Məhkəmə qərarları › İş №2(006)-4046/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4046/2022

07.10.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4046/2022 07.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X6 qarşı “ləyaqətsiz vərəsə hesab olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və X6 qarşı “ləyaqətsiz vərəsə hesab olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X5 ləyaqətsiz vərəsə hesab olunmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı X4 ilə birgə nikahlarından iki övladları – xx.xx.1996-cı il təvəllüdlü Cavabdeh1 və xx.xx.1998-ci il təvəllüdlü X8 anadan olmuşlar. İddiaçı ilə X1 nikahı 2015-ci ildə məhkəmə qətnaməsinə əsasən pozulmuş, birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quluyev küçəsi, ev 41, mənzil 47 yerləşən əmlak bölünərək, paylar ½ (ikidə bir) qaydada müəyyən olunmuşdur. Paylar ½ hissədə müəyyən olunsa da, keçmiş həyat yoldaşı Məmmədova Mehriban tərəfindən ½ hissəsi iddiaçıya məxsus olan evdə iddiaçının yaşamasına müdaxilələr olduğuna görə, 2021-ci ildə “mənzildən istifadə hüququnun müəyyən olunması, mənzilə həmin hissədə köçürülməsi və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Nəsimi Rayon Məhkəməsinin qətnaməsinə əsasən, iddia qismən təmin edilərək iddiaçının mənzilə köçürülməsi qət edilmişdir. Hazırda keçmiş həyat yoldaşı və cavabdehlər tərəfindən mənzildə yaşamaq hüququ kobud şəkildə pozulmaqda davam edir. Cavabdehlərin iddiaçıya hədə-qorxu gəlmələri, nalayiq ifadələr işlətmələri, iddiaçının mənzildə yaşamağına icazə verməmələri, iddiaçı ½ hissəsi ona məxsus olan mənzilə gəldikdə ona pis sözlər demələri, şərəf və ləyaqətinin alçaldılması bir ata kimi iddiaçıya pis təsir edir. İddiaçı hesab edir ki, onu bu cür alçaldan, ona qarşı nalayiq ifadələr işlədən, onu bir ata kimi saymayan övladların iddiaçının vərəsələri olması düzgün deyildir. Cavabdehlərin iddiaçıya qarşı kobud davranışları, pis sözləri, onu alçaltmaları səbəbindən ləyaqətsiz vərəsə hesab olunmaları üçün əsaslar yaranmışdır ki, bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdehlər Cavabdeh1 və X8 iddia ərizəsinə etiraz təqdim edərək, hazırki iddia tələbinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1137-ci və 1145-ci maddələrinin tələbləri baxımından mümkünsüz olduğunu bildirmişlər. Belə ki, hər iki maddənin dispozisiyasına əsasən, ləyaqətsiz vərəsə hesab edilmə barədə iddia miras qoyanın vərəsəsi və yaxud mirasa hüququ olan şəxs tərəfindən irəli sürülə bilən iddiadır. Hazırki iddia Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151-153-cü maddələrinin tələbləri baxımından araşdırılmalıdır. İddiaçının cavabdehlərə qarşı iddia tələbinin detalları isə tamamilə əsassızdır. Belə ki, iddiaçı uzun illərdir, onlarla heç bir ünsiyyət qurmayıb, onların üzünü görməyib, buna görə də onlara qarşı iddia etdikləri həqiqət deyildir. Cavabdehlər iddiaçının onlara olan münasibətindən fərqli olaraq, iddiaçıya qarşı heç vaxt hörmətsizlik etməmişlər və etməzlər də. Göstərilənlərə əsasən, hazırki iddia istər tələbin əsasları, detalları baxımından, istərsə də mümkünlüyü baxımından düzgün iddia sayıla bilməz və təmin oluna bilməz. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin və əvvəlki məhkəmə iclaslarında verdiyi izahatların məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və X8 məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, iddia ərizəsinə etirazı iş materialları ilə birgə araşdırıb, iddiaçının izahatını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, xx.xx.1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş Cavabdeh1 atası İddiaçı, anası X2r. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1389/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsindən görünür ki, Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli doğum haqqında şəhadətnaməyə əsasən, Cavabdeh2 xx.xx.1998-ci ildə Bakı şəhərində anadan olmuş, ata qrafasında İddiaçı, ana qrafasında X4 göstərilmişdir. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1350/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki, ünvan 1 ünvanında yerləşən 47 saylı mənzilə İddiaçı payı ½ hissə, X1 payı ½ hissə müəyyən edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsi, ev 41-də yerləşən ümumi sahəsi 139.1 kv.m. olan 47 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə ½ hissədə İddiaçı (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2016) və ½ hissədə X3 məxsusdur. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, mülki işin materiallarına əsasən məhkəmə tərəfindən müəyyən edilən mübahisəsiz hallar ondan ibarət olmuşdur ki, İddiaçı X4 ilə nikahından 2 övladı olmuşdur: Cavabdeh1 və X8. İddiaçının X4 ilə nikahı məhkəmə qaydasında pozulduqdan sonra onların birgə nikah dövründə əldə etdikləri ünvan 1 ünvanında yerləşən 47 saylı mənzil üzərində hər ikisinin ½ hissədə payı məhkəmə tərəfindən müəyyənləşdirilmiş və iddiaçı xx.xx.2016-cı il tarixdə mənzil üzərindəki payını qanunvericiliyə müvafiq qaydada rəsmiləşdirməklə müvafiq çıxarış almışdır. Hazırda iddiaçı cavabdehlər Cavabdeh1 və X6 qarşı “ləyaqətsiz vərəsə hesab olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ləyaqətsiz vərəsə hesab olunmaları barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-1133.2-ci maddələrinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Mülki Məcəllənin 1134.1-1134.2.-ci maddələrinə müvafiq olaraq, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Həmin Məcəllənin 1139-cu maddəsinə görə, ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. Sözügedən Məcəllənin 1140-cı maddəsinə əsasən, əgər miras qoyan vərəsəlik hüququnun itirilməsinə səbəb olan hərəkətlər törətdiyinin üstü açılmış şəxsi bağışlayarsa və bu qərarını vəsiyyətnamədə aydın şəkildə ifadə edərsə, həmin şəxs bu hərəkətlərinə baxmayaraq, vərəsəliyə buraxılır. Bağışlamanın geri götürülməsinə yol verilmir. Mülki Məcəllənin 1143-cü maddəsinə əsasən, şəxsin ləyaqətsiz vərəsə sayılması barəsində iddianı maraqlı şəxslər həmin şəxsin mirasa sahibliyə başladığı andan beş il ərzində irəli sürməlidirlər. Məhkəmə iddia tələbinin əsaslarını və mülki işin materiallarını yuxarıdakı hüquq normaları ilə müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, yuxarıda istinad edilən mülki qanunvericiliyin müddəalarından görünür ki, hazırda cavabdehlərin “ləyaqətsiz vərəsə hesab edilməsi” üçün faktiki halların mövcud olub-olmaması yoxlanılmalı və buna dair sübutlara hüquqi qiymət verilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bu, eyni zamanda, cavabdehin konstitusion hüququnun müdafiəsi baxımından vacibdir. Məhkəmə bildirir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən Mülki Prosessual Məcəllənin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hazırki mübahisə üzrə iddianın əsasını cavabdehlərin ləyaqətsiz vərəsə hesab edilməsi təşkil edir. Belə olan halda cavabdehlərin ləyaqətsiz vərəsə hesab edilməsi üçün faktiki halların mövcudluğuna hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1137-ci maddəsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Bu baxımdan məhkəmə qeyd edir ki, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin ləyaqətsiz vərəsə elan olunması yalnız vərəsələrdən birinin və ya bir neçəsinin məhkəməyə müraciəti əsasında həyata keçirilə bilər. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən, Mülki Məcəllənin 1137-ci maddəsinin tələbləri baxımından hazırki iddiaçı tərəfindən yazılmış vəsiyyətnamənin olması müəyyən edilmir. Bundan başqa, cavabdehlərin miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətməsi və özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərməsi, vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməsi halı iddia ərizəsinə əlavə edilmiş sənədlərdən müəyyən edilmir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə, sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdehlər tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İstinad olunan maddənin mənasından göründüyü kimi, sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin, təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). İş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və X6 qarşı “ləyaqətsiz vərəsə hesab olunması” tələbinə dair iddiası təmin edilməməlidir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından məhkəmə iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Əvvəla ona görə ki, iddiaçı iddia tələbində göstərdiklərinə dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Belə ki, iddiaçı iddia ərizəsində cavabdehlərin ona hədə-qorxu gəlmələri, nalayiq ifadələr işlətmələri, iddiaçının mənzildə yaşamağına icazə verməmələri, ½ hissəsi ona məxsus olan mənzilə gəldikdə ona pis sözlər demələri, cavabdehlər tərəfindən şərəf və ləyaqətinin alçaldılmasını bildirsə də, bu faktların təsdiq edilməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçının bu barədə yalnız izahatları mövcuddur. Onun izahatı isə işdə olan digər sübutlarla yanaşı qiymətləndirilməlidir ki, qeyd olunduğu kimi, belə bir sübut da məhkəməyə təqdim olunmamışdır. Göstərilənlərə əsasən, məhkəmə iddia tələbinin təmin olunmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 124.2-ci maddəsinin tələbinə görə, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və X6 qarşı “ləyaqətsiz vərəsə hesab olunması” tələbinə dair iddiası təmin edilmədiyindən, iddia ərizəsinin məhkəməyə verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və X6 qarşı “ləyaqətsiz vərəsə hesab olunması” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin məhkəməyə verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar