Məhkəmə qərarları › İş №2(006)-4090/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4090/2020

12.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4090/2020 12.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı, cavabdeh X3, onun nümayəndəsi və vəkili X10 iştirakları ilə İddiaçı cavabdeh X4 qarşı "mənzilin verilməsi və məcburi payın müəyyənləşdirilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X4 qarşı "mənzilin verilməsi və məcburi payın müəyyənləşdirilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1981-ci ildə anadan olmuş, ailəlidir, 3 övladı vardır. İddiaçı 1992-ci ildən yuxarıda göstərilən ünvanda, ünvan 1 ünvanında yerləşən öz evində yaşamış və qeydiyyatda olmuşdur. İddiaçı həmin ünvanda böyüyüb boya-başa çatmışdır. Həmin evdə iddiaçının uşaqları- xx.xx.2008-ci il təvəllüdlü X6, X7 və X8 doğulublar və orada qeydiyyatdadırlar. Evin sənədləri iddiaçının atası Tacəddinov Sabirin adınadır.2016-cı ildə evləri plana düşdüyü üçün onlara kirayə haqqı ödənilərək (atasına ayda 500 manat ödəyirdilər) evləri sökmüşlər və orada tikilən yeni çoxmərtəbəli binadan müqavilə ilə (müqavilə atasının adınadır) 3 mənzil verdilər. 2 ədəd 1 otaqlı, 1 ədəd 2 otaqlı. Həmin mənzillər təmirsiz olduğu üçün onlara, yəni iddiaçının atasına 6000 manat təmir pulu da veriblər. İddiaçının Qusar rayonunda evi və torpaq sahəsi var. Hal-hazırda iddiaçının atasıgil həmin 6000 manat təmir pulunu götürərək rayondakı evə gediblər. Oradakı evin təmir olunmasına başlayırlar. İddiaçı isə 5 nəfərdən ibarət ailə üzvi ilə Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Cavad küçəsi, ev 5B ünvanda körpə, azyaşlı uşaqları ilə kirayədə yaşayır. İddiaçı dəfələrlə atasına müraciət edərək onlara verilən iki otaqlı mənzilin açarlarını ondan istəmişdir ki, öz evində yaşayıb, kirayə pulu ödəməsin. Həmin evlər boş qalıb, iddiaçı isə güclə orada-burada işləyib qazancını kirayəyə verir ki, ailəsi küçədə qalmasın. İddiaçının bacı və qardaşının da ayrı- ayrı yerlərdə öz xüsusi evləri var. İddiaçının atası ona təklif edir ki, onlara verilən həmin evləri satsın, şəhərdən kənarda olan qəsəbələrdən birində həm özünə, həm də iddiaçıya ev alsın. İddiaçı onun təklifi ilə razı deyil, çünki iddiaçı və uşaqları şəhər mühitinə öyrəşmişlər. Göstərilənlərə əsasən iddiaçının ailəsinə verilmiş 3 mənzildən birinin, 2 otaqlı mənzilin iddiaçıya və ailəsinə verilməsi, məcburi payın həcminin müəyyənləşdirilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh X5, onun nümayəndəsi və vəkili X14 iddia tələbinə etiraz edərək, təmin edilməməsini məhkəmədən xahiş etdilər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, MA seriyalı, ******* №-li Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi,ev 16, mənzil 3 X3 xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 1520 saylı reyestr kitabının 138841 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyat aparılmışdır. İşin materiallarında olan “xxxxxxxxxxxx” MTK tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, xx xxxxxx 2017-ci ildə 46 saylı Notariat Kontorunda bağlanmış müqaviləyə əsasən ona məxsus olan iki otaqlı, 64,5 kv.m yaşayış sahəsi inşası davam etdirilən (ünvan: Vladislav Plotnikov 16) binada yerləşir. Hal hazırda tikinti işləri başa çatmamış, təmir üçün sakinlərə təhvil verilməmiş, tamamlanma mərhələsindədir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Göstərilən Məcəllənin 1195-ci maddəsinə əsasən məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. Eyni Məcəllənin 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Göstərilən Məcəllənin 1203.2-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Həmin Məcəllənin 392.1-ci maddəsinə əsasən sağ olan şəxsin miras əmlakı barəsində başqa şəxslərin bağladığı müqavilə etibarsızdır. Eyni qayda sağ olan şəxsin miras əmlakından məcburi paylar və (və ya) onun vəsiyyət tapşırığı barəsində bağlanmış müqavilələrə də tətbiq edilir. Eyni Məcəllənin 392.2-ci maddəsinə əsasən 392.1-ci maddənin qaydası qanun üzrə gələcək vərəsələrin qanun üzrə vərəsəlik zamanı onlardan birinin payı haqqında və məcburi pay haqqında bağladıqları müqavilələrə tətbiq edilmir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 2017-ci ildə Sabir Tacəddinovun mülkiyyətində olan həmin mənzilin yerləşdiyi həyətdə çoxmərtəbəli və çoxmənzilli binanın inşa edilməsi ilə əlaqədar, məhəllədə yaşayan bütün sakinlər (mülkiyyətçilər), o cümlədən Sabir Tacəddinovun razılığı ilə müvafiq mənzil tikinti kooperativi tərəfindən çoxmərtəbəli və çoxmənzilli binanın inşa edilməsinə başlanmışdır. Belə ki, mənzil tikinti kooperativi ilə sakinlər (mülkiyyətçilər) arasında bağlanmış müvafiq müqavilələrə əsasən müvafiq mənzillərin əvəzinə gələcəkdə mülkiyyətçilərə yeni yaşayış sahəsi verilməlidir. Sabir Tacəddinovun mülkiyyətində olan həmin mənzilin əvəzinə isə tikiləcək yeni binada başqa yaşayış sahəsi verilməsi nəzərdə tutulmuşdur. Cavabdeh həmin binada ona əlavə yaşayış sahəsi verilməsi üçün əlavə vəsait də ödəmişdir. Həmçinin, məhkəmə qeyd edir ki, Sabir Tacəddinova verilməsi nəzərdə tutulmuş heç bir mənzil, o cümlədən iddiaçının tələb etdiyi həmin ikiotaqlı mənzil hələ ona istifadəyə (təhvil) verilməmişdir, yəni inşaat işləri hələ davam edir, bina təhvil verilməmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, mirasda məcburi payın həcminin müəyyənləşdirilməsi miras qoyanın vəfatından sonra mübahisələndirilir. Göründüyü kimi X1. Qeyd edilən hüquq normalarından da göründüyü kimi, məcburi payı tələb etmək hüququ mirasın açıldığı andan əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Beləliklə, məhkəmə X2 olmasını və sözügedən mübahisəli mənzilin hələ tikintisinin başa çatmamasını nəzərə alaraq, hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh X4 qarşı "mənzilin verilməsi və məcburi payın müəyyənləşdirilməsi tələbi”nə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar