Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3918/2022 26.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi -Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı - İddiaçı, Cavabdehin nümayəndəsi - X2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı «əmək haqqının ödənilməsi» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı «əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanuni hesab edilmiş 10 yanvar 2000-ci il tarixli əmək müqaviləsi əsasında 2000-2011-ci illər ərzində iddiaçıya ödənilməli olan ümumilikdə 100000 manat məbləğində əmək haqqının zərərvuranın (işəgötürənin) hesabından alınaraq cavabdeh tərəfindən iddiaçının bank hesabına ödənilməsi, iddiaçının qanuni mənafeyinə zərər vurmuş şəxslərin dairəsi müəyyən edilməklə barələrində məhkəmənin xüsusi qərardadının çıxarılması, təqsirkar şəxslərin reqres iddia qaydasında məsuliyyətə cəlb edilmələrinin mümkünlüyünün nəzərə alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 10 yanvar 2000-ci il tarixdə Bakı Dövlət Universitetinin sabiq rektoru X1 (işəgötürən) ilə aralarında 1 il müddətinə bağlanmış əmək müqaviləsinə əsasən aylıq əmək haqqısı 947 manat olaraq müəyyən olunmuşdur. 12 may 2017-ci il tarixdə Abel Məhərrəmov tərəfindən imzalanmış 1/156 saylı əmrlə onunla bağlanmış əmək müqavilələrinə xitam verilmişdir. Bundan sonra Bakı Dövlət Universitetinə müraciət ünvanlayaraq digər sənədlərlə yanaşı 10 yanvar 2000-ci il tarixli əmək müqaviləsinin də ona təqdim olunması tələb etmişdir. Bakı Dövlət Universitetinin 03 may 2019-cu il tarixli 01-Tt/679 nömrəli müşayiət mməktubu ilə 10 yanvar 2000-ci il tarixli əmək müqaviləsinin təsdiq edilmiş surəti ona təqdim olunduqdan sonra müqavilənin əsaslılığı və qanuniliyi mübahisələndirilərək Bakı şəhər Yasamal rayon Məhkəməsi qarşısında Bakı Dövlət Universitetinə qarşı iddia qaldırılmaqla müqavilənin qanunsuz hesab edilərək ləğv olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhər Yasamal rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli 2(004)-3161/2020 saylı qətnaməsi ilə 10 yanvar 2000-ci il tarixli əmək müqaviləsi qanuni hesab edilmişdir. Birinci instansiya məhkəməsinin bu qətnaməsi apellyasiya və kassasiya qaydasında mübahisələndirmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 02 avqust 2021-ci il tarixli 2(102)-3224/2021 saylı qərarı ilə birinci və apellyasiya instansiyası məhkəmələrinin qətnamələri dəyişdirlmədən qüvvədə saxlanılmışdır. İş üzrə yekun nəticədən məlum olmuşdur ki, 10 yanvar 2000-ci il tarixdə işəgötürənlə arasında 1 il müddətinə bağlanmış əmək müqaviləsi 12 may 2017-ci il tarixədək olan 17 il ərzində qanuni qüvvədə olmuş və işəgötürənin 1/156 saylı əmri ilə məhz 10 yanvar 2000-ci il tarixli əmək müqaviləsinə xitam verilmişdir. Həmin müqavilənin qanuni qüvvədə olan məhkəmə aktları əsasında qanuni hesab edilməsi isə hazırki iş üzrə mübahisənin yaranmasına səbəb olmuşdur. 10 yanvar 2000-ci il tarixli əmək müqaviləsində aylıq vəzifə maaşının məbləği 947 manat olaraq müəyyən edilmiş olsa da, Bakı Dövlət Universitetinin mühasibatlığı tərəfindən təqdim olunmuş haqq-hesab sənədləri ilə tanışlıq nəticəsində müəyyən edilmişdir ki, 2000-2011-ci illəri əhatə edən 11 il ərzində Bakı Dövlət Universiteti tərəfindən onun aylıq əmək haqqısı mütəmadi olaraq kəsirlə ödənilmişdir. Əmək müqaviləsinin qanuniliyi mübahisələndirilərkən həmin iş üzrə cavabdehin nümayəndələri 10 yanvar 2000-ci il tarixli əmək müqaviləsinin 2011-ci ildə tərtib edilərək bağlandığını iddia etmiş olsalar da, belə bir halın mövcudluğu hər hansı bir sübutla öz təsdiqini tapmamış, məhkəmə instansiyaları əmək müqaviləsini qanuni hesab etmişlər. Qanuni qüvvədə olan məhkəmə aktları əsasında müəyyən edilmişdir ki, işəgötürən 11 il ərzində onun aylıq əmək haqqını kəsirlə ödəməklə qanuni mənafeyinə külli miqdarda zərər vurmuşdur. Belə ki, Bakı Dövlət Universitetinin mühasibatlığı tərəfindən tərtib edilmiş haqq-hesab sənədlərindən göründüyü kimi 1999-2007-ci illər üzrə aylıq əmək haqqısının məbləği 48-94 manat olaraq dəyişmiş, 2007-2008-ci illər ərzində isə bu məbləğ 115-253 manat təşkil etmişdir. Əmək müqaviləsinin şərtlərində əmək haqqının ödənilməsinə dair bank məlumatları əldə edilmiş, 2000-2005-ci illər ərzində ona ödənilmiş əmək haqlarına dair məlumatları isə istər Bakı Dövlət Universiteti, istərsə də "xxxx" ASC təqdim edə bilməmişdir. Aparılan nisbi hesablamalar nəticəsində müəyyən edilir ki, qanuni mənafeyinə vurulmuş maddi zərərin ümumi məbləği 100000 manat təşkil edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 195-ci maddəsinin “d” və “f” bəndlərinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1100-cü və 1097-ci maddələrinin tələblərinə uyğun olaraq işəgötürənin qanuni mənafeyinə vurduğu 100000 manat məbləğində maddi zərərin əvəzini cavabdeh ona ödəməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 02 avqust 2021-ci il tarixli 2(102)-3224/2021 saylı qanuni qüvvədə olan yekun qərarı ilə qanuni hesab edilmiş 10 yanvar 2000-ci il tarixli əmək müqaviləsi əsasında 2000-2011-ci illər üzrə hər ay 947 manat olmaqla ödənilməmiş 100000 manat məbləğində zərərin mübahisəsiz olaraq cavabdeh tərəfindən onun bank hesabına ödənilməsinə dair məhkəmə aktı qəbul edilməlidir. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, iş materiallarından göründüyü kimi iddiaçı ona əmək haqının düzgün ödənilməməsi tələbi ilə çıxış edərək Cavabdeh qismində müəyyən etmiş və iddia tələbini ona yönəltmişdir. Lakin iş materiallarından da aydın olur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçının hüquqlarını pozacaq hər hansı bir hərəkət (hərəkətsizliyə) yol verilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinə əsasən əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək işəgötürənin əsas vəzifələrindən biri qismində sadalanır. Eyni zamanda Əmək Məcəlləsinin 195-ci maddəsində işəgötürənin işçiyə vurduğu ziyana görə maddi məsuliyyət daşıdığı hallardan bəhs olunur. Belə ki, həmin maddənin “d” bəndində işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürənin əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşımalı olduğu qeyd edilir. İddiaçı özü də ərizəsində Əmək Məcəlləsinin 195-ci maddəsinin “d” və “f” bəndlərinə istinad etsə də sonda Mülki Məcələnin 1100-cü maddəsinə istinad edərək Maliyyə Nazirliyini cavabdeh qismində göstərmişdir. Halbuki əmək münasibətlərində işçilərin və işəgötürənlərin əmək, sosial, iqtisadi hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlara dair normalar Mülki Məcəllə ilə deyil Əmək Məcəlləsi ilə tənzimlənir. Digər tərəfdən Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin maddənin 2-ci hissəsində isə qeyd ediləcək əməllərin hər üçü olduqda - ziyanın həqiqətən vurulduğu aşkar olduqda, təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda, təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır. Buradan belə aydın olur ki, həmin əməllərin mövcudluğu ilk növbədə sübut olunmalıdır və sonradan məsuliyyət müəyyən ediləcək hallar mövcud olarsa vurulmuş maddi ziyan tələb edilə bilər. Eyni zamanda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 43.3-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Bu isə o deməkdir ki, Azərbaycan Respublikası adından çıxış edən orqan təkcə Cavabdeh deyildir. Cavabdeh dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Digər tərəfdən “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Maliyyə Nazirliyinin ibtidai- istintaq və məhkəmə orqanlarının əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 172 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bakı Dövlət Universitetinin Nizamnaməsi” Bakı Dövlət Universiteti publik hüquqi şəxsdir, onun əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. Universitet məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43-cü maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə maddi ziyana məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, qeyd edilən əməllə əməlin nəticəsi arasında səbəbli əlaqə mövcud deyildir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddia ərizəsinə etirazın məzmununa uyğun olaraq izahat verdi və tələbin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: xx.xx.2000-ci il tarixli Əmək mqaviləsindən görünür ki, müqavilə iddiaçı ilə Bakı Dövlət Universiteti arasında bağlanmış və iddiaçı tədris şöbəsinin müdiri vəzifəsinə işə qəbul edilmişdir. Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-3161/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdeh Bakı Dövlət Universitetinə qarşı Bakı Dövlət Universitetinin tədqim etdiyi 10 yanvar 2020-ci il tarixli əmək müqaviləsinin saxta olması ilə bağlı xüsusi qərardadın çıxarılması, həmin müqavilənin qanunsuz hesab edilməsi, Bakı Dövlət Universitetinin mühasibatlığı tərəfindən təqdim olunmuş haqq-hesab sənədlərində iddiaçının aylıq əmək haqqının 1999-2007, 2007-2008 və 2009-2017-ci illəri əhatə edən dövr ərzində ayrı-ayrı məbləğlərdən ibarət olmasına baxmayaraq 10 yanvar 2000-cı il tarixli əmək müqaviləsində bu məbləğin 947 manat göstərilməsinin səbəblərinin araşdırılaraq onun mənafeyinə vurulmuş ziyanın ödənilməsi barədə iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(103)- 8214/2020 saylı qətnaməsindən görünür ki, Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-3161/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(102)-3224/2021 saylı qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(103)-8214/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 195-ci maddəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır: d) işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə; f) əmək müqaviləsi üzrə işəgötürən digər öhdəliklərini yerinə yetirmədiyinə görə işçiyə maddi ziyan dəydikdə; Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məlum olduğu kimi, zərərin əvəzinin ödənilməsinin əsas məqsədi hər hansı bir şəxsin əmlakda onun iradəsi xaricində əmələ gələn azalmayı, yəni zərəri eynilə və ya pulla aradan qaldırmaq, zərər verən hadisə nəticəsində zərər çəkənin əmlakında azalmış olan dəyər yerinə keyfiyyət və ya kəmiyyət baxımından eyni olan dəyər qoymaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (1096 və 1097-ci maddələr). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin özünün varlığı və borclunun hüquqa zidd əməli ilə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Bu mənada zərər mülki-hüquqi məsuliyyətin ən önəmli ünsürünü təşkil edir. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsini tələb edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Məhkəmə iddiaçının cavabdeh tərəfindən maddi zərərin vurulmasına dair iddia tələbinin dəlili ilə razılaşmır. Zərərin ödənilməsi ilə bağlı tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. İddiaçı, ona dəymiş zərərin məhz cavabdehin təqsiri üzündən baş verməsini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iddiaçının tələb etdiyi maddi zərərlə bağlı mübahisə iddiaçı ilə cavabdeh arasında deyil, iddiaçı ilə Bakı Dövlət Universiteti arasında olan əmək münasibətlərindən yaranmışdır. Yəni işçi olan iddiaçı ilə işəgötürən olan Bakı Dövlət Universiteti arasında yaranmış mübahisə olmaqla, cavabdeh həmin münasibətlər üzrə tərəf deyildir. Əmək münasibətləri prosesində yaranmış mübahisə üzrə işçiyə vurulan ziyana görə isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 195-ci maddəsinin tələblərinə əsasən işəgötürən maddi məsuliyyət daşıyır ki, hazırki iş üzrə cavabdeh işəgötürən tərəf deyildir. Bundan başqa, işəgötürən tərəf olan Bakı Dövlət Universiteti isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 172 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bakı Dövlət Universitetinin Nizamnaməsi”nə əsasən publik hüquqi şəxsdir, onun əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri olmaqla məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər. Həmçinin, məhkəmə iddiaçıya ziyanın dəyib-dəyməməsi ilə bağlı qeyd edir ki, məhkəmə aktları ilə işin mübahisəsiz halı kimi xx.xx.2000-ci il tarixli əmək müqaviləsinin 2000-ci ildə tərtib edilməməsi, əmək müqaviləsinin 2011-ci ildə tərtib edilməsi və əmək haqqının isə 2011-ci ildə, yəni əmək müqaviləsinin tərtib edildiyi dövr üzrə aldığı əmək haqqının qeyd edilməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İddiaçı 2000-2011-ci illərdə ona dəymiş ziyanı yalnız əmək müqaviləsində göstərilən əmək haqqına istinad etməklə tələb edir ki, yuxarıda göstərildiyi kimi əmək müqaviləsindəki əmək haqqının məbləği əmək müqaviləsi 2011-ci ildə tərtib edildiyindən həmin dövr üzrə əmək haqqı məbləğidir. İddiaçı isə 2000-2011-ci illər ərzində əmək haqqısının 947 manat olması barədə başqa hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, məhkəmə tədqiqatı zamanı iddiaçıya ziyan dəyməsi müəyyən olunmadığından iddiaçı iddia etdiyi ziyanı tələb etməkdə haqlı deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından iddia təmin oluna bilməz. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-3918/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3918/2022
26.10.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver