Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4027/2020 24.08.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Ağayev Cavad Elşad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndələri X2 və X1, Cavabdehin vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı «işə bərpa, məcburi iş buraxma müddətinin müqavilə üzrə verilən əmək haqqının və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xx» Azərbaycan Şirkətini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində qeyd etməklə, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı «işə bərpa, məcburi iş buraxma müddətinin müqavilə üzrə verilən əmək haqqının və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialının xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmrinin ləğv edilməsi; onun Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialının nəzarət sistemləri üzrə baş mühəndis vəzifəsinə bərpa edilməsi; xx.xx.2020-ci il tarixdən başlayaraq əvvəlki vəzifəsinə bərpa ediləcəyi günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının və digər gəlirlərin tutulması; işdən azad olunması nəticəsində vurulmuş mənəvi ziyana görə 100.000 manat pul vəsaitinin Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialından onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialının xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmrinin ləğv edilməsi; onun Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialının nəzarət sistemləri üzrə baş mühəndis vəzifəsinə bərpa edilməsi; xx.xx.2020-ci il tarixdən başlayaraq əvvəlki vəzifəsinə bərpa ediləcəyi günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının və digər gəlirlərin tutulması; işdən azad olunması nəticəsində vurulmuş mənəvi ziyana görə 100.000 manat pul vəsaitinin və hüquqi yardıma görə «xxx» MMC-nin hesabına ödənilmiş 1.000 manat pulun Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialından onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə xx xxxx 2018-ci il tarixdə bağlanmış müddətsiz 0040 nömrəli əmək müqaviləsinə əsasən nəzarət sistemləri üzrə baş mühəndis vəzifəsinə işə qəbul edilmişdir. Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialının xx.xx.2020-ci il tarixli 02/AO-2020 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrinə əsasən əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xx xxxx 2020-ci il tarixdən xitam verilmişdir. Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialının xx.xx.2020-ci il tarixli 02/AO-2020 saylı əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə göstərilir ki, İddiaçı xx.xx.2020-ci il tarixdə «xx» Şirkətinin «Mərkəzi Azəri» platformasında külli miqdarda neft itkisi ilə nəticələnən və texniki qəza riski yarana bilən vəziyyətin yarandığı barədə Filialın rəhbərliyinə «Vest- Azəri» platformasında çalışan məsul şəxs Aleksandr Ponyakin tərəfindən məlumat daxil olmuş, filialın rəhbərliyi tərəfindən vəziyyətlə bağlı operativ tədbirlər görülmüş və İddiaçı «Vest-Azəri» platformasına çatdırılması barədə qərar verilmiş, lakin İddiaçı üzrsüz səbəbdən bu tapşırığı yerinə yetirməmiş, yarana biləcək qəza vəziyyətinin aradan qaldırılması üçün «Vest-Azəri» platformasına getməkdən imtina etmişdir. Belə ki, İddiaçı tapşırığı aldıqdan sonra özünü pis hiss etdiyini bəhanə etmiş, onun bu bəhanəsinə aydınlıq gətirilməsi üçün müvafiq qaydada tibbi müayinə keçirilərək sağlam olduğu müəyyən edilmiş, lakin yaranmış vəziyyətlə bağlı vaxt məhdudiyyəti nəzərə alınaraq, onun «Vest-Azəri» platformasına göndərilməsi mümkün olmamışdır. Bu halda yaranmış vəziyyətlə bağlı operativ tədbirlər görülərək, «Vest-Azəri» platformasında yaranmış vəziyyətin aradan qaldırılmasına digər işçi cəlb edilmiş və bu işçinin də cəlb edilməsi ilə bağlı zəncirvari olaraq bir sıra işçilərin yerdəyişməsi həyata keçirilmiş, belə vəziyyət istehsalın səmərəli idarə edilməsində əsaslı çətinliklər yaratmış, istehsalat xərclərini artırmışdır. Əmrin əsaslandırıcı hissəsində işçi İddiaçı heç bir üzrlü səbəb olmadan işə çıxmaması barədə cavabdehin dəlili öz təsdiqini tapmamış və iddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsi qaydaları pozulmuşdur. Əmək Məcəlləsinin 2.1, 68-ci maddəsinin 1 və 2-ci bəndlərini müqayisəli təhlil edərək qeyd edirlər ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə, qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. İşin faktiki hallarından görünür ki, əmək münasibətlərinə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi əsası ilə xitam verilmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndindən, 71-ci maddəsinin 2-ci hissəsindən göründüyü kimi, bu halların olmasını birbaşa işəgötürən Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialı sübut etməlidir, lakin sübut olmadığı halda formal əsaslara, yəni Məcəllənin müvafiq normasını heç bir əsas olmadan rəhbər tutmaqla Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialı xx.xx.2020-ci il tarixli 02/AO- 2020 saylı əmək müqaviləsinə xitam verilməsi barədə əmr vermişdir ki, bu da tam qanunsuz və əsassız olmuşdur. Əmək Məcəlləsinin 186.2-ci maddəsinə, 186.3-cü maddəsinə, 71.3-cü maddəsinə, həmçinin 300-cü maddəsinin 1-ci hissəsinə istinad edən iddiaçı əlavə olaraq qeyd etmişdir ki, İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialında işlədiyi müddət ərzində barəsində hər-hansı intizam tənbehi tətbiq edilməmişdir. Belə olan halda, işəgötürən tərəfindən birbaşa Məcəllənin 70-ci maddəsinin «ç» bəndinə əsasən əmr qəbul etməsi işçi olaraq onun Azərbaycan Respublikası Konstitusiyasında və Əmək Məcəlləsində nəzərdə tutulmuş əmək hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. Göründüyü kimi, İddiaçı maddi hüquq normasında nəzərdə tutulmuş hüquqazidd əməlləri mövcud olmalı idi və onun tərəfindən bu hərəkətlərin bilərəkdən həyata keçirilməsi öz təsdiqini tapmalı idi, lakin sadalanan hallardan heç biri öz təsdiqini tapmadığı halda, işəgötürən tərəfindən qanunsuz və əsassız əmr verilmişdir. İşəgötürən Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialı İddiaçı Armor layihəsində işləmək üçün dəvət etmiş və ona zəmanət məktubu vermişdir ki, layihə bitənədək o, vəzifəsində qalaraq onu icra edəcəkdir. Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə xx xxxx 2018-ci il tarixdə bağlanmış müddətsiz 0040 nömrəli əmək müqaviləsinin 6.2-ci bəndinə əsasən orta aylıq 4.900 manat əmək haqqı və illik dövr üçün orta hesabla 58.800 manat ödənilməsi təsbit edilmişdir. Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialının xx xxxxx 2020-ci il tarixli məktubunda işçi İddiaçı iş fəaliyyəti yüksək qiymətləndirilməklə gələcəkdə onunla əməkdaşlığa ümid edilmişdir. Həmçinin məktubda xx.xx.2020-ci il tarixdən etibarən işçi İddiaçı illik əmək haqqı 65.656 manat müəyyən edilmişdir. İş vaxtından əlavə görülən işlərə görə də ayrıca məbləğ müəyyən edilmişdir. Əmək haqqı və digər gəlirlərlə birlikdə hər təqvim ayı üzrə xalis gəliri 13.384 manat 18 qəpik olmuşdur. Qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi təmin olunduğu halda məcburi iş buraxmaya görə işəgötürən tərəfindən hər təqvim ayı üçün 13.384 manat 18 qəpik pul vəsaiti ona ödənilməlidir. xx.xx.2020-ci il tarixdə email vasitəsi ilə aparılan yazışmaların məzmunu aşağıdakı kimi olmuşdur: - saat 10.06 cümə axşamı: WA MTL Elektron ünvan 1 elektron ünvandan ABB ARMOR ABBARMOR@xx.com və s. ünvanlara, həmçinin mühəndis Elektron ünvan 2 İCSS F&G Node 35 avadanlıqda xəta baş verdi, bizim texnik ARMOR otağı ilə bu gün əlaqə saxladı və gündüz növbəsi problemləri həll etməyə davam etdi. Node RESET etmək niyyətində idi, lakin gündüz araşdırma aparıldıqdan sonra ARMOR otağında kartın dəyişdirilməsinin lazım olduğu şübhə altına alındı. Nəzərə alsaq ki, Qərbi Azəri indi TR2 SD-nin son mərhələsindədir (FGC TR2 oflayndır) və əsasən bütün işlər tamamlanmışdır, FGC TR2-ni başlamağı planlaşdırdıq. Bu gün günorta yeməyindən sonra və artıq xətt işləri və işə başlamaq üçün hazırlıq, lakin F&G node problemi üzündən hər şey təxirə salınır. Node 35 ilə əvvəlcə problemi həll etməliyik. - saat 10.58 cümə axşamı: Fərzəliyev Ziya Elektron ünvan 3 email ünvanından ABB ARMOR ABBARMOR@xx.com və s. ünvanlara Salam Saşa, başlığı altında olan məktubdan müəyyən olunur ki, araşdırma aparılmalıdır. - saat 11.09 cümə axşamı: İddiaçı Fərzəliyev Ziyaya məktubda bildirmişdir ki, özünü yaxşı hiss etmir, həkimə müraciət edib, bəzi həblər alıb və nəzarətdədir. - saat 11.55 cümə axşamı: ABB Caspian Healthcare email ünvanından İddiaçı və digər email ünvanlara məktub göndərilərək bildirilmişdir ki, Sənanın xəstə olduğunu və bu xəbərdən Baş Ofisin məyus olduqlarına dair Sənanın geri çağırılmasını, başqa əməkdaşla əvəz olunması göstərilmişdir. - saat 12.21 cümə axşamı: İddiaçı Baş X9 və cənab Roba email göndərərək bildirmişdir ki, xəstəlik əlamətləri yoxdur, vəzifələrini icra edə bilir və platformadan çıxarılmasına ehtiyac görmür, sadəcə dənizdə özünü yorğun hiss etdiyi zaman vaxt almaq və bir az istirahət etməyin normal bir təcrübə olmasını qeyd etmişdir. Əlavə olaraq göstərmişdir ki, Xüsusilə COVİD səbəbindən uzun səfərdə olmasını aydınlaşdırma tələb edilərsə ona zəng edilməsini və doktor Eminlə əlaqə saxlamasını göstərmişdir. - saat 12.39 cümə axşamı: Baş ofisdən cənab Rob tərəfindən İddiaçı və digər email ünvanlarına göndərilmiş məktubdan məlum olur ki, İddiaçı sabah yaxşı olacaq və o, platformada müəyyən işləri görməlidir. Sabahkı vəziyyətin pis olmasının ehtimallarını nəzərə alır və hesab edir ki, bu gün saat 16:00-a qədər sabah necə olacağı barədə məlumat versin. - saat 13.20 cümə axşamı: İddiaçı Baş ofisə cənab Roba və digər email ünvanlarına məktub göndərərək bildirmişdir ki, özünü yaxşı hiss etmir, həkimin tövsiyəsinə görə dincəlməyə ehtiyacı vardır və xahiş edir ki, səhhəti barədə yalnız sabah səhər məlumat verəcəyini bildirir, həmçinin iş davam etməsini və öz dəstəyi barədə məlumat verir. - saat 13.32 cümə axşamı: WA MTL Baş ofisə cənab Roba və digər email ünvanlarına məktub göndərilərək bildirilmişdir ki, daha çox aydınlıq verə bilərsinizmi Neil sabah səfərbər olacaqmı bağlantı qurğusunu əvəz etmək üçün hələ bir həftə oteldə qalmaq üçün karantin tələbi var. - saat 15.38 cümə axşamı: İddiaçı email ünvanından Baş ofisə cənab Roba və digər email ünvanlarına məktub göndərərək bildirmişdir ki, bir neçə mühəndisin dənizdə olmasını təsdiq edir ki, onlardan biri WA-gedə bilər, vəziyyətinin yaxşı olmamasını kritik bir iş görmək risk yaradacağını bildirir və quruya aparılmasının səbəbinin nə olmasını soruşur, hərəkətlərin eskalasiya olmasını və dayandırılmasına ümid edir. Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialı xx.xx.2020-ci il tarixli 02/AO-2020 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrində göstərir ki, guya İddiaçı xx.xx.2020-ci il tarixdə «xx» Şirkətinin «Mərkəzi Azəri» platformasında əmək funksiyalarını yerinə yetirərkən, şirkətin digər «Vest-Azəri» platformasında külli miqdarda neft itkisi ilə nəticələnə və texniki qəza riski yarana bilən vəziyyətin yarandığı barədə Filial rəhbərliyinin tapşırığını üzrsüz səbəbdən yerinə yetirməmiş, yarana biləcək qəza vəziyyətinin aradan qaldırılması üçün «Vest-Azəri» platformasına getməkdən imtina etmiş, tapşırığı aldıqdan sonra özünü pis hiss etdiyini bəhanə etmişdir. Qeyd olunan email yazışmaları onu təsdiq edir ki, işçi İddiaçı tapşırığı almamışdan əvvəl özünü yorğun, halsız hiss etdiyinə görə xx.xx.2020-ci il tarixdə saat 08.00 radələrində Emin həkimə müraciət etmiş və bu barədə Filialın rəhbərliyinə məlumat vermişdir. Bu onu ehtiva edir ki, işçi İddiaçı heç bir bəhanə gətirməmiş və hansı səbəbə görə işə çıxa bilməməsini tam aydın şəkildə bildirmişdir. Bundan başqa, iddiaçının vəkili Vəkil1 sorğu ilə «xxxxxxxx» MMC-nin əməkdaşı, Mərkəzi-Azəri dəniz neft-qaz platformasında həkim vəzifəsində çalışan Emin Ağazadəyə müraciət etmişdir. Sorğuya cavab olaraq bildirmişdir ki, dəniz neft qurğusunda işin çox məsuliyyətli olmasını, diqqət və təhlükəsizliyə xüsusi önəm verilməsini nəzərə alaraq halsız və ya yorğun işçilərin iş günü müəyyən müddətinə işdən azad olunaraq növbədənkənar dincəlməsi qeyri-adi hal hesab edilmir. Bu cavab bir daha onu təsdiq edir ki, İddiaçı həmin gün, yəni xx.xx.2020-ci il tarixdə sağlam olmasına baxmayaraq, yorğun, halsız olduğu üçün həkimə müraciət etmiş və onun tövsiyələrinə uyğun olaraq hərəkət etmiş və işəgötürənə bu barədə rəsmi email vasitəsi ilə məlumat vermişdir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 saylı Qərarının 11-ci bəndinə, Əmək Məcəlləsinin 290-cı maddəsinin 3-cü hissəsinə, 290.1, 290.2, 290.3-cü maddələrinə, 16.1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarına, «İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və X8 Məhkəməsinin presedentlərinə istinad edən iddiaçı daha sonra qeyd etmişdir ki, göründüyü kimi işçiyə vurulmuş mənəvi ziyana görə işəgötürən maddi məsuliyyət daşıyır. Hazırkı vəziyyətdə COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikasının ərazisində elan olunmuş xüsusi karantin dövründə işçinin işdən çıxarılması, eyni zamanda İddiaçı xaricdə işlədiyi halda, işəgötürənin verdiyi zəmanət məktubuna inanıb xaricdəki işini bitirib və müqavilənin müddətini uzatmamış işəgötürənlə müqavilə bağlamış və nəticə etibarı ilə işəgötürənin qərəzli münasibəti və ayrı-seçkiliyi nəticəsində işsiz qalmışdır. Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialı bu hərəkəti ilə 100.000 manat mənəvi ziyan vurmuşdur və həmin məbləğ cavabdehdən tutularaq işçi İddiaçı ödənilməlidir. İddia tələbinin həcminin artırılması barədə ərizədə iddiaçı əlavə olaraq qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı cavabdeh təşkilatın nümayəndəsi bir sıra sənədlər təqdim edərək, iddia ərizəsinə qarşı öz etirazını təqdim etmişdir. Belə ki, etirazda göstərilir ki, İddiaçı xx.xx.2020-ci il tarixdə növbədə olarkən «Vest-Azəri» platformasında neft hasilatının istismarının dayanmasına və itkisinə səbəb ola biləcək təhlükənin qarşısını almaqla bağlı yaranmış qəzanın aradan qaldırılması üçün özünü pis hiss etdiyini bəhanə edərək, əmək funksiyalarını icra etməmiş, bununla da Əmək Məcəlləsinin 72-ci maddəsinin «e» yarımbəndində göstərilən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvi nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirə bilən hərəkət etmişdir. Bununla bağlı cavabdeh təşkilatın nümayəndəsi sənədlər təqdim edərək əsaslandırmağa çalışmışdır ki, işəgötürən ciddi maddi itkilərə məruz qalmışdır. Bu arqumentlə razılaşmayaraq bildirir ki, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialı Xəzər dənizində olan «Qərb-Azəri», «Mərkəz-Azəri», «Şərq- Azəri», Günəşli, Çıraq, X10 platformalarına xidmət göstərir. Həmçinin hər bir platformaya xidmət üçün 2 nəfər mühəndis təhkim edilmiş Sənan və Yelmar «Mərkəzi-Azəri» platformasına xidmət göstərmişdir. Belə olan təqdirdə, Yelmar və ya başqa platformalara xidmət göstərən mühəndislər cəlb oluna bilərdi. Cavabdeh təşkilatın məhkəməyə təqdim etdiyi arayışda göstərilmişdir ki, İddiaçı «Mərkəzi-Aran» platformasından xx.xx.2020-ci il tarixdə quruya çıxarılması səbəbindən onun əmək funksiyasının icrası məqsədi ilə həmin vaxt Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialının ABB Armor room xx Xəzər mərkəzində işləyən mühəndis Kamran Əhədov həmin mərkəzdəki işlərini dayandırıb və dənizdəki platformaya buraxılmazdan əvvəl 7 günlük karantinə yerləşdirilib. Eyni zamanda arayışda göstərilir ki, digər işçilərin yerlərinin dəyişməsi və təlimə cəlb edilməsi ilə bağlı maddi ziyana uğramışdır. Hesab edir ki, əgər həqiqətən də sözügedən platformada neft itkisinə səbəb ola biləcək təhlükənin qarşısının alınması zərurəti yaranmışdırsa dərhal yaxın platformada olan mühəndislər cəlb edilə bilərdi və əgər bu mühəndislər tərəfindən yaranmış təhlükənin qarşısı alınmasa idi, o halda digər tədbirlərin görülməsi baş verə bilərdi. Bundan başqa, arayışın sonunda qeyd olunur ki, İddiaçı xx xxxx 2020-ci il tarixdə əmək funksiyasını etinasızlıqla yerinə yetirməməsi nəticəsində Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına ümumilikdə 53.231 manat 05 qəpik həcmində maddi ziyan dəymişdir. Eyni zamanda, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialının (işçilərin yerdəyişməsi haqqında) xx.xx.2020-ci il tarixli 01/20- ƏE əmrinin verilməsi üçün İddiaçı xx.xx.2020-ci il tarixdən əmək müqaviləsində nəzərdə tutulan vəzifə öhdəliklərini etinasızlıqla yerinə yetirməsindən imtina etməsi ilə bağlı yaranmış zəruriyyət əsas olmuşdur. Bununla qəti olaraq razılaşmayaraq, qeyd edir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işdən azad edilir. Belə ki, hadisələrin xronoloji ardıcıllığı aşağıdakı kimi olmuşdur: a) ««Qərbi-Azəri» getməyə qərar verilmişdir». Cavab: İlk an, email-də görünən kimi, qərar verildi ki, Nil gedir WA platformasına. Sonradan Rob başlayıb manipulyasiya etməyə, şərtlər qoymağa. b) «Üzrsüz səbəbdən tapşırığı yerinə yetirməmişdir». Cavab: İddiaçı həkimə müraciət etmiş, həkimin cavabı var, məhkəməyə təqdim olunub. Bu üzrlü səbəb idi. c) «Özünü piss hiss etdiyini bəyan etmişdir». Cavab: faktiki vəziyyətini bildirmiş, həkim təsdiqləmiş. Şirkət tərəfindən heç kəs həkimlə əlaqə yaratmamışdır. d) «WA getməkdən imtina etmişdir». Cavab: imtina heç vaxt olmayıb. c) «vaxt məhdudiyyətinə görə «WA» göndərmək mümkün olmamışdır». Cavab: ilk yazışmadan «WA» getməyə Nil təyin olunmuş, fiziki WA gedib çatmaqda vaxt fərqi ola bilməz, yəni, olsun Yelmar, Səxavət, Nil və ya başqası. Göründüyü kimi İddiaçı hərəkətlərindən bu maddənin tələbinin pozulması halı olmamış, əksinə ona qarşı cavabdeh təşkilatın rəhbərliyi tərəfindən qərəzli münasibət olmuşdur. Belə ki, 2020ci ilin yanvar ayından İddiaçı birbaşa rəisi Rob Uayt, ona qarşı ədalətsiz mövqe tutmağa başlamışdır. Bununla əlaqədar İddiaçı yuxarı müdiriyyətə (Troy Stuart) və Kadrlar Şöbəsinə (Sevda Məmmədova) məlumat vermişdir. Onlar isə bu halların qarşısını almaq üçün heç bir tədbir görməmişlər və nəticədə xx xxxx 2020-ci il tarixdə «Mərkəzi Azəri» platformasında olan İddiaçı həkimə müraciət etdiyinə, halsız olduğuna baxmayaraq, ona qarşı təzyiqlər olmuş, onu əsaslı səbəb olmadan platformadan çıxarmaq istəmişlər. Hansı səbəbə görə Rob Uayt heç bir araşdırma, sorğu olmadan dərhal sahədən uzaqlaşdırmışdır, bunun bir cavabı var – qərəzlilik. Bu faktın olub-olmaması ilə bağlı məhkəmə iclasında Sevda Məmmədovaya sual verilmiş, o isə bu faktın olmasını təsdiq etmişdir. Digər tərəfdən qeyd etməyi lazım bilir ki, İddiaçı əməlində cavabdeh təşkilata qarşı qəsd, səhlənkarlıq və ya etinasızlıq hərəkətləri olmamışdır. Belə ki, qəsd dedikdə – niyyət, məqsəd, məram anlaşılır. Səhlənkarlıq dedikdə – işə, tapşırığa, vəzifəyə qarşı soyuq baxma, laqeyd baxma kimi başa düşülür. Etinasızlıq dedikdə isə, diqqətsizlik, hörmətsizlik, sayğısızlıq, saymamazlıq kimi qəbul edilir. Şərh olunanlardan göründüyü kimi, İddiaçı hərəkətlərində bunların heç biri olmamış, sadəcə xx xxxx 2020-ci il tarixdə o, özünü halsız, narahat, yorğun hiss etdiyindən bu barədə vaxtında cavabdeh təşkilata məlumat vermişdir. Buna baxmayaraq, cavabdeh təşkilat tərəfindən ona qarşı aqressiv yanaşılmış, heç bir araşdırma aparılmadan vaxtı ilə heç bir cəzası olmadan təşkilata xeyir verən və onun işində heç bir qüsur, problem olmadığına baxmayaraq, Əmək Məcəlləsinin ən sərt maddəsi tətbiq edilməklə qanunsuz və əsassız olaraq işdən azad edilmişdir. Eyni zamanda, iddia ərizəsində göstərilmişdir ki, əmrin əsaslandırıcı hissəsində işçi İddiaçı heç bir üzrlü səbəb olmadan işə çıxmamağı barədə cavabdehin dəlili öz təsdiqini tapmamış və iddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsi qaydaları pozulmuşdur. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndələri X4, X3, vəkili Vəkil2 məhkəmə iclasında iddianı qəbul etməyərək məhkəməyə təqdim edilmiş iddiaya etirazların məzmununa uyğun izahat verərək məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəməyə təqdim edilmiş iddiaya etirazlarda göstərilmişdir ki, İddiaçı 3 həftəlik istirahət dövründən sonra dəniz platformalarında işə göndərilmək üçün ən yüksək standartlara cavab verən oteldə pandemiya dövrünün tələblərinə uyğun olaraq 1 həftə müddətində karantində qalmış və xx xxxx 2020-ci ildə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən «Mərkəzi Azəri» platformasına göndərilmişdir. Növbəti gün «Qərbi Azəri» platformasında neft qurğusunda qəza baş verməsi təhlükəsi yaranmışdır. Həmin platformada işləyən məsul şəxs Aleksandr Ponyakin bu barədə məlumat verərək qəza təhlükəsinin aradan qaldırılması üçün «Qərbi Azəri» platformasına mütəxəssis göndərilməsini xahiş edib. Filialın rəhbərliyi həmin platformaya İddiaçı göndərilməsini qərara alıb və bu barədə sonuncuya müvafiq göstəriş verib. Lakin İddiaçı yorğun olduğunu əsas gətirərək «Qərbi Azəri» platformasına getməkdən imtina edib. Rəhbərlik İddiaçı bu gün dincələrək qeyd edilən platformaya sabah getməyi bildirib. Lakin İddiaçı sabah vəziyyətinin necə olacağını əvvəlcədən deyə bilməyəcəyini bildirərək növbəti gün «Qərbi Azəri» platformasına gedə biləcəyini sual altına qoyub. Həmin platformada qəza təhlükəsinin mövcud olmasını və bu vəziyyətin ciddiliyini əsas götürən Filial rəhbərliyi bir neçə ixtisaslı kadrı bir-biri ilə əvəz etməklə səfərbər edərək (bu barədə məhkəməyə ətraflı arayış verilib) «Qərbi Azəri» platformasındakı təhlükəli vəziyyəti aradan qaldırıb və bu zaman əlavə əmək haqları, karantində qalma xərcləri, plandankənar nəqliyyat xərcləri çəkməklə külli miqdarda maddi zərərə məruz qalıb. İddiaçı hazırkı mülki iş üzrə xx xxxxxx 2020-ci il tarixdə keçirilən iclasda izahat verərkən bildirdi ki: - 1-2 il əvvəl «Mərkəzi Azəri» platformasında işdə olarkən «Qərbi Azəri» platformasında oxşar problem baş vermiş, qəza nəticəsində iş dayanmışdı. O, həmin platformaya göndərilib və hətta əcnəbi mütəxəssislərin həll edə bilmədiyi problemi həll edib. Onda o, özünü yaxşı hiss edirdi; - o, 2-3 həftəlik istirahət dövründən sonra dəniz platformalarında işə göndərilmək üçün filialın hesabına oteldə pandemiya dövrünün tələblərinə uyğun olaraq 1 həftə müddətində karantində qalmış və xx xxxx 2020-ci il tarixdə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən «Mərkəzi Azəri» platformasına gətirilmişdir; - xx xxxx 2020-ci ildə «Qərbi Azəri» platformasında neft qurğularında həqiqətən ciddi problem yarandığı ona məlumdur, orada hər an «shutdown» ola, yəni neft avadanlığı dayana bilərdi. Bu zaman milyonlarla itki ola bilərdi. Belə olduğu təqdirdə avadanlığı yenidən işə salmaq üçün 4 gün işləmək lazım gələcəkdi. O, yorğun olduğu üçün bu məsuliyyəti və riski üzərinə götürmək istəmirdi; iddiaçı izahatında həmçinin bildirdi ki, pandemiya dövründə onların istirahət müddəti azaldılıb, iş vaxtı isə artırılıb və bununla bağlı onlar Filialla müvafiq müqavilə imzalayıblar. Bu isə onun narazılığına səbəb olub. Bundan başqa, 2020-ci ilin əvvəlində onun birbaşa rəhbəri hesab olunan filialın meneceri Rob Uaytla münasibətlərində problem yaranıb. Rob ona qarşı haqsızlıq edib. O, quruda – Filialın Bakı şəhərində «Port Baku» adlı iş mərkəzində yerləşən idarəetmə mərkəzində işlədiyi halda həmin menecer onun dənizdə işləməyə göndərilməsinə dair göstəriş verib. O, hətta onun işdən azad edilməsinə səbəb olan bu hadisədən 2 ay qabaq Filialın rəhbəri Troy adlı şəxsə Robdan e-mail vasitəsi ilə məktub yazaraq şikayət edib. Lakin Troy ona cavab məktubu yazaraq Robun onun birbaşa rəhbəri, meneceri olduğunu və onlar arasındakı münasibətlərə qarışa bilməyəcəyini bildirib. Beləliklə, iddiaçının məhkəmə iclasında verdiyi izahatlardan aydın görünür ki, onun xx xxxx 2020-ci il tarixdə öz əmək funksiyalarını yerinə yetirməməsinin səbəbi onun yorğun olması deyil, rəhbərlikdən və onların qərarlarından narazı olması ilə bağlıdır. Bu hal isə iddia tələbinin tam əsassız olmasını bir daha təsdiq edir. Hesab edirlər ki, iddiaçının davranışı Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinin təsiri altına düşür. Həmçinin İddiaçı ona vurulan mənəvi ziyan üçün işəgötürəndən 100.000 manat tələb etməsi də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 290-cı maddəsinin «qeyd» hissəsinə tam uyğunsuzluq təşkil edir. «Qeyd» hissəsində göstərilir ki, işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. Bildirir ki, İddiaçı əmək müqaviləsinə xitam verilərkən və bu məqsədlər üçün araşdırma aparılarkən işəgötürən tərəfindən İddiaçı qarşı «Qeyd» hissəsində göstərilən heç bir əməl və ya hərəkət törədilməmiş, işəgötürənin əmrində belə hallara yol verilməmişdir. İddia ərizəsində mənəvi ziyanla bağlı məlum olan qanunvericilik normaları sadalansa da, vurulan mənəvi ziyanın elementləri (işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi və s.) və onları sübut edən hallar mövcud olmadığı üçün iddia ərizəsində göstərilmir. Bu səbəbdən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - İddiaçı ilə işəgötürən Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialı arasında xx.xx.2017-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmışdır. - Müqavilə şərtlərinə görə işçi bu müqavilə ilə müəyyən edilmiş əmək funksiyasının icrasını həm Azərbaycan Respublikasının ərazisində işəgötürən tərəfindən müəyyən edilən iş yerlərində (Xəzər mərkəzində (Armor room), Sanqaçal Terminalında, ölkə regionlarında, «Bridge Plaza»-da və s.), həm də xarici ölkədə (məsələn, Gürcüstan və s.) aidiyyəti iş yerlərində yerinə yetirməlidir. - Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə «xx» şirkəti arasında bağlanmış müqaviləyə əsasən isə Filial «xx» Şirkətinə müxtəlif neft-qaz platformalarında müvafiq xidmətlər göstərməlidir. - İddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinin şərtlərinə görə işçi işəgötürən tərəfindən müəyyən edilən «xx» Şirkətinin neft-qaz sahəsi üzrə platformalarında əmək funksiyalarını yerinə yetirməyə borcludur. - Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialının xx.xx.2020-ci il tarixli 02/AO-2020 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrinə əsasən əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xx xxxx 2020-ci il tarixdən xitam verilmişdir. Əmrdə göstərilir ki, İddiaçı xx.xx.2020ci il tarixdə «xx» Şirkətinin «Mərkəzi Azəri» platformasında əmək funksiyalarını yerinə yetirərkən, şirkətin digər «Vest Azəri» platformasında külli miqdarda neft itkisi ilə nəticələnə və texniki qəza riski yarana bilən vəziyyətin yarandığı barədə Filialın rəhbərliyinə «Vest-Azəri» platformasında çalışan məsul şəxs A.Ponyakin tərəfindən məlumat daxil olmuşdur. Filialın rəhbərliyi tərəfindən vəziyyətlə bağlı operativ tədbirlər görülmüş və İddiaçı «Vest-Azəri» platformasına çatdırılması barədə qərar verilmişdir. İddiaçı xəstə olmadığı və səhhəti yol verdiyi halda, üzrsüz səbəbdən yuxarıda göstərilən tapşırığı yerinə yetirməmiş, yarana biləcək qəza vəziyyətinin aradan qaldırılması üçün «Vest-Azəri» platformasına getməkdən imtina etmişdir. O, tapşırığı aldıqdan sonra özünü pis hiss etdiyini bildirmişdir. Halbuki, bu məsələyə aydınlıq gətirilməsi üçün müvafiq qaydada tibbi müayinə keçirilərək sağlam olduğu müəyyən edilmişdir. Vaxt məhdudiyyəti ilə bağlı iddiaçının «Vest-Azəri» platformasına göndərilməsi mümkün olmamışdır. Qeyd olunan ciddi vəziyyətlə bağlı operativ tədbirlər görülərək, «Vest-Azəri» platformasında yaranmış vəziyyətin aradan qaldırılması üçün digər işçi cəlb edilmiş, həmçinin bu işçinin də cəlb edilməsi ilə bağlı öz növbəsində zəncirvari olaraq bir sıra işçilərin yerdəyişməsi həyata keçirilmişdir. Belə vəziyyət istehsalın səmərəli idarə edilməsində əsaslı çətinliklər yaratmış, istehsalat xərclərini artırmışdır. Məhkəmə iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyanın 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ, İV, Vİ hissələri). Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. - 68-ci maddəsinin 1 və 2-ci bəndinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. - 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda - 76.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Məhkəmə qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə, qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. İşin materiallarından da görünür ki, iddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, habelə əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvi nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirə bilən hərəkət etməsi əsası ilə xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. - 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. - 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. - 72-ci maddəsinin “e” bəndinə əsasən, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. - 83-cü maddəsinin İ hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. - 83-cü maddəsinin İİ hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. - 84-cü maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı, soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir. Məhkəmə İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialının xx.xx.2020-ci il tarixli 02/AO-2020 saylı əmək müqaviləsinə xitam verilməsi barəsindəki əmrinin təsviri hissəsində cavabdehin heç bir üzrlü səbəb olmadan işə çıxmaması barədə dəlillərin əsassızlığı ilə bağlı hesab edir ki, əmrin təsviri hissəsində İddiaçı «heç bir üzrlü səbəb olmadan işə çıxmaması» halı deyil, işə çıxdıqdan sonra iş günü ərzində əmək funksiyalarını yerinə yetirməməsi, daha dəqiq ifadə edilsə, işə çıxdıqdan sonra iş növbəsi ərzində işəgötürənin istehsalat zərurəti ilə əlaqədar onun əmək funksiyalarına aid olan tapşırığı açıq-aşkar şəkildə yerinə yetirməməsi əsaslardırılmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda onunla bağlanmış əmək müqaviləsinə məhz Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə xitam verilə bilməsi qanunvericilikdə təsbit edilmişdir. Məhkəmə iddia tələblərinə qiymət verməkdə davam edərək daha sonra hesab edir ki, əmrin təsviri hissəsində Əmək Məcəlləsinin 84-cü maddəsinin 3-cü hissəsinin tələblərinə uyğun olaraq kifayət qədər sadə, həmçinin normativ hüquqi aktlara uyğun formada əsaslandırılaraq göstərilmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixdə növbədə olarkən «Vest-Azəri» platformasında neft hasilatının istismarının dayanmasına və itkisinə səbəb ola biləcək təhlükənin qarşısını almaqla bağlı yaranmış qəzanın aradan qaldırılması üçün özünü pis hiss etdiyini bəhanə edərək əmək funksiyalarını icra etməmiş, bununla da Əmək Məcəlləsinin 72-ci maddəsinin «e» yarımbəndində göstərilən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvi nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirə bilən hərəkət etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrinə həmçinin a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək və f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək aiddir.. Məhkəmə İddiaçı ona işəgötürən tərəfindən yol verdiyi intizam xətasına görə daha yüngül intizam tənbehi tətbiq edilmədən, ona qarşı daha sərt tənbeh (Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin «ç» bəndində göstərilən əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək) tətbiq edilməsinə dair dəlili ilə bağlı qeyd edir ki, iddiaçı dolayısı ilə intizam xətasına yol verdiyini qəbul edir, lakin işəgötürən tərəfindən sərt intizam tədbirinin görülməsi ilə razılaşmır. Bununla əlaqədar məhkəmə hesab edir ki, İddiaçı iş vaxtı ərzində əmək funksiyalarına daxil olan vəzifəsini işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirə bilən tapşırığı yerinə yetirməməsi işəgötürənə kifayət qədər əsas yaratmışdır ki, İddiaçıla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə xitam versin. Həmçinin də məhkəmə qeyd edir ki, əmək qanunvericiliyində işəgötürən tərəfindən işçiyə qanunvericilikdə nəzərdə tutulmuş intizam tənbehlərindən birini verə bilməsi onun hüququ kimi təsbit edilmiş və 186-cü maddənin İİ şissəsində nəzərdə tutulan intizam tənbehinin ardıcıllıqla verilməsi qaydası müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 311-ci maddəsinə əsasən işçi və ya işəgötürən əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini, əmək funksiyasını, habelə bu Məcəllənin və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktın tələblərini pozaraq biri digərinin hüquqlarına və qanunla qorunan mənafelərinə müəyyən ziyan vurarsa, bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilir. Əmək qanunvericiliyinə əsasən (186-cı madddənin 1-ci hissəsi) işçi bu Məcəllə ilə və digər normatvi hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə, yaxud, əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə cəlb edilir. - 186-cı maddəsinin 2-ci hissəsinin tələbinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək barədə intizam tənbehi verə bilər. Azərbaycan Respublikası ƏM-nin 187-ci maddəsinin 2-ci hissəsinə əsasən intizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən 1 ay keçənədək verilə bilər. İş materiallarında olan İddiaçıla bağlanmış əmək müqaviləsinin 5.1.5-ci bəndində göstərilmişdir ki, əgər işçi öz vəzifəsini xəstəlik və ya bədbəxt hadisə səbəbindən yerinə yetirə bilməsə, işçi əmək qabiliyyətini itirdiyi gündən sonra birinci iş günü başlamamışdan əvvəl (və ya mümkün qədər tez) işəgötürəni xəbərdar etməli və bunun səbəbini və işə çıxa biləcəyi vaxt barədə məlumat verməlidir. İşçi işəgötürənin tələbinə görə öz əmək funksiyalarının yerinə yetirə bilməməsinin səbəbini təsdiq edən müvafiq tibbi sənəd təqdim etməlidir. Əmək müqaviləsinin 9.11-ci bəndində isə müəyyən edilmişdir ki, işçi istehsal qəzasının qarşısını almaq və ya onların nəticələrini aradan qaldırmaq məqsədi ilə (sıradan çıxmış mexanizmlərin, qurğuların təmiri, bərpası və s. hallar) qanunvericiliklə müəyyən edilmiş qaydada haqqı ödənilməklə işlərin yerinə yetirilməsi üçün bilavasitə rəhbərinin və ya ABB şirkətinin aidiyyəti rəhbərlərinin, eləcə də, sifarişçi «xx» əməliyyat şirkətinin aidiyyəti əməkdaşlarının göstərişinə əsasən iş yerinə gəlməlidir. İşin araşdırılmış halları ilə məyyən edilmişdir ki, İddiaçı işə çıxdıqdan sonra işəgötürənin tapşırığını yerinə yetirməmiş, xəstə olduğunu bəhanə etmiş, ona xəstə olması barədə həkim tərəfindən arayış və ya xəstəlik vərəqəsi verilməmiş, bir sözlə, İddiaçı öz şəxsi mülahizəsi əsasında əmək müqaviləsində müəyyən edilmiş işəgötürənin tapşırığını yerinə yetirmək öhdəliyinə əməl etməmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə «Vest-Azəri» platformasında yarana biləcək qəzanın aradan qaldırılması barədə ona verilən tapşırığı özünü pis hiss etdiyini və yorğun olduğunu bildirərək icra etməkdən imtina etmiş, bununla əlaqədar olaraq dəniz şəraitindən sahilə göndəriləcəyi barədə təklifi qəbul etməmiş, hətta ertəsi gün (yorğunluğu çıxdıqdan sonra belə) «Vest-Azəri» platformasına getməkdən imtina etmişdir. Məhkəmə iddia ərizəsinə əlavə olunan email yazışmaları ilə İddiaçı bu emaillər onun özünü yorğun və halsız hiss etməsi barədə həkimə müraciət etməsi, həkim Emin Ağazadə tərəfindən onun işdən kənarlaşdırılması barədə heç bir göstəriş olmamasına dair dəlillərinə qiymət verərək qeyd edir ki, işin araşdırılmış hallarından görünür ki, həkim Emin Ağazadə tərəfindən iddiaçının işə yararlı olması qeyd edilmişdir. Məhkəmə İddiaçı Əmək Məcəlləsinin 16-cı maddəsinə istinad edərək ona münasibətdə əmək münasibətlərində ayrı-seçkiliyə yol verilməsinə dair dəlili ilə bağlı qeyd edir ki, iddiaçı buna dair birbaşa və ya dolayı ayrı-seçkiliyi sübut edən heç bir halı göstərə bilməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının izahatlarına əsasən xaricdə işləyərkən Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialından işə qəbul üçün dəvət alması, işəgötürənə inanaraq xaricdən gələrək Filialda işləməyə başlaması, onu 2017-ci ilin noyabr ayında müddətsiz əmək müqaviləsi ilə işə qəbul etməsi kimi işin müəyyən edilmiş halları tərəflər arasında qərəzli münasibətlərin olmasına dair iddiaçının dəlillərinin əsassız olmasına dəlalət edir. Məhkəmə göstərilənlərə əsasən belə qənaətə gəlir ki, iddiaçının barəsində verilmiş əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71.3-cü maddəsində nəzərdə tutulan qaydada əsaslandırılmışdır, yəni, işin faktiki hallarının təhlilinə əsasən məhkəmə hesab edir ki, iddiaçı özünün əmək funksiyasını, əmək müqaviləsi üzrə öhdəliklərini heç bir üzrlü səbəb olmadan yerinə yetirməməsi ilə müşaiyət olunan hərəkətləri ilə əlaqədar cavabdeh tərəfindən əmək qanunvericiliyin tələblərinə uyğun qanuni və əsaslı əmr verilmişdir. Belə olan halda iddia tələbinin Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialının xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmrinin ləğv edilməsi hissəsi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, iddiaçının barəsində verilmiş əmrin qanunsuzluğuna dair irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı və əsassız sayıldığı üçün digər, yəni, işə bərpa edilmə və s. tələblərinə də hüquqi qiymət verilməsinə zərurət yoxdur. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Konstitusiya Məhkəməsi Plenumunun İ.Ağayevin şikayəti üzrə xx xxxxxx 2013-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmələr səlahiyyətləri çərçivəsində qanuna uyğun, dəqiq, hər hansı üstünlüyə, ayrı-seçkiliyə və ya qərəzliliyə yol vermədən, tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinə əməl etməklə, işlərə hərtərəfli baxaraq hər kəsin ədalətli məhkəmə araşdırılması hüququnu təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Dövlətin insan hüquqlarının və azadlıqlarının qorunması vəzifəsinin konstitusiya quruluşunun əsaslarına aid olduğunu və bu hüquqların dövlət tərəfindən, o cümlədən, məhkəmə qaydasında müdafiəsini zəruri edir…. Məhkəmə müdafiəsi beynəlxalq hüquqda müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 440.4-cü və «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 74.1-ci maddələrinə dair» xx.xx.2002-ci il taixli qərarı) Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, ilk və qarşılıqlı iddia əsassız olduğu üçün rədd edilməlidirlər. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı «işə bərpa, məcburi iş buraxma müddətinin müqavilə üzrə verilən əmək haqqının və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı «işə bərpa, məcburi iş buraxma müddətinin müqavilə üzrə verilən əmək haqqının və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-4027/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4027/2020
24.08.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver