Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4024/2022 31.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili X6, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «mənzilə köçürmə» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzilə köçürmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanda yerləşən 30 m2-lik yaşayış sahəsinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 21 iyun 2016-cı il tarixdə cavabdeh X7 aralarındakı razılaşmaya əsasən 15.350 manata ünvan 1-də 30 m2-lik otaq alıb və həmin evə pasport qeydiyyatına düşmüşdür. İddiaçı cavabdehdən evi alan zaman ona evin çıxarış sənədinin (kupça) olmadığını, ancaq evə qeydiyyata sala biləcəyini qeyd etmişdir. İddiaçı cavabdehlə Notariusa getmişlər və orada da aralarındakı danışığa əsasən 29 iyun 2016-cı il tarixli «kredit müqaviləsi» bağlamışlar. Müqaviləyə əsasən iddiaçı cavabdehə evin pulundan 11.500 manat pul ödəmişdir. Daha sonra yerdə qalan məbləği 3.850 manat pulu isə iddiaçı 3 qonşunun şəxsiyyət vəsiqələrinin seriya nömrələrini yazmaq şərti ilə onların şahidliyi ilə cavabdehə vermişdir. Bütün bunlar baş verdikdən sonra iddiaçı cavabdehdən evin açarını tələb etmişdir. Cavabdeh də evin açarını ona vermişdir. İddiaçı bir müddət həmin evdə yaşamışdır. Evin damı sınıq-sökük olduğundan, iddiaçı fikirləşmişdir ki, evin damını düzəltdirib daha rahat şəkildə gəlib evdə yaşayar. Həmin ünvandan həmin yerdən iddiaçının qardaşıgil də ev alıb. Cavabdehin qapının açarı itdiyinə görə iddiaçı öz açarını cavabdehə vermişdir ki, açar çıxardıb ona versinlər. Daha sonra cavabdeh iddiaçının açarını almış, açarı dəyişmiş və bu vaxta qədər hər dəfə müxtəlif bəhanələr gətirməklə açarı iddiaçıya verməkdən imtina etmişdir. Cavabdehin evə dair iddiaçı ilə danışdığı bütün söhbətlər telefonda səs yazısı olaraq qalır. Cavabdeh iddiaçını bu vaxta qədər aldadır. Qeyd edilən ünvana nə köçə, nə də yaşaya bilir. İddiaçı cavabdehə ödədiyi pulu borc olaraq yox, evi almaq məqsədi ilə vermişdir. Bunu qonşular da hal şahidi olaraq təsdiqləyə bilər. Cavabdeh iddiaçının bu vaxta qədər ona verdiyi pulu guya borca vermiş kimi orada-burada danışır, iddiaçının evə daxil olmasına maneə yaradır. İddiaçı cavabdehə pulu verdikdən sonra cavabdeh hər hansısa maraqdan dolayı yox, sırf evi alması səbəbindən iddiaçını oraya qeydiyyata salmışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili X11 məhkəmə iclasında iddianı müdafiə etdi, iddiaçının izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddia ərizəsində qeyd edilənlər əsassızdır və iddia ərizəsində qeyd edilənləri qəbul etmir. O, iddiaçıdan ona pul lazım olduğu üçün 11.500 manat və əlavə olaraq 1.000 manat məbləğində pul götürmüşdür və bununla bağlı rəsmi olaraq kredit müqaviləsi bağlamışlar. Həmin müqavilə bağlanarkən şahidlər olmamışdır, yalnız iddiaçının qızı orada olmuşdur. O, iddiaçıdan cəmi 12.500 manat pul almışdır və 2026-cı il tarixə kimi ödəmək üçün vaxtı vardır. İddiaçını mənzilə qohumun xahişinə əsasən qeydiyyata saldırmışdır. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını, şahid ifadələrini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, şahid X4 ifadəsində bildirdi ki, o, Zenfira xanımın qonşusudur. Cavabdehlə isə hər hansı bir əlaqəsi yoxdur. O, Zenfira xanımın Sevinc xanıma pul verdiyini görmüşdür. Pulu 21 iyun 2016-cı il tarixdə onların həyətində vermişdir. Onların həyətləri kiçikdir. Bu səbəbdən hər kəs hər kəsi rahat görür. Zenfira xanım Sevinc xanıma 3.580 manat məbləğində pul vermişdir. Həmin an onun qardaşı X1 da orada idi. Pulun verildiyi an həyətdə yalnız o və onun qardaşı olmuş, başqa heç kəs olmamışdır. Zenfira xanım pulu evi almaq məqsədilə beh qismində vermişdir. Evin ümumi dəyəri barədə isə məlumatı yoxdur. Sevinc xanımı ümumilikdə iki dəfə görmüşdür. Bir dəfə beh verərkən, bir dəfə də beh verməzdən öncə, yalnız həmin tarix dəqiq yadında deyil. X2 ifadəsində bildirdi ki, iddiaçı onun bibisidir. Cavabdeh isə onların qonşusu olmuşdur. 2016-cı ildə anasıgil ev axtarırdı. Sonra həmin dövrdə Sevinc xanımgil tərəfdə ev tapmışlar. Onlar ev aldıqları vaxtdan 5-6 ay keçdikdən sonra bibisi də həmin ərazidən ev almışdır. Onların aldıqları evdə təmir işləri aparılmalı idi. Öz həyətlərinə bibisinin həyətindən keçməli olduqları üçün bibisinin evinin açarını müvəqqəti olaraq almışdır. Lakin sonradan açarı itirmişdir. Narınc Ağamalıyeva onun anasıdır, rəhmətə getmişdir. Bibisinin ev almağa təxmini 10-12 min arası pulu çatışmamışdır. Bu səbədən bibisi bankdan kredit götürmüş, o isə bibisinə bank qarşısında zamin durmuşdur. Bibisi krediti "xxxx" ASC-dən götürmüşdür. Evin çıxarışı olmadığı üçün alğı-satqı müqaviləsi bağlamaq mümkün olmamışdır. Bibisi Sevinc xanıma pulu ödəmişdir. Bunu Sevinc xanımın danışıqlarından anlamaq çətin deyildi. X3 ifadəsində bildirdi ki, Zenfira xanım onun bibisidir. X16 isə onun əmisi oğludur. Bibisi oğlu xəstə olmuşdur. Bu səbəbdən bibisi bir müddət onunla məşğul olduğu üçün sənəd işlərinə vaxt ayırmamışdır. Sonradan isə ona məlum olmuşdur ki, o, aldadılıb. Bibisi öncə əmisigilə ev almışdır. Həmin evi də Sevinc xanımdan almışdır. Sonradan özü üçün ev almaq istəmiş, yenə Sevinc xanımdan evi almış və həmin ev əmisigilə alınmış evin yanında yerləşir. Evin dəyəri isə onun yadında deyil. Ev təxmini 6 il bundan öncə alınmışdır. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, tərəflər arasında notarial qaydada 29 iyun 2016-cı il tarixdə kredit müqaviləsi bağlanmış və cavabdeh iddiaçıdan 29 iyun 2026-cı il tarixədək qaytarmaq şərti ilə 11.500 manat borc almışdır. Bundan başqa, sadə yazılı formaya riayət olunmaqla cavabdeh iddiaçıdan şahidlərin iştirakı ilə 3.850 manat borc almışdır. Cavabdeh iddiaçıdan yalnız 12.500 manat borc aldığını bildirir və qeyd edir ki, sadə yazılı formada alınmış 3.850 manat notarial qaydada bağlanmış kredit müqaviləsində göstərilən 11.500 manatın tərkib hissəsidir. O, əlavə olaraq yalnız 1.000 manat pul almışdır. Ümumi borcu 12.500 manat təşkil edir. İddiaçı əslində borc müqaviləsi bağlamadıqlarını, aralarında olan digər razılaşmanı (alğı-satqı) təsdiq etmək üçün bağladıqlarını, cavabdehin onu məhz bu səbəbdən mənzilə qeydiyyata saldığını bildirir və hesab edir ki, mənzildən istifadə hüququ əldə etmişdir və mənzilə köçürülməlidir. Cavabdeh tərəf iddianı qəbul etmir, məbləğ ilə razılaşmasa da, iddiaçıdan borc aldığını bildirir. Məhkəməyə təqdim olunmuş yazışmalardan, həmçinin şahid ifadələrindən görünür ki, tərəflər arasında həqiqətən mənzilin alğı-satqısı ilə bağlı danışıqlar olmuşdur. Mənzil alğı-satqısı üçün pul kredit müqaviləsi və sadə yazılı formada tərtib olunmuş iltizama əsasən verilmişdir. Lakin iş üzrə tərəflər aralarında olan münasibətləri düzgün forma və məzmunda tərtib edilmiş hər hansı ilkin müqavilə ilə rəsmiləşdirməmişlər, borc müqaviləsi bağlamışlar. Cavabdeh başqa şəxslə ilkin müqavilə bağlamışdır, həmin müqavilə üzrə üzərinə öhdəlik və vəzifələr götürmüşdür. Hazırkı iş üzrə iddiaçıya münasibətdə isə 2026cı ildə icra edilməli olan borc müqaviləsi üzrə öhdəlikləri var. İşin yuxarıda qeyd edilən faktiki hallarının nədən ibarət olmasından asılı olmayaraq, məhkəmə hesab edir ki, iddia təmin edilə bilməz. Belə ki, iddiaçının mənzilə köçürülməsi üçün qanunla müəyyən edilmiş əsaslardan heç biri mövcud deyil. Tərəflər arasında mənzilin alğı-satqısına dair müqavilə bağlanmamış, iddiaçı daşınmaz əmlakı üzərində mülkiyyət hüququ, o cümlədən mülkiyyət hüququnun tərkib hissəsi olan istifadə hüququ əldə etməmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «mənzilə köçürmə» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzilə köçürmə» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-4024/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4024/2022
31.10.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver