Məhkəmə qərarları › İş №2(006)-3951/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3951/2021

11.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3951/2021 11.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı «nikahın etibarsız hesab olunması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı «nikahın etibarsız hesab olunması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum əri X2 ilə Cavabdeh2 arasında bağlanmış və Cavabdeh1ndə təsdiq olunmuş nikahın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, X2 ilə nikahlarını 14.04.1982-ci il tarixdə rəsmiləşdirməklə evlənmişlər. Birgə nikahlarından 05.12.1984-cü il tarixdə Asif, 29.01.1986-cı il tarixdə Xədicə, 29.03.1987-ci il tarixdə Ruziyyə adlı üç uşaqları doğulmuşdur. Hər üç uşaq yetkinlik yaşına çatmışlar, ailə qurmuşlar və öz ailələri ilə birlikdə yaşayırlar. Oğlu Asif ailəsi ilə birlikdə onlarla yaşamaqda davam edir. Ailədə yaşadıqları müddətdə dava-dalaşları olmamışdır, birgə yaşaimış və birgə təsərrüfat aparmışlar, uşaqları böyüdüb boya-başa çatdırmışlar. Birgə yaşadıqları müddətdə əri Elman Məsimov heç bir səbəb olmadan nikahlarının pozulması iddiası ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ona məlumat vermədən 25 yanvar 2017-ci il tarixli 2(012)- 482/2017 saylı qiyabi qətnamə ilə iddianı təmin etmiş və qətnaməni ona təqdim etmədən icra olunması üçün Cavabdeh1nə göndərmişdir. Cavabdeh1 onların arasında olan nikahın ləğv olunması barədə şəhadətnamə vermişdir. Sonradan o, bu haqda məlumat aldıqdan sonra ərizə ilə məhkəməyə müraciət edərək, qiyabi qətnamənin ləğv olunmasını xahiş etmişdir. Məhkəmə şikayətinə baxaraq onu təmin etmiş və mülki işi baxılması üçün növbəti iclasa təyin etmişdir. Onlar birgə yaşamaqda davam etdiklərinə görə məhkəmə iclaslarına gəlməmişlər və mülki iş məhkəmənin qərardadı ilə baxılmamış saxlanılmışdır. Beləliklə, nikahlarının pozulması məhkəmədə baş tutmamışdır. Qeyd edir ki, əri qiyabi qətnamə ilə nikahlarını pozdurduqdan sonra Cavabdeh2 ilə nikaha girmiş və nikahlarını Cavabdeh1ndə rəsmiləşdirmişlər. Az müddətdə nikahda olsalar da, sonradan qeydiyyat şöbəsində nikahlarını könüllü razılıq əsasında pozdurmuşlar. Onların nikahları pozulmuş olsa da, ərinin vəfatından sonra onun müəyyən hüquqlarını pozulur. Onu da qeyd edir ki, o, ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayon Məhkəməsinin 25 yanvar 2017-ci il tarixli 2(012)-482/2017 saylı qiyabi qətnamənin icrasında dönüş edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 17 mart 2021-ci il tarixli 8(012)-198/2021 saylı qərardadı ilə ərizəsi təmin edilmiş və onunla X2 arasındakı nikah bərpa olunmuşdur. Belə olan təqdirdə X2 ilə Cavabdeh2 arasındakı nikah etibarsız hesab edilməlidir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Qeydiyyat şöbəsinin nümayəndəsi və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlər Cavabdeh1 nümayəndəsinin və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin 24 iyul 2021-ci il tarixli məktubundan görünür ki, X2 ilə İddiaçı arasında nikah 14.04.1982-ci il tarixdə Nəsimi rayon Qeydiyyat şöbəsində bağlanmış, nikahın pozulması isə 15.07.2017-ci il tarixdə Cavabdeh1ndə qeydə alınmış, X2 ilə Cavabdeh2 arasında nikah 24.08.2017-ci il tarixdə 3 saylı Bakı «ASAN xidmət» mərkəzində Qeydiyyat şöbəsində bağlanmış, nikahın pozulması isə 14.08.2018-ci il tarixdə Cavabdeh1ndə qeydə alınmışdır. - Abşeron Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli 8(012)-198/2021 saylı qərardadından görünür ki, qiyabi qətnamənin icrasında dönüş edilməsi barədə ərizə təmin edilərək məhkəmənin 25 yanvar 2017-ci il tarixli 2(012)-482/2017 saylı qiyabi qətnaməsinin icrasında dönüş edilərək iddiaçı ilə X2 arasında 14.04.1982-ci il tarixdə bağlanmış və həmin tarixdə Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən nikahının bağlanılması haqqında akt qeydləri kitabında 221 № ilə qeydə alınmış nikah qeydinin bərpası, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. - 24.08.2017-ci il tarixdə bağlanmış nikah müqaviləsindən görünür ki, X2 ilə Cavabdeh2 arasında 24.08.2017-ci il tarixdə bağlanmış nikah müqaviləsi həmin tarixdə 3 saylı ASAN xidmət mərkəziin notariat kontorunda təsdiq edilmişdir. - 23.02.2021-ci il tarixdə Cavabdeh1 tərəfindən verilmiş AZ-İİ № 163973 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 03.01.2021-ci il tarixdə vəfat etmişdir. İddiaçının nümayəndəsinin izahatından və Abşeron Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli 8(012)-198/2021 saylı qərardadından məlum olur ki, Abşeron Rayon Məhkəməsinin 25 yanvar 2017-ci il tarixli 2(012)-482/2017 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilərək iddiaçı X2 ilə cavabdeh Məsimova (Quliyeva) Əzizgül Qulu qızı arasında 14.04.1982-ci il tarixdə bağlanmış və həmin tarixdə Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən nikahının bağlanılması haqqında akt qeydləri kitabında 221 № ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir. İddiaçı 01.06.2018-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin 25 yanvar 2017-ci il tarixli 2(012)-482/2017 saylı qiyabi qətnaməsinin ləğv edilməsi barədə ərizə ilə müraciət etmiş və Abşeron Rayon Məhkəməsinin 01.06.2018-ci il tarixli 2(012)-4200/2018 saylı qərardadı ilə Abşeron Rayon Məhkəməsinin sözügedən qiyabi qətnaməsinin ləğv edilməsi qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin 15 noyabr 2018-ci il tarixli 2(012)-482/2018 saylı qərardadı ilə isə Azərbaycan Respublikasının MPM-nin 259.0.6-cı maddəsinə əsasən iddiaçı X1 cavabdeh Məsimova (Quliyeva) Əzizgül Qulu qızına qarşı nikahın pozulması tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. İddiaçı 2021-ci ilin mart ayında qiyabi qətnamənin icrasında dönüş edilməsi barədə ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 17 mart 2021-ci il tarixli 8(012)-198/2021 saylı qərardadı ilə ərizə qismən təmin edilmişdir. Hazırki iş üzrə iddiaçı Abşeron Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli 8(012)-198/2021 saylı qərardadına istinad edərək X2 ilə Cavabdeh2 arasındakı nikahın etibarsız hesab edilməli olmasını iddia edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.1-ci maddəsinə əsasən bu Məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanmış nikah (saxta nikah) etibarsız sayılır. Həmin Məcəllənin 26.1, 26.1.5-ci maddəsinə əsasən pozulmamış əvvəlki nikah üzrə ər (arvad) nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdir. İşin materiallarından göründüyü kimi, X2 ilə İddiaçı arasında 14.04.1982-ci il tarixdə Nəsimi rayon Qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması 15.07.2017-ci il tarixdə Cavabdeh1ndə qeydə alınmışdır. Nikahın pozulmasına əsas Abşeron Rayon Məhkəməsinin 25 yanvar 2017-ci il tarixli 2(012)-482/2017 saylı qiyabi qətnaməsi olmuşdur. Həmçinin, iş materiallarından görünür ki, X2 ilə Cavabdeh2 arasında nikah 24.08.2017-ci il tarixdə 3 saylı Bakı «ASAN xidmət» mərkəzində Qeydiyyat şöbəsində bağlanmış və bu nikah 14.08.2018-ci il tarixdə də pozulmuşdur. Məhkəmə qeyd edir ki, İddiaçı 01.06.2018-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin 25 yanvar 2017-ci il tarixli 2(012)-482/2017 saylı qiyabi qətnaməsinin ləğv edilməsi barədə ərizə ilə müraciət edərkən Abşeron Rayon Məhkəməsinin 25 yanvar 2017-ci il tarixli 2(012)-482/2017 saylı qiyabi qətnaməsi artıq icra edilmişdir. Başqa sözlə, həmin vaxt X2 ilə Cavabdeh2 arasında nikah qüvvədə idi. Abşeron Rayon Məhkəməsinin 01.06.2018-ci il tarixli 2(012)-4200/2018 saylı qərardadı ilə sözügedən qiyabi qətnamənin ləğv edilməsi, sonradan iddiaçı X1 cavabdeh Məsimova (Quliyeva) Əzizgül Qulu qızına qarşı nikahın pozulması tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılmasının qərara alınmasına dair 15 noyabr 2018-ci il tarixli 2(012)-482/2018 saylı həmin məhkəmənin qərardadı qəbul edilən dövrdə isə X2 ilə Cavabdeh2 arasında 24.08.2017-ci il tarixdə bağlanmış nikah artıq 14.08.2018-ci il tarixdə pozulmuşdur. Başqa sözlə, iddiaçı X1 cavabdeh Məsimova (Quliyeva) Əzizgül Qulu qızına qarşı nikahın pozulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılarkən artıq iddiaçı X1 ikinci nikahının pozulması da qeydə alınmışdır. Məhkəmə hesab edir ki, Abşeron Rayon Məhkəməsinin qiyabi qətnaməsinin icrasında dönüşlə bağlı 17 mart 2021-ci il tarixli 8(012)-198/2021 saylı qərardadı qüvvədə olsa da, bu hazırki iddianın əsaslı olması üçün hüquqi əsas yaratmır. Məhkəmə bu qənaətə gələrkən həmçinin aşağıdakıları nəzərə almışdır. Belə ki, məhkəmə iddiaçının keçmiş əri X2 ilə arasındakı nikahları pozulmuş olsa da, ərinin vəfatından sonra onun müəyyən hüquqlarının pozulması ilə bağlı dəlilinə qiymət verərək qeyd edir ki, işin materiallarından görünür ki, iddiaçı keçmiş ərinin 2021-ci ilin yanvar ayında vəfatından sonra həmin ilin mart ayında qiyabi qətnamənin icrasında dönüş edilməsi, nikah qeydinin bərpa edilərək nikah şəhadətnaməsinin verilməsi barədə ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı tərəf belə bir ərizə ilə mülki işin 15.11.2018-ci il tarixdə məhkəmənin qərardadı ilə baxılmamış saxlanıldıqdan sonra, keçmiş həyat yoldaşının sağlığında ikən müraciət etməməsinin səbəblərini izah edə bilməmişdir. Həmçinin, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçı qeyd edilən ərizə ilə 2021-ci ilin mart ayında Abşeron Rayon Məhkəməsinə sözügedən ərizə ilə müraciət edərkən keçmiş ərinin ikinci nikahının bağlanması və pozulmasının qeydə alınması faktları barədə məlumatlı olsa da, özünə məlum olan səbəblərdən bu barədə həmin məhkəməyə məlumat verməmişdir. Məhkəmə hesab edir ki, etibarsız sayılması tələb edilən nikah bağlanarkən X2 ilə İddiaçı arasında nikahın artıq pozulmuşdur və pozulma qeydə alınarkən Ailə Məcəlləsinin normalarının tələbləri pozulmamış, bununla bağlı qanuni qüvvəsini almış məhkəmə qətnaməsi qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Belə olan halda isə X2 ilə Cavabdeh2 arasında nikah bağlanarkən həmin dövrdəki vəziyyətə görə bu nikahın qeydə alınmasına mane olan hər hansı hal mövcud olmamış, həmin nikah da sonradan qanunvericiliyin tələblərinə uyğun qaydada pozulmuşdur. Beləliklə də, məhkəmənin qənaətinə görə X2 ilə Cavabdeh2 arasındakı nikahın etibarsız hesab edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İş materiallarından göründüyü kimi, iddiaçı cavabdehlərə qarşı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı «nikahın etibarsız hesab olunması» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı «nikahın etibarsız hesab olunması» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar