məqsədi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinin «142» çağrı mərkəzinə şikayət etmiş və vəziyyətin belə davam etməsini görüb 05 iyun 2023-cü il tarixdə 3 saylı Bakı Dost Mərkəzi vasitəsi ilə yenidən yazılı şikayət etmişdir. Yaranmış vəziyyət ilə əlaqədar şikayətinin müvafiq dövlət orqanı tərəfindən araşdırılmasının nəticəsini gözləyərkən, ünvanına 20 iyun 2023-cü il tarixdə işlədiyi cəmiyyətdən məktub daxil olmuş və həmin məktubun məzmunundan belə aydın olmuşdur ki, işlədiyi cəmiyyət onu 12 iyun 2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən tutduğu vəzifədən azad etmişdir. Əlavə olaraq qeyd edir ki, cəmiyyət hazırkı mərhələyə kimi işdən azad olunması ilə bağlı əmrin və əmək kitabçasının əslini ona rəsmi qaydada verməmiş, lakin buna baxmayaraq, o, pozulmuş hüquqlarının bərpası məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada mediasiya prosesini başlatmışdır. Onun tərəfindən cavabdehlə aralarında yaranmış əmək mübahisəsi ilə əlaqədar 10 iyul 2023-cü il tarixdə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş, lakin təklifə cavabdeh tərəfindən müsbət cavab verilməmişdir. Bundan sonra o, Bakı 8 saylı Mediasiya Təşkilatına müraciət etmiş, Bakı 8 saylı Mediasiya Təşkilatı onun əmək mübahisəsinə baxmaq üçün mediator X10 təyin etmişdir. Onun tərəfindən ilkin mediasiya sessiyası 01 avqust 2023-cü il tarixdə təyin olunmuşdur. İlkin mediasiya sessiyasında tərəflərin iştirak etməsinə baxmayaraq, cavabdeh tam mediasiya prosesinin aparılmasından imtina etmiş və bu səbəbdən mediator X16 tərəfindən ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə MŞB/8/2023- 01487 nömrəli, 01 avqust 2023-cü il tarixli Arayış verilmişdir. Əlavə olaraq məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, mediasiya prosesində cəmiyyətin nümayəndələri onu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən hansı əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədiyini və ya Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin hansı əsaslarını pozduğunu izah edə (əsaslandıra) bilməmiş, sonda cəmiyyətin nümayəndələri mediasiya prosesinin davam etdirilməsindən imtina etmişlər. Cavabdeh MMC hal-hazırda qüvvədə olan Azərbaycan Respublikası Əmək Məcəlləsinin maddi hüquq normalarını pozmaqla, əmək qanunvericiliyi ilə müəyyən edilmiş hüquqlarını pozmuşdur. Bu səbəbdən pozulmuş hüquqlarının bərpa edilməsi məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, 15 may-22 may 2023-cü il tarixlərdə məzuniyyətdə olmuşdur. O, Yasin müəllimlə təhvil-təslim etmişdir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanılmış müddətsiz əmək müqaviləsinə əsasən işçi xx.xx.2023-cü il tarixdən təhlükəsizlik üzrə nəzarətçi vəzifəsinə təyin edilmiş, xx.xx.2023-cü il tarixdə İddiaçı əmək müqaviləsinə dəyişiklik edilərək vəzifə maaşı artırılmışdır. İddaçıya xx.xx.2023-cü il tarixdə 013/23-M nömrəli əmrlə xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək əmək məzuniyyəti verilmiş və onun məzuniyyətdən sonra işə çıxma tarixi xx.xx.2023-cü il tarixi müəyyən edilmişdir. Lakin İddiaçı xx.xx.2023cü il tarixdə, eləcə də sonrakı iş günlərində işə çıxmamış, onunla əlaqə yaratmaq istəyən əməkdaşların telefon zənglərinə cavab verməmiş və işə çıxmaması barədə cəmiyyətə heç bir məlumat verməmişdir. Cavabdeh MMC xx.xx.2023-cü il tarixli 0003/23-HR nömrəli məktubla İddiaçı xx.xx.2023-cü il tarixdə, eləcə də sonrakı iş günlərində işə çıxmamasının səbəbinin müəyyənləşdirilməsi məqsədi ilə yaşadığı Bakı şəhəri Xəzər rayonu X14 massivi ünvanına sorğu göndərmişdir. xx.xx.2023-cü il tarixli 0003/23-HR nömrəli məktubun surətini məhkəməyə təqdim etmişlər. Lakin poçt xidməti ilə məşğul olan "xxxx" MMC 2 dəfə bununla bağlı cavab məktubu ilə Cəmiyyətin rəhbərliyinə bildirmişdir ki, qeyd edilən məktub həmin ünvana çatdırılarkən qapı bağlı olmuş, bu məktub 601412 saylı qaimə ilə Neftçala rayonu Xıllı qəsəbəsi ünvanında yaşayan İddiaçı ünvanlanarkən bu ünvanda da qapının bağlı olması müəyyən edilmiş, bütün bunlarla yanaşı İddiaçı ona məxsus olan mobil telefon (*** *** ** **) nömrəsinin zənglərinə də cavab verməmişdir. Poçt xidməti ilə məşğul olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 221/222-23 nömrəli və xx.xx.2023-cü il tarixli 222/223-23 nömrəli cavab məktublarını təqdim etmişlər. Yuxarıda qeyd edilənlərdən görünür ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi «Məzuniyyət müddətim bitdikdən sonra iş yerimə qayıdaraq vəzifəmin icrasına davam etmişəm» fikirləri həqiqətə uyğun deyildir. İddiaçı iddia ərizəsində göstərir ki, «təhlükəsizlik meneceri Kamal Rəsulov mənə təkidli formada könüllü olaraq işdən çıxmağımla bağlı öz təşəbbüsüm ilə ərizə yazmağımı tələb etmişdir». İddiaçı K.Rəsulovun bu hərəkəti ilə əlaqədar heç vaxt işəgötürənə (K.Rəsulovun tutduğu vəzifədən görünür ki, o işəgötürən deyildir) yazılı və ya şifahi məlumat verməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir ki, iddiaçı haqlı olsa idi K.Rəsulovun ona qarşı hərəkətləri ilə bağlı işəgötürənə məlumat verə bilərdi. İddiaçı iddia ərizəsinin 5-ci bəndində qeyd edir ki, «Cəmiyyət hazırki mərhələyə kimi işdən azad olunmağım ilə bağlı əmrin və əmək kitabçasının əslini mənə rəsmi qaydada verməmişdir». İddiaçının bu qeydləri də əsassızdır, ona görə ki, qanunvericiliyə uyğun olaraq iddiaçının razılığı ilə əmək kitabçasının poçt vasitəsilə ona göndərilməsi barədə ünvanına məktub göndərilmişdir. İddiaçı iddia ərizəsinin 11-ci bəndində qeyd edir ki, «iş materiallarına əlavə edilmiş sənədlərdən açıq aydın görünür ki, işəgötürən mənim ilə bağlanmış əmək müqaviləsinə hüquqi əsasından asılı olmayaraq, xitam vermək niyyətində olduğunu ifadə etmişdir. Bu bir daha o faktı təsdiq edir ki, işəgötürən mənim ilə bağlanmış Əmək müqaviləsinə qanunla müəyyən edilmiş əsaslarla deyil, yalnız öz istəyi səbəbindən xitam vermişdir». İddiaçının bu qeydləri də tam olaraq əsassızdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin b) bəndinə, 72-ci maddəsinin a) bəndinə əsasən işçi tərəfindən yol verilən pozuntu işəgötürən tərəfindən kobud pozuntu kimi qiymətləndirilərsə, işəgötürən əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin ç) bəndi ilə ləğv etmək səlahiyyətinə malikdir. İşəgötürən Əmək Məcəlləsinin 72-ci maddəsinin a) bəndinə əsaslanaraq, iddiaçının əmək fəaliyyəti zamanı yol verdiyi hallar əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qiymətləndirilmiş və işçinin əmək müqaviləsinə, bu Məcəllənin 70-ci maddəsinin ç) bəndi ilə xitam vermişdir. Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin b) bəndinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla, Əmək müqaviləsini ləğv etmək işəgötürənin hüququdur. Bu maddənin 2-ci hissəsinə əsasən, işəgötürənin bu maddədə nəzərdə tutulan hüquqlarının həyata keçirilməsinə, bu Məcəllənin 12-ci maddəsi ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrinin icra edilməsinə hər cür müdaxilə və maneələr edilməsi yolverilməzdir. İşəgötürənin bu sahədə fəaliyyətinə müdaxilə edərək onun qanuni hüquqlarını pozan şəxs, qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyət daşıyır. İddiaçı iddia ərizəsinin xahiş etdi hissəsində vurulmuş mənəvi zərərin əvəzi kimi 1.000 manat məbləğ tələb edir, lakin ərizənin əsaslandırıcı hissəsində ona vurulmuş mənəvi zərəri heç bir sənədlə və maddi sübutlarla əsaslandırmır. İşəgötürən iddiaçı ilə təhvil-təslim etməmişdir. İddia ərizəsini qəbul etmir və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında digər nümayəndə R.Kərimovun izahatına uyğun izahat verdi və əlavəsinin olmadığını qeyd edərək, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını, şahid ifadələrini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, şahid X7 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, Cavabdeh MMC-də təhlükəsizlik üzrə menecer vəzifəsində çalışır. Hadisələr barədə onu deyə bilər ki, onlar aprel ayında «Gənclik Mall»-da iclas keçirmiş və mühafizə heyəti həmin iclasda iştirak etmişdir. Onlar komandaya iradlarını bildirmişlər. İddiaçı bildirilən iradları qəbul etməmiş və ayağa duraraq, işdən ayrılmaq istədiyini bildirmişdir. İddiaçı ona yaxınlaşmış və onun əlini sıxaraq işdən çıxıb getmişdir. İddiaçı işdən çıxma barədə ərizə yazmaqdan imtina etmiş və ondan kompensasiya tələb etmişdir. O, iddiaçıya bildirmişdir ki, onun kompensasiya vermək səlahiyyəti yoxdur. Daha sonra iddiaçı ilə əlaqəsi olmamışdır. Onlar iddiaçını dəfələrlə dəvət etsələr də, iddiaçı işə gəlməkdən imtina etmişdir. İclasda bildirilən iradlar ancaq işlə bağlı olmuşdur. İddiaçı məzuniyyətə 15 may 2023-cü il tarixdə çıxmışdır. İddiaçı məzuniyyətdən geri qayıtmamışdır. İddiaçının vəzifələrini Yasin icra etmişdir. İddiaçı bildirsə də işdə olmuşdur, lakin nəzərə çatdırır ki, iddiaçı işdə olsa da öz iş funksiyalarını icra etməmişdir. Yasin işə müqavilə ilə 01 iyul 2023-cü il tarixdə başlamışdır. İddiaçı özü bildirmişdir ki, işə çıxmaq istəmir. İclasda əllərini sıxmış və çıxıb getmişdir. O, iddiaçıya kompensasiya veriləcəyinə dair heç bir söz verməmişdir. İddiaçı ona bildirmişdir ki, işdən çıxacağı təqdirdə ona kompensasiya versin, lakin o, iddiaçıya bildirmişdir ki, o, kompensasiya verən şəxs deyil, belə bir səlahiyyəti yoxdur. İddiaçının əmək funksiyası təhlükəsizlik məsələləri ilə əlaqədar komandanın idarə edilməsi və onlara rəhbərlik edilməsindən ibarətdir. İddiaçı Yasinlə təhvil-təslim etməmişdir, təhvil-təslim bir gün yarım çəkən prosesdir, iddiaçı isə gəlmiş və qısa müddət sonra getmişdir. X1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, iddiaçının nə vaxt işə çıxdığı barədə məlumatı yoxdur. Kamal müəllim ona bildirmişdir ki, iddiaçının nömrəsinə zəng edir, iddiaçı telefonlara cavab vermir. Bu səbəbdən, xahiş etmişdir ki, iddiaçıya zəng vurub bildirsin ki, Rüfət müəllim onu çağırır. İddiaçı zəngə cavab verərək bildirmişdir ki, o, orada işləmək istəmir, buna görə də, görüşmək istəmir. 20 may 2023-cü il tarixindən iddiaçının əmək funksiyalarını icra etməsi ilə bağlı bildirir ki, tarix yadında deyil. İddiaçı məzuniyyətdən sonra Yasinlə gəlmişdir, işlədiyini görməmişdir. Rüfət müəllim iddiaçını işlə əlaqədar çağırırdı. İddiaçı ona «deyin mən burda yoxam və rayondayam» cavabını vermişdir. İddiaçı Yasinlə təhvil-təslim etmişdir. O, məzuniyyətdən sonra iki gün aşağıda Yasinlə təhvil-təslim etmişdir. X8 məhkəməyə yazılı izahat göndərərək bildirmişdir ki, İddiaçılə təhvil-təslim prosesi tam olaraq reallaşmamışdır. İddiaçılə danışdıqları zaman bildirmişdir ki, təhviltəslim ediləsi heç nə yoxdur, telefon və notebook-dur, onlar da ofisdədir, qalan nə varsa Ruslan Heybətov yerini bilir, ona təhvil verər, o, gedir, özləri təhvil-təslim etsinlər. Onlar da Rüslan Heybətovla qalan mühafizəyə aid olan inventarları və sənədləri bir neçə gün ərzində şifahi olaraq təhvil-təslim etmişlər. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - İddiaçı Cavabdeh MMC- arasında bağlanılmış müddətsiz əmək müqaviləsinə əsasən işçi xx.xx.2023-cü il tarixdən təhlükəsizlik üzrə nəzarətçi vəzifəsinə təyin edilmişdir. -Cavabdeh MMC-nin 07 may 2023-cü il tarixli 013/23-M saylı əmrindən görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək qısamüddətli məzuniyyətə çıxmışdır. - Cavabdeh MMC-nin 15 may 2023-cü il tarixli 030-1/23-k saylı əmrindən görünür ki, iddiaçının qısamüddətli məzuniyyətdə olması nəzərə alınaraq, təhlükəsizlik üzrə nəzarətçi vəzifəsində işləyən X8 «Amburan Mall» layihəsindən müvəqqəti olaraq «Gənclik Mall» layihəsinə keçirilmişdir. - Cavabdeh MMC ilə İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli 0003/23-NR saylı məktubunda göstərilmişdir ki, Cavabdeh xx.xx.2023-cü il tarixli 013/23-M nömrəli əmri ilə Sizə xx.xx.2023-cü il tarixindən xx.xx.2023 il tarixinədək əmək məzuniyyəti verilmişdir və məzuniyyətdən sonra işə çıxma tarixi xx.xx.2023-cü il tarixi müəyyən edilmişdir. Siz xx.xx.2023-cü il tarixində, eləcə də sonrakı iş günlərində işə çıxmamış, Sizinlə əlaqə yaratmaq istəyən əməkdaşlarımızın telefon zənglərinə cavab verməmiş, işə çıxmamanız barədə Cəmiyyətə heç bir məlumat verməmisiniz. Məktub sizə təqdim edilən tarixdən 2 gün ərzində bizə geri dönüş edərək, işə gəlməmə səbəbini aşağıda qeyd edilən əlaqə nömrəsinə bildirməyiniz xahiş olunur: Əlaqə nömrəsi +994 50 209 38 46 – Humay Şirinova. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, xəbərdar edilirsiniz ki, işə çıxmamağınızın üzrlü səbəbdən olmasını təsdiq edən müvafiq sənəd təqdim etmədiyiniz halda, Sizinlə bağlanılmış əmək müqaviləsinə qanunauyğun qaydada xitam veriləcəkdir.» - Cavabdeh MMC-nin 13 iyun 2023-cü il tarixli 038/23-k saylı «əmək müqaviləsinə xitam verilməsi haqqında» əmrindən görünür ki, Cavabdeh təhlükəsizlik üzrə meneceri 23 may 2023-cü il tarixində İşəgötürənə yazılı müraciət edərək təhlükəsizlik üzrə nəzarətçi vəzifəsində işləyən İddiaçı 22 may 2023-cü il tarixindən heç bir üzrlü səbəb olmadan işə gəlmədiyini və işə gəlməməsi şöbədə idarəçilik və nəzarət sisteminin olmaması ilə nəticələnərək əməyin ahənginin pozulmasını göstərmiş və bu işçi ilə bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Cəmiyyət tərəfindən İddiaçı işə çıxmamasının səbəbini müəyyən etmək məqsədi ilə 003/23-HR nömrəli 25 may 2023-cü il tarixli məktub tərtib edilərək poçt xidməti (YAPS) ilə işçinin yaşadığı ünvana göndərilmiş, lakin həmin ünvanda mənzilin bağlı olması müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixində isə həmin məktub poçt xidməti (YAPS) ilə işçinin doğulduğu Neftçala rayonu, Xıllı qəsəbəsinə göndərilmiş, lakin həmin ünvanda da evin bağlı olması müəyyən edilmişdir. Yuxarıda qeyd edilənləri, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin b) və 72-ci maddəsinin a) bəndlərini rəhbər tutaraq, Cavabdehndə təhlükəsizlik üzrə nəzarətçi vəzifəsində işləyən İddiaçı əmək müqaviləsinə 13 iyun 2023-cü il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqavilə üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verilməsi əmr edilmişdir. Beləliklə də, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh MMC-də təhlükəsizlik üzrə nəzarətçi işləmiş, Cavabdeh MMC-nin 07 may 2023-cü il tarixli 013/23-M saylı əmri ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək qısamüddətli məzuniyyətə çıxmış, iddiaçının qısamüddətli məzuniyyətdə olması nəzərə alınaraq, Cavabdeh MMC-nin 15 may 2023-cü il tarixli 030-1/23-k saylı əmri ilə təhlükəsizlik üzrə nəzarətçi vəzifəsində işləyən X8 «Amburan Mall» layihəsindən müvəqqəti olaraq «Gənclik Mall» layihəsinə keçirilmişdir. Lakin işin hallarından məlum olur ki, məzuniyyət müddəti bitəndən sonra işə çıxmadığından cavabdeh tərəfindən iddiaçıya xəbərdarlıq məktubları göndərilsə də, məktubların heç birini məktub göndərilən ünvanların qapıları bağlı olduğundan ona təqdim etmək mümkün olmamışdır. İş materiallarından görünür ki, iddiaçı məzuniyyət müddəti bitdikdən sonra iş yerinə qayıdaraq vəzifəsinin icrasına davam etməsini, lakin ona buna imkan verilməməsinə görə hüquqlarının pozulduğunu hesab edərək öncə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinin «142» çağrı mərkəzinə şikayət etmiş, sonra 3 saylı Bakı Dost Mərkəzi vasitəsi ilə yenidən yazılı şikayət etmiş, nəhayət cavabdehə mediasiyanın tətbiqi barədə təklif göndərmişdir. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli MŞB/8/2023-01487 saylı arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasına gəlsələr də, prosesin davam etdirilməsi mümkün olmamışdır. İddiaçı ilkin mediasiya sessiyası ilə bağlı 50 manat mediasiya xərcini ödəmişdir. Hazırda iddiaçı barəsində verilmiş əmrin qanunsuzluğunu mübahisələndirir və tələbinin əsasını onun məzuniyyət müddəti bitdikdən sonra iş yerinə qayıdaraq vəzifəsinin icrasına davam etməsini, lakin ona buna imkan verilməməsi, Cavabdeh MMC-i tərəfindən qüvvədə olan Azərbaycan Respublikası Əmək Məcəlləsinin normalarını pozmaqla, əmək qanunvericiliyi ilə müəyyən edilmiş hüquqlarını pozması ilə əsaslandırır. Məhkəmə iddia tələbinin iddiaçı barəsində verilmiş əmrin qanunsuzluğu hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyanın 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ, İV, Vİ hissələri). Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. - 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etməkdən ibarətdir. - 68-ci maddəsinin 1 və 2-ci bəndinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. - 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. - 72-ci maddəsinin (a) bəndinin tələbinə görə özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla, heç bir üzürlü səbəb olmadan, işçinin bütün iş günü işə gəlməməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. - 76.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Məhkəmə qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə, qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. İş materiallarından da görünür ki, iddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinə işçinin müəssisədaxili intizam qaydalarını pozulması və etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməsi əsası ilə xitam verilmişdir. Buna əsas isə ilk növbədə əmrdə göstərildiyi kimi heç bir üzrlü səbəb olmadan işə gəlmədiyini və işə gəlməməsi şöbədə idarəçilik və nəzarət sisteminin olmaması ilə nəticələnərək əməyin ahənginin pozulması olmuşdur. İddiaçı məzuniyyət müddəti bitdikdən sonra iş yerinə qayıdaraq vəzifəsinin icrasına davam etməsini, lakin ona buna imkan verilməməsini göstərsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə şahid ifadələri ilə bağllı qeyd edir ki, bu ifadələr də iddianın əsaslı olmasını deyil, əksinə daha çox əsassız olmasını təsdiq edir. Belə ki, Cavabdeh MMC-də təhlükəsizlik üzrə menecer vəzifəsində çalışan şahid X7 məhkəmə iclasında ifadəsində iddiaçının məzuniyyətə 15 may 2023-cü il tarixdə çıxması və məzuniyyətdən geri qayıtmamasını, onun vəzifələrini Yasinin icra etməsini göstərmiş və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı özü bildirmişdir ki, işə çıxmaq istəmir. İclasda əllərini sıxmış və çıxıb getmişdir. Digər X1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, iddiaçının nə vaxt işə çıxdığı barədə məlumatı olmamasını göstərmişdir. Lakin əlavə olaraq qeyd etmişdir ki, onun iş yerində olmasına baxmayaraq onu çağıranda iddiaçı ona «deyin mən burda yoxam və rayondayam» cavabını vermişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nın 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə həmçinin qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutları məhkəməyə təqdim etməmişdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır. Belə ki, iddiaçının məzuniyyət müddəti bitdikdən sonra ilk günlərdə iş yerinə gəlməməsi işin araşdırılmış halları ilə tam təsdiq edilmişdir. Sonradan isə onun iş yerinə gəlməsinə baxmayaraq vəzifə öhdəliklərini icra etməmiş, təhvil-təslim işləri ilə məşğul olmağa başlamışdır ki, cavabdeh tərəfin izahatlarına əsasən bu da tam başa çatmamışdır. Məhkəmə hesab edir ki, işin faktiki halları işəgötürənin əmək qanunvericiliyinə riayət edərək əmək müqaviləsinə xitam verməklə iddiaçını işdən azad etməsini təsdiq edir. Müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, cavabdeh qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəbini qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. Beləliklə də, məhkəmə hesab edir ki, iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əsaslı olduğundan tələbin Cavabdeh MMC-nin 12 iyun 2023cü il tarixli «Əmək müqaviləsinə xitam verilməsi barədə» əmrinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi hissəsi əsassızdır və təmin edilə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə hesab edir ki, tələbin Cavabdeh MMC-nin 12 iyun 2023-cü il tarixli «Əmək müqaviləsinə xitam verilməsi barədə» əmrinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi hissəsi əsassız olduğundun digər törəmə tələbləri (işə bərpa edilməsi, qanunsuz işdən azad olunduğu gündən başlayaraq qətnamə icra olunacaq günə kimi məcburi iş buraxdığına görə əmək haqqının ödənilməsi, habelə vurulmuş mənəvi zərərin əvəzi kimi 1.000 manat məbləğində pulun və Bakı 8 saylı Mediasiya Təşkilatının hesabına ödədiyi 50 manat mediasiya xərcinin tutulması) üzrə əlavə araşdırılmasına lüzum görmür və özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı «əmək müqaviləsinə xitam verilməsi barədə qərarın qanunsuz və əsassız hesab edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının tutulması, maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 50 manat mediasiya xərci iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «əmək müqaviləsinə xitam verilməsi barədə qərarın qanunsuz və əsassız hesab edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının tutulması, maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 50 manat mediasiya xərci iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-3903/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3903/2023
18.10.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver