Məhkəmə qərarları › İş №2(006)-4091/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4091/2021

22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4091/2021 22.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil Şıxsafa oğlunun iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı «borcun və dəymiş zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12 500 əsas borc, 1196 manat bank faiz dərəcəsi və 2 000 manat 10.12.2020- ci İl tarixli icarə müqaviləsi üzrə bir aylıq icarə haqqı, cəmi 15 696 manat pulun cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, mərhum həyat yoldaşı X2 ilə cavabdeh - "xxxx" Qapalı səhmdar Cəmiyyəti arasında bağlanmış 01.07.2011-ci il tarixli icarə müqaviləsinə əsasən ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 103 kv.m. olan qeyri-yaşayış sahəsi cavabdehə icarəyə verilmişdir. 09.04.2020-ci il tarixdə Şahbaz Hənifəyev vəfat etdikdən sonra həmin qeyri-yaşayış sahəsinin icarə müqaviləsi 10.12.2020-ci il tarixdə onunla cavabdeh arasında bağlanmış və notarial qaydada təsdiq edilmişdir. Hər iki icarə müqaviləsinin şərtlərinə göra İcarəçi icarə haqqı olaraq aybaay vergi daxil 2325 manat cavabdeh tərəfindən onlara ödənilməli idi. Şahbaz Hənifəyevin vəfatına qədər icarə haqqı cavabdeh trəfindən tamam-kamal vaxtlı-vaxtında ödənilmişdir. Şahbaz Hənifəyevin ölümündən sonra onun vərəsəsi o olmuşdur və ona "Qanun üzrə vərəsəlik hüququ haqqında" şəhadətnamə verilmişdir. Qanunvericiliyin tələblərinə əsasən mərhumun əmlakına, o cümlədən ünvan 2 ünvanda yerləşən 103 kv.m. qeyri-yaşayış sahəsinə tam hissədə pay almışdır. Azərbaycan Respublikasının MM-nin 1255-ci maddəsində göstrəilir ki, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyəti sayılır. Qanunun bu tələbinə əsasən həyat yoldaşının vəfatından sonra yuxarıda göstrərilən qeyri-yaşayış yerinin mülkiyyətçisi o olmuşdur. Bu səbəbdən də cavabdehlə onun arasında 10.12.2020ci il tarixli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilə şərtlərinə əsasən cavabdeh icarə haqqı olaraq ona hər ay vergi daxil 2325 manat icarə haqqı ödəməli idi. Şahbaz Hənifəyevin ölümündən sonra cavabdeh icarə haqqını ödəməmişdir. Bu səbəbdən 16500 manat icarə haqqı borcu ödənilməmiş qalmışdır. Cavabdehlə aralarında olan razılaşmaya əsasən ödənilməmiş bordan 2021-ci ilin fevral ayından başlayaraq hər ay 2000 manat ona ödənilməli idi. Həmçinin onunla bağlanmış 10.12.2020-ci il tarixli müqavilə üzrə icarə haqqı mütəmmadi ödənilməli idi. Aralarındakı razılaşma 27.01.2021-ci il tarixli aktla rəsmləşdirilmiş və həmin razılaşma aktına əsasən cavabdeh tərəfindən ona cəmisi iki ayın kirayə haqqı olan 4 000 ödənilmişdir. Bundan əlavə olaraq onunla bağlanmış 10.12.2020ci il tarixli icarə müqaviləsi üzrə bir aylıq İcarə haqqı (yəni vergi xaric 2000 manat) da ona ödənilmişdir. 10.12.2020-ci il tarixli icarə müqaviləsinin şərlərinə əsasən icarəçi bir ay qabaqcadan icarəyə verəni xəbərdarlıq etməklə müqaviləyə xitam verə bilərdi. Amma buna baxmayaraq cavabdeh onu xəbərdar etmədən icarə müqaviləsini birtərəfli qaydada ləğv etmişdir. Belə ki, ikinci aya görə İcarə haqqını almaq üçün o onların yanına ofisə gələndə görmüşdür ki, artıq onlar özlərinə məxsus əmlaklarını maşına yükləyərək ofisi tərk edirlər. Onda ona məlum oldu ki, onlar onu məlumatlandırmadan başqa yer tapıb xəbərsiz ora köçürlər. Bununla da cavabdeh ona 2000 manat (vergidən kənar bi aylıq İcarə haqqı miqdarında) ziyan vurmuşdur. 01.07.2011-ci il tarixli icarə müqaviləsinin 4.1-ci bəndinə əsasən tərəflər müqavilə şərtlərinin lazımınca icra olunmaması və ya icra olunmamasına görə maddi məsuliyyət daşıyırlar. Beləliklə cavabdeh tərəfindən ödənilməli olan 16 500 manat borcun 2020-ci ilin bank uçot dərəcəsi ilə faiz borcu 1196 manat təşkil edir. Bu hesabla 01.072011-ci il tarixli icarə müqaviləsi üzrə cavabdeh mənə 13 696 manat (12 500 manat + 1196 manat (16 500 manatın 7,25 %-1196 manat)), həmçinin,10.12.2020-ci il tarixli icarə müqviləsi üzrə vergi xaric 2 000 manat ödənilməlidir. Cavabdehin ona ödəməli məbləğ - 12 500 əsas borc, 1196 manat bank faiz dərəcəsi və 2 000 manat 10.12.2020-ci il tarixli icarə müqaviləsi üzrə bir aylıq icarə haqqı - ümumi cəmisi 15 696 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil Şıxsafa oğlu yuxarıda qeyd olunan məzmunda izahat verərək iddianın təmi edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi, ev 15 tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 01.07.2011-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, X2 (icarəyə verən) ünvan 3 ünvanında yerləşən 103 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsini ofis üçün "xxxx" QSC-nin istifadəsinə verməyi, "xxxx" QSC isə (icarəçi) icarəyə verilmiş əmlakdan ancaq müqavilə şərtlərinə uyğun təyinatı üzrə istifadə etməyi öhtəsinə götürmüşdür. Aylıq icarə haqqının məbləği 2325 manat, müqavilənin müddəti isə 1 (bir) il müəyyən edilmişdir. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 09.04.2020-ci il tarixli, AZ-İİ 051182 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 06.04.2020-ci il tarixdə Essensial hipertenziya səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 09.04.2020-ci il tarixdə 206 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri 43 saylı Notariat ofisinin xüsusi notariusu X4 tərəfindən təsdiq edilmiş, reyestrdə 2V-102 nömrə ilə qeyd edilmiş 10.10.2020-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 06.04.2020-cİ il tarixdə vəfat etmiş-X2NUN vərəsəsi: BAKİ, RƏSULZADƏ QƏS, 22-DAĞLİQ KÜÇ, EV 12 ünvanında qeydiyyatda olan arvadı- İddiaçı QİZİDİR və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak - DƏDRX-nin Bakı Şəhəri Ərazi İdarəsi tərəfindən 31.01.2007 tarixdə X2NA verilmiş **********01-05301-083002 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 103 kv/m olan qeyri-yaşayış sahəsidən ibarətdir. 10.12.2020-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, İddiaçı (icarəyə verən) ünvan 3 ünvanında yerləşən 103 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsini ofis üçün "xxxx" QSC-nin istifadəsinə verməyi, "xxxx" QSC isə (icarəçi) icarəyə verilmiş əmlakdan ancaq müqavilə şərtlərinə uyğun təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür. Aylıq icarə haqqının məbləği 2325 manat, müqavilənin müddəti isə 1 (bir) il müəyyən edilmişdir. Müqavilənin 8-ci bəndinə əsasən müqavilənin ləğv edilməsi tərəflərin 1 ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir. "xxxx" QSC-nin Baş direktoru X7, baş mühasibi X1, Bakı şəhəri Xətai rayonu F.Bayramov küçəsi ev 15-də yerləşən 103 kv. metr qeyri-yaşayış sahəsinin sahibi İddiaçı tərəfindən tərtib edilmiş 27.01.2021-ci il tarixli aktdan görünür ki, 27.01.2021-ci il tarixə 01.07.2011-ci il tarixdə Bakı şəhəri Xətai rayonu F.Bayramov küçəsi ev 15-də yerləşən 103 kv. metr qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə əlaqədar "xxxx" QSC ilə X5iu arasında bağlanmış müqavilə üzrə "BAKİ OTİS LİFT” QSC-nin borcu ödəmə mənbəyində vergi tutlduqdan sonra 16500.00 (on altı min beş yüz) manat təşkil edir və həmin məbləğin aşağıdakı qrafikə uyğun ödənilməsi tərəflər arasında razılaşdırılmışdır: 2021-ci ilin fevral ayından sentyabr ayınadək hər ay 2.000 manat olmaqla. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında icarə müqaviləsi və mövcud borcun etirafı haqqında mücərrəd müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 882.1-ci və 882.5-ci maddələrinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Mülki Məcəllənin (bundan sonra – MM) 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Bakı şəhəri Xətai rayonu F.Bayramov küçəsi ev 15-də yerləşən 103 kv. metr qeyriyaşayış sahəsi iddiaçıdan əvvəl sahənin mülkiyyətçisi olan X2 və daha sonra onun vərəsəsi İddiaçı tərəfindən icarə müqaviləsinə əsasən yararlı vəziyyətdə "xxxx" QSC-yə ofis üçün icarəyə verilmişdir. "xxxx" QSC istifadəsinə verilmiş qeyri-yaşayış sahəsindən təyinatı üzrə istifadə etsə, istifadə etdiyi dövr üçün icarə haqqını ödəməmişdir. Nəticədə onun hər iki icarə müqaviləsi üzrə obyekt sahiblərinə icarə haqqı borcu yaranmışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 27.01.2021-ci il tarixli aktdan görünür ki, 01.07.2011-ci il tarixli icarə müqaviləsi üzrə 27.01.2021-ci il tarixə Bakı şəhəri Xətai rayonu F.Bayramov küçəsi ev 15-də yerləşən 103 kv. metr qeyri-yaşayış sahəsindən istifadə etməsi ilə əlaqədar cavbabdeh 16500.00 (on altı min beş yüz) manat məbləğində borcunun qaldığını etiraf etmişdir. Həmin sənəd həm iddiaçı, həm də cavabdeh tərəfindən imzalanmışdır. Həmçinin sözügedən borcdan 4000 manat məbləğində pulun cavabdeh tərəfindən qaytarıldığı müəyyən edilmişdir. Mülki işin materiallarında cavabdeh tərəfindən borcun ödənilməsini təsdiq edən heç bir sübut olmadığından və qeyd edilən halın sübut edilməsi yükünü cavabdeh daşıdığından məhkəmə iddianın həmin hissədə təmin edilməsi qənaətinə gəlir. Məhkəmə iddianın “10.12.2020-ci il tarixli icarə müqaviləsinə əsasən yaranmış icarə haqqı borcunun ödənilməsi” hissəsi ilə əlaqədar qeyd edir ki, müqavilə üzrə qeyri-yaşayış sahəsinin istifadə üçün yaralı vəziyyətdə icarəçiyə təhvil verilməsi halının məhkəmə tərəfindən müəyyən edilməsinə baxmayaraq, cavabdehin həmin müqaviləyə əsasən icarə haqqının ödənilməsinə dair üzərinə götürdüyü öhdəliyin lazımi qaydada icra etdiyi halının işdə olan materiallara əsasən müəyyən edilməsi mümkün olmamışdır. Halbuki sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin icra edildiyini sübut etmək vəzifəsi öhdəlik daşıyan şəxsə aiddir, odur ki, icarə müqaviləsi üzrə icarə haqqının iddiaçıya ödənilmiş olduğunu sübut etmək vəzifəsi cavabdeh üzərinə düşür. Beləliklə məhkəmə, icarə haqqının ödənilməsinə dair sübut etmək yükünü cavabdehin daşıdığını, lakin onun, məhkəmə tərəfindən məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq gəlmədiyini və beləliklə də pulun iddiaçıya ödənilməsini təsdiq edən sübutların iş materiallarında mövcud olmadığını, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən isə mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamənin yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılmalı olduğunu nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən bağlanmış icarə müqaviləsinə əsasən icarə haqqının vaxtlı-vaxtında icarə verənə ödənilməsi halı öz təsdiqini tapmamışdır. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən borc və icarə müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuş, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Beləliklə, yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməli, 14500 (12500+2000) manat məbləğində pul cavabdeh "xxxx" QSC-dən tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iddianın cavabdeh tərəfindən pulun qanunsuz olaraq özündə saxlamaqla ondan faydalandığı üçün 1196 manatın tutulması hissəsinə dair aşağıdakıları qeyd etməyi zəruri sayır. İddiaçı Mülki Məcəllənin 449.1-ci maddəsinə əsaslanaraq hazırkı iddia tələbini irəli sürmüşdür. Belə ki, Mülki Məcəllənin 449.1-ci və 449.2-ci maddələrinin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur. Beləliklə, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün kreditor sübut etməlidir ki, borclu onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyr əldə etmişdir. İddiaçı isə qeyd olunan halların təsdiqi barədə heç bir sübut təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Məhkəmə hesab edir ki, iddia bu hissədə rədd edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, hər iki müqavilə üzrə ödənilməmiş 14.500 manat məbləğində icarə haqqı "xxxx" QSC-dən tutulub İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 14.500 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat 28 manatı, cəmi 14.528 manat məbləğində pul "xxxx" QSC-dən tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar