Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3915/2020 18.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı, cavabdeh “xxxxxxxx” ASC-nin nümayəndələri X6, X4 və X5 iştirakları ilə İddiaçı cavabdeh “xxxxxxxx” ASC-yə qarşı “işə bərpa edilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxxxxxx” ASC-yə qarşı “işə bərpa edilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2003-cü ildən “xxxxxxxx” ASC-də müxtəlif vəzifələrdə, mühəndis, aparıcı mühəndis, şəbəkə rəisinin müavini, Ağcabədi, Beyləqan, Şirvan, Sabirabad, Saatlı, X2 rəis vəzifəsində işləmişdir. İddiaçı 2020-ci ilin aprel ayında “Şimal-Qərb” RETSİ rəisinin satış üzrə müavini vəzifəsinə təyin edilmişdir. 2020-ci ilin iyun ayının 11-də “Şimal-Qərb” RETSİ-nin rəisini, iddiaçını və şəbəkə rəislərini “xxxxxxxx” ASC-nin Satış Departamentinə dəvət etdilər. Orada onları Departamentin direktoru Elçin Dadaşov qəbul etdi və iddiaçıya RETSİ-də baş verən nöqsanları irad tutaraq işdən azad olmağı barədə ərizə yazmağa məcbur etdi. İddiaçı vəzifə səlahiyyətinə aid olmayan iradları qəbul etmədi və ona bildirdi ki, o, 2 aydır bu vəzifədə işləyir. İddiaçının dediklərinə baxmayaraq, E.Dadaşov iddiaçını otaqdan çıxmağa və işdən çıxmaq üçün ərizə yazmağını hirslə təkid etdi. Həmin gün iddiaçı əsəbləşib işdən çıxmaq üçün ərizə yazdı. Səhərisi günü iddiaçı eşitdi ki, onu vəzifəsindən azad ediblər. İddiaçı əvvəl verdiyi ərizənin etibarsız hesab edilməsi və işinə qaytarılmağı barədə iyunun 13-də “xxxxxxxx” ASC sədrinin adına xəbərnaməli ərizə göndərdi. Bu günə qədər iddiaçını heç kim qəbul etməyib və onun ərizəsinə heç bir rəsmi və ya qeyri-rəsmi cavab verilməyib. İddiaçının işdən azad olunmağı barədə əmr qanunsuz və əsassızdır. Göstərilənlərə əsasən həmin əmrin ləğv edilməsi və iddiaçının öz işinə bərpa edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxxxxxx" ASC-nin nümayəndələri X10, X7 və X8 iddia tələbinə etiraz edərək, tələbin əsassız olduğuna görə təmin edilməməsini məhkəmədən xahiş etdilər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilə bilməz. İşin materiallarında olan İddiaçı «xxxxxxxx» ASC-yə ünvanladığı xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, o, xx.xx.2020-ci il tarixdən işdən azad edilib, əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. İşin materiallarında olan «xxxxxxxx» ASC-nin k/20-02210 №-li, xx xxxx 2020-ci il tarixli «Əmək müqaviləsinə xitam verilməsi haqqında» əmrindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin «a» yarımbəndinə əsasən Şimal-Qərb RETSİ-nin satış üzrə rəis müavini İddiaçı ilə «xxxxxxxx» ASC arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixindən xitam verilmişdir. İşin materiallarında olan «xxxxxxxx» ASC-nin k/20-02216 №-li, xx xxxx 2020-ci il tarixli «təyin edilmə haqqında» əmrindən görünür ki, X1 RETSİ-nin X3 rəisi xx.xx.2020-ci il tarixindən 2 (iki) ay sınaq müddəti ilə Şimal-Qərb RETSİ-nin satış üzrə müavini vəzifəsinə təyin olunmuşdur. İşin materiallarında olan İddiaçı «xxxxxxxx» ASC-nin sədri cənab V.Əhmədova ünvanladığı xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, o, xx.xx.2020-ci il tarixində yazdığı xx.xx.2020-ci il tarixindən işdən azad olunmağı barədə ərizənin etibarsız sayılmasını və öz vəzifəsinə qaytarılmasını xahiş edir. Belə ki, onun əvvəlki yazdığı ərizə Satış Departamentinin direktoru tərəfindən ona təzyiq edilməklə yazılmışdır. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək əsas hüquqları vardır. Eyni Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinin «a» bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinin «c» bəndinə əsasən əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir. Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 69-cu maddəsinin 3-cü bəndinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Göstərilən Məcəllənin 69-cu maddəsinin 4-cü bəndinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Həmçinin, Əmək Məcəlləsinin 69-cu maddəsinin 5-ci bəndinə görə işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Göründüyü kimi qüvvədə olan əmək qanunvericiliyi xəbərdarlıq müddətinin qısaldılmasına yol verir. Buna görə də işəgötürən işçinin tələbi ilə xəbərdarlıq müddəti bitdikdən sonra deyil, müəyyən hallarla əlaqədar işi davam etdirməsinin qeyri-mümkün olması səbəbindən işçinin istədiyi (arzu etdiyi) müddətdə əmək müqaviləsini ləğv etməyə borcludur. Yuxarıda qeyd olunduğu kimi əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda işçi ilə əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada xəbərdarlıq etməmiş olsun. Əmək Məcəlləsinin 69-cu maddəsi ilə əmək müqaviləsi ləğv edildikdən sonra işçinin peşmançılıq çəkərək əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətinin (verilən ərizənin) heç bir hüquqi qüvvəsi yoxdur. Göründüyü kimi İddiaçı könüllü şəkildə xx.xx.2020-ci il tarixdə cavabdeh «xxxxxxxx» ASC-yə müraciət edərək, xx.xx.2020-ci il tarixdən işdən azad olunmasını xahiş etmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə işdən çıxmaq istədiyi barədə ərizəsini işəgötürənə təqdim etdikdən sonra, həmin vəzifəyə xx.xx.2020-ci il tarixdə «xxxxxxxx» ASC tərəfindən X9 təyin edilmiş və yalnız bundan bir gün sonra, yəni xx.xx.2020-ci il tarixdə (İddiaçı özünün deməsinə görə), o, birinci ərizənin etibarsız hesab olunması haqqında ikinci ərizə ilə işəgötürənə müraciət etmiş, lakin, yuxarıda qeyd olunduğu kimi iddiaçının bərpa olunmasını tələb etdiyi vəzifəyə artıq yeni işçi təyin edilmişdir. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh təşkilatın iddiaçının işdən azad olunmasına əsas kimi təqdim etdiyi xx.xx.2020-ci il tarixli ərizənin iddiaçıya təzyiqlə yazdırılması faktı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. İşin sadalanan hallarından və yuxarıda qeyd olunan hüquq normalarından da göründüyü kimi işəgötürən – “xxxxxxxx” ASC tərəfindən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən vəzifədən azad olunması qanunamüvafiqdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxxxxxx" ASC-yə qarşı “işə bərpa edilməsi tələbi”nə dair iddia tələbi əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “xxxxxxxx” ASC-yə qarşı “işə bərpa edilməsi tələbi”nə dair iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-3915/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3915/2020
18.09.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver