Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4016/2023 30.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" QSC-yə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Bakı şəhər Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə) qarşı «işə bərpa» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" QSC-yə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Bakı şəhər Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə) qarşı «işə bərpa» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsi, "xxxx" QSC-nin 06 iyul 2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmrinin ləğv olunması, cavabdeh "xxxx" QSC tərəfindən onun xx.xx.2023-cü il tarixdən aylıq əmək haqqının və son haqq-hesabının, maddi və mənəvi kompensasiya olaraq 5.000 manat məbləğində pulun, 50 manat mediasiya prosesinə çəkilən xərcə görə, 70 manat iddia ərizəsinin yazılmasına dair hüquqi xidmət xərcinin ödənilməsi və cavabdeh "xxxx" QSC tərəfindən qanunsuz işdən çıxarıldığı günün sonrakı günündən, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqının hesablanaraq ödənilməsi və işə bərpa barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2021-ci il tarixdən "xxxx" QSC-də fəaliyyət göstərirdi. "xxxx" QSC tərəfindən şirkətdə işləməyə dəvət olunmuşdu və cavabdeh "xxxx" QSC arasında xx.xx.2021-ci il tarixli 580 nömrəli əmək müqaviləsi bağlanaraq maşinist vəzifəsinə işə qəbul edilmişdi. Sözügedən əmək müqaviləsi müddətsiz bağlanmışdır. İşlədiyi şirkətdən səbəbsiz olaraq cavabdeh "xxxx" QSC tərəfindən bağladıqları əmək müqaviləsinə qanunsuz olaraq xx.xx.2023-cü il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilmişdir. O, uzun müddətdir ki, işsizdir və başqa heç bir yerdən gəliri yoxdur. Ailə sahibidir və himayəsində azyaşlı uşaqlar var. "xxxx" QSC ilə dəfələrlə əlaqə yaradılsa da, o, hər dəfə müxtəlif bəhanələr gətirərək ona dəymiş maddi və mənəvi ödənilməyən əmək haqqı və son haqq-hesabını ödəməkdən boyun qaçırır. "xxxx" QSC tərəfindən işdən azad olunarkən əmək müqaviləsinə xitam verilməsi barədə əmrlə tanış olmamış və ona Əmək Qanunvericliyi ilə nəzərdə tutulmuş heç bir sənəd təqdim olunmamışdır. Düşünür ki, onu işdən azad etmə səbəbləri facebook sosial mediasında "xxxx" QSC-də baş verən oğurluq hadisəsini paylaşması olub. Çünki paylaşımdan sonra işdə ona qarşı davranışlar dəyişmişdir və onu işdən azad edəcəklərini bildirirdilər. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəməyə iddia ərizəsinə etirazda qeyd olunanlarla bağlı yazılı mülahizələrini təqdim edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddiaçı iddia ərizəsində göstərdiyi tarixdən işə götürülməmişdir. Həmin tarixdə, yəni xx.xx.2021-ci ildə iş vaxtı yol verdiyi kobud nöqsanlara görə 580 nömrəli əmrlə elektrik qatar maşinisti vəzifəsindən elektrik qatar maşinist köməkçisi vəzifəsinə keçirilmişdir. Ümumiyyətlə iddiaçının ərizəsində göstərdikləri tamamilə həqiqətdən uzaqdır. Belə ki, İddiaçı xx.xx.1989-cu ildə ADY-nin Bakı Lokomotiv deposuna Avtomat sexində 3-cü dərəcəli çilingər, xx.xx.1990-xx.xx.1993-cü il tarixləri əhatə edən dövr ərzində sərbəst elektrovoz maşinist köməkçisi, xx.xx.1993 - xx.xx.1994-cü il tarixləri əhatə edən dövr ərzində 3-cü dərəcəli çilingər, xx.xx.1994 - xx.xx.2002-ci il tarixləri əhatə edən dövr ərzində MVHH maşinist köməkçisi, xx.xx.2002 - xx.xx.2015-ci il tarixləri əhatə edən dövr ərzində MVHH maşinisti, xx.xx.2015 - xx.xx.2021-ci il tarixləri əhatə edən dövr ərzində elektrik qatar maşinisti, xx.xx.2021-ci il tarixdən isə əmək müqaviləsinə xitam verildiyi günə qədər elektrik qatar maşinist köməkçisi vəzifəsində işləmişdir. Yəni iddia ərizəsində göstərildiyi müddətə kimi maşinist deyil, maşinist köməkçisi vəzifəsində işləmişdir. Aşağıda qeyd olunan tarixlərdə İddiaçı işlədiyi müddətdə bir neçə dəfə intizam tənbehi verilmişdir. Belə ki, Bakı Lokomotiv Deposunda işlədiyi müddətdə 223 nömrəli, xx.xx.2014-cü il tarixli intizam əmrində - şiddətli töhmət, 276 nömrəli, xx.xx.2015-ci il tarixli intizam əmrində - vəzifəsi aşağı salınaraq çilingər, 43 nömrəli, xx.xx.2021-ci il tarixli intizam əmrində - Azərbaycan Respublikasının dəmir yolu müəssisələrində işçilərin İntizam Nizamnaməsinin 4.7-ci bəndinə əsasən vəzifə kateqoriyası endirilərək elektrik qatar maşinist köməkçisi intizam tənbehi verilmişdir. Göründüyü kimi, iddiaçı işlədiyi dövr ərzində dəfələrlə intizam tənbehi verilməsinə baxmayaraq tənbehlərdən nəticə çıxartmamışdır. Son vəzifəsində işlədiyi dövr ərzində eyni hallar təkrar edildiyi üçün Sərnişin daşımaları departamentinin İstismar xidməti tərəfindən 13-1-19/3-13-1869/2023 nömrəli xx.xx.2023-cü il tarixli intizam tənbehi haqda əmrlə barəsində sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmişdir. Verilmiş şiddətli töhmətlə sonuncu xəbərdarlığa baxmayaraq İddiaçı bir daha kobud qanun pozuntularına yol vermiş, qanunvericiliyin tələblərini pozaraq iş ahənginin pozulmasına səbəb olmuşdur. Belə ki, İddiaçı davamlı olaraq, iş kollektivi arasında davranış qaydalarına, əməkdaşlar arasında qarşılıqlı hörmət, müasir korporativ idarəetmə prinsiplərinə zidd hərəkətlər etməklə, eləcə də, işə vicdanlı münasibət göstərməyərək iş vaxtı şəxsi, iş yoldaşlarının, eləcə də dövlət əmlakının təhlükəsizliyinin qorunması barədə tələbləri pozmuşdur. İddiaçı əvvəlki hallara münasibətdə təkrarən, işdən yayınıb telefon çəkilişləri etmiş, əlavə olaraq iş yoldaşlarının fikrini teplovozun idarəetməsindən yayındıraraq, şəxsi problemlərinə yönəltmiş, o cümlədən iş yoldaşlarında haqsız olaraq, ümumilikdə ADY-nin idarəetmə strukturlarının əleyhinə fikirlər formalaşdırmağa cəhd etmiş, rəhbərliyin ünvanına nalayiq ifadələr işlətmiş, nəticədə işçi kimi özünün əmək funksiyasını, o cümlədən əmək müqaviləsi üzrə öhdəliklərini, yəni qəsdən kommersiya sirrinin yayılması üzrə öhdəlikləri yerinə yetirməmiş, həmçinin əvvəllər verilmiş intizam tənbehlərinə əsas olmuş halları da nəzərə almaqla, yuxarıda sadalanan əməllərlə yəni, onun kobud səhvləri, hüquq pozuntuları nəticəsində Cəmiyyətin qanuni mənafeyinə ciddi xələl dəymişdir. İddiaçı «Azərbaycan Dövlət Dəmir Yolunun Texniki istismar Qaydaları»na - dair təlimatının 16.38 və 16.39 yarımbəndlərinin tələblərini kobud surətdə pozaraq (Yolun boşluğunu, işarələri, işarə göstəricilərini və nişanlarını izləmək, onların bütün tələblərini yerinə yetirmək və işıqforla verilən bütün işarələri, yoldan və lokomotivdən dayanma və sürətin azaldılması barədə verilən işarələri bir-birinə təkrarlamaq), (daimi işarələrin qadağanedici göstəricisini, sürəti azaltma işarələrini və sürətin azaldılmasını tələb edən digər işarələrin göstəricilərində xidməti tormozloma tətbiq edərək qatarı qadağanedici işarənin qarşısında saxlamaq, sürətin azaldılmasnı tələb edən işarəni isə həmin işarə üçün müəyyən edilmiş sürətdən böyük olmayan sürətlə keçmək) müəyyən olunmuş sürət həddini aşmışdır. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin «a» (əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək), «c» (əməyin təhlükəsizliyi normalarına əməl etmək) bəndlərini, 72-ci maddəsinin «ə» (əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması) bəndini nəzərə alaraq, həmin Məcəllənin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad olunması məqsədi ilə həmin Məcəllənin 80-ci maddəsinin 1-ci bəndinin tələbi ilə razılıq alınması üçün Sərnişin daşımaları departamentinin İstismar xidmətinin Həmkarlar İttifaqı Komitəsinə müraciət edilmişdir. Komitənin xx.xx.2023-cü il tarixli 33 nömrəli protokolunda iclasın gündəliyinə qoyulan məsələ səs çoxluğu ilə qəbul edilmiş, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinə razılıq verilmişdir. Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən, işəgötürən 68, 69, 70, 71, 73, 74, 75, 76 və 79-cu maddələrinin tələblərinə əməl etmədən əmək müqaviləsinə xitam verərsə işçi məhkəmə tərəfindən işə bərpa olunmalıdır. Beləliklə, Əmək Məcəlləsinin 300cü maddəsində göstərilən əsaslar, İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı mövcud deyildir və qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl olunmuşdur. Sadalanan xüsusatlar işə baxan məhkəmə tərəfindən nəzərə alınmalıdır. Bundan əlavə, iddiaçı 5.000 manat maddi və mənəvi ziyan dəydiyini iddia etsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu hissədə də iddia tamamilə əsassızdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa iddiaçı iddia tələbində ona ödənilməmiş son haqq-hesabın ödənilməsini tələb etmişdir. Bununla bağlı bildirir ki, iddiaçının son haqq-hesabı işdən azad olunduğu gün onun hesabına ödənilmişdir. Həmin Məcəllənin 154-cü maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Yuxarıda qeyd olunanları əsas tutaraq, İddiaçı cavabdeh "xxxx" QSC-yə (ADY) qarşı «işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının və maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını, şahid ifadələrini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, şahid X7 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, o, "xxxx" QSC-nin sərnişin daşımaları departamentinin istismar xidmətinin rəisi vəzifəsində çalışır. Onların çalışdığı sahə yüksək təhlükə potensiallı sahədir və bu sahədə bütün qaydalar, fəaliyyət müvafiq normativ sənədlərlə, təlimatlarla tənzimlənir. Bu qaydaların pozulmasına yol verən işçilər isə əmək qanunvericiliyinə əsasən məsuliyyətə cəlb olunurlar. İddiaçı da intizam pozuntusuna yol verdiyinə görə intizam məsuliyyətinə cəlb edilmiş və ona şiddətli töhmət verilmişdir. Daha sonra o, 6 aylıq müddət ərzində təkrar pozuntuya yol verdiyinə görə işdən azad edilmişdir. İddiaçı dəfələrlə intizam qaydalarını pozmuşdur. Belə ki, iddiaçı öncədən də yol verdiyi pozuntulara, surət həddini aşmağa görə maşinist vəzifəsindən kənarlaşdırılaraq maşinist köməkçisi vəzifəsinə keçirilmişdir. Bu məsələ ilə bağlı iddiaçı məhkəməyə müraciət etsə də, onun iddia tələbləri təmin olunmamışdır. X3 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, o, həmkarlar ittifaqının sədri vəzifəsində çalışır. O, iki il müddətində iddiaçı ilə biryerdə işləmişdir. İddiaçını tanıdığı vaxtdan da onun necə problemli insan olduğunu görmüşdür. Eyni zamanda, bütün işçilər də iddiaçı barəsində narazılıqlarını ifadə etmişlər. İddiaçı elə bir vəziyyət yaratmışdır ki, iş yoldaşları onunla işləmək istəməmişlər. İddiaçının etdiyi əməllər rəhbərliyin də narazılığını doğurmuşdur. Dəfələrlə icra intizamının pozulmasına yol vermişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - "xxxx" QSC-nin xx.xx.2023-cüil tarixli 13-1-19/3-10-1869/2023 saylı əmrindən görünür ki, elektrik qatar maşinist köməkçisi İddiaçı Azərbaycan Respublikasının dəmir yolu müəssisələrində işçilərin İntizam Nizamnaməsinin 4.7 bəndinə əsasən ixtisası nəzərə alınmaqla işdən azad olunaraq başqa işə keçirilməli idi. Lakin istismar xidmətinin ştat cədvəlində onun ixtisasına uyğun ştatın olmamasını nəzərə alaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin İİ hissəsinin «b» bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmiş və nəzərinə çatdırılmışdır ki, gələcəkdə hər hansı intizam pozuntularına yol verərsə işdən azad olunacaqdır. Əmrin İİ hissəsində İstimar xidmətinin İnsan Resursları bölməsinə elektrik qatar maşinist köməkçisi İddiaçı etik davranış qaydalarına sığmayan hərəkətləri, vəzifə öhdəliklərini pozması, funksional rəhbərlərə tabeçilik göstərməməsi, müəssisə rəhbərliyinin ictimai nüfuzuna xələl gətirən davranışları, müxtəlif dövlət orqanlarında dəmir yolunun imicinə, nüfuzuna xələl gətirən hərəkətlərinə hüquqi qiymət verilməsi istiqamətində aidiyyəti üzrə müvafiq prosedurlara başlanılması əmr edilmişdir. Əmrin İİİ hissəsində Lokomotiv işinin təşkili, xidməti və təhcizetmə bölməsinin rəisinə bölməsinə elektrik qatar maşinist köməkçisi İddiaçı üzərində nəzarətin gücləndirilməsi tapşırılmışdır. - "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli 13-1-19/3-10-3732/2023 saylı əmrindən görünür ki, sərnişin daşımaları departamentinin istismar xidmətinin lokomotiv briqadalarının elektrik qatar maşinist köməkçisi peşəsində çalışan İddiaçı 6703 №li Hacıqabul Şirvan Bakı marşrutu ilə hərəkət edərkən Ələt stansiyasında qanunsuz video çəkiliş apararaq iş vaxtı öz vəzifə öhdəliklərini yerinə yetirməkdən imtina etmiş və bununla da «Azərbaycan X9tarların hərəkət və manevr işlərində standart, qeyri-standart və qəza hallarında danışıq Reqlamenti»nin 3.2.3, 3.2.6,, 3.2.8, 3.2.9 yarımbəndlərinin, «Azərbaycan Dövlət Dəmir Yolunun Texniki istismar Qaydaları»na - dair təlimatın 16.38 və 16.39 yarımbəndlərinin tələblərini kobud surətdə pozmuş, bununla da əmək və icra intizamının normal ahənginin pozulmasına səbəb olmuşdur. İddiaçı tərəfindən daha əvvəllər də əmək və əmək intizam qaydaları dəfələrlə pozulmuş və müvafiq olaraq barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq intizam tənbehi verilmişdir. Həmçinin İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin «a» və «c» bəndlərinin tələblərini kobudcasına pozmuşdur. Göstərilənləri və Sərnişin daşımaları departamentinin istismar xidmətinin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2023-cü il tarixli 33 saylı qərarını nəzərə alaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 71-ci maddəsinin İİ hissəsini, 72-ci maddəsinin «e» və «ə» bəndlərini rəhbər tutuaraq xx.xx.2023-cüil tarixindən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi əmr edilmişdir. - Sərnişin daşımaları departamentinin İstismar xidmətinin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2023-cü il tarixli 33 nömrəli protokolundan görünür ki, iclasın gündəliyinə qoyulan məsələ səs çoxluğu ilə qəbul edilmiş, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinə razılıq verilmişdir. - Bakı şəhəri Nəsimi Rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-1838/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı «işə bərpa, işə bərpa olunduğu günə qədər əmək haqqılar arasındakı fərqin hesablanaraq, həmçinin maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)- 7490/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-1838/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1989-cu ildə ADY-nin Bakı Lokomotiv deposuna Avtomat sexində 3-cü dərəcəli çilingər, xx.xx.1990-xx.xx.1993cü il tarixləri əhatə edən dövr ərzində sərbəst elektrovoz maşinist köməkçisi, xx.xx.1993 xx.xx.1994-cü il tarixləri əhatə edən dövr ərzində 3-cü dərəcəli çilingər, xx.xx.1994 xx.xx.2002-ci il tarixləri əhatə edən dövr ərzində MVHH maşinist köməkçisi, xx.xx.2002 xx.xx.2015-ci il tarixləri əhatə edən dövr ərzində MVHH maşinisti, xx.xx.2015 - xx.xx.2021ci il tarixləri əhatə edən dövr ərzində elektrik qatar maşinisti, xx.xx.2021-ci il tarixdən isə əmək müqaviləsinə xitam verildiyi günə qədər elektrik qatar maşinist köməkçisi vəzifəsində işləmişdir. Hazırda iddiaçı barəsində verilmiş əmrin qanunsuzluğunu mübahisələndirir və tələbinin əsasını facebook sosial mediasında "xxxx" QSC-də baş verən oğurluq hadisəsini paylaşması ilə əsaslandırır. İddiaçı hüquqlarının pozulduğunu bildirərək öncə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Bakı şəhər Ərazi İdarəsinə müraciət etmiş, sonra cavabdehə mediasiyanın tətbiqi barədə təklif göndərmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli MŞB/11/2023-01479 saylı arayışdan görünür ki, iddiaçı ilkin mediasiya sessiyasına gəlsə də, cavabdehin nümayəndəsi xx.xx.2023-cü il tarixə saat 10:00-a təyin edilmiş İMS-ə gəlməmişdir. İddiaçı ilkin mediasiya sessiyası ilə bağlı 50 manat mediasiya xərcini ödəmişdir. Məhkəmə iddia tələbinin iddiaçı barəsində verilmiş əmrin qanunsuzluğu hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyanın 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ, İV, Vİ hissələri). Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. - 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etməkdən ibarətdir. - 68-ci maddəsinin 1 və 2-ci bəndinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. - 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. - 72-ci maddəsinin (a) bəndinin tələbinə görə özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla, heç bir üzürlü səbəb olmadan, işçinin bütün iş günü işə gəlməməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir - 76.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Məhkəmə qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə, qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. İş materiallarından da görünür ki, iddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinə işçinin müəssisədaxili intizam qaydalarını pozulması və etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməsi əsası ilə xitam verilmişdir. Bu səbəbdən, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə 06 iyul 2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilmişdir. İş materiallarından görünür ki, buna qədər iddiaçıya Bakı Lokomottv deposunda işlədiyi müddətdə 233 №li xx.xx.2014-cü il tarixli intizam əmri ilə ona şiddətli töhmət, 276 №li xx.xx.2015-ci il tarixli intizam əmri ilə vəzifəsi aşağı salınaraq çilingər, 43 №li xx.xx.2021-cü il tarixli intizam əmri ilə ona Azərbaycan Respublikasının dəmir yolu müəssisələrində işçilərin intizam Nizamnaməsinin 4.7-ci bəndinə əsasən vəzifə kateqoriyası endirilərək elektrik maşinist köməkçisi intizam tənbehi verilmiş, Sərnişin daşımaları departamentinin İstismar xidmətində "xxxx" QSC-nin xx.xx.2023-cüil tarixli 13- 1-19/3-10-1869/2023 saylı əmri ilə sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmişdir. Təqdim olunmuş sənədlərdən görünür ki, iddiaçı əmək funksiyalarını dəfələrlə pozmuş, verilmiş intizam tənbehlərindən nəticə çıxarmamış və bu funksiyaları yerinə yetirməmişdir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən işçi və ya işəgötürən əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini, əmək funksiyasını, habelə bu Məcəllənin və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktın tələblərini pozaraq biri digərinin hüquqlarına və qanunla qorunan mənafelərinə müəyyən ziyan vurarsa, bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilir. Əmək qanunvericiliyinə əsasən (186-cı madddənin 1-ci hissəsi) işçi bu Məcəllə ilə və digər normatvi hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui istifadə etdikdə, yaxud, əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətnə cəlb edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasının tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə işəgötürən işçiyə inzibati tənbeh növlərindən biri olan «əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək» intizam tənbeh növünü verə bilər. Müəyyən edilmişdir ki, 06 iyul 2023-cü il tarixli əmrdə iddiaçının Əmək Məcəlləsində təsbit olunmuş hüquqlarının təmin edilməsi üçün bütün göstərişlər verilmiş, müvafiq ödəniş sənədindən göründüyü kimi, son haqq-hesab hesablanaraq, iddiaçıya təqdim olunmuş, həmçinin məktub ünvanlanaraq əmək kitabçasını İnsan resursları bölməsindən təhvil alması xahiş olunmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nın 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara (sosial şəbəkədə paylaşımdan dolayı işdən azad edilməsinə və s.) dair sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə, məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçının əmək funksiyalarını yerinə yetirməməsi halları təkrarlanan hal olmuşdur və iddiaçı barəsində bir neçə dəfə intizam tənbehi verilmişdir. İddiaçı işdən azad edilməsinin səbəbi kimi onun sosial şəbəkədə paylaşım etməsini göstərsə də, işin faktiki hallarından göründüyü kimi, həmin intizam tənbehləri işdən azad edilməmişdən daha öncəki vaxtlara təsadüf edir və sosial şəbəkədəki həmin paylaşımla sonuncu intizam tənbehi arasında heç bir əlaqə yoxdur. Belə ki, iddiaçı davamlı şəkildə əmək funksiyalarını yerinə yetirməmiş və ona verilən intizam tənbehlərindən nəticə çıxarmamışdır. Bu səbəbdən, işin faktiki halları ilə işəgötürənin Əmək qanunvericiliyinə riayət etməklə, əmək müqaviləsinə xitam verərək iddiaçını işdən azad etməsi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə kifayət qədər əsas olmuşdur. Cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, cavabdeh qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəbini qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. Beləliklə də, məhkəmə hesab edir ki, iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əsaslı olduğundan tələbin "xxxx" QSC-nin 06 iyul 2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmrinin ləğv olunması» hissəsi əsassızdır və təmin edilə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə hesab edir ki, tələbin "xxxx" QSC-nin 06 iyul 2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmrinin ləğv olunması hissəsi əsassız olduğundan digər törəmə tələbləri ("xxxx" QSC tərəfindən onun xx.xx.2023-cü il tarixdən aylıq əmək haqqının və son haqq-hesabının, maddi və mənəvi kompensasiya olaraq 5.000 manat məbləğində pulun, 50 manat mediasiya prosesinə çəkilən xərcə görə, 70 manat iddia ərizəsinin yazılmasına dair hüquqi xidmət xərcinin ödənilməsi və cavabdeh "xxxx" QSC tərəfindən qanunsuz işdən çıxarıldığı günün sonrakı günündən, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqının hesablanaraq ödənilməsi və işə bərpa) üzrə əlavə araşdırılmasına lüzum görmür və özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" QSC-yə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Bakı şəhər Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə) qarşı «işə bərpa» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 50 manat mediasiya xərci iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" QSC-yə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Bakı şəhər Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə) qarşı «işə bərpa» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 50 manat mediasiya xərci iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-4016/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4016/2023
30.10.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver