Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-393/2023 05.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı - İddiaçı, İddiaçının nümayəndəsi (vəkili) - Vəkil2, Cavabdehin nümayəndəsi (vəkili) - Vəkil1 iştirakları ilə, İddiaçı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5maqla, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunmaya dair əmrin qanunsuz hesab edilərək ləğv edilməsi və son haqq-hesabın verilməsi» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5maqla, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunmaya dair əmrin qanunsuz hesab edilərək ləğv edilməsi və son haqq-hesabın verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının işdən azad olunmasına dair əmrin qanunsuz hesab edilərək ləğv edilməsi, məzuniyyət günlərinin hesablanaraq ödənilməsi, 4 il ərzində artıq iş saatlarına görə haqqın ödənilməsi, əmək müqaviləsinin təqdim olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizəylə məhkəməyə müraciət edərək, iddiaçının işdən azad olunmasına dair xx.xx.2022-ci il tarixli müvafiq əmr və onun əsasında əmək müqaviləsinə xitam verilməsi barədə elektron bildirişin qanunsuz və əsassız olduğundan ləğv edilməsi, məcburi iş buraxma müddəti içün faktiki olaraq işə başladığı anadək əmək haqqı ödənilməklə, iddiaçının əsas iş yeri üzrə işinə (həmin vəzifəyə) bərpa olunması, eləcə də, istifadə olunmamış məzuniyyət günlərinə mütanasib olaraq məzuniyyət haqlarının və iş vaxtından artıq iş saatlarının cavabdeh tərəfindən hesablanması və ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, tam orta təhsillidir. 20 avqust 2018ci il tarixdən cavabdehdə dönər ustası kimi fəaliyyət göstərir. Məlum Pandemiya zamanı, həmin dövrdə ona verilən əmək haqqı yarıbayarı azaldığından qeyri-hökumət təşkilatlarına aidiyyatı orqanlarına şikayət etmişdir. Cavabdehi təmsil edən səlahiyyətli şəxs, insan resursları üzrə mütəxəssis Ülviyyə xanım çağırıb şikayətinin əsassız olduğu barədə irad tutmuş, 28 aprel 2022-ci il tarixdə işdən kənarlaşdırıldığını bildirmişdir. Sonradan məlum olmuşdur ki, guya 3 gün işə gəlmədiyi üçün AR Əmək Məcəlləsinin 70-ci maddəsinin c bəndinə əsasən işdən azad olunmuşdur. Həmin müəssisədə işlədiyi 4 il ərzində heç bir inzibati xəta törətməmiş, əksinə yaxşı işinə görə 2020-ci ilin fevralın 2-də əmək haqqı artırılmışdır. İşdən çıxarılmağım haqqında verilən əmr qanunsuzdur. Belə ki, ondan izahat alınmamışdır, əmr işin həqiqi hallarına uyğun deyil, qərəzçilik əsasında verilmişdir, cavabdehi təmsil edən şəxs onunla əmək müqaviləsini pozarkən əmək qanunvericiliyinin tələblərinə müvafiq deyil, öz vəzifəsindən irəli gələn hüquqi dəlillər və subyektiv mülahizələri əsasında əsaslandırdığı əqdi imzalamışdır. İşdən çıxarılması ilə bağlı Əmək müfəttlişliyinə müraciət etmiş, burada onun işdən azad oluması barədə əmrin qanunsuz olduğu bildirilmişdir. Cavabdehdə işlədiyi 4 il ərzində iş saatlarından arıq işlədiyi və məzuniyyət günləri düzgün hesablanmamışıdır. Qanunsuz olaraq xəbərdar edilmədən işdən azad olunmuşdur. Cavabdeh məhkəməyə iddia ərizəsinbə etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, iş materiallarından, İddiaçı özünün ziddiyyətli izahatlarından və məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrinin məzmunundan müəyyən olunur ki, iddiaçının əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin "Ç" bəndinə əsasən ləğv edilməsi tam qanunauyğun olmuşdur. Belə ki, İddiaçı E-Baloğlanov 16-xx.xx.2023-cü il tarixlərdə heç bir üzrlü səbəb olmadan işə gəlməməklə AR Əmək Məcəlləsinin 72-ci maddəsinin "a" bəndində göstərilən (AR ƏM 72.a. - özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi) əmək vəzifələrinin kobud pozuntusuna yol vermişdir. 19 may 2023cü il tarixdə işə çıxan zaman 3 iş günü işə gəlməməsinin hər hansı üzrlü səbəblə bağlı olmasına dair işəgötürənə hər hansı sənəd və ya sübut təqdim etməmişdir. AR Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işəgötürən işçi ilə bağlanmış əmək müqaviləsini birtərəfli qaydada ləğv edə bilər. Buna müvafiq olaraq, işəgötürən tərəfindən qanunla nəzərdə tutulmuş qaydada işçidən izahat tələb edilmiş, işçi izahat verməkdən imtina etmiş və hər hansı üzrlü səbəbə dair sənəd təqdim etməmiş və yekun olaraq işçi ilə bağlanmış əmək müqaviləsi birtərəfli qaydada ləğv edilmişdir. Hər hansı hüquq pozuntusuna yol verilməməsi AR X12 Xidmətinin Bakı Şəhər İdarəsinin apardığı araşdırma və işçiyə göndərdiyi xx.xx.2022-ci il tarixli cavab məktubu ilə də öz təsdiqini tapmışdır. İşçinin işdə olmaması və ya üzrlü səbəbdən işə gəlməməsi Cavabdehin məhkəmə iclasında dindirilmiş şahidlərinin ifadələri ilə bir daha təsdiq olunmuşdur. Həmçinin, İddiaçı məhkəmə araşdırmasının davam etdiyi müddətdə dəfələrlə gah qeyd edilən tarixlərdə işdən kənarlaşdırıldığını bildirərək işdə olmadığını etiraf etmiş, gah da işdə olduğunu, lakin əsassız işdən çıxarıldığını bildirmişdir. Halbuki, İddiaçının özünün dəvət etdiyi şahidlər Rəşad Abdullayev və Əlvan Əzizov da məhkəmə araşdırması zamanı iddiaçının iddia tələbində qeyd etdiklərini təsdiqləyən ifadə verməmişlər. Belə ki, hər iki şahid İddiaçının 16-xx.xx.2022-ci il tarixlərində işdə olub-olmamasından əmin olmadıqlarını bildirmişlər. Lakin ümumilikdə İddiaçının intizamlı işçi olduğunu və şirkətin ona qərəzli olduğunu qeyd etmişlər. Hər iki şahid (Rəşad Abdullayev və Əlvan Əzizov) İddiaçı ilə uzunmüddətli şəxsi yaxın münasibətdə olan və Cavabdeh şirkətə qarşı qərəzli olan şəxslərdir. Belə ki, bu qeyd edilənlər həm onların izahatları ilə təsdiq olunur, həm də həmin şəxslər tərəfindən Cavabdehə qarşı müxtəlif dövlət orqanlarına edilmiş şikayətlər və məhkəməyə verilmiş iddia tələbi ilə təsdiqlənir. Müvafiq sənədlərdən göründüyü kimi, həmin şəxslər işin nəticəsində və Cavabdehə qarşı iddianın təmin edilməsində maraqlı olan şəxslərdirlər və bu səbəbdən həmin şəxslərin ifadələri mötəbər sübut qismində nəzərə alına bilməz. Bundan əlavə, indiki halda iddia tələbinin əsaslılığını sübut etmə öhdəliyi İddiaçı E. Baloğlanovun üzərinə düşür. Lakin iddiaçı tələbinin əsasının təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Sübutların mümkünlüyü aspektindən İddiaçının iddia tələbinin əsasını təşkil edən hallar şahid ifadələri ilə sübut edilə bilməz. Bu səbəbdən İddiaçının dəvət etdiyi qərəzli şahidlərin ifadələrinin iddia tələbinin əsasını sübut etmək üçün nəzərə alınmasını qanunazidd hesab edir. Həmçinin, İddiaçı nə iddia ərizəsində, nə də digər dövlət orqanlarına şikayətlərində 16-xx.xx.2022-ci il tarixlərdə işdə olmasını qeyd etməmişdir. Əgər həqiqətən işçi göstərilən tarixlərdə işdə olsa idi, bu turniket məlumatlarında əks oluna və əmək funksiyalarının icrasına dair sənədlərlə təsdiqini tapardı. İddiaçı bunu bildiyindən iddia və şikayətini ümumi formada bildirməklə kifayətlənmişdir. İddiaçı onun barəsində xəbərdarlığın tətbiq olunmasına dair xx.xx.2022-ci il tarixli əmrə və şiddətli töhmət tətbiq edilməsinə dair xx.xx.2022-ci il tarixli əmrlərə etiraz etdiyini bildirsə də, ilkin əmrlə imza ataraq razılaşmış və xx.xx.2022-ci il tarixli əmri qanunla nəzərdə tutulmuş qaydada mübahisələndirməmişdir. Həmçinin, xx.xx.2022-ci il tarixli əmr işçinin məzuniyyətdə olduğu dövrdə imzalansa da həmin əmrin 2-3-cü bəndlərinə uyğun olaraq İddiaçı işə çıxmasından sonra xx.xx.2022-ci il tarixdə tətbiq edilmişdir. Bundan əlavə, İddiaçının istinad etdiyi bu halların heç biri onunla bağlanmış əmək müqaviləsinin ləğvinə dair əmrin əsassızlığına dəlalət etmir. İddia tələbinin digər hissəsini təşkil edən artıq saatlarının ödənilməsi ilə bağlı İddiaçı tərəfindən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə araşdırması və əmək müfəttişliyinin araşdırması zamanı təsdiqini tapmışdır ki, zərurət halında artıq iş saatlarına cəlb edilmələrə görə qanunla nəzərdə tutulmuş qaydada əlavə əmək haqqı ödənilmişdir. Həmçinin, İddiaçının və dəvət etdiyi şahidlərin xx.xx.2022-ci il tarixli məhkəmə iclasında verdiyi izahatlardan da göründüyü kimi, həmin işçilər faktiki olaraq iş günlərində iş vaxtından az işlədiklərini etiraf etmişlər. Bu səbəbdən iddia tələbinin bu hissəsi də əsassızdır. Bundan əlavə, hesab edir ki, İddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Belə ki, AR Əmək Məcəlləsinin 296.2 və 296.3-cü maddələrinə əsasən Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər və hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləsdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İddiaçının izahatlarından göründüyü kimi, o, son dəfə xx.xx.2022-ci il tarixdə işdə olmuş və günün birinci yarısı işdən çıxıb gedərək bir daha işə gəlməmişdir. Əgər hüquqları pozulurdusa, həmin tarixdən işçiyə hüquqlarının pozuntusu aydın olmuş və iddia müddətinin axımı başlamışdır. Lakin işçi ilkin olaraq Bakı Şəhər Xəzər Rayon Məhkəməsinə belə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. İddia müddətinin axımı dövründə iddia müddətinin axımının kəsilməsinə əsas verən hər hansı hal olmamışdır. Faktiki olaraq, İddiaçı iddia müddətinin axımının dayandırılmasına səbəb olan hallar nəzərə alınsa belə məhkəməyə iddianın verilməsi müddətini ən azı 1 ay ötürmüşdür. Bundan əlavə, iddiaçının iddia tələbinin artıq iş saatlarının ödənilməsi hissəsinə münasibətdə də AR Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq 1 illik iddia müddəti tətbiq edilməlidir. Belə ki, həmin maddəyə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil2 iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) Vəkil1 iddia ərizəsinə etirazın məzmununa uyğun olaraq izahat verərək, iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid X15 ifadəsində bildirdi ki, iddiaçı iş yoldaşı olub. Hazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işləmir. Onu Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə çıxartdılar. Təxminən 5 aydır ki, işdən çıxmışdır. İddiaçıdan əvvəl orada təxminən 6 il idir ki, işləyirdi. İddiaçını təxminə 4 ildir ki, tanıyır. Ambardar vəzifəsində işləyirdi və hər gün saat 8:00-da işə gəlirdi. İddiaçı hər gün səhər təxminən 7:00-7:30 radələrində işə gəlirdi. İddiaçı daxili nizam-intizam qaydalarına əməl edirdi. İddiaçı hər gün işə gəlirdi, işdən qaldığı gün olmamışdır. İddiaçı heç vaxt işə gecikmirdi. İddiaçının işlə bağlı narazıçılığı olmamışdır. İddiaçı ondan əvvəl işdən çıxarılmışdır. Məhkəmə iclasında şahid X7 ifadəsində bildirdi ki, iddiaçı iş yoldaşı olub. 2014-cü il tarixdən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işləmişdir. Məlumatı olmadan onu Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılmışdır. Ülviyyə xanıma bildirdilər və onu işə buraxmadılar. İddiaçı işdən çıxarılan zaman orada işləyirdi. İddiaçı qüsursuz işləyirdi. İddiaçının hansı səbəbdən çıxarıldığını bilmir. İşdən qalma rəhbərliyin razılığı ilə olub. “HR”-dan ona bildirilirdi ki, qeyd edilən vaxtlar işə gəlməyin və onlar da ona uyğun rəhbərliyin icazəsi ilə işə gəlmirdilər, lakin 16 may 2022-ci il tarixdən 19 may 2022-ci il tarixə kimi işdən qalma ilə bağlı xatırlamır. 16 may 2022-ci il tarixdən 19 may 2022-ci il tarixə kimi işdə olmuşdur. Orada baş usta olmuş, iddiaçının rəhbəri olmuşdur. Məhkəmə iclasında şahid X4 ifadəsində bildirdi ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində İnsan Resursları üzrə əməkdaşdır. 28 fevral 2022-ci il tarixdən orada işləyir. İddiaçını tanıyır. Dönərçi idi. İddiaçı 3 gün işə gəlmədi və buna görə də işdən çıxarıldı. İddiaçı işdən çıxarılmazdan əvvəl onda narazıçılıqlar var idi. Əmək müqaviləsinin əslini ona şəxsən təqdim etmişdir, lakin qəbul etmədi və heç nəyə imza çəkmədi. Sənədləri Consulting şirkəti hazırlayır və həmin sənədlər də işçilərə təqdim edir. İşçilərin əlavə saatlarda işlədiyi olur və buna görə ödəniş edilir. Bununla bağlı bank çıxarışarı var. Təsislər üzrə işə başlamaq saatları fərqlidir. İddiaçının müqaviləyə əsasən 10:00-da başlayır. Əməkdaş məzuniyyətə çıxmamışdan əvvəl məzuniyyətinin nə vaxt başlayıb və nə vaxt bitməsi barədə məlumatı olur. 16 may 2022-ci il tarixdə iddiaçıya zəng etmiş və bildirmişdir ki, bu gün iş gününüz olduğu halda nə üçün işə çıxmamışdır və iddiaçı da ona rayonda olduğunu bildirdi, gərək ona əvvəldən bildirməyini söylədi. İddiaçı 19 may 2022-ci il tarixdə işə gəlmişdir. Əmrlə tanış etmək istəmiş, lakin o, imtina etdi, izahat yazmadı. 19 may 2022-ci il tarixdə saat 10:25-də ayrıldı. 16 may 2022-ci il tarixdə zəng etməyi ilə bağlı sübut yoxdur. İşçiləri əvvəl çıxartmaq istəyirmişlər, lakin bu fikirdən vaz keçmişlər. İddiaçı 16, 17 və 18 may 2022-ci il tarixlərdə işə gəlməmişdir. Məhkəmə iclasında şahid X6 ifadəsində bildirdi ki, Şirkətin direktorudur. İddiaçını təxminən 3-4 ildir ki, tanıyır. İddiaçı əmək intizamına riayət etməmişdir. İddiaçı dəfələrlə işdən qalmışdır. Məhsulla bağlı iddiaçı onlara ziyan vurub. İş saatları müqavilədə saat 10:00-da başlayır. İddiaçının iş saat 8:00-da başlayır. İddiaçı məzuniyyətdə olduğu dövrdə işə gəlməmişdir. İddiaçı 28 aprel 2022-ci il tarixdə işə gəlməyib. İddiaçının barələrində hər hansı quruma şikayət etməsi ilə bağlı məlumatı olmayıb. Əmrləri o imzalayır. İddiaçı 16 may 2022-ci il tarixdən 19 may 2022-ci il tarixə kimi işə gəlməmişdir. İnsan Resursları iddiaçı ilə işə çıxmaması barədə əlaqə saxlayıb. İddiaçının işə çıxmaması barədə ona yazılı müraciət etməmişdir. Akt mövcuddur, lakin zənglə bağlı deyildir. İddiaçı ilə 19 may 2022-ci il tarixdə konfrans zalında görüşmüşlər. 28 aprel 2022-ci il tarixdə iddiaçı ilə görüşməmişdir. Məhkəmə iclasında şahid X8 ifadəsində bildirdi ki, “İT” mütəxəssisidir. İddiaçını tanıyır. Şirkətə xidmət göstərir. İşin hallarından məlumatı var. İşçilərin davamiyyəti ilə bağlı gələn sorğularla bağlı raportları təqdim edir. İddiaçı təxminən 26 aprel 2022-ci il tarixdən 16 may 2022-ci il tarixə qədər məzuniyyətdə olmalı idi. İddiaçı 16, 17 və 18 may 2022-ci il tarixdə şirkətə daxil olmayıb, bununla bağlı turniketə kart vurulmayıb. İddiaçı sonuncu hərəkəti 19 may 2022-ci il tarixdə edib. İddiaçı məzuniyyət vaxtı daxil olmayıb. 09:00-da iş başlayır. Əmək müqaviləsindən məlumatı var. İşçi işə gəlməyəndə kadrlar şöbəsinə məlumat verir. İşçilər davamlı olaraq işə gəlirdilər. İşçilərin gəlməməsi ilə bağlı (onlara gəlməmək barədə icazə verilməsi ilə bağlı) onlara məlumat verilmir. Raportu o vermişdir. Məhkəmə iclasında şahid X2 ifadəsində bildirdi ki, iddiaçı iş yoldaşı olub. Hazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işləmir. Onu Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə çıxartdılar. Orada sürücü vəzifəsində işləyirdi. İddiaçını təxminən 4 ildın çox müddətdir ki, tanıyır. İşçilər səhər saat 8:00-da işə gəlirdilər və 17:00 və ya 17:30-da işdən çıxırdılar. Səhər işə gələndə işçilər turniketə kart vuraraq işə girirdilər. İddiaçıya mart ayında şiddətli töhmət verilməsi ilə bağlı məlumatı yoxdur. Məzuniyyət zamanı məzuniyyət pulu verilmirdi və yeddi gün işdə olurdular. İddiaçıya aprel ayında töhmət verilməsi ilə bağlı məlumatı yoxdur. 16 may 2022-ci il tarixdə iddiaçının işə gəlibgəlməməsi ilə bağlı məlumatı yoxdur, çünki 06 may 2022-ci il tarixdən işdən çıxarılmışdır. Məhkəmə iclasında şahid X10 ifadəsində bildirdi ki, hazırda başqa restoranda administator vəzifəsində işləyir. İşdən öz ərizəsi ilə çıxmışdır. Mühafizədə işləyirdi. 2018-ci il tarixdən 2022-ci ilin may ayına kimi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işləmişdir. İddiaçını tanıyır. Dönərçi işləyirdi. İddiaçı yaxın zamanlarda ona zəng edib proseslər bağlı məlumat verdi və ona kömək etməyini xahiş etdi. Qoşulmayacağını bildirdi. Çünki orada heç kimlə ədavəti olmayıb və öz ərizəsi ilə işdən çıxmışdır. İddiaçı ilə ədavəti olmayıb. Heç kim barəsində rəhbərlik tərəfindən təyziqlərə məruz qalması barədə eşitməmişdir. İddiaçının 16 may 2022-ci il tarixdən 19 may 2022-ci il tarixə kimi işə gəlməsi ilə bağlı məlumatı yoxdur. Hamı işə gələndə kart vasitəsilə daxil olurdu və ciddi nəzarət olunurdu. Əgər iş az olardısa, rəhbərlik işçini evə tez getməyinə icazə verirdi. Məhkəmə iclasında şahid X11 ifadəsində bildirdi ki, iddiaçını şirkətdən tanıyır. Mühafizəçi idi. 21 noyabr 2014-cü il tarixdən 2022-ci ilin noyabr ayına kimi işləmişdir. Öz ərizəsi ilə işdən çıxmışdır. Narazıçılığın nədən olması barədə məlumatı yoxdur. 16 may 2022-ci il tarixdən 19 may 2022-ci il tarixə kimi işdə olub-olmaması barədə məlumatı yoxdur. Ona qarşı heç bir haqsızlıq olmamışdır. Əlvan adlı işçi (keçən məhkəmə iclasında iştirak etmiş şahid) və bir qrup işçi oradan ət oğurlayırdılar və bu barədə rəhbərlik məlumat aldıqdan sonra da onlara qarşı təyziq göstərilmədi. İT mütəxəssisi onlara kart vermişdi və hamı kart vasitəsilə işə daxil olurdu. Məhkəmə iddiaçının, onun və cavabdehin nümayəndələrinin (vəkilləri) izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: xx.xx.2019-cu il tarixli Əmək müqaviləsindən görünür ki, iddiaçı xx.xx.2019-cu il tarixdən dönərçi vəzifəsinə (peşəsinə) işə qəbul edilmişdir. xx.xx.2021-ci il tarixli 124 saylı Əmrdən görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixi daxil olmaqla 2020-2021-ci iş ili üçün 5 təqvim günü, 2021-2022-ci iş ili üçün 5 təqvim günü olmaqla, cəmi 10 təqvim günü əmək məzuniyyətinə buraxılmışdır. xx.xx.2022-ci il tarixli 60A saylı Əmrdən görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixi daxil olmaqla 2021-2022-ci iş ili üçün 16 təqvim günü, 2022-2023-cü iş ili üçün 1 təqvim günü olmaqla, cəmi 17 təqvim günü əsas əmək məzuniyyətinə buraxılmışdır. xx.xx.2022-ci il tarixli Xəbərdarlıqdan görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixində iş vaxtının 08:00-da başlanmasına baxmayaraq istehsalata 08:50-də daxil olduğuna, işə məsuliyyətsiz yanaşdığına görə xəbərdarlıq edilmişdir. xx.xx.2022-ci il tarixli 65 saylı Əmrdən görünür ki, Əmək Məcəlləsinin 10-cu maddəsinin “b” bəndini və Əmək Məcəlləsinin 3.3-cü maddəsinin tələblərini pozduğuna görə iddiaçıya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xx.xx.2022-ci il tarixdə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. xx.xx.2022-ci il tarixli Aktdan görünür ki, “X20 Group" MMC-də "Dönərçi” peşəsində çalışan əməkdaş İddiaçı xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixi daxil olmaqla 3 (üç) iş günü ərzində işəgötürənə heç bir məlumat vermədən və üzrlü səbəb göstərmədən işə gəlməmişdir. Bununla da işçi Əmək Məcəlləsinin 10-cu maddəsinin "b" bəndini və Əmək Müqaviləsinin 3.3-cü maddəsinin tələblərini pozaraq müəssinənin daxili nizamintizam qaydalarına əməl etməmişdir. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə Turniket məlumatlarından görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə saat 10:25:01 radəsində işə daxil olmuşdur. xx.xx.2022-ci il tarixli 67 saylı Əmək müqaviləsinə xitam verilməsi barədə Əmrdən görünür ki, iddiaçı ilə bağlanılmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə, «AR ƏMnln 70 nömrəli maddəsinin "ç" işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda» bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi səbəbdən xx.xx.2022-ci tarixindən xitam verilmiş, işçinin xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixinə qədər istifadə edilməmiş 4 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli **********1 saylı məktubdan görünür ki, “X20 Group" MMC-nin rəhbərliyi tərəfindən X12 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim olunnuş məktub və sənədlərdən xx.xx.2022-ci il tarixdən 15.05 2022-ci il tarix daxil olmaqla əmək məzuniyyətində olduğunuzu və işə başlama tarixi xx.xx.2022-ci il olduğu halda xx.xx.2022-ci il tarixi daxil olmaçla üç iş günü ərzində heç bir üzürlü səbəb göstərilmədən işə gəlmədiyiniz məlum olmuşdur. Həmçinin müəssisənin rəhbərliyi tərəfindən təqdim olunmuş sənədlərdən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməyiniz səbəbindən Sizinlə müəssisə arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verildiyi və son haqqhesabınızın Sizə ödənildiyi məlum olmuşdur. Həmçinin bildirir ki, müəssisə tərəfindən təqdim olunmuş vəzifə təlimatınızda qeyd olunmuş istehsalatla bağlı zərurət yarandığı hallarda iş vaxtından artıq işə cəlb olunmağınıza razılıq verdiyiniz və iş vaxtının uçotu cədvəllərinə əsasən iş vaxtından artıq işə cəlb olunduğunuz günlərdə Sizə qanunvericiliyin tələblərinə uyğun olaraq əməkhaqqınıza əlavələr müəyyən edilməklə ödənildiyi, eləcə də işlədiyiniz iş illəri üzrə əmək məzuniyyətindən istifadə etdiyiniz məlum olmuşdur. Eyni zamanda təqdim edilmiş sənədlərdə Sizinlə “X21 Group MMC arasında bağlanmış əmək müqaviləsinin bir nüsxəsi tərəfinizdən imzalanaraq alındığı məlum olmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.1-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı xx.xx.2019-cu il tarixdən dönərçi vəzifəsinə (peşəsinə) işə qəbul edilmiş, iddiaçı ilə bağlanılmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə, «AR ƏM-nln 70 nömrəli maddəsinin "ç" işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda» bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi səbəbdən xx.xx.2022-ci tarixindən xitam verilmişdir. Məhkəmə qeyd edir ki, hər hansı tələb üzrə hüquqi dəyərləndirmə prosesi ilk növbədə həmin tələbin qanuni əsasının tapılmasından və istinad olunan faktiki halların həmin tələbin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə də, əgər irəli sürülmüş tələbin qanuni əsası tapılmırsa və ya faktiki hallar istinad olunan qanuni əsasın şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Əksinə iş materiallarından aydın olur ki, iddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixi daxil olmaqla 17 təqvim günü əsas əmək məzuniyyətinə buraxılmış, işə çıxma vaxtı 16 may 2022-ci il tarix olmasına baxmayaraq, 16-18 may 2022-ci il tarixlərdə işə gəlməmiş, bununla da iddiaçı işdə işin və əmək intizamının normal ahəngini pozmuşdur ki, bu hal da cavabdehə iddiaçı ilə bağlanmış əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən ləğv etməsi üçün əsas verir. Eyni zamanda iddiaçı tərəfindən göstərilən halların təkzib edilməsinə dair hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmiş, o cümlədən iddiaçı barəsində qəbul edilmiş əmrin ləğv edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Bundan başqa, iş materiallarında olan xx.xx.2022-ci il tarixli **********1 saylı məktubdan göründüyü kimi iddiaçının şikayəti əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 tərəfindən müvafiq araşdırma aparılmış, cavabdeh tərəfindən iddiaçının işdən azad olunmasında hər hansı bir qanun pozuntusu müəyyən edilməmişdir. Habelə, iddiaçının vəsatəti əsasında məhkəmə iclasında dindirilmiş şahidlər ifadələrində iddiaçının 16-18 may 2022-ci il tarixlərdə işə gəlməsi barədə ya məlumatlarının olmamasını, ya da xatırlamadıqlarını bildirmişlər. Eyni zamanda cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə Turniket məlumatlarına aid qrafikdən görünür ki, iddiaçı qeyd olunan tarixlərdə ona məxsus kartı turniketə daxil etməmiş, heç bir üzrlü səbəb olmadan və işə götürənə heç bir məlumat vermədən iş yerinə gəlməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, göstərilən əsasla cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi qanuni və əsaslı olmuşdur. Bundan başqa, məhkəmə qeyd edir ki, iddiaçı hazırki tələblərini irəli sürmək üçün qanunvericiliklə müəyyən edilmiş müddəti ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 (bir) təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Hazırki işin hallarından da göründüyü kimi, iddiaçı xx.xx.2022-ci il tarixdə işdən azad olunsa da, eyni zamanda həmin tarixdən hüququnun pozulduğunu bildiyi halda, iddiaçı işdən azad olunmasına dair əmri yalnız təqribən 2 aydan sonra ilkin mediasiya sessiyasına müraciət etməklə mübahisələndirmişdir. Bununla da iddiaçı əmri mübahisələndirmək üçün qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürmüşdür. İddia tələbinin məcburi iş buraxma müddəti içün faktiki olaraq işə başladığı anadək əmək haqqı ödənilməklə, iddiaçının əsas iş yeri üzrə işinə (həmin vəzifəyə) bərpa olunması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin tələb əmrin ləğv edilməsinə əsaslanmaqla ondan asılı olduğundan və həmin tələb üzrə iddia yuxarıda göstərilənlərə əsasən rədd edildiyindən məhkəmə hesab edir ki, iddia tələbi göstərilən hissədə də əsassız hesab olunmaqla təmin oluna bilməz. Məhkəmə iddia tələbinin istifadə olunmamış məzuniyyət günlərinə mütanasib olaraq məzuniyyət haqlarının və iş vaxtından artıq iş saatlarının cavabdeh tərəfindən hesablanması və ödənilməsi hissələri ilə bağlı qeyd edir ki, məhkəmə tədqiqatı zamanı iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən ona son haqq-hesabın ödənildiyi, iş vaxtından artıq işə cəlb olunduğu günlərdə əməkhaqqına əlavələr müəyyən edilməklə ödənildiyi, eləcə də işlədiyi iş illəri üzrə əmək məzuniyyətindən istifadə etdiyi müəyyən olunmuşdur. İddiaçı tərəfindən isə göstərilən halları təkzib edən hər hansı bir sübutu məhkəməyə təqdim edilməmişdir. İddiaçının, X1 və X3 əməllərində cinayət tərkibi olduğundan barələrində xüsusi qərardad çıxarılması barədə vəsatətinə münasibətdə məhkəmə qeyd edir ki, tələb üzrə adıçəkilən şəxslərin əməllərində cinayətin əlamətləri müəyyən edilməmiş, eyni zamanda iddiaçı həmin şəxslərin əməllərində cinayətin əlamətlərinin olması barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-393/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-393/2023
05.05.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver