Məhkəmə qərarları › İş №2(006)-4000/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4000/2025

09.09.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4000/2025 09.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) X2, Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələb sürməyən üçüncü şəxs X7 iştirakları ilə, İddiaçı X19 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı «mənzildən çıxarılma» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı «mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Talib qızının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, B.Məcidov küçəsi, ev 117 ünvanında yerləşən 2 otaqlı mənzilindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, B.Məcidov küçəsi, ev 117 ünvanında yerləşən 2 otaqlı fərdi yaşayış evinə paylı mülkiyyət üzrə 9 nəfər qohumlar arasında 1/9 payları müəyyən olunaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən xx.xx.2016-cı ildə tarixdə ********** qeydiyyat nömrəli çıxarış verilib. Bakı şəhəri, Nəsimi rayonu, B.Məcidov küçəsi, ev 117 ünvanında yerləşən 2 otaqlı fərdi yaşayış evini 1/9 mülkiyyət payla anası X23 ona bağışlamışdır. Bağışlama müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən ******* nömrəli mülkiyyət hüquqlarını təsdiqləyən çıxarış almışdır. Həmin ünvanda 9 ev mövcuddur, yəni 9 evin bir ünvanı var. ünvan 1ayış evinin birini anası - şəhid anası X9 atası (iddiaçının babası) tərəfindən öz hesabına inşa etdirib. Anası - şəhid anası X9 qohumu X26 bir müddət onların evdə yaşamalarını anasından xahiş edərək, sabiq həyat yoldaşı, iş üzrə Cavabdeh ilə həmin evə köçmüşlər. Cavabdeh Talib qızı və onun sabiq həyat yoldaşı X13 mübahisəli evə heç bir hüququ yoxdur. Qanuna zidd, saxta yolla cavabdeh, mülkiyyətində olan, babasının inşa etdirdiyi evə pasport qeydiyyatına düşmüşdür və hal-hazırda da həmin evdə tək olaraq yaşayır. Cavabdehlə anasının qohumu X26 arasında nikah 20 ilə yaxındır ki, rəsmi qaydada pozulub və Eldar həmin vaxtdan Rusiya Federasiyasına köçüb, orada yaşayır. Bütün bunları təsdiq etmək üçün anası - şəhid anası X14 məhkəməyə şahid qismində çağırılaraq ifadəsi alınmaqla həqiqət üzə çıxmış olacaq. O, öhdəsində olan ahıl yaşında, anası - şəhid anası X23, l-ci dərəcəli əlil həyat yoldaşı X4, övladları xx.xx.2012-ci il təvəllüdlü X35, xx.xx.2016-ci il təvəllüdlü X36 ünvan 2 ünvanında kirayədə yaşayırlar. Bakı şəhəri, Nəsimi rayonu, B.Məcidov küçəsi, ev 117 ünvanında yerləşən 1/9 paylı mülkiyyətlə ona məxsus olan 2 otaqlı evi olan halda ailəsi ilə kirayələrdə yaşayır. X1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X3 iddia tələbini müdafiə etdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs üçüncü şəxs X19 öz izahatında bildirdi ki, o həyətdə 5 ev var, hansı birinin iddiaçıya məxsus olması bilinmir. Qarşı tərəf cavabdehin hüquqi savadsızlığından istifadə etmək istəyirlər. Cavabdehin hələ də nikahı var, 30 ildir o evdə yaşayır ki, bunu orda yaşayan qonşular sübut edə bilər. Arayış da var və göstərir ki, həmin mənzildə iddiaçı qeydiyyatda yoxdur, 5 evdə cəmi 9 mülkiyyətçi var, aralarında reyestrə düşməyənlər də var. Tamilla xanımın yaşadığı ev onun mülkiyyətindədir və Tamilla xanım o evdə onun razılığı ilə yaşayır. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında dindirilmiş şahid X23 öz ifadəsində göstərmişdir ki, atası 1993-cü ildə rəhmətə getmişdir. Tamillanın əri Eldar onun dayısı oğludur. Eldar onun mərhum atasına yalvarmışdır ki, Rusiyadan qayıdıb və iki övladı da onunladır, yaşamağa yeri yoxdur. Bundan sonra öz atası – Hilal bəy onlara orada yaşamağa icazə vermişdir. Heç açar verməmişdilər ki, qapını sındırıb içəri girmişdilər. Həmin vaxt özü ailə qurub oradan köçmiş olsa, qohumları yaşamışdır. Oğlu Rüfət ailə qurduqdan sonra gəlini ona bildirmişdir ki, həmin ərazidə narkomaniyaya qurşanmış insanlar çoxdur. Bu səbəbdən başqa yerə köçmək istədiyini bildirmişdir. Bundan sonra başqa yerə kirayəyə köçmüşlər və 15 ildir ki, kirayədə yaşayırlar. Kirayədə qalmaq isə maddi imkanlarını çətinləşdirir. Atasından ona qalan ev olduğu halda niyə kirayədə yaşayır ki? Bu səbəbdən öz evinə qayıtmaq istəyir. Dəqiq deyə bilər ki, Tamillanın yaşadığı ev məhz onun atasının evi olmuşdur. İş materialları: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, B.Məcidov küçəsi, ev 117 ünvanında yerləşən fərdi yaşayış evinin 1/9 hissəsi xüsusi mülkiyyət kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 338 saylı reyestr kitabının 31560 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, xx.xx.1973-cü il təvəllüdlü İddiaçı, xx.xx.1944-cü il təvəllüdlü X23, xx.xx.1964-cü il təvəllüdlü Cavabdeh və xx.xx.1983-cü il təvəllüdlü X19 Bakı şəhəri, Nəsimi rayonu, B.Məcidov küçəsi, ev 117 ünvanında qeydiyyatdadırlar. Əmlak Xidmətləri Məkanında 12 saylı notariat ofisi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 2V-23 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş - X5 vərəsəsi X10r və o miras əmlakdan 1/2 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak - ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2017 tarixdə verilmiş **********69-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında istifadədə olan torpaq sahəsində yerləşən ümumi sahəsi 197,4 kv.m olan fərdi yaşayış evindən paylı mülkiyyət hüququ üzrə X8 məxsus 1/9 hissədən ibarətdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X19 xx.xx.2025-ci il tarixdə iddia tələbinə etiraz barədə ərizə ilə müraciət edərək bildirmişdir ki, ümumiyyətlə iddiaçının mübahisələndirdiyi məsələ qanunsuz və əsassızdır. Belə ki, iddia ərizəsində qeyd olunan ünvan ünvan 4in Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən xx.xx.2024-cü il tarixli, 008011004-269-10301 saylı çıxarışa əsasən həmin fərdi yaşayış sahəsinin 1/18 hissəsi ona aiddir. Ona aid olan hissədə, yəni onun mülkiyyətində Cavabdeh onun razılığı ilə qalır. Artıq illərdir ki, bu belə davam edir. Bundan əlavə MKİS tərəfindən verilən ailə tərkibi ilə bağlı arayışdada iddiaçının adı qeyd olunmamışdır. İddiaçı həmin həyətdə payı vardır, lakin onun payının hansı ünvana düşdüyü müəyyən olunmamışdır. İddiaçı hansı sahədə, hansı mənzilə qeydiyyatdadır və yaxud onun mülkiyyətindədir, o məlum deyildir. Məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş lakin heç bir sübut təqdim edə bilməmişdir. Bundan əlavə iddiaçı 30 ildir ki, o həyətə gəlmir, orada yaşamır, bundan əlavə ərizəsində qeyd edir ki, Cavabdeh Talib qızı həyat yoldaşı ilə rəsmi nikahları pozulmuşdur. Sonda qeyd olunanlara əsasən, İddiaçı iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(112)-7179/2025 nömrəli qərarından görünür ki, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə (üçüncü şəxs: Cavabdeh və qeyriləri) qarşı “qeydiyyata çıxarma” tələbinə dair iddiasının rədd edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli 6ÜŞ-416 nömrəli arayışın surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasının 2(103)-390/15 nömrəli xx.xx.2015-ci il tarixli qətnaməsi ilə cavabdeh X13 və qətnamə ilə maraqlarına toxunulan şəxs X5 apellyasiya şikayətləri təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmışdır. İddiaçı X9 cavabdehlər X20, X21, X15 və X6 qarşı cavabdehlərin Bakı şəhəri, Nəsimi rayonu, B.Məcidov küçəsi, 117 saylı evdən çıxarılmalarına dair iddiası təmin edilməmişdir. Həmin qətnamədən kassasiya şikayəti verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 393-cü maddəsinə əsasən xx.xx.2015-ci il tarixli qətnamə xx.xx.2015-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Nəsimi Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 686879 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X26 və X11 arasında nikah xx.xx.1995-ci il tarixdə 39 nömrəli akt qeydi ilə bağlanmışdır. Nikahdan sonra arvada “Rəhimova” soyadı verilmişdir. **********69-10301 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, B.Məcidov küçəsi, ev 117 ünvanında yerləşən fərdi yaşayış evinin 1/18 hissəsi xx.xx.2024-cü il tarixdə X7 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin Nəsimi Rayon Mənzil- Kommunal Təsərrüfat Birliyinin 41 saylı Mənzil-Kommunal İstismar sahəsi tərəfindən X12 verilmiş xx.xx.2025-ci il tarixli 195 nömrəli arayışın əslindən görünür ki, X19 ailəsi ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, B.Məcidov küçəsi, ev 117 ünvanında yaşayır. Ailəsi 6 nəfərdən ibarətdir: bacısı – X16, dayısı – X26, dayısının yoldaşı – Cavabdeh, dayısı oğlu – X27, dayısı oğlu – X24 və dayısı qızı – X17. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.1964-cü il təvəllüdlü Cavabdeh Talib qızı xx.xx.2002-ci il tarixdən hazıradək ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Qeyd olunan şəxsin qeydiyyata alınmasına əsas olmuş sənədlərin saxlanma müddəti (5 il) bitdiyi üçün müvafiq qaydada məhv edildiyindən göndərilməsi mümkün olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 53.1-ci maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. 118-ci maddəsinə əsasən, xüsusi mülkiyyətində yaşayış evi (evin bir hissəsi) olan vətəndaşlar ondan şəxsən yaşamaq üçün və ailə üzvlərinin yaşaması üçün istifadə edirlər. Onlar həmin evə (evin bir hissəsinə), başqa vətəndaşları köçürmək, habelə onu icarəyə vermək hüququna malikdirlər. 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 158.1.2-ci maddəsinə əsasən, mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. 158.2-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 215.3-cü maddəsinə əsasən paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər birinə mənsub olan aşağıdakı səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər: 215.3.1-ci maddəsinə əsasən əşyanın dəyərini və işlənməyə yararlığını saxlamaq üçün ondan istifadə üzrə hərəkətlərin yerinə yetirilməsini tələb etmək, belə hərəkətlər yerinə yetirilmədikdə isə onların yerinə yetirilməsi barədə məhkəmənin qərar çıxarmasını tələb etmək səlahiyyəti; 215.3.2-ci maddəsinə əsasən əşyaya dəymək qorxusu olan və ya dəyə biləcək zərərin qarşısını almaq üçün dərhal görülməli olan tədbirləri bütün şərikli sahiblər hesabına müstəqil həyata keçirmək səlahiyyəti. 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. 215.6-cı maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarındakı sənədləri tədqiq edərək müəyyən etdi ki, mübahisəli ünvanda yerləşən yaşayış sahəsi iddiaçı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs də daxil olmaqla, bir neçə şəxsin paylı mülkiyyətindədir. Tərəflərin izahatlarına əsasən 1995-ci ildən, işdə olan qeydiyyat sənədlərinə əsasən isə 2002-ci ildən bu günədək iş üzrə cavabdeh məhz Bakı şəhəri, Nəsimi rayonu, B.Məcidov küçəsi, ev 117 ünvanında qeydiyyatda olmaqla yaşayır. Hazırda isə iddiaçı cavabdehin məhz həmin ünvanda yerləşən fərdi yaşayış evinin ona aid hissəsində yaşadığını bildirərək, cavabdehin mənzildən çıxarılmasını xahiş edir. Məhkəmə araşdırması zamanı iddiaçı cavabdehin fərdi yaşayış evinin ona aid hissəsində yaşamasına dair mötəbər sübut təqdim edə bilməmiş, həmçinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs cavabdehin ona məxsus olan yaşayış sahəsində yaşadığını bildirmiş və bununla bağlı müvafiq arayışı təqdim etmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, cavabdehin fərdi yaşayış evinin paylı mülkiyyətçilərdən kimə məxsus olan hissəsində yaşaması dəqiq müəyyən edilmədiyindən və həmin evin digər mülkiyyətçisi olan üçüncü şəxs hazırki iş üzrə cavabdehin yaşayış sahəsinin üçüncü şəxsə məxsus hissəsində yaşamasını və buna onun razılığı olduğunu bildirdiyindən, tərəflər arasında paylı mülkiyyətdən istifadə qaydaları müəyyən edilmədiyindən İddiaçı tələbi əsassızdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı X19 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı «mənzildən çıxarılma» tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X19 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı «mənzildən çıxarılma» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar