Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3955/2025 18.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X8 oğlunun katibliyi, Cavabdeh QSC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh QSC-yə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçı barəsində verilmiş xx.xx.2025-ci il tarixli 213/25 nömrəli əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddətində əmək haqqının 950 manat olmaqla hesablanaraq ödənilməsi, 135 manat hüquqi yardım üçün ödənilmiş vəsaitin və 60 manat mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2022-ci il tarixdən etibarən Cavabdeh QSC-də sifariş yığımı üzrə qrup rəhbəri vəzifəsində çalışmışdır. Əmək haqqı 950 manat təşkil etmişdir. 30 aprel 2025-ci il tarixli 213/25 nömrəli əmr ilə guya əmək funksiyalarını yerinə yetirmədiyi və digər işçilərin paletləri anbar sahəsindən çıxarılmasına nəzarət etmədiyi üçün əmək müqaviləsinə xitam verilmişdir. Lakin iddiaçının vəzifə funksiyalarına digər əməkdaşlara və onların anbar daxilindəki fəaliyyətinə nəzarət etmək və ya onların inzibati fəaliyyətini yoxlamaq daxil olmamışdır. Bu məsuliyyət nə iddiaçının vəzifə təlimatında, nə də gündəlik iş rejimində nəzərdə tutulmamışdır. Cavabdehin əmri ilə göstərilən “əmək funksiyasının pozulması” faktiki və hüquqi əsaslardan məhrumdur. İddiaçıya verilmiş heç bir yazılı xəbərdarlıq və ya izahat tələbi olmadan birbaşa xitam verilməsi, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin və 186-cı maddəsinin 2ci hissəsinin “ç” bəndinin tətbiqinə əsas olmayacaq qədər əsassızdır. İddiaçı məsələ ilə bağlı əvvəlcə mediasiya orqanına müraciət etmiş, lakin nəticə əldə edilmədiyi üçün məhkəmə mübahisəsi açmağa qərar vermişdir. Pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qaldığı üçün iddiaçı qanunvericiliyin tələblərinə görə ilk öncə 8 saylı Mediasiya təşkilatına xx.xx.2025-ci il tarixli 213/25 nömrəli əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddətində əmək haqqının hesablanması ilə bağlı müraciət etmişdir. Nəticədə “İlkin mediasiya prosesindən sonra prosesin davam etdirilə bilməməsi” barədə xx.xx.2025-ci il tarixli arayış verilmiş və məsələnin məhkəmə qaydasında həlli ona izah edilmişdir. İddiaçı vəzifə funksiyalarına digər əməkdaşlara və onların anbar daxilindəki fəaliyyətinə nəzarət etmək və ya onların inzibati fəaliyyətini yoxlamaq daxil olmamışdır. Hətta olmuş olsa idi, işəgötürən tərəfindən birbaşa əmək müqaviləsinə pozuntu ilə xitam verməsi qanunsuzdur. Hər hansı pozuntuya yol verməmiş, barəsində hər hansı intizam tənbehi tətbiq edilməmişdir. İddianın məhkəmədə qaldırılması üçün 135 manat hüquqi yardım alması və 60 manat mediasiya xərci olmaqla ümumilikdə 195 manat xərci çıxmışdır.
3. Cavabdeh QSC iddia ərizəsinə etiraz təqdim edərək, iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı ilə şirkət arasında xx.xx.2022-ci il tarixdə 3715 saylı əmək müqaviləsi imzalanmış və anbar işçisi vəzifəsinə qəbul edilmişdir. Daha sonra xx.xx.2023-cü il tarixli dəyişikliklə işçi sektor müdiri vəzifəsinə təyin edilmişdir. Sözügedən əmək müqaviləsinə qanunvericiliyin tələbinə əsasən xx.xx.2025-ci il tarixli, 213/25 nömrəli əmrlə xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ”ç“ bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verilmiş və ona son haqq-hesab ödənilmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, “onun əmək funksiyalarına digər əməkdaşlara və onların anbar daxilindəki fəaliyyətlərinə nəzarət etmək və ya inzibati fəaliyyətini yoxlamaq daxil olmamışdır”. Lakin qeyd olunanlar həqiqəti əks etdirmir. İşçinin sektor müdiri vəzifəsi üzrə xx.xx.2023-cü il tarixli “vəzifə təlimatı”nda onun məsul olduğu sektorda dərman vasitələrinin düzgün və vaxtında mədaxil olunması, qəbulu və yerləşdirilməsinə nəzarət, məsul olduğu sektorda malın hərəkəti haqqında uçotun düzgün aparılması və digər başqa bir sıra mühüm vəzifələr öz əksini tapmışdır. İşçi həmin vəzifə funksiyalarından irəli gələn əmək funksiyalarını layiqincə yerinə yetirməmiş və birbaşa olaraq ona tabe olmuş işçilərin fəaliyyətinə nəzarəti düzgün yerinə yetirməyərək işin, əmək və icra intizamının normal ahənginin pozulmasında iştirak etmiş və işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan dəyməsinə səbəb olmuşdur. Həmin malların hərəkəti, eyni zamanda anbara malların daxil olması paletlər üzərindən iddiaçının fəaliyyətinə nəzarət etdiyi işçilər vasitəsilə həyata keçirilir və bundan sonra paletlər anbar ərazisində müvafiq yerdə yığılaraq anbardan çıxarılır. Bütün bu işçilərə nəzarətin həyata keçirilməsi də iddiaçı tərəfindən yerinə yetirilməli olduğu halda, onun tərəfindən laqeydlik göstərilmiş və icra edilməmişdir. İddiaçının ərizəsində qeyd etdiyi “ona verilmiş heç bir yazılı xəbərdarlıq və ya izahat tələbi olmadan birbaşa xitam verilməsi, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin və 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndinin tətbiqinə əsas olmayacaq qədər əsassızdır” deyə arqumentləri özlüyündə əsassızdır, həqiqəti və qanunvericiliyin tələblərini əks etdirmişdir. Belə ki, xx.xx.2025-ci il tarixdə şirkətin Abşeron rayonu, Donuzkökəltmə sovxozu ərazisi, 283-cü Hövsan 30 ünvanında yerləşən anbarında taxta paletlərin surətli şəkildə azalması ilə bağlı Daxili araşdırma komissiyasının yaradılması haqqında 148/25A nömrəli əmr verilmiş və anbarda müvafiq araşdırmalara başlanmışdır. Araşdırma çərçivəsində Anbar meneceri, növbə rəisi və Logistika üzrə direktor tərəfindən xx.xx.2025-ci il tarixli akt tərtib edilmiş və işçi tərəfindən əmək intizamının pozulması aşkar edilmişdir. Daha sonra həmin akta əsasən Logistika üzrə direktor Vidadi Hümmət tərəfindən şirkətin rəhbərliyinə xx.xx.2025-ci il tarixli təqdimatla müraciət edilmişdir. Həmin təqdimata əsasən daxili araşdırma çərçivəsində İddiaçı izahatı alınmış və aşkar olunmuş fakt iddiaçının öz izahatı ilə onun tərəfindən etiraf edilmişdir. İşçinin ondan araşdırma çərçivəsində heç bir izahat alınmaması qeydləri həqiqəti əks etdirmir. İddiaçı tərəfindən hətta olmuş olsa idi, işəgötürən tərəfindən birbaşa əmək müqaviləsinə pozuntu ilə xitam verilməsi qanunsuzdur ifadələri də qanunvericiliyin tələblərini əks etdirmir.
a) Məhkəmə prosesi:
5. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
6. Məhkəmə iclasında Cavabdeh QSC-nin nümayəndəsi Nümayəndə2 işə mahiyyəti üzrə baxılmasını və iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi.
7. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) İş materialları:
8. İddiaçı ******* nömrəli əmək kitabçasından görünür ki, o, xx.xx.2022-ci il tarixdə Cavabdeh QSC-yə anbar işçisi vəzifəsinə, xx.xx.2023-cü il tarixdə sektor müdiri vəzifəsinə, xx.xx.2024-cü il tarixdə isə sifariş yığımı üzrə qrup rəhbəri vəzifəsinə təyin edilmişdir. xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əmək müqaviləsinə xitam verilmişdir.
9. İddiaçı ilə cavabdeh arasında bağlanmış 3715 №-li xx.xx.2022-ci il tarixli əmək müqaviləsindən görünür ki, iddiaçı anbar işçisi vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi müddətli bağlanmış və müddətin bitməsi vaxtı xx.xx.2023-cü il müəyyən edilmişdir.
10. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli tam maddi məsuliyyət haqqında nümunəvi fərdi müqavilədən görünür ki:
1. Ona rəhbərlik tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunmasını, görüləcək işi layiqincə yerinə yetirilməsini, aşağıdakı vəzifələrə əməl edilməsini tam məsuliyyəti ilə öz üzərinə götürür: a) Ona etibar edilmiş maddi sərvətlərə və həvalə olunmuş işlərə tam qayğı ilə yanaşmalıdır. Müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamalıdır və ziyankarlığa qarşı mübariz olmalıdır. b) Öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi barədə müəssisə rəhbərliyinə vaxtıvaxtında məlumat verməli və lazım gəldikdə təhlükəli vəziyyətin səbəblərini araşdırmalıdır. c) Ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və başqa görüləcək işlərin dəqiq uçotunu aparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib tələb olunan yerlərə təqdim etməlidir. ç) Ona etibar edilmiş maddi sərvətlərin inventarizasiyasında iştirak etməlidir.
5. Bu müqavilə maddi məsul şəxsin işlədiyi və ona etibar edilmiş maddi sərvətlərin saxlandığı bütün dövr ərzində etibarlıdır (qüvvədədir).
11. Tərəflər arasında bağlanmış əmək müqaviləsinə dəyişiklik haqqında müqavilədən görünür ki, iddiaçı Cavabdeh QSC, Logistika departamenti, Anbarın idarə edilməsi şöbəsi, Bakı şəhəri, Binəqədi rayonu, Binə qəs., Donuzkökəltmə savxozunda Sifariş yığımı üzrə qrup rəhbəri vəzifəsinə təyin edilmiş, müqaviləyə dəyişiklik xx.xx.2024-cü il tarixdə qüvvəyə minmişdir. Həmin müqavilənin 3.1-ci maddəsinə görə işçi aşağıdakı əmək funksiyasının icrasını öhdəsinə götümüşdür: Tabeçiliyində olan heyəti idarə etmək, məsuliyyətli olduğu sektor üzrə hər bir prosesə dair cavabdehlik daşımaq, sektora gələn məhsulların giriş çıxışına nəzarət etmək, sektorda görülən işlərin gündəlik, həftəlik və aylıq hesabatını anbar müdirinə təqdim etmək, məsuliyyətli olduğu sektor üzrə əməkdaşların nizam-intizamına nəzarət etmək, əmək və istehsal intizamının, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarına riayət etmək, əməyin mühafizəsi, əməkicra intizamı, yanğından mühafizə normaları, texniki təhlükəsizlik, sanitar-gigiyena və mülkimüdafiə qaydalarına riayət etmək, rəhbərlik tərəfindən verilən vəzifəsinin icrası ilə əlaqədar digər tapşırıqları yerinə yetirmək, tebeçiliyində olan heyəti idarə etmək, məsliyyətli olduğu sektor üzrə hər bir prosesə dair cavabdehlik daşımaq.
12. 3715 №-li xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi haqqında xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, iddiaçı sektor müdiri vəzifəsinə işə qəbul edilmişdir.
13. Cavabdeh QSC üzrə əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli 213/25 №-li əmrdən görünür ki, Cavabdeh QSC-nin müvafiq struktur bölmələrinə Cəmiyyətə məxsus Bakı şəhəri, Abşeron rayonu Donuzkökəltmə sovxozu ərazisi, 283-cü Hövsan 30 ünvanında yerləşən anbarında taxta paletlərin surətli şəkildə azalması ilə bağlı məlumat daxil olmuşdur. Bununla əlaqədar cəmiyyətin xx.xx.2025-ci i tarixli 148 №-li əmrinə əsasən müvafiq araşdırma komissiyası yaradılmışdır. Komissiya tərəfindən aparılmış araşdırma çərçivəsində anbarda mövcud olan kameralara baxış keçirilməsi nəticəsində işçilər X6, X4 və İddiaçı hərəkətləri diqqəti çəkmişdir. Daxili araşdırma çərçivəsində xx.xx.2025-ci il tarixli öz izahatlarında X6 və X4 ümumi bazar dəyəri 36.000 manat təşkil edən 3000 ədəd yevro taxta paletləri anbar ərazisindən kənara çıxardıqlarını, İddiaçı isə bir neçə dəfə sonuncular tərəfindən sözügedən paletlərin çıxarılması prosesinə şahid olduğu halda onlara mane olmadığını etiraf etmişdir. Adları çəkilən işçilər tərəfindən yol verilmiş hərəkətlər müvafiq tarixlər üzrə kamera görüntülərində öz əksini tapmışdır. İşəgötürən tərəfindən əmək intizamının pozulması xx.xx.2025-ci il tarixdə aşkar edilmişdir. İşçi tərəfindən yol verilən hal, işçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi hesab olunmaqla, onunla xx.xx.2024-cü il tarixdə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi zərurəti yaranmışdır. Cəmiyyətdə işçilər arasında intizamın möhkəmləndirilməsini, gələcəkdə belə mənfi halların qarşısının alınmasını təmin etmək məqsədilə İddiaçı barəsində Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndində müəyyən edilmiş intizam tənbehinin verilməsi zəruri hesab olunmuşdur. Nəticə olaraq iddiaçının əmək müqaviləsinin AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla xx.xx.2025-ci il tarixdə ləğv edilməsi və həmin tarixdən işdən azad edilməsi əmr edilmişdir.
14. Cavabdeh QSC-nin xx.xx.2025-ci il tarixli 148/25A №-li daxili araşdırma komissiyasının yaradılması haqqında əmrindən görünür ki, Bakı şəhəri Abşeron rayonu Donuzkökəltmə sovxozu ərazisi 283-cü Hövsan 30 ünvanında yerləşən anbarında taxta paletlərin surətli şəkildə azalması ilə bağlı məlumat daxil olmuş, qeyd edilən məsələ ilə bağlı araşdırma aparılması məqsədilə cəmiyyətdə daxili araşdırma komissiyasının yaradılması və s. əmr edilmişdir.
15. Cavabdeh QSC-nin əməkdaşları – Məmmədov Samir, Əlibabayev Əmrah və Hümmət Vidadi tərəfindən imzalanmış xx.xx.2025-ci il tarixli “daxili əmək intizamının pozulması haqqında” aktda qeyd olunmuşdur ki, xx.xx.2025-ci il tarixdə Cavabdeh QSC-yə məxsus Bakı şəhər Binə qəsəbəsi Donuzkökəltmə sovxozunda yerləşən anbarda təxminən 3000 ədəd olan yevro palet texniki işçi vəzifəsində çalışan X6, sifariş yığımı üzrə qrup rəhbəri vəzifəsində çalışan İddiaçı və sifariş toplayıcı vəzifəsində çalışan X4 tərəfindən icazəsiz şəkildə anbar ərazisindən kənara çıxarılması aşkarlanmışdır. İlkin şifahi izahatlara görə adı çəkilən işçilər qeyd olunan paletləri ərazidən çıxarmalarını təsdiq edirlər.
16. İddiaçı xx.xx.2025-ci il tarixli izahatında qeyd etmişdir ki, o, binə anbarında işlədiyi müddətdə cavabdeh olduğu ərazidə qırıq paletlərin çıxarılmasını görmüş və bir neçə dəfə qırıq paletlərin yanında sağlam paletlər də görmüşdür. Bu paletlərin pompers zonasında yerdə olan məhsulların altına qoyulacağını bilmişdir. Təzədən gedib ərazini yoxlamamışdır. İş yorğunluğu və şəxsi problemlərinə görə. Ərizəni özü yazmış, heç bir müdaxilə olmamışdır.
17. Cavabdeh QSC üzrə əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli 211/25 №-li əmrdən görünür ki, X5 əmək müqaviləsinin AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla xx.xx.2025-ci il tarixdə ləğv edilməsi və onun həmin tarixdən işdən azad edilməsi əmr edilmişdir.
18. Cavabdeh QSC üzrə əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli 212/25 №-li əmrdən görünür ki, X2 əmək müqaviləsinin AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla xx.xx.2025-ci il tarixdə ləğv edilməsi və onun həmin tarixdən işdən azad edilməsi əmr edilmişdir.
19. X4 xx.xx.2025-ci il tarixli izahatında qeyd etmişdir ki, ona tapşırıq verilmişdir ki, paletləri yığıb aparıb qoysun. Ərazidən yığıb, aparıb qoyurdu ora ki, orda düzəldəcəklər. O da aparıb qoyurdu ora. O yerdə Əli göstərdi ki, bura qoyarsan. Sağlam paletləri də aparırdı. X9 verirdi. Ona da 10-15 manat pul veriblər. Paletləri yığmağı Əli və Ümid göstəriş veriblər, o da Əli göstərdiyi yerə aparıb qoyub.
20. X6 xx.xx.2025-ci il tarixli izahatında qeyd etmişdir ki, palet olan məsələni qırıq paletləri yığıb qoymuşdur “celsini” ərazisinə. Bu tapşırığı Samir müəllim verib və o da aparıb qoymuşdur ora. Bunun qarşılığında 15 manat pul almışdır. Qırıq paletlərin arasında salamat palet olub.
21. X4 xx.xx.2025-ci il tarixli izahatında qeyd etmişdir ki, 2024-cü il tarixdən şirkətin Binədə yerləşən anbarında çalışır. Gördüyü iş anbara gələn sifarişləri toplamaq və yerləşdirmək olmuşdur. 2025-ci il fevral ayında Əli anbarda şöbə müdiri İddiaçı anbar ərazsində istifadəyə yararlı bazar dəyəri təxminən 12 azn olan paletləri yararsız paletlərlə qarışdıraraq GLC anbar ərazisinə daşımağı və orada satış üçün çıxarılması barədə göstəriş vermişdi. Bunun qarşılığında onlara 70- 80 manat pul verilirdi. Puldan ona 10-15 manat verirdi. Bütün bu göstərişləri onlara Bəhruz və Ümiddən gəlirdi. Onların işləri paletləri daşımaq olub. Bəhruz və Ümid məsələ şirkət tərəfindən aşkar olduqdan sonra hər gün onlara zəng edərək onları bu işin içində olduqlarını bildirməməyi, onları vəziyyətdən çıxarmağa məcbur edirdi ki, salamat paletləri bir ayağın sındır yığ, o da sındıra bilmədiyi üçün elə yığırdı və deyirdi ki, sektor müdirləridir ağıllı ol, soruşan olsa, bezləri aparıb pompersin altına qoymağa deyirdi. Ümidi o həmdə Vüqardan ehtiyatlı ol paletləri aşkarlamasın.
22. X6 xx.xx.2025-ci il tarixli izahatında qeyd etmişdir ki, 2022-ci il tarixdən etibarən şirkətin Binədə yerləşən Anbarında çalışır. Anbar ərazisində təmir işlərindən ibarət olmuşdur. 2024-cü ilin dekabrın sonlarından etibarən Anbarda şöbə müdiri vəzifəsində İddiaçı anbar ərazisində istifadəyə yararlı Bazar dəyəri təxminən 12 manat dəyərində olan paletlərin transpaletlə daşıyaraq GLC anbarının ərazisinə daşınması və oradan da satış üçün çıxarılması üçün 70-80 manat pul verilirdi. Bu pulları onlara GLC anbarının anbardarı Bəhruz Şəkərov tərəfindən onun bank kartına göndərilib. Ümid ona bildirmişdi ki, ortada onun adı olmasın. Paletləri rahatlıqla daşıyın. Nəsə olsa onluqdur. Ümid bu işi Bəhruzla planlaşdırdığını bildirmişdi. Onlar xalası oğlu Əfqanla sadəcə paletlərin öz anbarlarının ərazisindən GLC anbarına daşınması ilə məşğul olmuşdur. Paletlərin pulu Ümid ilə Bəhruza çatırdı. Paletlərin daşınması 2024-cü ilin dekabr ayından gündəlik 60-65 ədəd olmuşdur. Mühafizə əməkdaşları paletləri hara apardığını soruşduqda istifadəçi təchizatçı firma üçün qoyduğunu söyləmişdir. Əlavə olaraq onlara bildirmişdi ki, siz paletləri qoyduğunuz yerdən PM Azərbaycan işçisi Cəlal tərəfindən Bəhruzun təyin elədiyi yerə daşınacağını bildirmişdi. Onların orada işləri palet daşımaq olub. Həmin hadisə şirkət tərəfindən anbarın kamera görüntüləri vasitəsi ilə aşkar olunandan sonra Ümid və Bəhruz hər gün ona zəng edərək paletlərin çıxarılmasını onların təşkil etdiklərini bildirməməyi Ümidi və Bəhruzu vəziyyətdən çıxarmağı məcbur edirdilər.
23. Bakı 8 saylı Mediasiya təşkilatının xx.xx.2025-ci il tarixli MŞB/8/2025-01069 nömrəli X3 İştirak Edilməməsi barədə arayışından görünür ki, iddiaçı xx.xx.2025-ci il tarixdə mediasiyanın tətbiqi barədə təklif göndərmiş, İMS-də iddiaçı iştirak etsə də, cavabdehin nümayəndəsi iştirak etməmişdir. İddiaçı 50 manat İMS və 10 manat poçt-kargüzarlıq xərcini ödəmişdir.
24. İş materiallarına video-fayllar olan fləş-kart da əlavə edilmişdir. b) Tətbiq edilən hüquq:
24. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 2-ci maddə, 3. hissə. Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. 11-ci maddə, “a”, “b”, “c”, “d” bəndləri. bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək; işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarındandır. 68-ci maddə, 1-ci hissə. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddə, 2-ci hissə, “b” bəndi. tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 70-ci maddə, “ç” bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddə, 2-ci hissə. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 186-cı maddə, 1-ci hissə. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 186-cı maddə, 2-ci hissə, “a,” “b” və “ç” bəndləri. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona töhmət, sonuncu xəbərdarlıqla şiddətli töhmət verə, əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv edə bilər. 186-cı maddə, 3-cü hissə. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. 297-ci maddə. Fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır.
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1, 76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
26. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
27. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 100, 3-cü hissə. Məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır.
c) Məhkəmə tərəfindən müəyyən edilən hallar və məhkəmənin mövqeyi:
28. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsi əsasında yaranmış əmək münasibətləri mövcud olmuşdur. Cavabdeh QSC-nin xx.xx.2025-ci il tarixli əmri ilə Daxili araşdırma komissiyası yaradılmışdır. Komissiyanın yaradılmasının səbəbi cavabdehin Donuzkökəltmə sovxozu ərazisində olan anbarında surətli şəkildə paletlərin azalması olmuşdur. Araşdırma zamanı anbarın kameralarından cavabdeh şirkətin işçiləri (sifariş toplayıcı vəzifəsində işləyən X4 və texniki işçi vəzifəsində çalışan X6) tərəfindən şirkətə məxsus sağlam paletlərin anbardan çıxarıldığı müəyyən edilmişdir. İzahatı alınan X4 izahatında iddiaçının göstərişinə görə paletləri yığdığını və bunun qarşılığında ona 10-15 manat pul verildiyini bildirmişdir. İş üzrə mübahisəsiz məsələdir ki, paletlər GLC şirkətinə satılmışdır. Cavabdehin hüquq mühafizə orqanlarına müraciət etməməsinin səbəbi GLC şirkəti ilə razılaşaraq paletlərin geri qaytarılması olmuşdur. Məsələnin araşdırılması zamanı iddiaçıdan izahat alınmış və iddiaçı izahatında bildirmişdir ki, o, bir neçə dəfə işçilərin qırıq paletlər arasında sağlam paletləri də apardıqlarını görmüş, lakin iş yorğunluğu və şəxsi problemlərinin olması səbəbindən yenidən ərazini yoxlamamışdır. Araşdırma nəticəsində akt tərtib olunmuş, daha sonra işəgötürənin səlahiyyətli nümayəndəsinə təqdimat ünvanlanmışdır. Nəticədə hər üç işçi ilə bağlanmış əmək müqaviləsi xx.xx.2025-ci il tarixli əmrə əsasən xx.xx.2025-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilmişdir.
29. İddiaçının iddiasının birinci əsası odur ki, onun vəzifə funksiyalarına digər əməkdaşlara və onların anbar daxilindəki fəaliyyətinə nəzarət etmək və ya onların inzibati fəaliyyətini yoxlamaq daxil olmamışdır. İkincisi isə odur ki, onun əmək müqaviləsinin yazılı xəbərdarlıq və ya izahat tələbi olmadan birbaşa əmək müqaviləsinin ləğv edilməsidir.
30. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi dəlillər əsassızdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında olan əmək münasibətləri çərçivəsində iddiaçının tabeliyində olan, yəni iddiaçının rəhbəri olduğu qrupun işçisi olan X1 paletləri daşıması və bundan iddiaçının məlumatlı olması işin mübahisəsiz halıdır. İddiaçı paletlərin hara daşınması barədə məlumatı olmadığını iddia etsə də, izahatında qeyd edir ki, bir neçə dəfə bu halla qarşılaşmış və iş yorğunluğu, şəxsi problemləri kimi səbəblərdən gedib məsələni yoxlamamış, araşdırmamışdır. Bundan əlavə X4 və X6 izahatlarında (hətta onlarla bağlanmış əmək müqaviləsi ləğv edildikdən sonra da yazdıqları izahatlarda) sağlam paletlərin daşınması tapşırığını iddiaçıdan aldıqlarını qeyd etmişlər. İddiaçı həmin izahatların etibarsızlığı barədə hər hansı sübut təqdim etməmişdir. İddiaçı isə niyə belə izahat yazdıqları barədə fikrinin olmadığını, onları şahid kimi məhkəmə iclasına gətirə biləcəyini bildirsə də, növbəti məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh isə mahiyyəti üzrə işə baxılmasını xahiş etmişdir. Tərəflər arasında bağlanmış əmək müqaviləsində işçinin əmək funksiyaları qeyd edilmişdir. Həmin əmək funksiyalarından da görünür ki, iddiaçının məsuliyyətli olduğu sektor üzrə əməkdaşların nizam-intizamına nəzarət etmək, məsliyyətli olduğu sektor üzrə hər bir prosesə dair cavabdehlik daşımaq, əmək-icra intizamı qaydalarına riayət etmək kimi öhdəlikləri olmuş, lakin bu öhdəliklərinə əməl etməmiş, əmək funksiyalarını pozmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, işçinin başqasının (işəgötürənin) mülkiyyətində olan əşyaları müəssisədən qanunsuz daşımağı, buna şərait yaradılması və ya icazə verilməsinin əmək münasibətlərinə ziyan vurduğu, yəni bu cür hərəkətlərin edilməməsi hər kəsə bəlli olan hal olduğu üçün formal olaraq əmək müqaviləsində onların göstərilməməsinə istinad etmək (hazırkı işin hallarında həmin funksiyalar əmək müqaviləsində nəzərdə tutulmuşdur) əsassızdır. Çünki, əmək intizamına əməl etmək, işəgötürənə vurduğu ziyana görə məsuliyyət daşımaq işçinin qanunla (Əmək Məcəlləsi ilə) müəyyən edilmiş vəzifələrindəndir və bu vəzifələrini yerinə yetirməyə borcludur. İddiaçının müəyyən (iş yorğunluğu və şəxsi problemləri) səbəblərdən vəzifəsini icra etməməsi nəticəsində cavabdehə ciddi ziyan dəymişdir. Bu ziyanın dəyməsi isə iş üzrə mübahisəsiz məsələdir.
31. Məhkəmə tərəfindən müəyyən edilir ki, iddiaçıdan onunla bağlanmış əmək müqaviləsi ləğv edilməmişdən əvvəl izahat alınmışdır. İddiaçı xx.xx.2025-ci il tarixdə izahatını yazmış və onunla bağlanmış əmək müqaviləsi xx.xx.2025-ci il tarixli əmrə əsasən xx.xx.2025-ci il tarixdə ləğv edilmişdir. Yəni iddiaçıdan izahat alınmadan əmək müqaviləsinin ləğv edilməsi dəlili də əsassızdır.
32. Məhkəmə iddiaçının “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən iddiaçı ilə bağlanan əmək müqaviləsinin ləğv edilməsinin gələcəkdə iddiaçının əmək müqaviləsi bağlaması üçün çətinlik törədəcəyi barədə” dəlilinə münasibətdə qeyd edir ki, işçilərlə əmək müqaviləsinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada ləğv edilməsi işəgötürənin əsas hüquqlarından biridir. Məhkəmə tərəfindən müəyyən edilir ki, cavabdeh iddiaçı ilə bağladığı əmək müqaviləsini ləğv etməkdə haqlı olmuş və qanuvericiliyin tələblərinə riayət etmişdir.
33. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
34. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh QSC-yə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddiası təmin edilməməli, iş üzrə çəkilmiş mediasiya xərcləri iddiaçıya aid edilməlidir. Nəticə:
35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh QSC-yə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə çəkilmiş mediasiya xərci İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova