Məhkəmə qərarları › İş №2(006)-3989/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3989/2020

23.07.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3989/2020 23.07.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlu, İddiaçı cavabdeh «xxxxxxxxxxxxxxxxxx» QSC-yə qarşı “əmək münasibətləri üzrə mübahisələr və s.” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh «xxxxxxxxxxxxxxxxxx» QSC-yə qarşı “əmək münasibətləri üzrə mübahisələr və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən faktiki gördüyü iş, səlahiyyətləri və əməyinin mühafizəsi barədə yazılı izahat alınaraq onun sübütlarına əlavə olunmasını, attestasiya sualları və digər sənədləri ilə birlikdə işin ətraflı araşdırılaraq qanuna uyğun hüquqi qiymət verilməsini, əgər məhkəmə tərəfindən sübutların az olduğuna qərar verilərsə, lazım olan əlavə sübutların toplanmasında qanuna müvafiq olaraq işin ətraflı araşdırılması üçün məhkəmə qərarının qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi iddia ərizəsinin yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İddia ərizəsinin ilkin araşdırması zamanı müəyyən olundu ki, göstərilən tələbə mülki mühakimə icraatı qaydasında baxılmalı deyildir. Belə ki, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara ümumi məhkəmələrdə baxılmır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin: - 153.2.1-cü maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. -153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. -153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunan bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. -153.5-ci maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina edilməsi, ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Məhkəmə həmçinin qeyd edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(006)-9252/2017 saylı qətnaməsi ilə, İddiaçı cavabdeh «xxxxxxxxxxxxxxxxxx» QSC-yə qarşı “işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Həmin qətnamə ilə yuxarıda qeyd olunan attestasiya nəticələrinə hüquqi qiymət verilmiş və iddiaçı attestasiyadan keçmədiyi üçün işdən azad edilməsi qanuni hesab edilmişdir. İş Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-2402/2018 saylı qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(006)-9252/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, sonradan isə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(102)-5946/2018 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(006)-9252/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(006)- 9252/2017 saylı qətnaməsi qanuni qüvvəsini almışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsi və ona əlavə olunmuş sənədləri iddianın yol verilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilməli və iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 151.1, 153.2.1, 153.3, 153.4, 153.5, 153.6, 263, 267-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh «xxxxxxxxxxxxxxxxxx» QSC-yə qarşı “əmək münasibətləri üzrə mübahisələr və s. tələbinə dair” iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilsin və iddiaçıya qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməsi iddiaçının həmin predmet barəsində və həmin əsaslarla yenidən ərizə verməsinə mane olur. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar