Məhkəmə qərarları › İş №2(006)-4063/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4063/2021

06.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4063/2021 06.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2, Cavabdehin nümayəndəsi və vəkili X8 iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə (Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsini mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində qeyd etməklə) «pul» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə (Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsini mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində qeyd etməklə) «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 07.12.2016-cı il tarixdən 06.11.2017-ci il tarixədək olan müddət üçün ünvan 1 ünvanda yerləşən ərazidə 6 m2 sahəsində mobil baza stansiyasının quraşdırılması üçün illik icarə haqqı olan 1.833 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı arasında illik icarə haqqı (vergilər xaric olmaqla) 2.000 manat olan 06.11.2017-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə iddiaçı, mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ərazidə 6 m2 sahəni mobil baza stansiyasının quraşdırılması üçün Cavabdeh MMC-nin istifadəsinə verməyi, Cavabdeh MMC isə buna görə icarə haqqını ödəməyi öhdələnmişdir. Bu minvalla müqavilə bağlandığı vaxtdan, habelə 06.11.2018-dən 06.11.2019-dək ona icarə haqqı ödənilmişdir. Lakin 2018-ci ilin noyabr ayında icarə obyekti dövlət ehtiyacları üçün söküldüyündən, mobil baza stansiyası icarə ərazisindən götürülmüşdür ki, 06.11.2018-dən 06.11.2019-dək müddət üçün əvvəlcədən ödənilmiş icarə haqqı geri qaytarılmamışdır. Qənaətimizə görə Cavabdeh iddiaçıya qarşı olan iddiası əsaslı olsa belə, cavabdehin iddiaçıya borcu var. Belə ki, tərəflər arasında bağlanmış 06.11.2017-ci il tarixli icarə müqaviləsinin 6-cı (Fors-major halları) hissəsinə görə tərəflər müqavilə öhdəliklərinin pozulmasına görə bu şərtlə məsuliyyət daşımırlar ki, pozuntunun onların məsuliyyət daşımadığı haldan irəli gəldiyini subuta yetirsinlər. İş materialları ilə müəyyən olunur ki, 2018-ci ilin noyabr ayında icarə obyekti dövlət ehtiyacları üçün söküldüyündən, mobil baza stansiyası icarə ərazisindən götürülmüşdür. Bu hal isə aydındır ki, iddiaçının iradəsindən asılı olmamış və onun məsuliyyət daşımadığı haldan irəli gəlmişdir. Bundan başqa, sözügedən ərazidə Dövlət tərəfindən ərazidən xeyli aralıda söküntü işləri aparılarkən mobil baza stansiyasına gələn elektrik xətti zədələnmişdir ki, həmin bazaya elektrik enerjisinin verilməsi dayandırılmışdır. Bu hal da məlum olduğu kimi iddiaçının məsuliyyət daşımadığı haldır. Hesab edirlər ki, cavabdehdən iddiaçının xeyrinə 07.12.2016-dan 06.11.2017-dək olan müddət üçün 2.000 manat icarə haqqı tutulub ödənilməlidir. İlk iddia tələbindən də görünür ki, Cavabdeh ilə iddiaçının arasında ünvan 1 ünvanda yerləşən ərazisi 36 m2 sahədə mobil baza stansiyasının quraşdırılması üçün illik icarə haqqı (vergilər xaric olmaqla) 2.000 manat olan 06.11.2017-ci il tarixli icarə müqaviləsi bağlanılmışdır. Lakin Cavabdeh 07.12.2016-dan 06.11.2017-dək olan müddət üçün ünvan 1 ünvanda yerləşən ərazidə 6 m2 sahəsində mobil baza stansiyasının quraşdırılması üçün illik icarə haqqı olan 1833 manatı iddiaçıya ödəməmişdir və bunun səbəbini onunla izah etmişdir ki, həmin dövr üçün nəzərdə tutulmuş icarə haqqı əvvəlki mülkiyyətçiyə (M.M.Mirzəyev) ödənilmişdir. Halbuki, iddia ərizəsinə əlavə olnumuş hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilə ilə müəyyən olunur ki, ünvan 1 ünvanda yerləşən daşınmaz əmlak iddiaçı tərəfindən 07.12.2016-cı il tarixdən mülkiyyətinə keçmişdir. Baxmayaraq ki, əmlak mülkiyyətinə keçdikdən dərhal sonra tərəfindən Cavabdeh MMC-yə bu haqda məlumat verib icarə müqaviləsindən irəli gələn bütün münasibətləri iddiaçı ilə davam etdirilməsini tələb etsə də, onlar iddiaçının adına çıxarışın olmamasını bəhanə gətirərək onunla müqavilə bağlamaqdan imtina etmişlər. Halbuki, qanunvericiliyin tələblərinə görə alğı-satqı müqaviləsindən sonra bütün hüquq və vəzifələr iddiaçıya keçmişdir və əvvəlki mülkiyyətçinin hüquqları xitam olunmuşdur. Bu səbəbdən 07.12.2016-cı il tarixdən etibarən ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakla bağlı bütün hüquq və vəzifələr iddiaçıya keçir ki, cavabdehin 07.12.2016-cı il tarixdən 06.11.2017-ci il tarixədək olan müddət üçün icarə haqqı ilə bağlı dəlillərinin heç bir qanuni əsası yoxdur. Odur ki, hesab edirlər ki, Cavabdehndən 07.12.2016-cı il tarixdən 06.11.2017-ci il tarixədək olan müddət üçün ünvan 1 ünvanda yerləşən ərazidə 5 m2 sahəsində mobil baza stansiyasının quraşdırılması üçün illik icarə haqqı olan 1.833 manat tutularaq iddiaçıya ödənilməlidir. Onu da qeyd edirlər ki, iddiaçının adına çıxarışın verildiyi 06.11.2017-ci il tarixdə rəsmi olaraq Cavabdeh MMC-yə icarə haqqının artırılması ilə bağlı iddiaçı müraciət etsə də, onlar iddiaçının (təklifini) müxtəlif bəhanələr gətirərək qəbul etməmişlər. Əvvəllər müsbət münasibətləri olmuşdur. Qarşı tərəf artıq onlara qarşı tələb irəli sürdükdən sonra əlbəttə ki, onlar da tələb irəli sürə bilərlər. İddiaçının nümayəndəsi və vəkili X5 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili X9 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddiaçı tərəf vaxtında çıxarışı təqdim etsə idi müqavilə də onunla bağlanılardı. İddiaçı ona görə çıxarış təqdim edə bilmirdi ki, həmin əmlakı hələ özününküləşdirməmişdi yəni Dövlət Reyestr Xidmətindən çıxarış ala bilməmişdi. İddiaçının onlar tərəfindən daha əvvəl irəli sürdükləri iddia tələbi ilə bağlı iddia ərizəsində qeyd olunanlarla bağlı bildirir ki, həmin tələbləri tam əsaslı idi. Mülkiyyət kimə məxsusdursa, ona da ödəniş edilir. Onlara qarşı irəli sürülən iddia tələbi tamamilə əsassızdır. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş "xxxx" MMC-nin “hərracın nəticələri haqqında” 07.12.2016-cı il tarixli, Y-672 nömrəli protokolunun surətindən görünür ki, X3 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X11 küçəsi, ev 10 ünvanında yerləşən mənzilin 1 otağı (y/s 11.53 kv.metr) alıcı İddiaçı 20.000 manat məbləğində satılmışdır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri, Yasamal rayonu, X11 küçəsi, ev 10 ünvanında yerləşən mənzilin 1 otağı (y/s 11.53 kv.metr) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən 06.11.2017-ci il tarixdən İddiaçı mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli 2(006)-5115/2018 saylı qətnaməsindən görünür ki, "xxxx" MMCnin X4 qarşı «pul» tələbinə dair iddiası təmin edilmiş, X1 1.607 manat 14 qəpik pul vəsaiti, 100 manat vəkilə ödənilmiş xidmət haqqı və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1.737 manat 14 qəpik məbləğində pulun tutularaq "xxxx" MMC-yə verilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarixli 2(006)-1524/2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh MMC-nin İddiaçı qarşı «pul» tələbinə dair iddiası təmin edilmiş, İddiaçı 2.000 manat pul vəsaiti, vəkilə ödənilmiş 110 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq Cavabdeh MMC-yə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin qətnamələrdə təsbit edilmiş faktlardan, həmçinin hazırkı mülki işin faktiki hallarından göründüyü kimi, ünvan 3 ünvanda yerləşən ev (mobil baza stansiyasının quraşdırıldığı 6 m2 sahənin olduğu ərazi) X3 mülkiyyətində olmuş, onunla 12.08.2010-cu il tarixli müqavilə bağlanaraq, illik icarə haqqı vergilər xaric 2.000 manat hər il M.Mirzəyevə ödənilmişdir. ünvan 3 ünvanda yerləşən ev 06 noyabr 2017-ci il tarixdə hazırkı iş üzrə İddiaçı mülkiyyətinə keçmişdir. İddiaçı mülkiyyət hüququ həmin tarixdə DƏDRX-nin aidiyyatı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı aldıqdan sonra, dərhal hazırkı iş üzrə cavabdehə müraciət edərək, mobil baza stansiyası ilə bağlı icarə müqaviləsinin onunla bağlanmasını xahiş etmişdir. Cavabdeh MMC İddiaçı icarə müqaviləsi bağlamaq üçün subyektiv hüquq sahibi olduğunu və bu hüququn məhz 06 noyabr 2017-ci il tarixdə yarandığını təqdim olunmuş çıxarışa əsasən müəyyən edərək, İddiaçı ilə müvafiq icarə müqaviləsi bağlamışdır. Öncəki mülkiyyətçinin 06 noyabr 2017-ci il tarixdən sonrakı dövr üçün icarə haqqı almaq hüququ olmadığına, daşınmaz əmlakın dövlət reyestrində ev üzərində mülkiyyət hüququ barədə qeydin ləğv edilməsinə görə, X4 qarşı pretenziya qaydasına riayət etdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və sonuncunun haqqı çatmayan dövr üçün öncədən ödənilmiş icarə haqqının tutulmasını tələb etmiş, yuxarıda qeyd olunan məhkəmə qətnaməsinə əsasən iddia təmin edilmişdir. Hazırda İddiaçı qeyd olunan ev üzərində mülkiyyət hüququnun 06 noyabr 2017-ci il tarixdə qeydə alınmasına baxmayaraq, evi 07.12.2016-cı il tarixdə aldığını bildirərək, cavabdehin ona 07.12.2016-cı il tarixdən 06 noyabr 2017-ci il tarixədək olan dövr üçün icarə haqqı ödəməli olduğunu iddia edir. Lakin, iddiaçının bu tələbi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Mülki Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Mülki Məcəllənin 146.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Göründüyü kimi, iddiaçının cavabdehlə icarə müqaviləsi bağlamaq (əmlak üzərində sərəncam vermək) hüququ məhz bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı anda – yəni 06 noyabr 2017-ci il tarixdə yaranmışdır. Bundan öncəki dövrə münasibətdə iddiaçının cavabdehdən icarə haqqı tələb etmək üçün qanuni əsası yoxdur. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarından göründüyü kimi, iddiaçı cavabdehə qarşı pul tələbinin əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutlar təqdim etməmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə «pul» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə «pul» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar