Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4085/2021 17.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin VVAQ şöbəsinə qarşı «doğum faktının müəyyən edilməsi» ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin VVAQ şöbəsinə qarşı «doğum faktının müəyyən edilməsi» ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 03 noyabr 1979-cu ildə doğulması faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 1979-cu il təvəllüdlüdür, Azərbaycan Respublikası Bakı şəhərində doğulmuşdur. Atasını tanımır. Bilir ki, atası onları atıb gedib. Anası da rəhmətə gedib. O, 4-cü sinifə qədər Bakı şəhər Nəsimi rayonun 174 saylı məktəbində oxumuşdur. Anasını zəif xatırlayır, çünki o spirtli içki zəminində ona qulluq etmirdi, öz sosial həyat tərzi aparırdı. Onunla birgə yaşayan onu hər bir xırda iş üçündə döyürdü. Onun israrlı xahişi ilə 4-cü sinifi bitirməmiş Bakı şəhər Türkan qəsəbəsində yerləşən internata qəbul edildi, orada o, DQMV məlum olan hadisələrə qədər oxudu. Məlum olan hallara görə o, özünü göstərə bilmədi. Qeyd olunan vaxta 14 oktyabr 2009-cu ildə qızı dünyaya gəldi. X2 Azərbaycan Respublikası ərazisində yerləşən Sabunçu xəstəxanasında doğulmuşdur. Əvvəllər o, ünvan 1 ünvanında qeydiyyatda idi. Məlum hadisələrə görə o, şəxsiyyət vəsiqəsi ala bilməmişdir. Doğum haqqında şəhadətnaməsi olmadığına görə şəxsiyyət vəsiqəsi ala bilmədi. Şəxsiyyət vəsiqəsi olmadığıma görə hal-hazıra kimi qızının lazımi qaydada qeydiyyata ala bilmədiyinə gətirib çıxartdı. Qeyd olunan hallar onun onsuzda ağır olan həyatını daha da ağırlaşdırır. Doğum haqqında şəhadətnamə almaq üçün o, Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyətinin VVAQ orqanlarına müraciət etdi. Lakin onun müraciəti hal-hazıra kimi xahişi təmin olunmayıb. Doğum haqqında şəhadətnamə almaq üçün doğumunun qanuni faktını müəyyənləşdirməlidir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Maraqlı şəxs Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin VVAQ şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ərizə rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19 fevral 2021ci il tarixli məktubundan görünür ki, internat məktəbinin arxivində araşdırma aparılmış, A.Kamenovaya məxsus şəxsi iş aşkarlanmamışdır. İş materiallarında olan 59 saylı Mənzil Kommunal İstismar Sahəsinin məktubundan görünür ki, S.Salayev küçəsi 35 saylı ünvanda yaşamış X1 haqqında MKİS-də məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin məktubunda qeyd edilir: “Ərizəçi 1979-cu il təvəllüdlü, İV(dördüncü) sinfə qədər Bakı şəhəri, Nəsimi rayonu, 174 nömrəli məktəbdə, sonra isə Türkan qəsəbəsində yerləşən orta ümumi təhsil internat məktəbində təhsil almışdır. İnternat məktəbində təhsil 2005-ci ilə qədər İX(doqquzuncu) sinif bazasında 10 il müddətində olmuşdur. Bunları əsas götürərək məktəbin əmr kitabında 1988-ci ilin əvvəlindən 1996cı ilin sonuna qədər olan dövrü nəzərdən keçirdik. Bu dövrdə 30 avqust 1991-ci il tarixli 108 nömrəli X3 adlı şəxs Vİ(altıncı) sinfə qəbul edilmiş, 13 noyabr 1992-ci il tarixli 150 nömrəli əmrlə Vİİ(yeddinci) sinifdən xaric edilmişdir. Vətəndaşın ərizəsində qeyd olunanlara əsasən, o, 1991-ci ildə Vİ(sinifdə) təhsil almalı idi. Lakin soyadının Kamalova deyil Kameneva kimi qeyd olunması məlumatın həmin şəxsə aid olmasını təsdiq etməkdə çətinlik yaradır”. Hazırkı ərizə ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir. Maddənin məzmunundan göründüyü kimi, burada söhbət doğum faktının özünün deyil, həmin faktların Qeydiyyat orqanlarında qeydə alınmasının müəyyən edilməsindən gedir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktların əksəriyyəti ya məcburi dövlət qeydiyyatından keçməlidir və ya qeyri məhkəmə (inzibati) qaydasında müəyyən edilməlidir. Şərh edilən maddə hətta inzibati qaydanın mövcud olduğu halda belə bu və ya digər səbəblərdən hüquqmüəyyənedici sənədin alına bilməyəcəyi təqdirdə, hüquqi faktların məhkəmə qaydasında müəyyən edilməsini nəzərdə tutur. Ərizəçinin müvafiq sənədləri başqa qaydaya ala bilməməsi dedikdə, ya həmin faktın qeydiyyatının mövcud olmaması (məsələn, öhdədə olma faktı), ya faktın qeydiyyatının müvafiq qaydasına əməl edilməməsi və ona əməl edilməsinin mümkünsüzlüyü (məsələn, bədbəxt hadisə faktı ilə bağlı aktın tərtib edilməməsi və hazırda onun tərtibinin mümkünsüzlüyü), ya da hüquqi faktın əks olunduğu sənəddə buraxılan səhv ucbatından sənədin sübutetmə əhəmiyyətini itirməsi və həmin səhvin başqa qaydada aradan qaldırıla bilməməsi anlaşılmalıdır. İtirilmiş sənədlərin bərpasının mümkün olmaması dedikdə, həmin sənədləri qeydə alan (verən) müvafiq orqanın (məsələn, Qeydiyyat orqanı) həmin sənədin dublikatının verilməsi imkanının olmaması başa düşülməlidir. Hazırki mübahisəni araşdıran zamanı məhkəmə mülki prosessual qanunvericiliyinin ümumi hissəsinin normalarına istinad edir və qeyd edir ki, hüquqi faktı müəyyən edən zamanı təqdim edilən sübutlar əsas götürülür, məhkəmənin gəldiyi nəticənin həqiqətə uyğunluğu isə işdə olan sübutların mötəbərliyindən asılı olur, sübutlar hər hansı halın-faktın olub-olmamasının qiymətləndirilməsində rol oynayır. Bununla bağlı olaraq məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. nsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən “Qavazov Bolqarıstana qarşı” iş üzrə qəbul etdiyi 06.03.2008-ci il tarixli qərarında qeyd edilmiş hüququ mövqeyə görə, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, ərizəçinin tələbinin əsasını sübut etmək vəzifəsi ərizəçinin üzərinə düşür. Məhkəmə qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, ərizəçi özünün doğum faktının müəyyən edilməsini tələb etsə də, həmin tələbini əsaslandıra biləcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin «hüquqi əhəmiyyəti olan doğum faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi təmin edilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin VVAQ şöbəsinə qarşı «doğum faktının müəyyən edilməsi» ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər Sədrlik edən: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-4085/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4085/2021
17.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver