Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4102/2020 04.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı, cavabdeh Bakı Şəhər Təcili və X4 Stansiyasının nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Bakı Şəhər Təcili və Təxirəsalınmaz X3rşı “istifadə etmədiyi məzuniyyətə görə kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı Şəhər Təcili və Təxirəsalınmaz X3rşı “istifadə etmədiyi məzuniyyətə görə kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1989-1990-cı ilin aprel ayından etibarən gənc mütəxəssis olaraq həkim vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı həmin vəzifədə çalışdığı müddət və bu günə kimi onun tərəfindən işlə bağlı hər hansı nöqsan baş verməmişdir. İddiaçı 2018-ci təqvim ilin əmək məzuniyyətinə çıxmaqla bağlı çalışdığı iş yerinin rəhbərliyinə müraciət etsə belə, ona Azərbaycan Respublikasının Əmək Məcəlləsində qeyd olunan və qanuni hüququ olan hər il əmək məzuniyyətinə çıxmağa icazə verilməmiş və bununla bağlı heç bir kompensasiya almamışdır. İddiaçı 2020-ci ilin fevral ayında 2019-2020-ci təqvim ilin məzuniyyətə çıxmağı ilə bağlı rəhbərliyə yazılı şəkildə müraciət etsə belə, rəhbərlik ölkədə baş verən Covid-19 (koronovirus) pandemiyası ilə əlaqədar həkimlərə ehtiyac olduğuna görə məzuniyyətə buraxmamışdır. Bu faktı nəzərə alaraq, iddiaçı rəhbərlikdən 2018-2019-cu və 2019-2020-ci təqvim illərin əmək məzuniyyətlərinin kompensasiyasının ödənilməsini yazılı şəkildə xahiş etmiş, lakin rəhbərlik onun müraciətinə məhəl qoymamışdır. İddiaçının əmək məzuniyyəti 47 təqvim günüdür. İddiaçı hal-hazırda həkim olaraq Bakı şəhəri Təcili və X1 çalışır və ölkədə hər bir həkim kimi koronovirus pandemiyası ilə əlaqədar öz həyatını təhlükəyə ataraq mübarizə aparır və buna görə də rəhbərlikdən yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə qeyd olunan öz hüquqlarını tələb edir. İddiaçı özü 2-ci qrup əlildir. Göstərilənlərə əsasən İddiaçı cavabdeh tərəfindən çalışdığı 2018-2019-cu və 2019-2020-ci təqvim il üçün istifadə etmədiyi məzuniyyətinin kompensasiyasının ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Bakı Şəhər Təcili və X4 Stansiyasının nümayəndəsi X5 iddia tələbinə etiraz edərək, bildirmişdir ki, iddiaçı 2019-cu iş ili ərzində müxtəlif vaxtlarda xəstələnmiş və əmək qabiliyyətinin olmaması vərəqələrinə əsasən işə çıxmamışdır. Buna görə də öz təqsiri üzündən 2019-cu ilin əmək məzuniyyətindən istifadə etməmişdir. 2020-ci iş ili isə hələ qurtarmamışdır və iddiaçı ilin sonuna kimi məzuniyyət hüququndan istifadə edə bilər. Qeyd olunanlara görə iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda, ərizə təqdim edərək, bildirmişdir ki, əmək mübahisələrində maliyyə (pul) tələbi üzrə iddia müddəti 1 (bir) ildir. Göründüyü kimi iddia müddəti ötürülmüşdür. Odur ki, tələbin 2018-ci il hissəsində iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı BŞT və TTYS-PHS-nin Baş direktoru R.H.Nağıyevə ünvanladığı xx.xx.2020-ci il tarixli ərizədə qeyd edilmişdir ki, İddiaçı ona xx.xx.2020-ci il tarixində növbəti məzuniyyət verilməsini xahiş etmişdir. İş materiallarına olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhəri Baş Səhiyyə İdarəsinin tibb müəssisələrinin rəhbərlərinə göndərdiyi xx.xx.2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, koronavirus (COVİD -19) epidemiyası ilə bağlı elan olunmuş xüsusi karantin rejimini nəzərə alaraq rəhbərlik etdikləri tibb müəssisəsində çalışan tibb işçilərinin (istisna hallar nəzərə alınmaqla) növbəti məzuniyyətə çıxmasına müvəqqəti olaraq müvafiq məhdudiyyətlərin qoyulması və ciddi nəzarətə götürülməsi tapşırılır. İşin materiallarında olan 16 saylı şəhər poliklinikası tərəfindən verilmiş əmək qabiliyyətinin olmaması vərəqələrindən görünür ki,İddiaçı 2018-2019-cu illərin müxtəlif günlərində xəstə olmuş və işə çıxmamışdır. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 110-cu maddəsinə əsasən işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. İşçilərin bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz. Həmin Məcəllənin 113-cü maddəsinə müvafiq olaraq əmək məzuniyyəti — işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi müddəti bu Məcəllədə nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır. Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır. Əmək məzuniyyəti müvafiq peşə (vəzifə) üzrə əmək funksiyasını yerinə yetirən işçilərə verilən illik əsas məzuniyyətdən və istehsalın, əməyin xarakterinə və əmək stajına görə, habelə uşaqlı qadınlara verilən əlavə məzuniyyətdən ibarət olub, istər birlikdə, istərsə də ayrılıqda verilə bilər. Əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır. Əgər işçinin iş ili onun əmək məzuniyyətinə çıxmaq üçün müraciət etdiyi vaxtda başlanmayıbsa, onda ona əmək məzuniyyəti yalnız iş ili başlanandan sonra verilə bilər. Bir iş ilinə görə yalnız bir əmək məzuniyyəti verilə bilər. Təqvim ili ərzində işçinin iki iş ilinə görə məzuniyyət hüququ olduqda o, həmin təqvim ilində hər iki iş ilinə görə məzuniyyətdən birlikdə və ya ayrı-ayrılıqda istifadə edə bilər. Eyni Məcəllənin 135-ci maddəsinə görə bu Məcəlləyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Beləliklə, qüvvədə olan əmək qanunvericiliyi mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq əmək müqaviləsi ilə işləyən hər bir işçiyə hər il işəgötürən tərəfindən əmək məzuniyyətinin verilməməsini qadağan edir. Bu isə hər şeydən əvvəl, şərh olunan maddənin birinci hissəsində göstərildiyi kimi, əmək məzuniyyəti işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün verilir. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Təcrübədə işçinin həmin iş ilində (və ya əvvəlki iş illərində) əmək məzuniyyətlərindən natura formasında istənilən səbəbə görə istifadə etməməsi və buna görə də işəgötürən tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə pul kompensasiyasının işçiyə ödənilməsi ilə əlaqədar gələcəkdə mübahisələrin baş verməməsi üçün hər təqvim ilinin sonunda işçinin məzuniyyətinin başqa vaxta keçirilməsi barədə verilən əmrdə cari ildə əmək məzuniyyətindən istifadə edilməməsinə kimin (işəgötürənin və ya işçinin) təşəbbüskar tərəf olması göstərilməlidir. İşçi bu əmrə imza etməklə tanış olmalıdır. İşçinin məzuniyyət hüququ konstitusion hüquqdur. İşəgötürənin təqsiri üzündən işçi əmək məzuniyyətindən vaxtında istifadə edə bilmədikdə istifadə etmədiyi bütün iş illərinin əmək məzuniyyətlərindən natura formasında istifadə hüququnu itirmir. Çünki qanunda işçilərin əmək məzuniyyətlərindən istifadə etməsi üçün iddia müddəti müəyyən olunmamışdır. Bütün işçilər məzuniyyət hüququndan natura formasında, yəni faktiki olaraq istifadə etməlidirlər. Eyni zamanda, işçi istənilən səbəbə görə həmin iş ili (illəri) üçün əmək məzuniyyətindən istifadə etmədikdə ona müəyyən olunmuş qaydada və məbləğdə pul kompensassiyası ödənilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı 2018 və 2019-cu illər üçün istifadə etmədiyi əmək məzuniyyətlərinə görə müvafiq pul kompensasiyası tələb etməkdə haqlıdır. Cavabdehin nümayəndəsinin isə iddianın 2018-ci iş ili hissəsində bir illik iddia müddətinin tətbiq olunması barədə ərizəsinə hüquqi qiymət verməklə məhkəmə qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə (presedentlərinə) əsasən əmək haqqı (məzuniyyətə görə verilən ödənclərin məcmusu daxil olmaqla) şəxsin mülkiyyəti (gözlənilən mülkiyyət) hesab olunduğuna görə onun tələb olunmasına hərhansı iddia müddəti tətbiq oluna bilməz. Belə ki, Mülki Məcəllənin 384.0.4-cü maddəsinə görə mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə iddia müddəti şamil olunmur. Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının 2018, 2019cu illlər ərzində müxtəlif vaxtlarda xəstələnməsi ilə əlaqədar əmək qabiliyyətinin olmaması vərəqələrinə əsasən işdə olmaması faktı onu həmin illər ərzində istifadə etmədiyi məzuniyyətlərə görə kompensasiyanın ödənilməsindən məhrum edə bilməz. İddia tələbinin 2020-ci il üçün istifadə olunmamış məzuniyyətə görə kompensasiyanın ödənilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, 2020-ci iş ili hələ yekunlaşmadığına görə və iddiaçı ilin sonuna kimi məzuniyyət hüququndan istifadə etmək hüququna malik olduğuna görə iddia bu hissədə təmin olunmamalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı Bakı Şəhər Təcili və X4 Stansiyasında çalışdığı 2018 və 2019-cu iş illəri üçün istifadə edilməmiş məzuniyyətlərinə görə kompensasiya hesablanaraq cavabdeh Bakı Şəhər Təcili və X4 Stansiyası tərəfindən ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı Bakı Şəhər Təcili və X4 Stansiyasında çalışdığı 2018 və 2019-cu iş illəri üçün istifadə edilməmiş məzuniyyətlərinə görə kompensasiya hesablanaraq cavabdeh Bakı Şəhər Təcili və X4 Stansiyası tərəfindən ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-4102/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4102/2020
04.09.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver