Məhkəmə qərarları › İş №2(006)-4053/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4053/2020

05.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4053/2020 05.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, X4 qızının katibliyi ilə, iddiaçının nümayəndəsi (vəkili) X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qzına qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab olunması barədə” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qzı ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, istifadə hüququnun itirilmiş hesab edilməsi Cavabdeh qzı ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) X2 iddia tələbini müdafiə edərək bildirdi ki, Bakı şəhəri, Nəsimi rayonu, 1 mr A.Məhərrəmov küçəsi, 35 saylı evin 37 saylı mənzili Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş MA seriyalı ******* nömrəli çıxarışa əsasən ona məxsussur və o həmin evin mülkiyyətçisidir. Cavabdeh onun keçmiş həyat yoldaşıdır. Onunla cavabdeh arasında xx.xx.2016-cı il tarixdə bağlanmış rəsmi nikah Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1606/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur və o bundan sonra Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat şöbəsi tərəfindən nikahın pozulması haqqında şəhadətnamə almışdır. Cavabdeh 2019-cu il 09 may tarixdən sözügedən mənzildə yaşamır. Cavabdehin ona məxsus mənzildə pasport qeydiyyatında qalması onun mülkiyyətin toxunulmazlığı hüququnu pozur. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitasi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX №0351833 saylı çıxarışından görünür ki, ünvan 2 ünvanı İddiaçı xüsusi mülkiyyətidir. Daşınmaz əmlakın dövlət reyestrində 2075 nömrəli reyestr kitabının 191975 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər xx.xx.1991-ci il təvəllüdlü Cavabdeh ünvan 2 ünvanında pasport qeydiyyatındadır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə bağlanmış və 03 saylı Bakı “Asan Xidmət” Mərkəzi qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 217 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 146-cı maddəsinə əsasən, daşınmaz əmlaka hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat tarixindən əmələ gəlir. Qeydə alınmış hüququn məzmunu sənədlərlə və ya başqa şəkildə təsdiqlənə bilər. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir» Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd edir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsada, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitasi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX №0351833 saylı çıxarışından göründüyü kimi ünvan 2 ünvanı İddiaçı xüsusi mülkiyyətidir. Daşınmaz əmlakın dövlət reyestrində 2075 nömrəli reyestr kitabının 191975 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mənzilə hüquqları qeydə alınarkən həmin mənzildə Cavabdeh qeydiyyatda olduğu ona məlum olmuşdur. Cavabdeh hazırda ona məxsus olan mənzilin əvvəlki sahibidir. Qeydiyyatda olmasına baxmayaraq, cavabdeh ona məxsus mənzildə bir gün də olsun yaşamamışdır. Mənzilin keçmiş sakini olan cavabdeh həmin mənzilin pasport qeydiyyatında qalsada, faktiki olaraq həmin mənzildə yaşamır və mənzildə onun pasport qeydiyyatı hazırki dövrə kimi formal olaraq saxlanılmışdır. Cavabdehin iddiaçının mülkiyyətində olan mənzilində qeydiyyatda qalması sonuncunun öz əmlakına sərbəst surətdə sərəncam vermək hüququnu, beləliklə də mülkiyyət hüququnu həyata keçirmək imkanını əhəmiyyətli dərəcədə məhdudlaşdırmaqla, onun mülkiyyət hüququnu «şərti və qeyri-sabit xarakterli» etmiş olur. İşin faktiki hallarından aydın olur ki, cavabdeh iddiaçının mənzilində yaşamır və onun həmin mənzildən istifadə hüquqlarına xitam verilməsi mənzil mülkiyyətçisinin hüquqlarının qorunması baxımından əsaslı olduğundan iddia tələbi təmin edilməlidir. Belə ki, cavabdeh qeyd edilən mənzilə istifadə hüququna xitam verilməsi onun həmin mənzildən pasport qeydiyyatından çıxarılmasına əsas verir. Odur ki, məhkəmə təqdim edilmiş sübutların mötəbərliyini əsas götürərək iddianın təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh qzı ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə istifadə hüquqlarının itirilmiş hesab edilsin. İstifadə hüququnun itirilmiş hesab edilməsi Cavabdeh qzı ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar