Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4072/2022 11.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə) qarşı «əmrin qanunsuz hesab edilməsi, işə bərpa olunma və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə) qarşı «əmrin qanunsuz hesab edilməsi, işə bərpa olunma və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən əmək müqaviləsinə xitam barədə verilmiş xx.xx.2022-ci il tarixli 664/k saylı əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi işburaxmaya görə orta aylıq əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 12 aprel 2021-ci il tarixdən 03 iyun 2022-ci il tarixə kimi Cavabdeh MMC-nin Sabunçu mağazasında satış məsləhətçisi vəzifəsində çalışmışdır və Cavabdeh MMC-nin rəhbərliyinin 03 iyun 2022-ci il tarixli, 664/k №-li qanunsuz əmrinə (Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə) əsasən vəzifəsindən azad edilmişdir. Bildirmək istəyir ki, Cavabdeh MMC-nin Sabunçu mağazasında satış məsləhətçisi vəzifəsində işlədiyi müddətdə iş yoldaşları və müştərilərlə hər hansı bir problem yaşamamış, çevrəsində mehriban və gülərüz insan olaraq tanınmışdır. Sabunçu mağazasında həftənin 6 günü səhər saat 10:00-dan axşam saat 20:00-dək (həftəlik 48 saat) öz əmək funksiyasını həyata keçirmiş, hətta dövlət bayramları olan qeyri-iş günlərində (heç bir əlavə ödəniş almadan) aylıq 280 manat maaşa işlədilmişdir. Daha öncədən ciddi əhəmiyyət vermədiyi kəllədaxili təzyiq problemləri 2020ci ilin ortalarında daha da şiddətlənmişdir və müalicələri bu günə qədər davam edir. 2022ci ilin mart ayının sonunda yenə səhhəti ilə əlaqədar olaraq işə getməsi mümkün olmamış və müalicə aldığı tibb müəssisəsindən ona verilən tibbi arayışı işlədiyi mağazanın inzibatçısına təqdim etmişdir. Məlumat üçün bildirir ki, o, Cavabdeh MMC-dən daxili kreditlə telefon götürmüşdür və pulunu hər ay qrafikə uyğun olaraq ödəmişdir. Həmin dönəmdə səhhəti ilə əlaqədar başqa mağazada işləmək ona maneə yaradacağı və uzaq mağazaya getmək imkanı olmadığı üçün mağaza inzibatçısına may ayının 1-dən işdən azad edilmək istəyi ilə bağlı ərizə vermişdir. Bununla bağlı mağaza inzibatçısı Cavabdeh MMC Baş Ofisinin İnsan Resursları Departamentinin işçisi Rəbinə adlı qadına zəng edərək onun işdən azad olunmaq istədiyini bildirmişdir. Səbəbini bilməsə də, Rəbinə adlı qadın əmək müqaviləsinə may ayının 10-dan tez xitam verməklərinin mümkün olmadığını və onun ödənişsiz əmək məzuniyyəti götürməli olduğunu mağaza inzibatçısına bildirmişdir və onların tələbinə əsasən tarix qrafasını boş buraxmaqla həmin ərizəni imzalamışdır. Bununla da o, 04 may 2022-ci il tarixdən etibarən ödənişsiz əmək məzuniyyətinə çıxmışdır və işə getməmişdir. Bu hadisədən bir müddət keçdikdən sonra Cavabdeh MMC-nin Baş Ofisinin İnsan Resursları Departmentinin rəhbəri Süleyman adlı şəxs ona zəng edərək, baş ofisə yaxınlaşmalı olduğunu bildirmişdir. Baş ofisə getdikdə işdən çıxmaq üçün ona ya adına olan krediti dərhal bağlamasını, ya da Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən əmək müqaviləsinə xitam veriləcəyini bildirmişdir. O isə telefon kreditini birdəfəlik ödəmək imkanı olmadığını və zamin duracaq tanışı olmadığı üçün borcu tam bağlamağın mümkün olmadığını onlara bildirmişdir. Əmək məzuniyyətində olduğu üçün işdən azad olunmasının qanunsuz olduğunu vurğulasa da, Süleyman ona bildirmişdir ki, onlarda belə bir ərizə yoxdur. Bundan sonra əmək müfəttişliyinə gedib baş verənlər barədə öz haqlı şikayətini bildirsə də, əmək müfəttişliyində işləyən Səlimə adlı qadın ona bildirmişdir ki, bu şirkətdən hədsiz sayda şikayət daxil olur və Cavabdeh MMCnin rəhbərliyi çox ciddi qanunsuzluqlar edirlər və yüzlərə işçiləri həftədə ən azı 48 saat zorla çalışdırır və bayram günləri də işlədərək pullarını vermirlər. Gücü yalnız onun kimi ağır maddi problemləri və səhhətində problemləri olan şəxslərə çata bilən həmin şəxsin tələbini dərhal icra etmək imkanı olmadığı üçün ağıllarında onu cəzalandırmaq istəyən həmin şəxslərin 21 may 2022-ci il tarixdə ona ünvanlanan məktubda guya 04 may 2022-ci il tarixdən 16 may 2022-ci il tarixə kimi işəgötürənə heç bir məlumat vermədən, Cavabdeh MMC-nin Sabunçu mağazasına işə gəlməyərək, icazəsiz iş günü buraxdığını bildirmişlər. Pozulmuş hüquqlarının bərpası məqsədi ilə o, müvafiq qanunvericiliyin tələbinə əsasən ilk öncə Mediasiya şurasına müraciət etmiş, lakin Cavabdeh MMC-nin rəhbərliyi 04 avqust 2022-ci il tarixdə keçirilən ilkin Mediasiya sessiyasında iştirak etməkdən imtina etmişdir. Göstərilənlərə əsasən, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, İddiaçı Cavabdeh MMC-yə qarşı işə bərpa və s. tələbinə dair iddia ərizəsini qəbul etmirlər. Hesab edir ki, aşağıda göstərilən əsaslara görə iddia tələbi əsasszıdır və təmin edilməmlidir. Bildirir ki, İddiaçı Əmək Müqaviləsinə 03 iyun 2022-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilmişdir. İş materiallarına əlavə edilmiş 01/K saylı, 01 iyun 2022-ci il tarixli aktdan görünür ki, işçi 04 may 2022-ci il tarixdən 31 may 2022-ci il tarixə qədər işəgötürənə məlumat vermədən üzrsüz iş buraxmışdır. Bundan əlavə, 02/K saylı, 03 iyun 2022-ci il tarixli aktdan məlum olur ki, işçi İddiaçı 01 iyun 2022-ci il tarixdən 03 iyun 2022-ci il tarixə qədər işəgötürənə məlumat vermədən üzrsüz iş buraxmış, işburaxmanı əsaslandıran heç bir sənəd təqdim etməmişdir. Sabunçu mağazasının inzibatçısı vəzifəsində işləyən X5 Cavabdeh MMC-nin direktoru X8 yazdığı təqdimatda İddiaçı 04 may 2022-ci il tarixdən sonra ona məlumat vermədən üzrsüz iş buraxaraq işin ahəngini pozduğunu qeyd etmiş və İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilməsini xahiş etmişdir. Məktuba əlavə edilmiş, Cavabdeh MMC-nin X6 müdiri X9 MMC-nin direktoruna göndərdiyi 03 iyun 2022-ci il tarixli təqdimata baxdıqda aşağıda qeyd edilən hallar məlum olur ki, Sabunçu mağazasında 2-ci dərəcəli satış məsləhətçisi vəzifəsində işləyən İddiaçı işəgötürənə məlumat vermədən 04 may 2022-ci il tarixdən üzrsüz iş günü buraxaraq, işin ahəngini pozur. Sabunçu mağazasının inzibatçısı vəzifəsində işləyən X3 14 may 2022-ci il tarixli təqdimatı əsasında müvafiq araşdırma aparılmış, üzrsüz işburaxma halı davam etdiyindən, işçiyə 16 may 2022-ci il tarixli, 1390/K saylı üzrsüz işburaxmaya dair xəbərdarlıq bildirişi göndərilmişdir. İşçi göndərilmiş xəbərdarlıq bildirişinə əhəmiyyət verməmiş, üzrsüz iş buraxma halı davam etdiyindən, ona 24 may 2022-ci il tarixli, 1408/K saylı sonuncu xəbərdarlıq bildirişi göndərilmişdir. Lakin göndərilmiş bildiriş məktublarına baxmayaraq, işçi İddiaçı üzrsüz iş buraxmağa davam edib və hələ də üzrsüz iş buraxmanı əsaslandıran hər hansı bir sənəd təqdim etməmişdir. İşçinin yol verdiyi pozuntu onunla Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən (bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) birtərəfli qaydada xitam verilməsinə əsas olduğundan, X6 müdiri də MMC direktorundan İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilməsi barədə müvafiq əmr verilməsini xahiş etmişdir. İş materiallarına təqdimat və İddiaçı üzrsüz iş buraxmasına dair aktlar əlavə edilmişdir. Göründüyü kimi, işin ahəngini pozmasına baxmayaraq, işəgötürən işçiyə münasibətdə kifayət qədər humanist mövqe tutmuş, ona bir xəbərdarlıq məktubu göndərməklə kifayətlənməmiş, ikinci dəfə sonuncu xəbərdarlıq məktubu göndərmiş, lakin hər iki məktub nəticəsiz qalmış, üzrsüz işçi iş buraxmağa davam etmiş və üzrsüz iş buraxma halını əsaslandıran hər hansı bir sübut (sənəd) təqdim etməmişdir. Göndərilən məktublar İddiaçı çatdırılmışdır (məktub və qəbzlər iş materiallarına əlavə edilmişdir). Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. İşçi Cavabdeh MMC-yə işdən azad olunması ilə bağlı hər hansı bir ərizə ilə müraciət etməmişdir. Həmin Məcəllənin 72-ci maddəsinin «a» bəndinə əsasən, özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi əmək vəzifələrinin kobud şəkildə pozulması halı hesab edilir. Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinin əsasını «bu Məcəllənin 72ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozulması halları» təşkil edir. Həmin Məcəllənin 11-ci maddəsinə əsasən, «bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək» işəgötürənin əsas hüquqlarından biridir. Yuxarıda qeyd edilənlərə və təsdiqləyici sənədlərə nəzər yetirərək müəyyən etmək olar ki, işçinin Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi tam əsaslıdır. Əlavə edilmiş təsdiqləyici sənədlərə və bank arayışına nəzər saldıqda müəyyən olunur ki, işçinin son haqq-hesabı Əmək Qanunvericiliyinə uyğun olaraq hesablanıb, son iş günü işçinin bank hesabına köçürülmüş, işçiyə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildiriş məktubu, əmrin surəti ilə birlikdə ev ünvanına göndərilmiş, əmək kitabçasını işəgötürəndən götürməsi təklif edilmişdir. İş materiallarına əlavə edilmiş, tabel cədvəllərini nəzərdən keçirərək müəyyən olunur ki, işçinin iş vaxtından artıq işlərə cəlb edilməsi iddiaları əsassızdır. Eyni zamanda, onu bildirir ki, İddiaçı iddia ərizəsində «04 may 2022-ci il tarixdən ödənişsiz əmək məzuniyyətinə çıxdım və işə getmədim» kimi fikirlər qeyd etsə də, may 2022-ci il tarixdə işçi ümumiyyətlə məzuniyyətə çıxmaqla bağlı müraciət etməmiş və işçi məzuniyyətə çıxmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmədən İddiaçı Cavabdeh MMC-yə qarşı (X10 Xidməti üçüncü şəxs qismində cəlb edilməklə) «işə bərpa və s.» tələbinə dair iddiasının təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, şahid X2 məhkəmə iclasında ifadə verərək bildirdi ki, iddiaçı 04 may 2022ci il tarixdən etibarən işə gəlməmiş və iş buraxmışdır. Bununla əlaqədar onlar kameralardan cavabdehin işə gəlmədiyini müəyyən etmiş və sonuncunun işə gəlmədiyi üçün evinə xəbərdarlıq məktubu göndərmişlər. Həmin məktubda cavabdehə bildirmişlər ki, işburaxma halına yol verir. İşburaxma halı ilə bağlı sübutlarını, habelə Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulan halların mövcud olub-olmaması barədə sübutları onlara təqdim etsin və bununla əlaqədar baş ofisə yaxınlaşsın. Daha sonra iddiaçı baş ofisə yaxınlaşmış və onunla bu barədə danışmışdır. O da, öz növbəsində, cavabdehə işburaxma halına yol verdiyini bildirmişdir. Əmək Məcəlləsinin tələblərinə əsasən bir gün işburaxma halı əmək müqaviləsinin həmin Məcəllənin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilməsinə əsasdır. Cavabdehə bildirilmişdir ki, işə gəlsin, əgər işdən çıxmaq istəyirsə o, Əmək Məcəlləsinə əsasən işdən çıxmaq barədə bir ay öncədən işəgötürənə ərizə ilə müraciət etməlidir. Buna baxmayaraq, işçi yenidən işə gəlməməyə davam etmiş və işburaxma halına yol vermişdir. Onlar cavabdehə ikinci dəfə xəbərdarlıq məktubu göndərmişlər. İddiaçı ikinci məktubdan sonra heç baş ofisə yaxınlaşmamışdır. İddiaçı onlara məzuniyyətə çıxmaq barədə ərizə yazmamışdır, bunu araşdırmışdır və insan resursları departamentinə iddiaçının ərizəsi daxil olmamışdır. İddiaçı iddia ərizəsində qeyd edir ki, o, ərizəni yazmış və məzuniyyətə getmişdir. Onu qeyd edir ki, işçi tərəfindən məzuniyyət ərizəsi yazılır və işəgötürən məzuniyyətə çıxmaq barədə əmr verdikdən sonra içşi məzuniyyətə çıxa bilər. Kredit müqaviləsinin əmək münasibətlərinə heç bir aidiyyəti yoxdur, kredit problemləri ilə bağlı məsələlərlə kredit departamenti məşğul olur və əmək münasibətləri ilə bağlı məsələlərlə isə insan resursları departamenti məşğul olur. İddiaçının qeyd etdikləri onun səlahiyyətində olan məsələ deyil. İşçi məzuniyyətə çıxarkən məzuniyyətə çıxma barədə ərizəni şirkət direktorunun adına yazır, daxili poçtla insan resursları departamentinə göndərir. Onun mağazada çalışan işçilərlə heç bir ədavəti olmamışdır, iddiaçını bir dəfə məktubla əlaqədar baş ofisə gələndə görmüşdur və iddiaçı ilə heç bir münasibəti olmamışdır. İş materiallarına əlavə olunmuş: - 12 aprel 2021-ci il tarixli 581/21 saylı əmək müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh MMC-yə 2-ci dərəcəli satış məsləhətçisi vəzifəsinə işə qəbul edilmişdir. - 16 may 2022-ci il tarixli məktubdan, 01 iyun 2022-ci il tarixli və 03 iyun 2022-ci il tarixli aktlardan, təqdimatlardan və iddiaçıya ünvanlanmış bildiriş və sonuncu xəbərdarlıq bildirişlərindən görünür ki, İddiaçı heç bir üzrlü səbəb olmadan müvafiq tarixlərdə bütün iş günü işə gəlməmiş, bununla bağlı işəgötürənə vaxtında məlumat verməmişdir, məhkəməyə sağlamlıq durumu ilə bağlı sənədlər təqdim etsə də, işəgötürənə heç bir sənəd təqdim etməmişdir. İşəgötürən işçinin işə gəlməməsinin səbəbləri ilə maraqlanmış, iddiaçını bu məsələləri aydınlaşdırmaq üçün baş ofisə yaxınlaşmasını təklif və tələb etmişdir. - 03 iyun 2022-ci il tarixli 664/K saylı əmrdən görünür ki, işçi İddiaçı heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsini nəzərə alaraq, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilmişdir. - Bakı 6 saylı Mediasiya Təşkilatının ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 04 avqust 2022-ci il tarixli MŞB/6-4372 saylı arayışından görünür ki, hazırki mübahisə üzrə Cavabdeh MMC-nin nümayəndəsi xx.xx.2022-ci il tarixdə saat 12:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi üçün nəzərdə tutulan 50 manat məbləğində mediasiyaya dair xərc İddiaçı tərəfindən müvafiq hesaba ödənilmişdir. Məhkəmə iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 68-ci maddəsinin 1 və 2-ci bəndinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. - 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. - 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. - 72-ci maddəsinin “a” bəndinə əsasən, özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Məhkəmə qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə, qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, İddiaçı əmək müqaviləsi əsasında Cavabdeh MMC-də 2-ci dərəcəli satış məsləhətçisi vəzifəsində çalışmışdır. İddiaçı tərəfindən dəfələrlə əmək intizamının pozulması halına yol verilmiş və bu səbəbdən onunla Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilmişdir. Belə ki, iddiaçı işəgötürənə məlumat vermədən 04 may 2022-ci il tarixindən 31 may 2022-ci il tarixədək, habelə 01 iyun 2022-ci il tarixindən 03 iyun 2022-ci il tarixədək işə gəlməmiş, işə gəlməməsinin hər hansı bir üzrlü səbəblərdən baş verməsinə dair əsaslı sübut təqdim etməmiş, bununla da iş prosesinin gedişatına mənfi təsir göstərməklə, əmək intizamının normal ahəngininin pozulmasına səbəb olmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçı işə gəlməməsinə səbəb kimi onun məzuniyyətdə olmasını bildirsə də, işin faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçıya işə gəlməməsi ilə bağlı xəbərdarlıq, o cümlədən sonuncu xəbərdarlıq bildirişləri göndərilmiş, xəbərdarlıq bildirişinin göndərilməsindən sonra iddiaçı Cavabdeh MMC-nin Baş ofisinə dəvət edilmiş, Cavabdeh MMC-nin Baş Ofisinin İnsan Resursları Departamentinin rəhbəri S.Şaheldiyev ilə görüşmüş, ona işə gəlməməklə əmək qanunvericiliyinin tələblərinin pozulmasına yol verdiyi izah edilmiş, habelə hansı əsasla özünün məzuniyyətdə olmalı olmasını əsaslandıra bilməməsi onun diqqətinə çatdırılmış, lakin bütün bunlara baxmayaraq, iddiaçı işə gəlməməkdə davam etmişdir. Bu səbəbdən məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alıb hesab edir ki, iddiaçının, ona işə gəlməməklə əmək qanunvericiliyinin tələblərinin pozulmasına yol verdiyi izah edilməsindən sonra yenidən həmin dəlilə yəni əmək məzuniyyətində olmasını güman etməsinə əsaslanaraq işə gəlməməyə davam etməsi üzrlü səbəb kimi qəbul edilə bilməz. Məhkəmə qeyd edir ki, işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda onunla bağlanmış əmək müqaviləsinə məhz Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə xitam verilə bilməsi qanunvericilikdə təsbit edilmişdir. Məhkəmə hesab edir ki, yuxarıda sadalananlar cavabdehə (işəgötürənə) kifayət qədər əsas yaratmışdır ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə xitam versin. Məhkəmə əlavə olaraq onu da vurğulayır ki, işin faktiki hallarından göründüyü kimi, işəgötürən Əmək qanunvericiliyinə riayət etməklə əmək müqaviləsinə xitam vermiş və iddiaçını işdən azad etmişdir. İddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əsaslı olmuşdur. Cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, cavabdeh qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəbini qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. İddia əsassızdır və təmin edilə bilməz. Bundan başqa, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutları məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, iddia əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə) qarşı «əmrin qanunsuz hesab edilməsi, işə bərpa olunma və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə) qarşı «əmrin qanunsuz hesab edilməsi, işə bərpa olunma və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-4072/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4072/2022
11.11.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver