Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-403/2024 15.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, İddiaçının hüquqi varisinin nümayəndəsi Nümayəndə2, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə İddiaçı hüquqi varisi X1 X4 və X6 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə Cavabdeh MMC-yə qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh MMC-yə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı müvafiq əmək müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixdə Cavabdeh MMC-nin direktoru (icra orqanın rəhbəri) vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2022-ci il tarixdə isə öz təşəbbüsü ilə həmin əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən xitam verilməsi aidiyyəti əmrlə rəsmiləşdirilmişdir. Əmək müqaviləsinin xitam verilməsinin rəsmiləşdirilməsinə və əmək kitabçasının iddiaçıya təqdim edilməsinə baxmayaraq onunla son haqq-hesab aparılmamış və həmin günə qədər ödənilməli olan əmək haqqı, istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, habelə digər ödənişlər həyata keçirilməmişdir. İddiaçı ilə əmək münasibətləri dövründə əmək haqqı Əmək Məcəlləsinin 172-ci maddəsinə və əmək müqaviləsi ilə şərtləşməyə uyğun olaraq ayda bir dəfə ödənilməsi nəzərdə tutulmuşdur. Buna baxmayaraq cavabdeh-işəgötürən hər ay ödənilməli olan əmək haqqı yalnız sonuncu dəfə 2022-ci ilin yanvar ayı üçün (net:1200 manat) həyata keçirilmişdir. Onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verildiyindən həmin günə qədər ödənilməli olan əmək haqqı sözügedən tarixdə ödənilməli idi. Belə ki, hesablanmış məcburi dövlət sosial sığorta haqları barədə fərdi şəxsi hesabında olan və Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin «e-sosial» internet informasiya ehtiyatında yerləşdirilən məlumatlardan görünür ki, 2021-ci ili aprel-dekabr ayları üzrə hər ay üçün 1340 manat, 2022-ci ilin yanvar-iyul ayları üzrə 1355 manat, avqust ayı üzrə isə 2512 manat əmək haqqı dövlət sosial sığortasına cəlb edilmişdir. Beləliklə, sonuncu əmək haqqının 2022-ci ilin yanvar ayı üçün ödənildiyini nəzərə alaraq 2022-ci il üzrə fevral-avqust ayları üçün məcburi dövlət sosial sığorta haqqına cəlb edilmiş əmək haqqına münasibətdə 10.642 manat məbləğində əmək haqqı sonuncu iş günü cavabdeh tərəfindən ödənilməli idi. Əmək qanunvericiliyində adıçəkilən ödənişin sonuncu iş günü ödənilməsi qeyd-şərtsiz cavabdeh-işəgötürənin vəzifəsi kimi təsbit edilmişdir. Cavabdehlə əmək münasibətində olduğu dövrdə işlərin çoxluğu, iş ahənginin qorunması və vəzifələrinin məsuliyyətliliyi ilə əlaqədar əmək məzuniyyətindən istifadə edə bilməmişdir. Lakin əmək müqaviləsinə xitam verilən gün əsas hüquqlarının sırasında təsbit edilməsinə baxmayaraq, istifadə edilməmiş əsas məzuniyyət ünlərinə görə iddiaçıya pul əvəzi ödənilməmişdir. Əmək Məcəlləsinin 140-cı maddəsinin 3-cü hissəsi ilə məzuniyyət günlərinin əmək haqqı müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylın əmək haqqının məğləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına – 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu haqda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. Hesablanmış məcburi dövlət sosial sığorta haqları barədə fərdi şəxsi hesabda olan və «esosial» internet informasiya ehtiyatınlan yerləşdirilən məlumatlardan görünür ki, 2021-ci ilin aprel-dekabr ayları üzrə hər ay üçün 1340 manat, 2022-ci ilin yanvar-iyul ayları üzrə 1355 manat (bu fakt əmək müqaviləsinə bildirişdə də öz əksini tapır), avqust ayı üzrə isə 2512 manat təşkil etmişdir. İddiaçı ilə əmək münasibətləri 01.04.-xx.xx.2022-ci il üzrə dövrü əhatə etdiyindən istifadə edilməyən məzuniyyət günlərinin sayı 2021-2022-ci iş ili üçün 30, 2022-2023-cü iş ili üçün isə 11,3 təqvim günü olmaqla ümumilikdə 41,3 təqvim günü təşkil edir. Beləliklə,hesablanmış əmək haqlarına münasibətdə təxmini 1 günə münasibətdə məzuniyyət üçün orta əmək haqqı 44,58 manat olmaqla istifadə edilməyən 41,13 təqvim gününə görə məzuniyyət pulu ümumilikdə 1956,96 manat miqdarında müəyyən edilir. Nəzərə alınmalıdır ki, sözügedən ödənişin işçi ilə əmək müqaviləsinə xitam verilən gün ödənilməsi əmək qanunvericiliyində cavabdeh-işəgötürənin qeyd-şərtsiz vəzifəsi kimi təsbit edilmişdir. Məlum olduğu üzrə əmək müqaviləsinə xitam verilən gün iddiaçı ilə son haqq hesab aparılmamış və ona həmin günə qədər ödənilməli olan 10.642 manat məbləğində əmək haqqı bank hesabına köçürülməmişdir. İddiaçı ilə əmək müqaviləsinə xitam verilən gün ona ödənilməli olan əmək haqqı 10.642 manat məbləğində olduğundan hər gecikdirilmiş günə görə 106,42 manat ödənc təşkil edir. Bu baxımdan mediasiya prosesinin tətbiqi barədə təklifin göndərildiyi günə qədər 355 gün olduğundan ümumilikdə əmək haqqın gecikdirilməsinə görə ödəncik məbləği 37.779,1 manat təşkil edir. Xüsusilə vurğulanır ki, əmək qanunvericiliyində sözügedən ödənişin iddiaçı-işçi tərəfindən tələb edilməsi hüququ cavabdeh-işəgötürənə onun ödənilməsi ilə bağlı vəzifə formalaşdırır. Məlum olduğu kimi fərdi əmək mübahisələri üzrə iddia müddətləri Əmək Məcəlləsinin 296-cı maddəsi ilə tənzimlənir. Həmin maddənin 4-cü hissəsi ilə pul tələbləri ilə əlaqədar əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilməsi müəyyən edilmişdir. Hazırki mübahisə ödənilməmiş əmək haqqının, onun vaxtında ödənilməməsinə görə hesablanmış faizlərin və istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi və bununla əlaqədar məcburi mediasiya ilə bağlı xərclər olduğundan özündə işəgötürənə qarşı pul tələbi ilə bağlı mübahisəni ehtiva edir. Hazırki fərdi əmək mübahisəsinin mediasiya qaydasında nizama salınması ilə bağlı iddia müddətinin axımı ərzində, yəni xx.xx.2023-cü il tarixdə cavabdehə mediasiya prosesinin tətbiqi bardə təklif göndərilmişdir. Sözügedən təklifə qanunvericilikdə müəyyən müddətdə cavabdeh tərəfindən münasibət bildirilmədiyindən xx.xx.2023-cü il tarixdə 6 saylı mediasiya təşkilatına mediasiya üçün müraciət edilmişdir. Fərdi əmək mübahisəni mediasiya qaydasında həll edilməsi mümkün olmadığına görə mediasiya təşkilat tərəfindən xx.xx.2023-cü il tarixdə «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq «İlkin mediasiya sessiyasından sonra sonra prosesin davam etdirilə bilməməsi» ilə bağlı arayış alınmış və mübahisənin məhkəmədə nizama salınmasına zərurət yaranmışdır. Bununla əlaqədar hazırki mübahisə predmeti üzrə məsələnin nizama salınması üçün məhkəməyə müraciət edilməsinə məcbur qalınmışdır. Məlum olduğu kimi ilkin mediasiya prosesindən keçmək üçün qanunvericiliklə müəyyən edilmiş qaydada mediasiya xərcləri ödənilməlidir. Hazırki fərdi əmək mübahisəsi üzrə mediasiya xərcləri 55 manat (50 manat mediasiya təşkilatına ödənilən haqq, 5 manat isə mediasiya təşkilatının çəkdiyi xərclər) təşkil etmişdir. Bu baxımdan sözügedən xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən Cavabdeh MMC-dən 10.642 manat ödənilməmiş əmək haqqı, 37.779,1 manat əmək haqqının gecikdirilməsinə görə ödənc, 1956,96 manat istifadə edilməmiş məzuniyyət günlərinə görə pul əvəzi və 55 manat mediasiya xərcləri olmaqla, ümumilikdə 50.434,06 manat vəsaitin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. İddiaçı qanun üzrə vərəsəsi Nümayəndə2 məhkəməyə ərizə ünvanlayaraq, iddiaçının xx.xx.2023-cü il tarixdə vəfat etdiyini və iddiaçının hüquqi varisinin müəyyən edilənədək mülki iş üzrə icraatın dayandırılmasını xahiş edilmişdir.
4. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı X4 və X6 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə Cavabdeh MMC-yə qarşı «pul» tələbinə dair mülki iş üzrə mərhum İddiaçı hüquqi varisi müəyyən edilənədək hazırki mülki iş üzrə icraat dayandırılmışdır. 5.xx.xx.2024-cü il tarixdə İddiaçı hüquqi varisi X5 məhkəməyə ərizə ünvanlayaraq 2(006)-4390/2023 saylı mülki iş üzrə icraatın təzələnməsini və İddiaçı onunla əvəz edilməsini xahiş etmişdir. 6.Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-403/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı X4 və X6 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə Cavabdeh MMC-yə qarşı «pul» tələbinə dair mülki işin icraatı təzələnmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 7.Məhkəmə iclasında iddiaçının hüquqi varisinin nümayəndəsi Nümayəndə2 iddianı müdafiə edərək bildirmişdir ki, iddiaçı onun mərhum atası, onun hüquqi varisi isə anasıdır. Tərəflərindən təqdim edilmiş iddia ərizəsində işin bütün halları öz əksini tapdığından hesab edir ki, bununla bağlı təkrarən danışmağa ehtiyac yoxdur. İddia müddətinin tətbiqi barədə cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi ərizəyə münasibətən isə bildirmək istəyir ki, iş materiallarına əlavə edilən poçt qəbzlərindən də, göründüyü kimi, mediasiya təklifi cavabdehə qanunla müəyyən edilmiş müddət ərzində göndərilmişdir. Cavabdehin nümayəndəsi də mediasiya sessiyasında iştirak edərkən bununla bağlı hər hansı etirazını bildirməyib. İddia ərizəsinin məhkəməyə təqdim olunması zamanı da müddət ötürülməmişdir. İşdən çıxarma ilə bağlı əmr xx.xx.2022-ci il tarixdə verilib. Mediasiya xx.xx.2023-cü il tarixdə müraciət olunub və xx.xx.2023-cü il tarixdə yekunlaşıb, məhkəməyə isə xx.xx.2023-cü il tarixdə müraciət olunub. İddiaçının hüquqi varisinin nümayəndəsi iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
8. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini qəbul etməyərək və ilk öncə müddətlə bağlı bildirmişdir ki, etirazlarında əks olunan müddət qarşı tərəfin qeyd etdiyi hallarla bağlı olmasa da, bu hallar müzakirə olunduğu üçün bildirmək istəyir ki, poçtun göndərilməsini təsdiq edən bildirişi iddiaçı tərəf əlavə etsə də, orada poçtun alınması ilə bağlı heç bir təsdiq yoxdur. onun alınmasını yalnız alan şəxs öz imzası ilə təsdiq edə bilər. Orada bununla bağlı heç bir təsdiqetmə yoxdur. Bundan başqa tərəflərindən verilmiş etirazı və idda müddətinin tətbiq olunması barədə ərizəni müdafiə edərək bildirmək istəyir ki, iddiaçıya artıq əmək hüquqlarının pozulduğu onun əmək haqqını almalı olduğu günün sabahı məlum olmuşdur. Buna münasibətdə isə iddiaçı iddia etdiyi və hər ay almalı olduğu əmək haqqından 1 il keçdikdən sonra ona iddia etmək üçün müddəti ötürmüş hesab edilir. Bu minvalla yaxınlaşsalar iddiaçı artıq iddia etdiyi bütün aylıq maaşlarına münasibətdə müddəti ötürmüşdür. Ona görə də iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
9. Məhkəmə iclasının vaxtı və yeri barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 qanunla müəyyənləşdirilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
10. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 faktiki yaşayış yeri məlum olmadığından onu məhkəməyə dəvət etmək mümkün olmamışdır. Bu barədə onun qeydiyyat ünvanı üzrə göndərilmiş məhkəmə bildirişləri müvafiq qeydlərlə («bu ünvanda yaşamır») məhkəməyə geri qaytarıldıqdan sonra, məhkəmə AR MPM-nin 147-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır.
11. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
12. İş materiallarında olan «e-sosial» internet portalında olan sosial arayışına əsasən İddiaçı əmək haqqı 2021-ci ilin aprel-dekabr ayları üzrə hər ay üçün 1340 manat, 2022-ci ilin yanvar-iyul ayları üzrə 1355 manat, avqust ayı üzrə isə 2512 manat təşkil etmişdir.
13. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş hesabdan çıxarışından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə 1.934,20 manat məbləğində pul köçürülmüşdür.
14. İş materiallarında olan mediasiya prosesinin tətbiqi barədə təklifinin surətindən görünür ki, İddiaçı «əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar son haqq-hesabın (xitam verilən günədək olan əmək haqqının, istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiyanın və s.) və həmin ödənişin vaxtında həyata keçirilməməsinə görə qanunvericiliyə əsasən hər gecikdirilmiş gün üçün 1% miqdarında ödəncin ödənilməsi» tələbinə dair mübahisəsi üzrə mediasiya prosesinin tətbiqi barədə təklifi xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC-yə göndərilmişdir.
15. İş materiallarında olan mediasiya üçün müraciətin surətindən görünür ki, İddiaçı Cavabdeh MMC-yə qarşı «əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar son haqqhesabın (xitam verilən günədək olan əmək haqqının, istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiyanın və s.) və həmin ödənişin vaxtında həyata keçirilməməsinə görə qanunvericiliyə əsasən hər gecikdirilmiş gün üçün 1% miqdarında ödəncin ödənilməsi» tələbinə dair mübahisəsi üzrə xx.xx.2023-cü il tarixdə Bakı 6 saylı Mediasiya Təşkilatına müraciət etmişdir.
16. İş materiallarında olan Bakı 6 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirə bilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, «əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar son haqq-hesabın (xitam verilən günədək olan əmək haqqının, istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiyanın və s.) və həmin ödənişin vaxtında həyata keçirilməməsinə görə qanunvericiliyə əsasən hər gecikdirilmiş gün üçün 1% miqdarında ödəncin ödənilməsi tələbinə dair mübahisəsi üzrə İddiaçı və Cavabdeh MMCnin nümayəndəsi Nümayəndə1 xx.xx.2023-cü il tarixdə keçirilən ilkin mediasiya sessiyasında iştirak etmişlər. Lakin Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə1 mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
17. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixdə Cavabdeh MMC-yə direktor vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 3-cü bəndinə (öz xahişi ilə) əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinin xitam verilməsinə baxmayaraq iddiaçı ilə son haqq-hesab aparılmamış və həmin günə qədər ödənilməli olan əmək haqqı, əmək haqqının gecikdirilməsinə görə ödəncin, istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi həyata keçirilməmişdir. Bu səbəbdən iddiaçı cavabdehdən 10.642 manat ödənilməmiş əmək haqqı, 37.779,1 manat əmək haqqının gecikdirilməsinə görə ödənc, 1956,96 manat istifadə edilməmiş məzuniyyət günlərinə görə pul əvəzi və 55 manat mediasiya xərcləri olmaqla, ümumilikdə 50.434,06 manat vəsaitin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçı vəfat etmiş və X5 iddiaçının hüquqi varisi kimi müəyyən edilmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
18. Məhkəmə iddia tələbinin 10.642 manat ödənilməmiş əmək haqqının ödənilməsi hissəsi üzrə qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslıdır və təmin edilməlidir.
19. «İqtisadi, sosial və mədəni hüquqlar haqqında» Beynəlxalq Paktın 7-ci maddəsinin “a” yarımbəndinə əsasən, hər bir üzv dövlət bütün zəhmətkeşlər üçün ədalətli əmək haqqını tanıyır və təmin edir.
20. X3 «Əmək haqqının mühafizəsi haqqında» Konvensiyasının 12-ci maddəsində nəzərdə tutulur ki, əmək haqqı müntəzəm surətdə ödənilməlidir.
21. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 6-cı hissəsinə əsasən hər kəsin heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirildiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.
22. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsində göstərildiyi kimi, əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək işəgötürənin əsas vəzifələri hesab olunur.
23. Həmin Məcəllənin 83-cü maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
24. Göstərilən Məcəllənin 87-ci maddəsinin 3-cü bəndinə əsasən işdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir.
25. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
26. Həmin Məcəllənin 172-ci maddəsinin 1-ci bəndinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.
27. Həmin Məcəllənin 178-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir.
28. Məhkəmə qeyd edir ki, işçinin əmək müqaviləsi üzrə əsas hüququ qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaqdır. Odur ki, işçilərin vaxtında, tam məbləğdə və ədalətli əmək haqqı alması təmin edilməlidir. Əmək müqaviləsinin şərtlərindən biri vaxtında işçiyə əmək haqqının ödənilməsidir. Bu şərt əmək müqaviləsinin əvəzli xarakterindən irəli gəlir, əmək müqaviləsi bağlanarkən tərəflər işçinin müəyyən növdən və ixtisasdan asılı olan əməyi hansı miqdarda yerinə yetirməli olduğu və işgötürənin bu əməyə görə hansı miqdarda əmək haqqını ödəməli olduğu barədə razılığa gəlirlər.
29. Şəxs öz əmək haqqını vaxtında aldıqda əvvəlcədən planlaşdırdığı və ya yaranmış öhdəliklərini (aldığı borc və s.) vaxtında ödəmək imkanı əldə edir. Öz öhdəliyini vaxtında yerinə yetirə bilməmək isə şəxs üçün əlavə zərərə gətirib çıxara bilər (məsələn, gecikmiş kredit borcuna görə dəbbə pulu və s.).
30. Buna görə işçinin əmək haqqının vaxtında ödənilməsi ilə bağlı məsələlər qanunvericiliklə tənzimlənir və bu öhdəliyin icra edilməməsinə və ya layiqincə icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulur.
31. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində əməyin ödənilməsi ilə bağlı mübahisələrə baxılarkən mülkiyyət hüququnun müdafiəsini təmin edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı Protokolunun 1-ci maddəsinə istinad edilir. Məhkəmə tərəfindən işə baxılması ona əsaslanır ki, əmək haqqının ödənilməsi mülkiyyətin əldə edilməsinin “qanuni gözlənti”sini təşkil edir. Bununla bağlı mübahisələndirilən ödəmə müqavilə və ya normativ aktla müəyyən edilməli və işəgötürənin müvafiq öhdəlikləri yaranmış olmalıdır.
32. Məhkəmə qeyd edir ki, cavabdeh-işəgötürən hər ay ödənilməli olan əmək haqqı yalnız sonuncu dəfə 2022-ci ilin yanvar ayı üçün həyata keçirmiş, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verildiyindən həmin günə qədər ödənilməli olan əmək haqqı sözügedən tarixdə ödənilməli idi. Belə ki, hesablanmış məcburi dövlət sosial sığorta haqları barədə fərdi şəxsi hesabında olan və Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin «e-sosial» internet informasiya ehtiyatında yerləşdirilən məlumatlardan görünür ki, 2021-ci ili aprel-dekabr ayları üzrə hər ay üçün 1340 manat, 2022-ci ilin yanvar-iyul ayları üzrə 1355 manat, avqust ayı üzrə isə 2512 manat əmək haqqı dövlət sosial sığortasına cəlb edilmişdir. Beləliklə, sonuncu əmək haqqının 2022-ci ilin yanvar ayı üçün ödənildiyini nəzərə alaraq 2022-ci il üzrə fevral-avqust ayları üçün məcburi dövlət sosial sığorta haqqına cəlb edilmiş əmək haqqına münasibətdə 10.642 manat məbləğində əmək haqqı sonuncu iş günü cavabdeh tərəfindən ödənilməli idi. Hesbalanma qaydasında gəldikdə isə məhkəmə qeyd edir ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin «e-sosial» internet informasiya ehtiyatında yerləşdirilən məlumatlarına əsasən 2022-ci ilin fevral ayıda daxil olmaqla 6 aylıq hesablama üzrə 1355x6 ay= 8130 manat və yalnız geriyə qalan avqust ayı üzrə isə 2512 manat, ümumilikdə 10642 manat təşkil etmişdir (sosial sığortaya cəlb edilmə ilə birlikdə hesablanmaqla). Lakin bunlara baxmayaraq cavabdeh tərəf qeyd edilən əmək haqqını ödəməmiş, ödənilməsi barədə isə sübutları məhkəməyə təqdim etməmişdir.
33. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi 10.642 manat ödənilməmiş əmək haqqının ödənilməsi hissəsi əsaslı hesab edilməli və təmin edilməlidir.
34. Məhkəmə iddia tələbinin əmək haqqının gecikdirilməsinə görə 37.779,1 manat ödəncin verilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissəsində də iddia tələbi əsaslı hesab edilməli və təmin edilməlidir.
35. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir.
36. Həmin maddənin «Qeyd» hissəsinə görə, «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir.
37. Göstərilən normada əlavə ödəncin verilməsi müəyyən edilməklə, işçinin Əmək Məcəlləsinin 9-cu maddəsinin “d” bəndində və 54-cü maddəsində təsbit edilən əmək haqqı hüququnun müdafiəsinə əlavə təminat verilmişdir. Göstərilən qayda işəgötürənin əmək haqqının vaxtında verilməsi məsələsində intizamlı olmağa məcbur etdiyi kimi, həm də işçinin pozulmuş hüququnun əvəzində kompensasiya mahiyyəti daşıyır.
38. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, qanunverici işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsinin iki şərtini müəyyən etmişdir. İlk növbədə əmək haqqının verilməsi gecikdirilməli və bu gecikdirilmə işəgötürənin təqsiri üzündən baş verməlidir.
39. Maddənin tətbiqində qeyri-müəyyənlik yaradan məsələ isə əmək haqqının gecikdirilməsinin fərdi əmək mübahisəsinə səbəb olduğu halda ödəncin verilib-verilməməsi ilə bağlıdır.
40. Əmək münasibətləri çərçivəsində əmək haqqının gecikdirilməsinə görə ödənilməsi nəzərdə tutulan kompensasiya işəgötürən tərəfindən vəzifələrin lazımi qaydada icra edilməsi üçün tətbiq olunan təsir tədbiri kimi çıxış edir.
41. Digər tərəfdən, bu ödənc bərpaedici funksiya daşımaqla işəgötürənin işçi qarşısında maddi məsuliyyətinin növü kimi çıxış edir. Həmçinin, əmək qanunvericiliyinin tələblərindən irəli gələrək bu ödənc işçinin əmək hüquqlarının əlavə müdafiə təminatı kimi çıxış edir və bu hüquq heç bir halda tərəflər arasında mübahisənin olub-olmaması ilə əlaqələndirilməməlidir.
42. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin ikinci cümləsinin tələbinə görə, işəgötürən ödəncin verilməsindən imtina etdiyi halda işçi yaranmış mübahisəni məhkəmə qaydasında həll etməyə məcbur olur. Bu baxımdan normanın məzmununun fərqli şərhi, yəni ödəncin yalnız fərdi əmək mübahisəsinin yaranmadığı halda ödənilməli olması kimi şərhi hüquqi məntiqə uyğun olmamaqla yanaşı, işçinin əmək münasibətlərinə daxil olmasının əsasını təşkil edən əmək haqqı hüququnun pozulmasına görə işəgötürənin məsuliyyətdən kənar qalmasına gətirib çıxarar. Eyni zamanda bu işçinin əmək haqqı hüququnun pozulması səbəbindən qanunvericiliklə tanınan ödəncin verilməsi tələbinin təmin edilməsi üçün məhkəməyə müraciət etməsini də mənasız edər. Bu halda həmin maddənin tətbiqi mümkünsüz olur və o, əhəmiyyətsiz normaya çevrilməklə faktiki olaraq işçini müvafiq ödənci tələb etmək hüququndan məhrum edir.
43. Halbuki, qanunverici Əmək Məcəlləsinin 178-ci maddəsinin 1-ci hissəsində işəgötürənin maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqının bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borclu olduğunu təsbit etmişdir.
44. Məhkəmə həmçinin qeyd edir ki, fərdi əmək mübahisəsi olduğu halda ödəncin verilməməsi işçilər arasında qeyri-bərabər vəziyyət yaradar. Belə ki, bu halda eyni hüquqi vəziyyətdə olan şəxslərə, yəni işəgötürən tərəfindən əmək haqları gecikdirilmiş və bu səbəbdən ödəncin verilməsi üçün məhkəməyə müraciət etmiş işçilərə münasibətdə fərqli yanaşma sərgilənmiş olar ki, bu da əmək qanunvericiliyinin prinsipləri ilə ziddiyyət təşkil edər.
45. Konstitusiya prinsipi olan bərabərlik prinsipi bərabər şərtlər daxilində hüquq subyektlərinin bərabər vəziyyətdə olmalarını nəzərdə tutur və ən əsası eyni kateqoriyaya aid şəxslərə hər hansı obyektiv və ağlabatan izah olmadan ayrıseçkiliyin tətbiq olunmasını qadağan edir.
46. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 11 aprel 2023cü il tarixli Plenumunun Qərarındakı hüquqi mövqeyə əsasən müəyyən edilmişdir ki, əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilməsi qeyd edilmişdir.
47. Məhkəmə yuxarıda qeyd edilən hüquqi əsaslandırmanı nəzərə alaraq həmçinin bildirir ki, əmək müqaviləsinə xitam verilən gün iddiaçı ilə son haqq hesab aparılmamış və ona həmin günə qədər ödənilməli olan 10.642 manat məbləğində əmək haqqı ödənilməmişdir. İddiaçı ilə əmək müqaviləsinə xitam verilən gün ona ödənilməli olan əmək haqqı 10.642 manat məbləğində olduğundan (abzas 32-dəki hüquqi mövqeyə əsasən ) hər gecikdirilmiş günə görə 106,42 manat ödənc təşkil edir. Bu baxımdan mediasiya prosesinin tətbiqi barədə təklifin göndərildiyi günə qədər 355 gün olduğundan ümumilikdə əmək haqqın gecikdirilməsinə görə ödəniləcək məbləğ 37.779,1 manat təşkil edir.
48. Məhkəmə hesab edir ki, iddia tələbi 37.779,1 manat əmək haqqının gecikdirilməsinə görə ödəncin verilməsi hissəsində əsaslı hesab edilməli və təmin edilməlidir.
49. Məhkəmə iddia tələbinin istifadə edilməmiş məzuniyyət günlərinə görə 1956,96 manat pul əvəzinin ödənilməsi hissəsi üzrə qeyd edir ki, iddia tələbi həmin hissəsində də əsaslı hesab edilməli və təmin edilməlidir.
50. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir.
51. Qeyd edilən Məcəllənin 144-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.
52. Həmin Məcəllənin 140-cı maddəsinin 1-ci bəndinə əsasən məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir.
53. Göstərilən Məcəllənin 140-cı maddəsinin 3-cü bəndinə əsasən məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına - 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur.
54. Məhkəmə bu halda həmçinin qeyd edir ki, mülki işin materiallarında olan hesablanmış məcburi dövlət sosial sığorta haqları barədə fərdi şəxsi hesabda olan və «esosial» internet informasiya ehtiyatınlan yerləşdirilən məlumatlardan görünür ki, 2021-ci ilin aprel-dekabr ayları üzrə hər ay üçün 1340 manat, 2022-ci ilin yanvar-iyul ayları üzrə 1355 manat (bu fakt əmək müqaviləsinə bildirişdə də öz əksini tapır), avqust ayı üzrə isə 2512 manat təşkil etmişdir. İddiaçı ilə əmək münasibətləri 01.04.-xx.xx.2022-ci il üzrə dövrü əhatə etdiyindən istifadə edilməyən məzuniyyət günlərinin sayı 2021-2022-ci iş ili üçün 30, 2022-2023-cü iş ili üçün isə 11,3 təqvim günü olmaqla ümumilikdə 41,3 təqvim günü təşkil etmişdir. Beləliklə,hesablanmış əmək haqlarına münasibətdə təxmini 1 günə münasibətdə məzuniyyət üçün orta əmək haqqı 44,58 manat olmaqla istifadə edilməyən 41,13 təqvim gününə görə məzuniyyət pulu ümumilikdə 1956,96 manat miqdarında müəyyən edilmişdir.
55. Məhkəmə hesab edir ki, iddia tələbi 1956,96 manat istifadə edilməmiş məzuniyyət günlərinə görə pul əvəzinin verilməsi hissəsində də əsaslıdır və təmin edilməlidir.
56. Məhkəmə cavabdehin nümayəndəsinin iddia müddətinin ötürülməsi ilə əlaqədar iddianın rədd edilməsinə dair dəlillərinə qiymət verərək aşağıdakıları qeyd edir.
57. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.
58. Həmin Məcəllənin 296-cı maddəsinin 5-ci bəndinə əsasən bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən - iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxud qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək, mübahisəyə mahiyyəti üzrə baxa bilər.
59. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 7-ci hissəsinə əsasən mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.
60. Məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
61. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı işdən azad olunduğu xx.xx.2022-ci il tarixdən sonra məhkəməyə müraciət etməzdən əvvəl qanunun yeni qəbul edilmiş müddəasına uyğun mübahisənin məhkəmədənkənar həlli qaydasına riayət etmişdir.
62. Belə ki, iddiaçı ilkin olaraq əmək mübahisəsinin həll edilməsinə dair mediasiya prosesinin tətbiqi barədə təklifi xx.xx.2023-cü il tarixdə işəgötürənə göndərmiş (bu hal iddiaçı tərəfindən məhkəməyə təqdim olunan qəbzlə təsdiq olunur), mediasiya prosesi xx.xx.2023-cü ildə bitmiş, bununla əlaqədar ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə həmin tarixdə arayış tərtib edilmişdir.
63. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanununun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.
64. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddia müddətinin axımı xx.xx.2022ci ildən (əmək müqaviləsinə xitam verilməsi barədə əmrin tarixi) xx.xx.2023-cü ilədək ( mediasiya təklifi barədə müraciətin tarixi ) müddətdə iddiaçının 11 təqdim günü qalmış, daha sonra axım davam etdirilməklə xx.xx.2023-cü ildən (mediasiya barədə arayışın tarixi) xx.xx.2023-cü ilədək (məhkəməyə müraciət tarixindən) 11 günü tamamlanmamaqla hüququn verilmiş olduğu müddət daxilində müraciət edilmişdir.
65. Məhkəmə qeyd edir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.
66. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir.Belə ki,potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
67. Konstitusiya Məhkəməsinin qərarlarında formalaşan hüquqi mövqeyə görə şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir.
68. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır ( MM-in 375.1 və 375.2 maddələri).
69. Bununla belə, məhkəmə Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq qeyd etməyi zəruri hesab edir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları).
70. İddiaçı işə bərpa tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri xx.xx.2023-cü il tarixdə «Azəri Express» poçt və çatdırılma xidmətinə təhvil vermiş, poçt xidməti isə həmin sənədləri xx.xx.2023-cü il tarixdə məhkəməyə çatdırılmışdır.
71. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiaçı qanunda nəzərdə tutulmuş müddət ərzində məhkəməyə müraciət etmişdir. Bununla da məhkəmə iddia müddətinin ötürülməsi əsası ilə iddianın rədd edilməsinə dair cavabdehin nümayəndəsinin dəlillərini tam əsassız hesab edir.
72. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbləri təmin olunduğu üçün məhkəmə xərcləri cavabdehə aid edilməlidir.
73. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
74. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
75. Məhkəmə qeyd edir ki, iddiaçı qaldırılan tələblə bağlı məhkəməyə müraciət etmək üçün dövlət rüsumunun ödəməkdən azad olunduğundan, lakin mübahisəni məhkəməyədək həlli qaydasını nəzərdə tutan mediasiya prosesində iştirakı ilə bağlı mediatora müraciət etdiyindən və mediasiya xərcləri kimi 55 (əlli beş) manat ödədiyindən, həmin pul məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
76. Məhkəmə həmçinin iddia tələbinin 50.433,06 manat olması hissəsinə əlavə olaraq qeyd edir ki, iddiaçı iddia tələbində isə 50.434,06 manat qeyd etmişdir. Mülk işin materiallarına əsasən müəyyən edilmişdir ki, aradakı 1 (bir) manat fərq mediasiya təşkilatına ödənilən 56 manat təşkil etmişdir ki, buda iddia tələbinə uyğun olmuşdur.
77. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı hüquqi varisi X1 X4 və X6 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə Cavabdeh MMC-yə qarşı «pul» tələbinə dair iddiası təmin edilməli, Cavabdehndən 10.642 (on min altı yüz qırx iki) manat ödənilməmiş əmək haqqı, 37.779,1 (otuz yeddi min yeddi yüz yetmiş manat, on qəpik) manat əmək haqqının gecikdirilməsinə görə ödənc, 1956,96 (bir min doqquz yüz əlli altı manat, doxsan altı qəpik) manat istifadə edilməmiş məzuniyyət günlərinə görə pul əvəzi, həmçinin 55 (əlli beş) manat mediasiya xərcləri, ümumilikdə 50.434,06 manat vəsaiti tutularaq İddiaçı hüquqi varisi X1 xeyrinə ödənilməlidir.
78. Bundan əlavə, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
79. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının təmin olunan iddiasının ümumi məbləği 50.378 (əlli min üç yüz yetmiş səkkiz ) manat təşkil etmiş və dövlət rüsumu bu halda 241.13 manat olmuşdur. İddiaçı isə qeyd edilən rüsumun 56 manatını mediasiya təşkilatına ödədiyindən geriyə 185,13 manat qalmışdır ki, buda cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
80. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
81. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
82. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 83 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
84. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
85. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
86. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı hüquqi varisi X1 X4 və X6 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə Cavabdeh MMC-yə qarşı «pul» tələbinə dair iddiası təmin edisin. Cavabdehndən 10.642 (on min altı yüz qırx iki) manat ödənilməmiş əmək haqqı, 37.779,1 (otuz yeddi min yeddi yüz yetmiş manat, on qəpik) manat əmək haqqının gecikdirilməsinə görə ödənc, 1956,96 (bir min doqquz yüz əlli altı manat, doxsan altı qəpik) manat istifadə edilməmiş məzuniyyət günlərinə görə pul əvəzi, həmçinin 55 (əlli beş) manat mediasiya xərcləri, ümumilikdə 50.434,06 manat vəsaiti tutularaq İddiaçı hüquqi varisi X1 xeyrinə ödənilsin. Cavabdehndən dövlət rüsumu kimi 185, 13 (bir yüz səksən beş manat, on üç qəpik) manat məbləğində pul tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.