Məhkəmə qərarları › İş №2(006)-4029/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4029/2020

12.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4029/2020 12.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclas katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx xxxxxx 2020-ci il tarixdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1-də yerləşən yaşayış sahəsinə istifadə hüquqlarının itirilmiş hesab olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanda yerləşən mənzili alqı-satqı yolu ilə xx xxxxxxxx 2018-ci il tarixdə almışdır. Mənzili aldıqdan sonra onun adına çıxarış verilmişdir. O, mənzili alandan sonra cavabdeh ona bildirmişdir ki, gəlib mənzildən qeydiyyatdan çıxacaq. Lakin cavabdeh dediyi vaxtda qeydiyyatdan çıxmamışdır. O, mənzili aldıqdan sonra cavabdeh orada yaşamamışdır. Onun mənzildə heç bir əmlakı yoxdur. Artıq hesab edir ki, onun istifadə hüququ itirilmiş hesab olunmalıdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdehin qeydiyyatdan çıxmaması mülkiyyətçi kimi onun mənzil üzərində sərəncam vermək hüququnu məhdudlaşdırır. Cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə hüququnun saxlanılması mülkiyyətçi kimi iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsi ilə nəzərdə tutulan əmlaka sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə hüquqlarının pozulmasına da gətirib çıxarır. Yuxarıda göstərilənlərə əsasən Cavabdeh ünvan 1-də yerləşən yaşayış sahəsinə istifadə hüquqlarının itirilmiş hesab olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək yuxarıda qeyd edilən məzmunda izahat vermişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi, 179 saylı evin 3 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1574 nömrəli reyestr kitabının 143917 nömrəli vərəqində xx.xx.2016-cı il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Beləliklə, iddiaçı mənzilin mülkiyyətçisi olduğundan müvafiq iddia tələbi irəli sürmək üzrə subyektiv hüquqa malikdir. xx.xx.2018-ci il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki,satıcılar X1, X4, X2 və Cavabdeh mülkiyyətindəolanBakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi, 179 saylı evin 3 saylı mənzilini alıcı İddiaçı satmışlar. Həmin müqavilənin 8-ci bəndinə əsasən satıcıya alıcı üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 13-cü bəndinə əsasən satıcılar müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən satdığı mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən imzalanmış notariatqaydasındatəsdiqedilmişərizənin surətindəngörünürki,o, qeydiyyatda olduğu Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi, 179 saylı evin 3 saylı mənzilin özgəninkiləşdirilməsinə, satılmasına və mənzildən istifadə hüququna xitam verilməsinə razıdır, habelə alqı-satqı müqaviləsi rəsmiləçdirildikdən sonra həmin müqavilədə nəzərdə tutulan müddət ərzində qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2020-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki,Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi, 179 saylı evin 3 saylı mənzildə xx.xx.1969-cu il təvəllüdlü Cavabdeh qeydiyyatdadır. Məhkəmə baxışında müəyyən edilmişdir ki,Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi, 179 saylı evin 3 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı ilə X3 arasında xx.xx.2018-ci il tarixdə göstərilən mənzilin alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 8-ci və 13-cü maddələrinə əsasən satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi və mənzildən xx.xx.2018-ci il tarixə qədər qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Beləliklə mənzilin əvvəlki mülkiyyətçisi olan cavabdehin mənzildən qeydiyyatdan çıxmaması onunla iddiaçı arasında bağlanmış alqısatqı müqaviləsinin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Bundan başqa, şəxsin yaşayış sahəsində yaşamadan orada qeydiyyatda olması şəxsi əmlak üzərində sahiblikdən məhrum etməsə də, mülkiyyət hüququnun, habelə qanuni əsaslarla əmlaka sahiblik edən şəxsin hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Yuxarıda qeyd olunduğu kimi, şəxsin qeydiyyatda olduğu ünvan üzrə yaşayış sahəsindən istifadə hüququnun olduğu prezumpsiyası qüvvədə olduğundan, bu hal mülkiyyətçinin və ya titul sahibini öz hüquqlarının həyata keçirilməsinə mane yaradır. Həmçinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanununa əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün isə onun yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olması tələb edilir. Mülki Məcəllənin 157.4-cü maddəsində sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması haqqında iddia – neqator iddia vasitəsilə mülkiyyət hüququnun müdafiəsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Neqator iddia dedikdə, əşyaya sahiblik edən mülkiyyətçinin, əmlaka sahiblik, ondan istifadə və ona sərəncam səlahiyyətlərinin həyata keçirilməsində manelərin aradan qaldırılması haqqında üçüncü şəxsə yönəlmiş tələbi başa düşülür. Neqator iddia mülkiyyətçi və üçüncü şəxsin mübahisəli əşya üzrə bir-biri ilə müqavilə münasibətlərində olmadığı və hüquq pozuntusunun subyektiv mülkiyyət hüququnun xitamına gətirmədiyi hallarda irəli sürülür. Neqator iddia irəli sürmək hüququna mülkiyyətçi, habelə titul sahibi malikdir. Cavabdeh qismində isə öz hüquqa zidd davranışı ilə mülkiyyət hüququnun (titul sahibliyinin) normal həyata keçirilməsinə maneçilik yaradan şəxs çıxış edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. X8 Məcəlləsinin 563.1-ci maddəsinə əsasən fiziki şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyatdan keçməməsinə, yaxud qeydiyyata alma və qeydiyyatdan çıxma qaydalarına əməl etməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Beləliklə, cavabdehin, mülkiyyət hüququna xitam verildiyi mənzildə yaşamadan orada qeydiyyatda olması yeni mülkiyyətçinin hüquqlarının pozulması kimi qiymətləndirilərək, onun yaşayış sahəsindən istifadə hüququ itirilmiş hesab edilməlidir. Belə ki, iddiaçı həm mülkiyyətçi kimi, həm də kreditor kimi cavabdehin mənzildən istifadə hüququna xitam verilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir, cavabdeh isə mənzildən könüllü qaydada qeydiyyatdan çıxmamaqla, müqavilə öhdəliyini icra etməyərək, onun bu subyektiv hüququnu pozmuşdur. Yəni vicdanlılığın tələb etdiyi tərzdə şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən alqı-satqı müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Cavabdeh öz öhdəliyini icra etmədiyindən, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mənzilə mülkiyyət hüququ iddiaçıya keçdiyindən və cavabdehin hazırda iddiaçının mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda qalması sonuncunun mülkiyyət hüququnu məhdudlaşdırdığından iddia təmin edilməli, Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi, 179 saylı evin 3 saylı mənzilindən Cavabdehnun istifadə hüquqları itirilmiş hesab edilməlidir. Nəticə hissəsi: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi, 179 saylı evin 3 saylı mənzilindən Cavabdeh istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar