Məhkəmə qərarları › İş №2(006)-4006/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-4006/2021

16.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-4006/2021 16.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Allahverdiyeva (Rzazadə) Mədinə Cavanşir qızına qarşı “yaşayış hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Allahverdiyeva (Rzazadə) Mədinə Cavanşir qızına qarşı “yaşayış hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Allahverdiyeva (Rzazadə) Mədinə Cavanşir qızının və onun yetkinlik yaşına çatmayan övladı X2 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi və məhkəmə aktının qeydiyyatdan çıxarılma üçün əsas olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin mülkiyyətçisidir. Daşınmaz əmlak dövlət reyestrində 1103 nömrəli reyestr kitabının 99826 nömrəli vərəqində qeydiyyata alınmış, bu barədə Seriya RX, ******* nömrəli çıxarış verilmişdir. Xüsusi mülkiyyətində olan mənzildə oğlu Elman Allahverdiyevin keçmiş həyat yoldaşı, hazırki iş üzrə cavabdeh Allahverdiyeva (Rzazadə) Mədinə Cavanşir qızı qalmışdır. Halbuki, cavabdeh M.Allahverdiyeva 2009-cu il tarixdən Asif Məhərrəmov küçəsi, ev 68, mənzil 54-də yerləşən mənzildə oğlundan ayrılması səbəbindən yaşamır, əldə etdiyi məlumata görə o, yenidən ailə həyatı quraraq evlənmiş və özünə başqa yaşayış sahəsi seçmişdir. Hesab edir ki, cavabdehin mülkiyyətində olan mənzildə qeydiyyatda qalması qeyri-qanunidir. Qüvvədə olan qanunlara əsasən yetkinlik yaşına çatmayanların yaşayış yeri onun valideynlərinin yaşayış yeri hesab edilir. Ona görə də, cavabdehin himayəsində qalan övladı X2, yaşayış yeri anasının qaldığı ünvan hesab edilməsi qanunun tələbidir. Qeyd olunan hallarda əvvəlki sakinlərin mənzilində qeydiyyatda qalmaları üçün hüquqi əsas yoxdur, onların qeydiyyatı yalnız formal xarakter daşıyır və faktiki vəziyyəti əks etdirmir. Cavabdeh onun ailə üzvü olmadığına və başqa yaşayış yeri seçdiyinə görə ünvan 1-də yerləşən mənzilə olan qeydiyyatı silinməlidir.Vurğulanmalıdır ki, cavabdehin mübahisəli yaşayış sahəsinə istifadə hüququ yoxdur, bununla belə müvafiq orqanlar rayon məhkəməsi tərəfindən bu halın təsdiqlənməsi tələbini irəli sürürlər. Ona görə də, hazırkı tələblə çıxış etməli olur. Yekun məhkəmə aktı qəbul edilərkən nəticəvi hissədə qətnamənin cavabdeh Allahverdiyeva (Rzazadə) Mədinə Cavanşir qızının pasport qeydiyyatından çıxarılması üçün əsas olması barədə müddəanın daxil edilməsini rica edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, hazırki iş üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin tələbinə uyğun olaraq, xitam verilməlidir. Belə ki, iş materiallarında olan ünvan 1 ünvanında yerləşən mənzil Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX tərəfindən verilmiş 17.03.2016-cı il tarixli RX seriyalı ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 18 iyun 2010-cu il tarixli, AZ-İ № 109216 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə X1 arasındakı nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında həmin tarixdə 174 № ilə qeydiyyat aparılmışdır. Verilmiş iddia ərizəsinin “xahiş etdi” hissəsində iddiaçı tərəfindən cavabdeh Allahverdiyeva (Rzazadə) Mədinə Cavanşir qızının və onun yetkinlik yaşına çatmayan övladı X2 mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi xahiş edilsə də, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 68 saylı evin 54 saylı mənzilində cavabdehin formal olaraq qeydiyyatda qaldığını qeyd edərək, sonuncunun həmin mənzildən qeydiyyatdan çıxarılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddiaçı müvafiq tələbi ilə bağlı (cavabdehin mənzildən qeydiyyatdan çıxarılması məqsədi ilə) inzibati orqana müraciət etməli, həmin orqan bundan imtina etdikdə, iddiaçı aidiyyəti üzrə inzibati məhkəmə icraatı qaydasında baxmalı olan məhkəməyə müraciət etməlidir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, İddiaçı cavabdeh Allahverdiyeva (Rzazadə) Mədinə Cavanşir qızına qarşı “yaşayış hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsinə Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən işə məhkəmədə baxılmalı olmadığından mülki işin icraatına xitam verilməlidir. Habelə, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Allahverdiyeva (Rzazadə) Mədinə Cavanşir qızına qarşı “yaşayış hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işin icraatına xitam verilsin. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 10 manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar