Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4101/2021 29.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X17 oğlunun katibliyi, İlkin iddia üzrə İddiaçı1 nümayəndəsi X4 iştirakı ilə İlkin iddia üzrə İddiaçı1 ilkin iddia üzrə cavabdeh "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı «qeydiyyatın etibarsız hesab edilməsi tələbi»nə dair ilkin və qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı «kommunal borcların ödənilməsi və s. tələbi»nə dair qarşılıqlı iddia ərizələri ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı "qeydiyyatın etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, hər iki iddiaçının ayrı-ayrılıqda şəxsi mülkiyyətlərində olan yaşayış sahələrinin yerləşdiyi çoxmənzilli bina kompleksi “Nəsimi 8 MMMC" tərəfindən idarə olunur. Yuxarıda qeyd olunan çoxmənzilli bina izafi xərclərlə “Nəsimi 8" MMMC tərəfindən biabırçı şəkildə idarə olunur. Müqavilə bağlamadan iddiaçılardan kommunal haqq tələb edilir, sakinlərdən kommunal haqlar yığılarkən rəsmi qəbz verilmir, hesablaşmaların əksəriyyəti qanunazidd olaraq nağd aparılır, əmək müqaviləsi olmadan, əmək qanunvericiliyinin tələbləri pozulmaqla işçilər işlədilir, qanunsuz olaraq sakinlərin mənzilə mülkiyyət hüququ məhdudlaşdırılır (hətta iddianın təmin tədbiri kimi Nəsimi rayon məhkəməsi tərəfindən qanunsuz hərəkətləri qadağan edən məhkəmə qərardadı çıxarılmış və məcburi icra edilmişdir), su sayğacları qoyulmadan illərdir ki, mənzillərə su verilir. İddiaçılar pozulmuş hüquqlarını müdafiə etmək üçün dəfələrlə Ədliyyə Nazirliyinə, məhkəmələrə, digər dövlət qurumlarına müraciət etmiş və araşdırmalar zamanı məlum olub ki, "xxxx" MMMC-nin idarəetmə orqanları tam qanunsuz formalaşdırılıb və Ədliyyə Nazirliyində əsassız olaraq qeydiyyat aparılmışdır. Belə ki, yuxarıda qeyd olunan çoxmənzilli binada sahə mülkiyyətçisi olmayan X12 qanunsuz olaraq, yəni, Mənzil Məcəlləsinin 127.3-cü maddəsinin tələbinə zidd olaraq, sahə mülkiyyətçisi olmadığı üçün MMMC-nin iştirakçıları sırasından olmayan şəxs olduğu halda 27 iyun 2019-cu il tarixində saxta imzalar (əslində imzaların əksəriyyəti sakinlərə liftdən istifadə üçün kart paylanarkən təhvil-təslim imzalatmaqla toplanmışdır) əsasında "xxxx" MMMC-nin idarə heyətinin sədri seçilmiş (sakinlərin ümumi yığıncağı keçirilmədən) və Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi isə onun təyinatını qanunsuz olaraq (həmin tarixdə sahə mülkiyyətçisi olmadığı halda) 30.10.2019 tarixdə dövlət qeydiyyatına almışdır. İddiaçılar dəfələrlə şikayətlərinə baxmayaraq, Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi heç bir qanuni tədbir görməmişdir. Polis, vergi orqanlarına, məhkəməyə müraciətinin heç bir nəticəsi olmamış, açıq-aşkar ciddi qanun pozuntularına göz yumulmuşdur. Hazırda "xxxx" MMMC onun idarəetmə orqanlarına seçilərkən sahə mülkiyyətçisi olmayan şəxsərin də imza atdığı sahə mülkiyyətçilərinin keçirilməyən yığıncağının saxta qərarı əsasında Azər Quliyev və digər şəxslər tərəfindən idarə olunurlar. Göstərilənlərə əsasən "xxxx" MMMC-nin sahə mülkiyyətçilərinin yığıncağının idarəetmə orqanlarının üzvlərinin seçilməsi barədə 27 iyun 2019-cu il tarixli qərarının etibarsız hesab edilməsi, "xxxx" MMMC-nin sədri tərəfindən təsdiq edilmiş "xxxx" MMMCnin İdarə Heyətinin qərarlarının etibarsız hesab edilməsi və Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş idarəsi tərəfindən "xxxx" MMMC-nin sədri Azər Quliyevin təyinatı ilə bağlı dövlət reyestrində aparılmış 30.10.2019-cu il tarixli əsassız qeydiyyatın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi, ifşa edilmiş cinayət xarakterli faktların yoxlanılması üçün prokurorluğa göndərilməsi barədə xüsusi qərardad çıxarılması məhkəmədən xahiş edilmişdir. Öz növbəsində, "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti İddiaçı1 və İddiaçı2 qarşı «kommunal borcların ödənilməsi və s. tələbi»nə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 2017-ci ilin may ayından 2021-ci ilin iyun ayı da daxil olmaqla, 4 otaqlı mənzilə görə hər ay 85 manat və 1 mart 2021-ci ildən etibarən isə hər ay 95 manat olmaqla "xxxx" MMMC-nin fonduna olan borcu 4355 manat təşkil edir, digər ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 isə 2017-ci ilin may ayından 2021cu ilin iyun ayınadək borcu 2130 manat təşkil edir. İlkin iddia üzrə iddiaçılar qarşılıqlı iddia üzrə cavabdehlər ilə "xxxx" MMMC arasında kommunal xidmətlərin ödənilməsi barədə müqavilə bağlanmasa da, kommunal xidmətlərin miqdarı ilə bağlı məsələ mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti üzvlərinin ümumi yığıncağının qərarına əsasən öz təsdiqini tapmışdır. Ümumi yığıncaqda qəbul edilmiş qərarın icrası, iddiaçıların ümumi yığıncaqda iştirak etmədiyi halda da, onlar üçün də məcburi olduğundan, "xxxx" MMMC-si qarşılıqlı iddia üzrə cavabdehlərdən kommunal xərclərin ödənilməsini tələb etməkdə haqlıdırlar. "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin ali idarəetmə orqanı iştirakçılarının ümumi yığıncağıdır. "Nəsimi-8” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin idarə heyətinin sədri X2. Kompleksdə, 01.04.2017-ci il tarixindən etibarən sakinlərə təhlükəsizliyə nəzarət, təmizlik xidmətləri, məişət tullantılarının yığılması, liftservis, kompleksin mərkəzi işıqlandırılması, mənzillərə mərkəzləşdirilmiş isti və soyuq suyun (məişət) verilməsi, binaların ümumi əmlakının saxlanılması, istismarı və sair xidmətlər təşkil və təmin olunmuş, bu xidmətlərin məsrəflərini və digər xərcləri nəzərə alaraq sahə mülkiyyətçiləri tərəfindən ödəniləcək aylıq haqların məbləği: 3 otaqlı mənzillər üçün - 65 (altmış beş) manat; 4 otaqlı mənzillər üçün - 85 (səksən beş) manat təyin olunmuşdur. Sahə mülkiyyətçilərinin 01.04.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş, 28.04.2017-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmış "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin nizamnaməsinin təsdiq edilmiş surətindən görünür ki, cəmiyyətin yaradılmasının əsas məqsədi daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdən, bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərin yerinə yetirilməsi üçün fəaliyyət növlərini həyata keçirməkdən ibarətdir. Bu məqsədlərə çatmaq üçün cəmiyyət yaşayış binasının cəmiyyət iştirakçılarının ümumi istifadəsində olan daxili və xarici kommunal xidmətləri təchizatı xəttlərinin və digər qurğu və avadanlıqlarının təmiri və lazım gələrsə, bərpa edilərək daim işlək vəziyyətdə saxlanması, yaşayış binasının binadaxili istilik və elektrik enerjisi, təbii qaz, lift, məişət tullantıları və kanalizasiya xidmətləri təchizatı qurğuları və xəttlərinin təmir və ya bərpa olunması və onların işlək vəziyyətdə saxlanılması, yaşayış binasının daxili və xarici divarlarının, zirzəmi və damlarının, həmiçinin giriş bloklarının təmir olunması və işıqlandırılması, yaşayış binasının sərəncamında olan onun həyətyanı sahəsinin abadlaşdırılması, istirahət və uşaqlar üçün əyləncə qurğularının quraşdırılması, həyətyanı sahənin yaşıllaşdırılması, yaşayış binasının sakinlərinin rifahının yaxşılaşdırılmasına yönəldilən digər tədbirlərin həyata keçirilməsi və belə tədbirlərin görülməsi üçün müqavilə əsasında özəl operatorun və ya hər hansı podratçının cəlb olunması, yaşayış binasının sakinlərinin ümumi maraqlarına cavab verən və mövcud qanunvericiliklə qadağan olunmayan digər xidmətlərin göstərilməsi, işlərin görülməsi və fəaliyyət növlərinin həyata keçirilməsi kimi fəaliyyət növlərini həyata keçirir. Qarşılıqlı iddia üzrə cavabdehlər kompleksdə təyin olunmuş aylıq ödənişlərlə aprel 2017-ci il tarixindən məlumatlıdırlar və bu tariflərin mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin 145 sahə mülkiyyətçisi iştirak etmiş ümumi yığıncağının qərarı olduğunu tam anlayırlar. Sadəcə məqsədləri müxtəlif yalan və bəhanələrlə təyin edilmiş öhdəliklərdən yayınmaq, "xxxx" MMMC-nin istər əvvəlki, istərsə də hazırki sədrinə müxtəlif böhtanlar ataraq, hədə-qorxular edərək ödənişlərdən yayınırlar. "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin nizamnaməsinin 8.3-cü bəndinə əsasən cəmiyyətin idarə heyəti ən azı üç üzvdən ibarət olmaqla cəmiyyətin iştirakçılarının ümumi yığıncağında cəmiyyətin iştirakçıları sırasından nizamnamə ilə müəyyən edilmiş, lakin iki ildən artıq olmayan müddətə seçilir. Cəmiyyətin qanuni təmsilçisi seçilmiş X1 müddəti 28.04.2019-cu il tarixdə başa çatmışdır. "xxxx" MMMC-nin 156 sahə mülkiyyətçisi iştirak etmiş ümumi yığıncağının 27 iyun 2019-cu il tarixli protokolundan görünür ki, "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin (MMMC) idarəetmə orqanlarının formalaşdırılması, o cümlədən sədrin seçilməsi; "xxxx" MMMC dövlət qeydiyyatı ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət edilməsi ilə bağlı səlahiyyətli şəxsin seçilməsi, yaşayış kompleksində görüləcək yenidənqurma, abadlaşdırılma və müxtəlif təkmilləşdirmə işləri haqqında; yaşayış kompleksinin aşağı və yuxarı həyətlərində sakinlərin şəxsi avtomobillərinin parkinq kimi istifadə edilməsi haqqında; yaşayış kompleksinin binalarının liftlərindən istifadənin kart sistemi vasitəsi ilə istifadə olunması haqqında, sahə mülkiyyətçilərinə cəmiyyət tərəfindən göstərilən xidmətlər və bunun müqabilində ödəniləcək aylıq ödənişlərin məbləğinin təyin və təsdiq olunması ilə bağlı gündəlikdə duran məsələlər müzakirə edilərək səs çoxluğu ilə "xxxx" MMMC idarə heyətinin 11 nəfərdən ibarət tərkibdə seçilməsi qərara alınmışdır. "xxxx" MMMC idarə heyətinin sədri X3. "xxxx" MMMC dövlət qeydiyyatı ilə bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müraciət edilməsi, bununla əlaqədar bütün zəruri sənədlərin imzalanması və təqdim olunması üzrə səlahiyyətli şəxs X3. Kompleksdə, sakinlərə təhlükəsizliyə nəzarət, təmizlik xidmətləri, məişət tullantılarının yığılması, lift- servis, kompleksin mərkəzi işıqlandırılması, mənzillərə mərkəzləşdirilmiş isti və soyuq suyun (məişət) verilməsi, binaların ümumi əmlakının saxlanılması, istismarı və sair xidmətlər təşkil və təmin olunmuş, bu xidmətlərin məsrəflərini və digər xərcləri nəzərə alaraq sahə mülkiyyətçiləri tərəfindən ödəniləcək aylıq haqların məbləği: 3 otaqlı mənzillər üçün - 65 (altmış beş) manat; 4 otaqlı mənzillər üçün - 85 (səksən beş) manat təyin olunmuşdur. Yaşayış komplesinin həyətində quraşdırılmış video görüntülərdən də açıq-aydın görünür ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 ictimai təhlükəsizliyi pozaraq, əhali arasında vahimə yaratmış (Cinayət Məcəlləsinin 214.1-ci maddəsi) və "xxxx" MMMC-nin komendantı X7 hədələyərək onun arxasıcan dəfələrlə soyuq silah atmış (bıçaq), qəsdən adam öldürmə, yəni həyatdan məhrum etmə cəhdi göstərmiş (Cinayət Məcəlləsinin 120-ci maddəsi), şərəf və ləyaqətə toxunan sözlərdən istifadə etmiş, X6 dərhal həyətdən getməsə onsuz da onu öldürməsi ilə hədələmişdir. X10 bununla əlaqədar şikayət etməsinə baxmayaraq, bugünə kimi cinayətkar törətdiyi əməllərə görə qanun qarşısında cavab verməmiş və bununla da özünü qanundan üstün hesab edərək son iki il ərzində “şantaj” və “reket” üsullarından istifadə edərək dəfələrlə idarə heyətinin sədri Azər Quliyevə yazıb şikayət edəcəyi, bunu etməməsi üçün isə ona cəmiyyətdə iş və ya aylıq “bac” verməsini tələb etmişdir. Göstərilənlərə əsasən qarşılıqlı iddianın təmin edilməsi, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 çoxmənzilli yaşayış kompleksinin həyətində "xxxx" MMMCnin komendantı X8 qarşı törətdiyi cinayət əməllərini nəzərə alaraq MPM-nin 265.4-cü maddəsini tətbiq edərək müvafiq qərardad qəbul edilməsi, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 iyun 2021-ci il daxil olmaqla "xxxx" MMMC-nin fonduna 4355 manat olan borcunu və növbəti aylarda 95 manat kommunal ödənişlərini, eləcə də digər iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 iyun 2021-ci il daxil olmaqla "xxxx" MMMCnin fonduna 2130 manat olan borcunu və növbəti aylarda 75 manat kommunal ödənişlərinin məcburi qaydada ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4101/2021 saylı, 29.07.2021-ci il tarixli qərardadı ilə ilkin iddia üzrə İddiaçı2 ilkin iddia üzrə cavabdeh "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı «qeydiyyatın etibarsız hesab edilməsi tələbi»nə dair ilkin iddiası ilə bağlı mülki işin icraatına xitam verilməsi qərara alınmışdır. Məhkəmə iclasında ilkin iddia üzrə İddiaçı1 nümayəndəsi X11 ilkin iddia tələbini müdafiə edərək, ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin nümayəndəsi və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ilkin iddia üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, həm ilkin, həm də ki qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Belə ki, iş üzrə müəyyən olunmuş faktiki hallardan məlum olur ki, həm ilkin iddiaçı, həm də ki qarşılıqlı iddiaçı tələblərini əsaslandıra biləcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişlər. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən qarşılıqlı iddia üzrə cavabdehin ona hər-hansı məbləğdə borcun olmasını təsdiq edə biləcək mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, irəli sürülmüş iddia tələbləri yalnız ilkin və qarşılıqlı iddiaçıların formal və heç bir dəlilə, sübuta əsaslanmayan mülahizələrindən ibarət olduğundan, həm ilkin, həm də ki qarşılıqlı iddiaçıların iddiaları qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə İddiaçı1 ilkin iddia üzrə cavabdeh "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı «qeydiyyatın etibarsız hesab edilməsi tələbi»nə dair ilkin iddia tələbi təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı «kommunal borcların ödənilməsi və s. tələbi»nə dair qarşılıqlı iddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri tərəflərin özlərinə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-4101/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4101/2021
29.07.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver