Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4013/2021 08.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclas katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvandan istifadə hüququnun itirilmiş hesab edilməsi, onların mənzildən çıxarılmaları və mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, borc verən İddiaçı ilə borc alan Cavabdeh1 arasında bağlanmış 16 avqust 2018-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdeh 30.654 manat (18.000 ABŞ dolları ekvivalentində) məbləğində pul vəsaiti borc almış və həmin pul vəsaitinin iddiaçıya 16 noyabr 2018-ci il tarixə qədər qaytaracağı barədə üzərinə öhdəlik götürmüşdür. Bundan başqa, ipoteka qoyan Bakı şəhəri Nəsimi rayonu 4-cü mikrorayon Hüseyn Seyidzadə küçəsi 188, M2 ünvanda yerləşən 1 saylı mənzili 528 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə ipoteka saxlayanın xeyrinə ipotka ilə yüklü etmişdir. Lakin borc götürdüyü 30.654 manat məbləğində pul vəsaitini bir ildən də artıq müddət ərzində qaytarmadığına görə notariusun 04 oktyabr 2019-cu il tarixli 8i-48378 saylı icra qeydinə əsasən həmin əmlaka tutmanın yönəldilməsi qərara alınmışdır. Tutma ipoteka ilə yüklü edilmiş əvvəllər cavabdehə məxsus mənzilə yönəldilmişdir. Həmin mənzil «X1 Mərkəzi» MMC tərəfindən təşkil edilən hərraclarda iki dəfə satılmadığına görə tələbkar kimi iddiaçıya təklif edilmiş, iddiaçı isə məcburiyyət qarşısında qalaraq həmin təklifi qəbul edərək, Hərrac Mərkəzinin 23 dekabr 2020-ci il tarixli YP 049 saylı protokoluna əsasən həmin mənzili əldə etmişdir. Mənzili əldə etdikdən sonra daşınmaz əmlak üzərində mülkiyyət hüququ DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınaraq bu barədə iddiaçıya **********18-05301- 093019 reyestr nömrəli çıxarış verilmişdir. İddiaçı cavabdehlərə şifahi və yazılı qaydada dəfələrlə mənzilin boşaldılmasını təklif etsə də, hazıradək, yəni 3 il ərzində onlar mənzili boşaldaraq iddiaçıya təhvil verməmişlər. İddiaçı nümayəndəsi və vəkili məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. İş üzrə digər cavabdeh Cavabdeh1 məhkəməyə teleqram göndərərək məhkəmə baxış iclasıının təxirə salınmasını xahiş etmiş, lakin üzürlü səbəbləri sübut edən sənədləri əlavə etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Bakı şəhəri Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsi 26A saylı evin 4 saylı mənzili, yeni qaydalarla isə AZ 1102 ünvan 2 ünvanda yerləşən 1 saylı mənzil xüsusi mülkiyyət kimi tam pay üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bu barədə İddiaçı adına Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin aidiyyatı Ərazi İdarəsi tərəfindən 05 mart 2021-ci il tarixdə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Notarial qaydada bağlanmış 16 avqust 2018-ci il tarixli kredit müqaviləsindən; eyni tarixli ipoteka müqaviləsindən; daşınmaz əmlakın dövlət reyestrindən verilmiş, ipoteka yüklülüyü ilə bağlı 04 sentyabr 2018-ci il tarixli RX seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan; «X1 Mərkəzi» MMC-nin 23 dekabr 2020-ci il tarixli YP №- 049 saylı satış protokolundan və iddiaçının pretenziya qaydasında cavabdehlərə ünvanladığı 02 may 2021-ci il tarixli xəbərdarlıq məktubundan göründüyü kimi, mənzilin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi iddia ərizəsində qeyd olunmuş səbəblərə görə xronoloji ardıcıllıqla baş vermişdir. Qeyd olunan hallar işin mübahisə edilməyən faktiki halları olmaqla, iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində təsbit edilmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hazırda cavabdehlər mənzili boşaldaraq iddiaçıya təhvil vermədiklərindən, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı öz mülkiyyətində olan mənzildən çıxarılmaları üçün cavabdehlərə pretenziya qaydasında xəbərdarlıq göndərsə də, sonuncular buna məhəl qoymamış, mənzildən çıxmamış, mənzili boşaldıb iddiaçıya təhvil verməmişlər. Bu səbəbdən, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin l-ci və 2-ci hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin olan mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinin tələbinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Mars Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Avropa Məhkəməsi “Sporronq və Lonnrot İsveçə qarşı” işdə qeyd edir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiət etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlak hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Bundan əlavə, «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19.11.2004-cü il tarixli Qərarında qeyd edilir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinin 2-ci hissəsinə əsasən, qanunla müəyyən edilmiş halla və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı» insan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və insan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən konvensiya və onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiyyətini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 158.1-ci maddəsinə əsasən, əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Göründüyü kimi, iddiaçı mülkiyyətində olan mənzilin boşaldılmasını və mənzildən çıxmalarını cavabdehlərdən tələb etsə də, sonuncular mənzil üzərində heç bir hüquqları olmadığı halda mənzildən çıxmırlar və iddiaçının mülkiyyət hüquqlarını pozurlar. Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). İş materiallarından göründüyü kim, hazırda keçmiş mülkiyyətçinin adına qeyd olunan mənzilin dövlət reyestrində qeydiyyat yazısı ləğv edilmiş və həmin mənzil mülkiyyət hüququ üzrə dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmışdır. Digər sözlə ifadə etdikdə, cavabdehlərin mənzildən istifadə hüququnun yaranmasına əsas verən qeydiyyat yazısı ləğv edilmişdir və onlar həmin hüququ itirmişlər. Yuxarıda qeyd olunan səbəblərdən məhkəmə hesab edir ki, iddiaçının qanunla təminat altında olan mülkiyyət hüququ qorunmalı, cavabdehlər həmin mənzildən çıxarılmalı, mənzil boşaldılmalı, cavabdehlərin mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Hüseyn Seyidzadə küçəsi, 188, M2, M1 saylı mənzilə (köhnə qaydada Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, ev 26A, mənzil 4) istifadə hüquqları itirilmiş hesab edilməli, cavabdehlər həmin mənzildən çıxarılmalı və mənzil boşaldılmalıdır. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməldir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Hüseyn Seyidzadə küçəsi, 188, M2, M1 saylı mənzilə (köhnə qaydada Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, ev 26A, mənzil 4) istifadə hüquqları itirilmiş hesab edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Hüseyn Seyidzadə küçəsi, 188, M2, M1 saylı mənzildən (köhnə qaydada Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, ev 26A, mənzil 4) çıxarılsınlar və mənzil boşaldılsın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-4013/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4013/2021
08.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver