Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4045/2020 30.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, onların vəkili X3, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı "yaşayış sahəsinə köçürülmə və s." tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı "yaşayış sahəsinə köçürülmə və s." tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 cavabdehlərin ailəsinə 1993-cü ildə gəlin gəlmişdir. Daha sonra 2002-ci ildə qayınatasının tikdirdiyi Mərdanov qardaşları küçəsi, döngə 3də yerləşən 2 mərtəbəli evin 2-ci mərtəbəsinin iki mənzildən ibarət bir mənzilinə İddiaçı1, iki övladı və yoldaşı köçdülər. Digər 2-ci mənzildə cavabdehlərdən Cavabdeh1 oğlu digər Cavabdeh2 öz ailəsi ilə köçmüş və hal-hazırda da orada yaşayırlar. 1-ci mərtəbə isə sex kimi fəaliyyət göstərir. İddiaçı1 yoldaşı 2009-cu ildə rəhmətə getdi. Yoldaşı rəhmətə getdikdən sonra cavabdehlər əlbir olaraq iddiaçıya və digər iki iddiaçı olan qızlarına orada yaşamağa imkan vermirlər. Cavabdehlər iddiaçıları dəfələrlə qaranlıqda qoyduqları üçün onlar özlərinə ayrı yolla işıq çəkdirmişlər. Cavabdehlər İddiaçı1 yoldaşının ölməyindən istifadə edərək onları bu vaxta qədər incidərək, həmin mənzildə yaşamaqlarına maneə yaradırlar. Cavabdehlərin başqa yaşayış yerləri yoxdur, illərdir həmin mənzildə qeydiyyatda olmaqla orada yaşayırlar. Göstərilənlərə əsasən iddiaçıların Bakı şəhəri, Mərdanov Qardaşları, Döngə 3 saylı yaşayış sahəsinin qeyd edilən mənzilinə köçmələri, yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi və cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, onların vəkili X4 iddianı müdafiə etdilər, iddia ərizəsində göstərilənləri təsdiq edərək bildirmişlər ki, mübahisəli yaşayış sahəsi özbaşına tikilidir. Həmin tikilini İddiaçı1 qayınatası inşa etmişdir. Hazırda iddiaçılar həmin evin onlara aid olan hissəsində yaşayırlar. Cavabdehlər onlara maneçilik törədirlər, işıq, qazlarını kəsirlər. Onlar məcbur olub özlərinə ayrıca işıq, qaz xətlərini çəkdirmişlər. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iddia tələbinə etiraz edərək, göstərmişdilər ki, mübahisəli ev özbaşına tikilidir. Həm onların, həm də iddiaçıların yaşayış sahələri ayrıdır. İddiaçıların orada yaşamaqlarına heç kim maneçilik törətmir. Onlar özlərinə aid hissədə yaşayırlar. Qeyd olunanlara görə iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdilər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Hazırki iddia tələbləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Eyni Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Belə ki, mübahisəli yaşayış sahəsinin özbaşına tikili olması işin mübahisəsiz halıdır. Hər bir tərəf bu halı təsdiq edir. Eyni zamanda, tərəflərin hər ikisi təsdiq etmişdir ki, onlar bir tikilidə yaşasalar da, sahələri biri digərindən ayrıdır. Yəni, tərəflər göstərilən tikilidə artıq uzun illərdir ki, istifadə qaydalarını özləri müəyyən etmişdilər. Beləliklə, iddia tələbinin “mənzilə köçürülmə və istifadə qaydalarının müəyyən edilməsi” hissəsi əsassız olduğuna görə təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçılar onlara cavabdehlər tərəfindən hər-hansı maneçiliyin törədilməsi barədə tələblərinin əsaslı olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişlər. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «X1rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Məhkəmə iş materiallarını və tərəflərin izahatlarını nəzərə alıb belə nəticəyə gəlir ki, iddiaçıların köçürülmələrini istədikləri mənzil - Bakı şəhəri, Mərdanov Qardaşları, döngə 3 saylı yaşayış sahəsi özbaşına tikilidir. Həmin mənzilin hüquqi statusu yoxdur. Göründüyü kimi mənzil özbaşına tikili olduğundan cavabdehlərin də həmin mənzilə dair mülkiyyət hüquqları yoxdur. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, İddiaçı1 ailə həyatı qurarkən özbaşına tikili sayılan mənzilə gəlin köçdüyü və cavabdehlər onun və uşaqlarının həmin mənzildə yaşamalarına etiraz etmədiyi üçün onlar həmin ünvanda əvvəlki qaydada yaşaya bilərlər. Amma bu özlüyündə istifadə və digər hüquqların tanınması kimi qəbul edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı "yaşayış sahəsinə köçürülmə və s." tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı "yaşayış sahəsinə köçürülmə və s." tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçılara aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-4045/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4045/2020
30.09.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver