Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4057/2021 30.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X2, cavabdeh LPO Cavabdeh2 ASC-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-yə qarşı “borcun yenidən hesablanması, artıq məbləğin silinməsi, kredit və ipoteka müqavilələrinin etibarsız sayılmasına dair” iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-yə qarşı “borcun yenidən hesablanması, artıq məbləğin silinməsi, kredit və ipoteka müqavilələrinin etibarsız sayılmasına dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh2ASC arasında Qusar rayonunda bağlanan 05 oktyabr 2017-ci il tarixli icarə müqaviləsinə görə ona məxsus, Qusar rayonu, Samur qəsəbəsində yerləşən və ümumi sahəsi 220,1 kv.m. olan qeyri-yaşayış sahəsinin 60 kv.m. hissəsi ofis kimi istifadə olunması üçün 1 il müddətinə icarəyə verilmişdir. 13.06.2018-ci ildə Xaçmaz şəhərində bağlanmış, 1804 XK 3-li kredit müqaviləsi üzrə 13 iyun 2018-ci ildə Cavabdeh2 ASC ilə ipoteka müqaviləsi rəsmiləşdirilməklə 24 ay müddətinə 15000 manat kredit götürmüşdür. İpoteka müqaviləsi Qusar rayon Notariat kontorunda 3M-105N2 reyestr nömrəsi ilə, 13.06.2018-ci ildə qeydə alınmışdır. Cavabdeh2 ASC bağlandığı üçün Əmanətlərin Sığortalanması Fondu cavabdeh kimi göstərilməklə məhkəməyə müraciət edilmişdir. İddiaçıya müqavilədə göstərildiyi kimi əvvəlcədən yazılı qaydada deyil, ancaq şifahi qaydada bildirilmişdir ki, obyekt təhvil verilir, icarə müqaviləsinə xitam verilir. Həmin Bankda iddiaçının krediti var. İddiaçı icarəçi Banka təklif etmişdir ki, müqavilənin xitamı ilə əlaqədar ona ödəməli olduqları məbləği onun krediti üzrə ödənişə yönəltsinlər, əks halda ona çatan icarə ödənişi məbləğini özünə nəğd şəkildə ödəmələri barədə 17 fevral 2020-ci ildə Cavabdeh2 ASC-nin rəhbərliyinə öz xətti ilə yazdığı ərizəsi ilə rəsmi qaydada müraciət etmişdir. Elə həmin gün, ərizəsinə 17 fevral 2020-ci il tarixli Ümumi işlər Departamentinin ştampı vurulmaqla müraciəti qəbul olunmuşdur. İcarə müqaviləsinin ləğvinə dair 13 fevral 2020-ci ildə müqavilə Qusar Rayon notariat ofisində rəsmiləşdirilmiş və 3M-102N ilə reyestrdə qeyd edilmişdir. Cavabdeh2 ASC-nin təqdim etdiyi hesabdan çıxarışa əsasən 1.054,81 AZN məbləğində 17.10.2018-ci il tarixə borcu olduğu göstərilmişdir. 13.06.2018-ci il tarixli ödəniş cədvəlinə əsasən 3498,83 AZN faiz borcu olmaqla, cəmi 15000 kredit məbləğindən 18.498.83 AZN ödəniş olunmuşdur. Qalıq borcu 757,53 qəpik olması ərizəyə əlavə etdiyi ödəniş cədvəlində göstərilmişdir. Ləğv olunma başlanandan faiz borcu hesablanması əsassızdır və bu günə qədər hesablanmış faiz borcu, əsas borc məbləği silinməlidir, belə ki, icarə müqaviləsinə əsasən icarə götürüləndən sonrakı yaxşılaşdırmalar obyekt təhvil veriləndən bu günə kimi bərpa edilməmişdir və buna görə əlavə xərc çəkməli olacaqdır ki, bu xərc də icarə üzrə qalıq icarə ödənişi də cavabdeh tərəfindən ona ödənilməmişdir. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının qərarına əsasən Bankın lisenziyası ləğv edilmişdir. Bank müflis elan edilmiş və barəsində iflas proseduruna başlanılmış, Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. Onunla Bank arasında bağlanmış icarə müqaviləsinin ləğvi ilə əlaqədar, Bankla bağlanmış kredit müqaviləsi üzrə ona əlavə məbləğlər hesablanmışdır. Bankın iflas proseduru çərçivəsində iddiaçının müraciət ərizəsi qeydə alındığı halda icra edilmədən, ona əlavə faizlər hesablanması qanunsuzdur. Qeyd olunanlara əsasən, məhkəmədən tərəflər arasında bağlanmış kredit və icarə müqavilələri üzrə faiz və əsas qalıq borcunun yenidən hesablanması, artıq məbləğin silinməsi, kredit və ipoteka müqavilələrinin etibarsız sayılmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı və onun nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək tələbinin təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında cavabdeh LPO Cavabdeh2 ASC-nin nümayəndəsi tərəflər arasında bankın fəaliyyət göstərdiyi bir vaxtda qeyri-yaşayış sahəsinin icarəsi ilə bağlı ayrıca icarə müqaviləsinin bağlanması, sonradan isə yenə, qarşılıqlı şəkildə bu münasibətlərə xitam verilməsi, iddiaçının da bununla əlaqədar zamanında heç bir pretenziya irəli sürmədiyi, icarə müqaviləsinin ləğvinə dair ayrıca müqavilə də bağlamasını, iddiaçıya heç bir məbləğdə borclarının qalmadığını bildirərək, iddianın əsassız olduğuna görə təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdırıb, işdə olan sübutlara qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan 13.06.2018-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, ipoteka saxlayan Cavabdeh2 ASC-nin Xaçmaz Filialı ilə ipoteka qoyan-borc alan İddiaçı arasında Volma-V MMC tərəfindən 167600 manat məbləğində qiymətləndirilmiş, Qusar rayonu, Samur qəsəbəsi ünvanında 0,068 ha torpaq sahəsi və üzərindəki 220.1 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasını ipoteka saxlayanın qarşısında olan pul öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipotekaya qoyulmuşdur. İş materiallarında olan 05.10.2017-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh2 ASC arasında iddiaçının mülkiyyətində olan Qusar rayonu, Samur qəsəbəsi ünvanında olan 220.1 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin, 60 kv.m hissəsi Cavabdeh2 ASC-yə icarəyə verilmişdir. İş materiallarında olan 13.02.2020-ci il tarixli icarə müqaviləsinin ləğvinə dair müqavilədən aydın olur ki, İddiaçı ilə Cavabdeh2 ASC arasında bağlanmış Qusar rayonu, Samur qəsəbəsi ünvanında yerləşən 220.1 kv.m qeyri-yaşayış sahəsinin 60 kv.m hissəsinə dair 3M-190 reyestr nömrəli icarə müqaviləsi ləğv olunur. İş materiallarında olan, İddiaçı Cavabdeh2 ASC-nin rəhbərliyinə ünvanlamış olduğu 17.02.2020-ci il tarixli ərizəsinin surətindən görünür ki, iddiaçı cavabdehə olan kredit borcunu etiraf edir, qarşı tərəfə - icarə müqaviləsinin xitamı ilə əlaqədar ona çatan məbləği kredit üzrə ödənişə yönəldilməsini təklif edir, əks təqdirdə isə ona çatan məbləği nəğd formasında özünə qaytarılmasını tələb edir. İşin hallarından məlum olur ki, iddiaçı ilə cavabdeh təşkilat arasında kredit müqaviləsi bağlanmış, meydana gəlmiş kredit öhdəliklərinin təmini kimi iddiaçının mülkiyyətində olan Qusar rayonu, Samur qəsəbəsi ünvanında 0,068 ha torpaq sahəsi və üzərindəki 220.1 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binası Cavabdeh2 ASC-nin xeyrinə ipotekaya qoyulmuşdur. Tərəflər arasında bağlanmış icarə müqaviləsi ilə qeyd olunan sahənin bir hissəsi Cavabdeh2 ASC-yə icarəyə verilmiş, sonradan icarə müqaviləsi tərəflərin qarşılıqlı razılığı əsasında ləğv olunmuşdur. Hazırda iddiaçı kredit və icarə müqavilələri üzrə borcların yenidən hesablanmasını, artıq hesablanmış məbləğin silinməsini, kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsini xahiş edir. Məhkəmə, iddiaçı tərəfindən irəli sürülmüş tələblər üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçının kredit və icarə müqavilələri üzrə hesablanmış faiz və qalıq əsas borcunun yenidən hesablanmasını, artıq hesablanmış məbləğin silinməsi ilə əlaqədar məhkəmə hesab edir ki, göstərilən tələb özü-özlüyündə konkret deyil və iddiaçının sübut etmədiyi hallara, yalnız ehtimallarına əsaslanır, nəticədə isə faktiki təsdiqini tapmadığına görə təmin edilə bilməz. Belə ki, iddiaçının izahatından və irəli sürmüş olduğu qeyri-konkret tələbindən belə məlum olur ki, o, cavabdehlə bağlanmış icarə müqaviləsi üzrə sonuncunun onun qarşısında yarandığını iddia etdiyi icarə haqqı borcunun, özünün cavabdeh qarşısındakı kredit öhdəlikləri ilə əvəzləşdirilməsi, artıq ödəmiş olduğu kredit borcunun isə silinməsini tələb edir, halbuki, tərəflər arasında iddiaçıya məxsus sahənin icarəyə verilməsini təsdiq edən müqavilənin olmasına baxmayaraq, məhkəmə araşdırması zamanı sözügedən müqavilənin xitamından sonra cavabdehin iddiaçı qarşısında icarə borcunun yaranmasını, bu borcun kredit öhdəliklərinin əvəzləşdirilməsinə dair tərəflər arasında hər hansı bir razılaşmanın mövcudluğu sübuta yetirilmədi. Bununla əlaqədar məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış icarə və mübahisələndirilən kredit müqavilələri ayrı-ayrılıqda, müstəqil şəkildə müəyyən olunmuş münasibətləri tənzimləyir və bir müqavilənin digərinin təminatı kimi bağlanması və ya birinin digəri ilə hər hansı bir şəkildə əlaqədar olması, tələbkarın iddia etdiyi kimi - tərəflərin gələcəkdə yaranacaq başqa əsasa söykənən öhdəliklərinin əvəzləşdirilməsi şəklində müəyyən etmələri (icarə haqqının kredit ödənişinə hesablanması) - öz təsdiqini tapmır. İş materiallarına əlavə olunmuş, iddiaçının cavabdehə ünvanladığı 17.02.2020-ci il tarixli ərizəsi ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ərizədə iddiaçının bankın ona verməli olduğu icarə haqqının özünün kredit borcu ilə əvəzləşdirilməsini təklif etməsi müəyyən edilsə də, bankın iddiaçı qarşısında icarə borcunun mövcud olduğunu və eyni zamanda bu borcu iddiaçı ilə qarşılıqlı şəkildə əvəzləşdirmək niyyətində olmasını göstərən heç bir hal müəyyən edilmədi. Bundan başqa, cavabdeh təşkilatın nümayəndəsinin məhkəməyə verdiyi izahatında göstərdiyi kimi - tərəflər arasında bankın fəaliyyət göstərdiyi bir vaxtda sahənin icarəsi ilə bağlı ayrıca icarə müqaviləsinin bağlanması, sonradan isə yenə, qarşılıqlı şəkildə bu münasibətlərə xitam verilməsi, iddiaçının da bununla əlaqədar zamanında heç bir pretenziya irəli sürmədiyi, icarə müqaviləsinin ləğvinə dair ayrıca müqavilə də bağlamasını bildirməsi, işin mövcud halları və məhkəmə tərəfindən tədqiq olunmuş iş materialları ilə tam şəkildə üst-üstə düşür. Məhkəmə, irəli sürülən tələbin digər hissəsinin, yəni kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi barədə tələbinin də əsassız olması səbəbindən təmin edilməməsi qənaətinə gəlir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenum qərarında göstərilmişdir ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Məhkəmə iş materiallarına əlavə olunmuş ipoteka müqaviləsini və tərəflər arasında mövcud olan kredit öhdəliklərinin əsasını yoxlayaraq, belə hesab edir ki, qeyd olunan müqavilələrin etibarsız hesab olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş heç bir əsas müəyyən edilmədi. Belə ki, iş materiallarına əlavə olunmuş ödəniş cədvəllərindən iddiaçının cavabdeh qarşısında olan kredit öhdəliyini müəyyən zaman çərçivəsində, dövrülüklə icra etdiyi məlum olur. Bundan başqa, yuxarıda tədqiq olunmuş - iddiaçının Cavabdeh2 ASC-yə ünvanlamış olduğu 17.02.2020-ci il tarixli ərizəsində göstərmiş olduqlarını- onun cavabdeh qarşısında kredit öhdəliklərinin həqiqətən də mövcud olduğunun etirafi kimi qəbul etmək olar. Belə olan halda, yəni tərəflər arasında həqiqi müqavilə münasibətlərinin mövcudluğu, müqavilənin qanunvericiliklə müəyyən edilmiş tələblərə tam şəkildə riayət edilməklə bağlanması, müqavilə bağlandıqdan sonra tərəflərin üzərilərinə düşən öhdəliklərin təmin olunması üzrə gözlənilən hərəkətləri həyata keçirmələri və bu münasibətlərin müəyyən zaman ərzində heç bir etiraz olmadan davam etməsi müqavilələrin həqiqi niyyət əsasında bağlanmasını və etibarsız hesab edilməsi üçün qanunla nəzərdə tutulmuş heç bir əsasın olmadığını göstərir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddianın əsasını təşkil edən halların sübuta yetirilməməsi, həmçinin irəli sürülmüş tələblərin öz daxilində bir-biri ilə ziddiyyət təşkil etmələri səbəbindən iddia tam şəkildə rədd olunmalıdır. Belə ki, iddiaçı bir tərəfdən kredit müqaviləsi üzrə borcun müəyyən olunmasını xahiş etdiyi halda, digər tərəfdən həmin kredit müqaviləsinin etibarsız hesab olunması barədə tələb irəli sürmüşdür. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-yə qarşı “borcun yenidən hesablanması, artıq məbləğin silinməsi, kredit və ipoteka müqavilələrinin etibarsız sayılmasına dair” iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-4057/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4057/2021
30.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver