Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-398/2022 27.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X18 oğlunun katibliyi, İddiaçı İstehsalat-Kommersiya Firmasının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2, onun və cavabdeh X1 vəkili (həmçinin Cavabdeh1 nümayəndəsi) X3 iştirakları ilə İddiaçı İstehsalat-Kommersiya Firmasının cavabdehlər X4 və Cavabdeh2 qarşı “pulun ödənilməsi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İstehsalat-Kommersiya Firması cavabdehlər X4 və Cavabdeh2 qarşı “pulun ödənilməsi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı kompaniyası 1994-cü ildən inşaat və dülgərlik sahəsində fəaliyyət göstərir, Azərbaycanda taxta pəncərə və qapı istehsalı üçün yaradılan bu zavod Almaniyanın “Deventer”, “Leitz”, “Engelfried”, “Gutmann”, “3E”, “Ligma GMBH”, İngiltərənin “Pilkington” Hollandiyanın “Hortman” və Avstriyanın “MACO” kompaniyalarının mütəxəssisləri tərəfindən 2005-ci ildə qurulmuş, tam avtomatlaşdırılmış, Avropa standartlarına uyğunlaşdırılmışdır. Avropa ölkələrinin iri sənaye müəssisələri ilə birgə fəaliyyət göstərən şirkət bu gün Respublikamızda iqtisadiyyatın daha da inkişaf etməsi üçün bütün imkanlarından istifadə edir. İşin halları ondan ibarətdir ki, İddiaçı İstehsalat-Kommersiya Firmasının (İKF) direktoru X9 ilə cavabdehlər arasında müxtəlif tarixlərdə əldə edilmiş razılığa əsasən, cavabdehlərin birgə sifarişləri əsasında onlara məxsus Bakı şəhəri, Badamdar qəsəbəsi, massiv 1, Seymur Məmmədov küçəsində yerləşən 61 saylı evdə dəyərinin ödəniləcəyi nəzərdə tutulan müəyyən əşyalar quraşdırılmış, xidmətlər göstərilmişdir. Belə ki, 21 aprel 2014-cü il tarixli sifariş əsasında cəmi 12.190 manat (15.630 ABŞ dolları) dəyərində, 09 fevral 2015-ci il tarixli sifariş əsasında cəmi 4.225 manat (5.416 ABŞ dolları) dəyərində, 20 aprel 2015-ci il tarixli sifariş əsasında cəmi 1.775 manat (1.690 ABŞ dolları) dəyərində, 14 iyul 2015-ci il tarixli sifariş əsasında cəmi 1.718 manat (1.636 ABŞ dolları) dəyərində, 26 oktyabr 2015-ci il tarixli sifariş əsasında 16.540 manat (15.752 ABŞ dolları) dəyərində əşyalar quraşdırılmış və işlər görülmüşdür. Satılan əşyaların və görülən işlərin ümumi dəyəri hazırki məzənnə ilə 68.210 manat (40.124 ABŞ dolları) təşkil edir. Sifariş edilmiş əşyaların və görülmüş işlərin heç birinin dəyəri cavabdehlər tərəfindən ödənilməmişdir. ABŞ dollarının hazırki məzənnəsi də nəzərə alınmaqla, hazırda cavabdehlərin İddiaçı İKF-yə bütün sifarişlər üzrə 68.210 manat (40.124 ABŞ dolları) qalıq borcu mövcuddur. Bank uçot dərəcəsinin 7% olduğu və 5 ildən çoxdur ki, pulun ödənilməməsi nəzərə alınarsa ödənilməmiş məbləğin 35%-i, yəni 23.873,50 manat faiz məbləği də cavabdehlər tərəfindən ödənilməlidir. İddiaçı İKF kommersiya şirkətidir, istehsal etdiyi əşyaların satışını həyata keçirərək gəlir əldə edir. Ayrı-ayrı detallar xarici ölkələrdən ABŞ dolları ilə alınaraq ölkəyə gətirilir və Azərbaycan Respublikasında həmin detallar əsasında əşyaların istehsalı və satışı həyata keçirilir. Məlum olduğu kimi bu əşyaların istehsalı və detalların idxalı müəyyən vəsait tələb edir və cavabdehlərin alınmış əşyaların dəyərini vaxtında ödəməməyi səbəbindən 5 ildən çox bir müddət ərzində həmin vəsaitdən kommersiya məqsədləri üçün istifadə etmək və mənfəət əldə etmək imkanından məhrum olmuşdur. İddiaçı İKF-nin həmin vəsaitdən ildə ortalama 60% gəlir əldə etdiyi nəzərə alınsa, cavabdehlərin öz öhdəliklərini vaxtında icra etməməsi nəticəsində əldə edə biləcəyi 204.630 manat fayda əlindən çıxmışdır. Beləliklə, cavabdehlərin bugünkü tarixə İddiaçı İKF-yə ümumilikdə (68.210 manat + 23.873,50 manat + 204.630 manat) = 296.713 manat icra edilməmiş pul öhdəliyi mövcuddur. Bu barədə cavabdehlərə yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, onlar öhdəliyin icrasını təmin etməmişlər. Göründüyü kimi, cavabdehlərin iddiaçının qarşısında icra edilməmiş öhdəliyi yaranmışdır. Qeyd edilən əşyaların iddiaçı tərəfindən sifariş edildiyi, onların iddiaçının evində quraşdırılmasını, görülən təmir işlərini ərizəyə əlavə edilmiş sifarişlər üzrə tərtib edilmiş smetalarla təsdiq olunmaqla yanaşı, İddiaçı İKF-nin bu işlərə cəlb edilmiş işçiləri şahid kimi də bu halı təsdiq edə bilərlər və həmin şahidlər məhkəmə araşdırmasına təqdim ediləcəkdir. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 satılmış əşyaların dəyəri kimi 68.210 manat, bank uçot dərəcəsi əsas götürülməklə hesablanmış faiz məbləği kimi 23.873,50 manat, əldən çıxmış faydanın əvəzi kimi 204.630 manat, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat, cəmi 234.630 (iki yüz otuz dörd min altı yüz otuz) manat məbləğində pulun müştərək qaydada tutularaq İddiaçı İstehsalat-Kommersiya Firmasına ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Sonradan İddiaçı İstehsalat-Kommersiya Firmasının nümayəndəsi və vəkili Vəkil tərəfindən iddia tələbinin həcminin artırılması haqqında ərizə təqdim edilərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 təhvil verilmiş malların və görülmüş işlərin dəyəri kimi 109.811,50 (bir yüz doqquz min səkkiz yüz on bir manat əlli qəpik) manat, bank uçot dərəcəsi əsas götürülməklə hesablanmış faiz məbləği kimi 38.434 (otuz səkkiz min dörd yüz otuz dörd) manat, əldən çıxmış faydanın əvəzi kimi 329.434,50 (üç yüz iyirmi doqquz min dörd yüz otuz dörd manat əlli qəpik) manat, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat, cəmi 477.710 (dörd yüz yetmiş yeddi min yeddi yüz on) manat məbləğində pulun müştərək qaydada tutularaq İddiaçı İstehsalat- Kommersiya Firmasına ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı İstehsalat-Kommersiya Firmasının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etmiş və onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh2, onun və cavabdeh X1 vəkili (həmçinin Cavabdeh1 nümayəndəsi) X7 məhkəmə iclasında iddianı qəbul etməyərək, iddia ərizəsinə qarşı etirazlarını bildirərək göstərmişlər ki, İddiaçı İstehsal-Kommersiya Firmasının direktoru X5 cavabdeh qismində təqdim etdiyi Cavabdeh1 və Cavabdeh2 BOKT "xxxx" MMC-nin qanuni təmsilçisi, təsisçisi və nümayəndəsi qismində İddiaçı İKF-nın direktoru X6 və başqalarına qarşı, onların uzun müddətdir kredit borcu üzrə öhdəliklərinin icrasını layiqincə yerinə yetirmədiyinə görə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan e-2(005)-164/2021 və e-2(005)- 160/2021 saylı “borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair” mülki iş üzrə BOKT "xxxx" MMC-nin adından iddia tələbləri verən şəxslərdir. Hal-hazırda BOKT "xxxx" MMC-nin qanuni təmsilçisi Cavabdeh1 imzası ilə verilmiş apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında hər iki iş üzrə 2(103)-10783/2021 №-li və 2(103)-10677/2021 №-li mülki işin icraatı vardır. İddia ərizəsinə sifariş adı ilə əlavə olunmuş məlumatlar yalandır və heç bir əsası yoxdur. Özlərindən uydurduqları sifarişlər və saxta hesabatları 21 aprel 2014-cü il, 09.02.2015-ci il, 21.04.2015-ci il, 20.04.2015-ci il, 14.07.2015-ci il və 26.10.2015-ci il tarixlərində tərtib edildiyi göstərilir və belə məlum olur ki, uydurma sifarişlərin vaxtından beş ildən artıq müddət keçsə də, iddiaçı qəbul etdiyi uydurma sifarişləri təhvil verib ödənişini almağı unutmuşdur. Birdən-birə ona qarşı yuxarıda qeyd olunan kredit borcu üzrə məhkəmə icraatı qaydasında küllü məbləğdə borc tələbi verildikdən sonra xatırlamışdır. Qeyd olunan tarixlərdən sonra kredit borcu ilə bağlı 4 kredit üzrə dəfələrlə beş il ərzində 300.000 manatdan artıq məbləğdə və 61.134 ABŞ dolları məbləğdə kredit borcuna ödənişlər edərkən İddiaçı İKF-nın direktoru X5 özünün də Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinin olmasını 5 ildən artıq müddət keçdikdən sonra ona qarşı borc tələbi üzrə məhkəmə icraatı başlanana qədər xatırlamamışdır. İddiaçının uydurma sifarişinin əsası kimi hər-hansı bir təklif (oferta) olmamışdır, razılıq (aksept) də yoxdur. İddiaçının tələbi heç bir sübutla və dəlillə təsdiq olunmur. BOKT "xxxx" MMC-nin onların kredit borcları üzrə onlara dəfələrlə təqdim edilmiş və göndərilmiş bildirişlər – pretenziyalar verilməsinə baxmayaraq, ona qarşı küllü məbləğdə borc tələbinin qarşılığı olaraq hər-hansı bir bildiriş– pretenziyalar verməmişdir. Həqiqətən də İddiaçı İstehsalat-Kommersiya Firmasının əməkdaşları tərəfindən müxtəlif vaxtlarda onun evində müəyyən işlər görülmüşdür, lakin görülən bütün işlərin dəyəri onlara tam şəkildə ödənilmiş və onun Firmaya heç bir borcu qalmamışdır. Onların arasında işlərin icra olunması ilə bağlı heç vaxtı müqavilələr bağlanmamış, şifahi razılaşma əsasında əməkdaşlıq etmişlər. Hətta həmin firmanın bəzi işçiləri Firmadan işdən çıxandan sonra onunla şifahi razılaşma əsasında evində müəyyən xırda işlər görmüş və razılaşdıqları pul əvəzini tam şəkildə ondan almışlar. İddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddəti də ötürülmüşdür. İddiaçının tələbi əssasızdır və sadə məntiqlə də başa düşülür ki, yuxarıda qeyd olunan işlər üzrə təzyiq vasitəsi olaraq ona qarşı borc tələbi ilə bağlı daha çox güzəştlər əldə etməyə yönəldilmiş uydurma tələbdir. Qeyd olunanlara əsasən İddiaçı İKF-nın cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pulun ödənilməsi tələbi haqqında” mülki iş üzrə iddia müddəti tətbiq edilməli, iddianın əsassız olması və iddia müddətinin keçməsi səbəbindən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib hesab edir ki, iddia tələbi təmin edilə bilməz. İşin faktiki hallarından görünür ki, İddiaçı İstehsalat-Kommersiya Firması cavabdehlərə aid olan fərdi yaşayış evində 2014-2015-ci illərdə müəyyən işlərin görülməsini (qapı, pəncərələrin quraşdırılması) və həmin işlərin müqabilində cavabdehlərlə razılaşdırılmış pulun sonuncular tərəfindən firmaya ödənilməməsini iddia etməsinə baxmayaraq, qeyd olunan halları təsdiq edə biləcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının sübut kimi təqdim etdiyi invoys və qaimələr onun özü tərəfindən tərtib olunmuş və işçiləri tərəfindən imzalanmış, firmanın möhürü ilə təsdiqlənmiş sənədlərdən ibarətdir. Məhkəmə iclasında izahat verən Cavabdeh2 bildirmişdir ki, həqiqətən də İddiaçı İstehsalat-Kommersiya Firmasının əməkdaşları tərəfindən müxtəlif vaxtlarda onun evində müəyyən işlər görülmüşdür, lakin görülən bütün işlərin dəyəri onlara tam şəkildə ödənilmiş və onun Firmaya heç bir borcu qalmamışdır. Onların arasında işlərin icra olunması ilə bağlı heç vaxtı müqavilələr bağlanmamış, şifahi razılaşma əsasında əməkdaşlıq etmişlər. Hətta həmin firmanın bəzi işçiləri Firmadan işdən çıxandan sonra onunla şifahi razılaşma əsasında evində müəyyən xırda işlər görmüş və razılaşdıqları pul əvəzini tam şəkildə ondan almışlar. Məhkəmə iclasında dindirilmiş şahidlər (X12, X10, X11 və X2) iş üzrə ifadələr verərək göstərmişlər ki, həqiqətən də İddiaçı İKF-nın işçiləri kimi cavabdehlərə məxsus evdə müəyyən işləri (pəncərələrin quraşdırılması, rənglənməsi və s.) icra etmişlər, lakin həmin işlərin və mal-materialın dəyərinin cavabdehlər tərəfindən Firmaya ödənilibödənilməməsi barədə məlumatlarının olmamasını, onların icra etdikləri işin haqqını isə (əmək haqqı şəklində) Firmadan aldıqlarını bildirmişdilər. İddaçının sübut kimi istinad etdiyi pəncərələrin quraşdırılması ilə bağlı 12.09.2015ci il tarixli aktla əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin qərardadı əsasında Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəməxətşünaslıq ekspertizasının 4/125 №-li, 17.02.2022-ci il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 102-ci vərəqində olan 12.09.2015-ci il tarixli aktda “3. Ev sahibi və ya məsuliyyəti daşıyan şəxs” qrafasında “Z.m.” yazılarının qarşısındakı imza - Cavabdeh2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Belə ki, «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı şirkət tərəfindən cavabdehlərin ona hər-hansı məbləğdə pulun ödəməli olduğunu təsdiq edə biləcək mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə cavabdeh tərəfin iddia ərizəsinə qarşı irəli sürdüyü etirazın dəlilləri ilə razılaşaraq, qeyd edir ki, iddiaçı şirkət tərəfindən cavabdehlərin evində 2014-2015-ci illərdə işlər görüldüyü və həmin işlərin dəyəri cavabdehlər tərəfindən iddiaçıya ödənilmədiyi halda qeyd olunan tarixlərdən sonra iddiaçı şirkətlə cavabdehlərin təmsil etdikləri BOKT arasında kredit borcu ilə bağlı kredit müqavilələri üzrə beş il ərzində 300.000 manatdan artıq məbləğdə və 61.134 ABŞ dolları məbləğdə kredit borcuna görə ödənişlər edərkən iddiaçı şirkətin özünün də Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinin olmasını 5 ildən artıq müddət keçdikdən sonra ona qarşı borc tələbi üzrə məhkəmə icraatı başlanana qədər bildirməmişdir. İş üzrə iddia müddətinin tətbiq olunması ilə əlaqədar cavabdeh tərəfin vəsatətinə gəldikdə isə, məhkəmə qeyd edir ki, həmin vəsatət əsassız olduğuna görə təmin edilməməlidir. Belə ki, vəsatətdən konkret olaraq hansı iddia müddətinin (ümumi, müqavilə öhdəlikləri və s.) tətbiq olunmalı olduğu aydın deyildir. Tərəflər arasında hər-hansı müqavilə öhdəliklərinin mövcud olması işdən görünmür. Ümumi iddia müddəti isə keçməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, irəli sürülmüş iddia tələbi iddiaçının heç bir mötəbər sübuta əsaslanmayan mülahizələrindən ibarət olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı İstehsalat-Kommersiya Firmasının cavabdehlər X4 və Cavabdeh2 qarşı “pulun ödənilməsi”nə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-398/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-398/2022
27.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver