Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4103/2022 17.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Cənub "xxxx" MMC-yə qarşı "əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma üçün əmək haqqı və maddi ziyanın ödənilməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh Cənub "xxxx" MMC-yə qarşı "əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma üçün əmək haqqı və maddi ziyanın ödənilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 20 noyabr 2021-ci ildə İsmayıl və Qurban adlı şəxslərlə danışıb, işə başlamaq üçün Zəngilan rayonun Bartaz qəsəbəsinə getmişdir. İsmayıl müəllimlə əmək müqaviləsi ilə bağlı danışanda iddiaçıya «əmək müqaviləsi yaxın günlərdə hazırlanıb imzalanacaq» dedi. İlkin razılığa əsasən 20 noyabr 2021-ci ildə Zəngilan rayonunun Bartaz kəndində sahə rəisi vəzifəsində işə başlamışdır. Qanunla 3000 manat əmək haqqını kart vasitəsi ilə alacağına, 2000 manatın isə əlavə saatlara, əlavə iş günlərinə və mükafat kimi veriləcəyinə razılaşmışdılar. Yol tikintisində sahə rəisi və lahiyə rəhbərinə xidməti maşın verilir ki, gündəlik işin gedişatına nəzarət etsin, işçi və iş alətlərini sahəyə çatdırsın, sifarişçi təşkilatın nümayəndələri və iş təlimatlarını vaxtında təhvil versin. İddiaçının maşınının “Pikap" olduğunu görüb ona başqa maşına 2000 manat verməkdənsə, öz maşınına görə 1500 manat verilməklə istifadə etməsi təklif edildi. İddiaçı da bu təkliflə razılaşdı. İş şəraitinin, orada yaşayışın çox pis vəziyyətdə olduğunu rəhbərliyə dəfələrlə bildirdilər, tez zamanda düzələcəyini vəd etdilər. 25 dekabr 2021-ci ildə indiki icraçı direktor, o vaxt isə mexanik vəzifəsində işləyən Elçin bəy iddiaçıya əmək müqaviləsini imzalamağı üçün təqdim etdi. İddiaçı müqaviləni imzaladı. Əmək müqaviləsində maaş 3000 manat qeyd edilmişdi. Əmək müqaviləsinin surətini iddiaçıya vermədilər, iddiaçı şəklini telefon vasitəsi ilə çəkdi. Yanvarın ilk günləri 2000 manatdan biraz çox əmək haqqı karta köçürülmüşdür. Narazılığı bildirəndə pul olmadığından ilkin bu qədər olduğunu bildirdilər. İddiaçı, Cənub Nəqliyyat ofisinə yaxınlaşanda əmək haqlarının və maşının icarə pulunun tam ödənilmədiyini dəfələrlə bildirdi. İsmayıl müəllim, o vaxtki icra direktoru Cavid və indiki icra direktoru Elçin müəllim Cənub Nəqliyyat ofisində mühasibatlıqdan Könül xanım iddiaçıya bildirdilər ki, əmək haqqı dekabrın 15-dən 1500 manat olaraq salınıb və vəzifəsində mühəndis olaraq qeyd olunub. İddiaçı bildirdi ki, axı o, dekabrın 25-i əmək müqaviləsi imzalamış və müqavilədə 3000 manat qeyd olunub. İddiaçıya bildirildi ki, o köhnə 1-ci əmək müqaviləsidir. İsmayıl müəllim bildirdi ki, maşının icarə müqaviləsi yoxdur və pulları ödənilməyəcək. Sonra dedi şəriki Qurban müəllimdən alsın. İddiaçıya işdən çıxmağı üçün ərizə yazmağı bildirdilər. İddiaçı buna etirazını bildirdi. Bu zaman iddiaçıya bildirdildi ki, sabahdan işə çıxma və portalda işəgötürən tərəfindən alınmış icazə ləğv edildi. Bu günə qədər cavabdeh tərəfindən iddiaçının əmək haqqı, əmək kitabçası, əmri və sonhaqq hesabı verilməyib. Sonrakı vaxtlarda bir neçə dəfə onlarla əlaqə saxlamağa çalışdı. İddiaçıya deyildi ki, pul olanda pulunu verəcəklər. Beləliklə, yanvar ayının əmək haqqı fevral ayının son günlərində karta köçdü. İddiaçı aprel ayının əvvəllərində əmək müfəttişliyinə müraciət etdi. Prosesi 2 aya kimi uzatdılar. Gah ödənişin ödəniləcəyini, gah da yalan olduğunu bildirdilər. Təxmini 2 aydan sonra əmək müfəttişliyindən iddiaçıya bildirdilər ki, sahibkarlığın yoxlanılması dayandığına görə onlar qarşı tərəfi yoxlaya bilməyib, yalnız əmək haqqını gec ödədiklərinə görə 1300 manat cərimə ediblər. Qarşı tərəf 4-5 əmək müqaviləsinə edilən dəyişikliyi, iddiaçının işdən çıxmaq ərizəsini müfəttişliyə təqdim etməmişdir. İddiaçı yalnız 1 müqaviləyə imza atmışdır. İmza atdığı müqavilədə əmək haqqı 3000 manat göstərilmişdir. Digər 4-5 müqavilədən xəbəri yoxdur. İşə bərpa olunmaq və tam əmək haqqı ödənilməsini istəyir, bu günə kimi işsizdir. İşdən çıxarılma ilə bağlı bildiriş, ərizə, əmr, son-haqq hesab iddiaçıya bu günə qədər verilməmişdir. İddiaçı 2009-cu ildən bu günə qədər yol tikintisi və tikinti sahəsində mühəndis, baş mühəndis, layihə rəhbəri və sahə rəisi kimi işləyir. Daima işinə məsuliyyətlə yanaşmışdır. İşində hər hansı nöqsana yol verməmişdir. Göstərilənlərə əsasən iddiaçı ilə razılaşdırıb imzalanıb əmək müqaviləsi vəzifə və əmək haqqının bərpası digər müqavilələrdə iddiaçının imzasının doğru olmaması, qeyri-iş günləri ödənişləri, əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin etibarsız hesab edilməsi, işə bərpa olunma, məhkəmə qətnaməsi qəbul olunub icra olunana qədər iddiaçının işləmədiyi günlərə görə aylıq əmək haqqının, istifadə etdiyi maaşına görə icarə haqqı olaraq aylıq 1500 manat, cəmi 4500 manat, mediasiya xərci üçün ödənilmiş 50 (əlli) manat və otel və digər xərclərinin təxminən 500 manat, mənəvi və maddi zərərin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilə bilməz. İşin materiallarında olan işəgötürən Cənub "xxxx" MMC ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli müddətli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən tikinti sahəsində sahə rəisi vəzifəsinə işə qəbul olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı şəhər idarəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, Cənub "xxxx" MMC tərəfindən məktub təqdim edilmiş və məktubda İddiaçı öz xahişi ilə işdən azad olunmağı barədə müraciət edildiyi və bu səbəbdən əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xx.xx.2022-ci il tarixində xitam verildiyi bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə qeyd edir ki, iddiaçı tələbini əsaslandıra biləcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, irəli sürülmüş iddia tələbi yalnız iddiaçının formal və heç bir dəlilə, sübuta əsaslanmayan mülahizəsindən ibarət olduğundan İddiaçı cavabdeh Cənub "xxxx" MMC-yə qarşı "əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma üçün əmək haqqı və maddi ziyanın ödənilməsi tələbi"nə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Cənub "xxxx" MMC-yə qarşı "əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma üçün əmək haqqı və maddi ziyanın ödənilməsi tələbi"nə dair iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-4103/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4103/2022
17.10.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver