Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4110/2024 16.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı «əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmağa görə ödənilməmiş əmək haqqının ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı «əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmağa görə ödənilməmiş əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdən azad olunmağı barədə əmrin ləğv olunmasına, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsinə və Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə vəzifəsinə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti ilə xx.xx.2020-ci il tarixdə əmək müqaviləsi bağlayaraq orada işləmişdir. Oradan ona hər ay 451.50 manat əmək haqqı verilmişdir. Onu qanunsuz olaraq işdən azad etmişlər. Lakin ona işdən çıxma barədə əmrin surəti verilməmişdir. O, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı şəhər idarəsinə xx.xx.2023-cü il tarixdə müraciət etmiş, ona aşağıdakı kimi cavab verilmişdir. “Sizin Cavabdeh QSC-də əmək hüquqlarınızın pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X1 Xidmətinə ünvanladığınız müraciətinizə baxılmışdır. Müraciətlə əlaqədar ətraflı məlumat verməyinizlə bağlı qeyd etdiyiniz ünvanınıza (Bərdə rayonu Türkmən kəndi) 3-17-5/2-H-52595/2023 nömrəli, xx.xx.2023-cü il tarixli göndərilmiş, həmçinin siz araşdırmaya dair izahatınızı və əmək haqqı bank hesabından çıxarışınız təqdim etmisiniz. Həmçinin, araşdırmaya dair müvafiq sənədlərin təqdim edilməsi məqsədilə Cavabdeh QSC-yə 3-17-5/2-46675/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubla (SS885027184AZ) müraciət olunaraq Sizə aid olan sənədlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi tələb edilmiş, lakin poçt xidmətinə məxsus F-20 formasında “köçüb” qeyd edilərək məktub geri qaytarılmışdır. Bu səbəbdən də müraciətinizin araşdırılmasını başa çatdırmaq mümkün olmamışdır. Eyni zamanda araşdırmaya dair müvafiq sənədlərin təqdim edilməsi məqsədilə Cavabdeh QSC-nin digər ünvanına 3-17-5/2-46676/2023 nömrəli, xx.xx.2023cü il tarixli məktubla (SS885027082AZ) müraciət olunaraq Sizə aid olan sənədlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi tələb edilmiş və qeyd olunan məktub xx.xx.2023-cü il tarixdə çatdırılmışdır. Tələb olunan sənədlərin təqdim olunması işəgötürən tərəfindən təmin edilmədiyindən müraciətlərinizin araşdırılmasını başa çatdırmaq mümkün olmamışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsistemi tərəfimizdən baxış keçirilərkən Sizinlə Cavabdeh QSC arasında bağlanmış xx.xx.2020-ci tarixli əmək müqavilənizə xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verildiyi məlum olmuşdur. Eyni zamanda, siz izahatınızda əmək haqqınızı əmək haqqı kartı vasitəsilə və nağd formada aldığınızı qeyd etmisiniz. Həmçinin təqdim etdiyiniz əmək haqqı bank çıxarışınızda sonuncu ödənişin xx.xx.2023-cü il tarixdə 451.50 (dörd yüz əlli bir manat 50 qəpik) manat məbləğində olduğu müəyyən edilmişdir. Bildiririk ki, Cavabdeh QSC tərəfindən sizə aid iş vaxtının uçotu cədvəlləri, əmək haqqı və son haqq-hesabın hesablanıb ödənilməsilə bağlı sənədlər, həmçinin əmək məzuniyyəti hüququndan istifadə etməyiniz və məzuniyyət haqqının ödənilməsini təsdiq edən sənədlər təqdim edilmədiyindən sizə son haqq-hesab olaraq (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) hər hansı vəsaitin işəgötürən tərəfindən ödənilməsi öhdəliyinin olub-olmaması məsələsinə aydınlıq gətirmək mümkün olmamışdır. Nəzərinizə çatdırırıq ki, izahatınızda qeyd etdiyiniz digər məsələlər X1 Xidmətinin səlahiyyətlərinə aid deyildir. Bildiririk ki, Cavabdeh QSC tərəfindən Sizə aid olan sənədlər təqdim ediləcəyi təqdirdə müraciətinizə yenidən baxılaraq nəticəsi barədə müvafiq məlumat veriləcəkdir. Məlumat üçün bildiririk ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sahədə aparılan yoxlamalar xx.xx.2024cü il tarixinədək dayandırıldığından məsələnin yerində araşdırılması mümkün deyildir. Müraciətinizdə qeyd etdiyiniz məsələnin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnuz vardır.” Ona görə də cavabdeh təşkilat tərəfindən hüququnun pozulduğunu hesab edərək müdafiə üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Əlavə olaraq bildirdi ki, Cavabdeh QSC-də işlədiyi 3 il ərzində qüsursuz xidmət göstərmişdir. Sonuncu dəfə filial müdiri ilə aralarında söz mübahisəsi yarandığından onunla bağlanmış əmək müqaviləsinə guya mənimsəmə olduğu bəhanə gətirilərək xitam verilmişdir. Halbuki, onun kassada indiyədək heç bir kəsri olmamış, müştərilərin ödənişləri gecikəndə növbəti aya qalıq qalmaması üçün öz cibindən ödəmişdir. Bütün bunları nəzərə alaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixdə Cavabdeh QSC-nin Region şöbəsinə sürücü vəzifəsinə qəbul edilmişdir. xx.xx.2021-ci il tarixdə mağaza-filial müdiri, xx.xx.2022-ci il tarixdə satış təmsilçisi vəzifələrinə keçirilmişdir. xx.xx.2023-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (əmək vəzifələrinin kobud şəkildə pozduqda) xitam verilmişdir. Belə ki, satış təmsilçisi olan üç nəfər şəxsin kassaya ödəniş etməyərək dövriyyədən yayınması ilə bağlı şübhələr yaranmış, həmin şəxslərlə birlikdə yerində yoxlamalar aparmışdır. Həmin şəxslərdən biri yaranmış fərqi könüllü olaraq öz avtomobili ilə əvəzləşdirmişdir. Digər iki şəxs, yəni xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrdə cəmiyyətdə satış təmsilçiləri vəzifəsində işləmiş X2 və İddiaçı tərəfindən cəmiyyətə vurulmuş ziyanın müəyyən edilməsi ilə bağlı kənar audit – “Xəzər-Audit 2020” dəvət edilmişdir. Yoxlama zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrə 44 müştəri üzrə aparılmış mədaxil və məxaricə dair əməliyyatları üzrə 25147.23 manat fərq yaranmışdır. Belə ki, İddiaçı ərazisinə dair 44 müştəri üzrə xx.xx.2023-cü il tarixə 15067.65 manat borc olmuşdur. İddiaçı tərəfindən 44 müştəriyə 241395.00 manat məbləğində mal satılmışdır. Satılmış məhsullardan 215583.29 manat pul ödənilmişdir. 4026.31 manat geri qaytarma olmuşdur. Cəmiyyətin mühasibat uçotu üzrə qalığı 36853.05 manat olmuşdur. Müştəri tərəfindən təsdiq olunan borc isə 11705.82 manat olmuşdur. İddiaçı tərəfindən 25147.23 manat (368xx.xx-11705.82) nağd pul vəsaiti müştərilərdən alınmasına baxmayaraq cəmiyyətin xəzinəsinə ödənilməmiş, dövriyyədən yayındırılmışdır. Bununla bağlı prokurorluqda araşdırma aparılır. Həmçinin, İddiaçı işdən çıxarıldıqdan sonra 2 nəfər şəxsdən şirkətin adına ödəniş almışdır. Bundan başqa işə qəbul edilərkən işçi ilə tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Bütün bunları nəzərə alaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş materialları: 4089817 nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə Cavabdeh QSC-nin Region şöbəsinə sürücü vəzifəsinə qəbul edilmişdir. xx.xx.2021-ci il tarixdə mağaza-filial müdiri vəzifəsinə keçirilmişdir. xx.xx.2022-ci il tarixdə satış təmsilçisi vəzifəsinə keçirilmişdir. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (əmək vəzifələrinin kobud şəkildə pozduqda) tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verilmişdir. xx.xx.2023-cü il tarixli, 164ç nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verilmişdir. İşçinin xx.xx.2020-ci ilk tarixdən xx.xx.2023-cü il tarixinə qədər istifadə edilməmiş 0 məzuniyyət gününün son haqq hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi, işçinin əmək kitabçasında lazımi qeydlər aparılaraq özünə təhvil verilməsi qeyd edilmişdir. xx.xx.2023-cü il tarixli “Xəzər-Audit 2020” tərəfindən tərtib edilmiş müstəqil auditor hesabatından görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrə 44 müştəri üzrə aparılmış mədaxil və məxaricə dair əməliyyatları üzrə 25147.23 manat fərq yaranmışdır. Belə ki, İddiaçı ərazisinə dair 44 müştəri üzrə xx.xx.2023-cü il tarixə 15067.65 manat borc olmuşdur. İddiaçı tərəfindən 44 müştəriyə 241395.00 manat məbləğində mal satılmışdır. Satılmış məhsullardan 215583.29 manat pul ödənilmişdir. 4026.31 manat geri qaytarma olmuşdur. Cəmiyyətin mühasibat uçotu üzrə qalığı 36853.05 manat olmuşdur. Müştəri tərəfindən təsdiq olunan borc isə 11705.82 manat olmuşdur. İddiaçı tərəfindən 25147.23 manat (368xx.xx-11705.82) nağd pul vəsaiti müştərilərdən alınmasına baxmayaraq cəmiyyətin xəzinəsinə ödənilməmiş, dövriyyədən yayındırılmışdır. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiya tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 1839ə saylı məktubdan görünür ki, Cavabdeh QSC-də həmkarlar ittifaqı təşkilatı mövcud olmadığından ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı şəhər idarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 2-175/2- H-54620/2023 saylı məktubdan görünür ki, Cavabdeh QSC tərəfindən müvafiq sənədlər təqdim edilmədiyindən araşdırma aparılması mümkün olmamış, ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, **********679900 saylı məktubdan görünür ki, müraciətdə göstərilən məsələlər vergi orqanlarının səlahiyyətinə aid olmadığından, ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Bərdə rayon prokurorluğunun xx.xx.2024-cü il tarixli cinayət işinin başlanması və ibtidai araşdırma aparılması üçün icraata verilməsi haqqında qərarın surətindən görünür ki, Cavabdeh QSC-nin satış təmsilçiləri X2 və İddiaçı tərəfindən yol verilmiş mənimsəmə və sair qanun pozuntuları barədə 10C-24 nömrəli material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.1-ci maddəsi ilə ********** nömrəli cinayət işi başlanmışdır. Bakı 9 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli İMS-də iştirak edilməməsi barədə arayışından görünür ki, İddiaçı əmrin ləğvi, ödənilməmiş əmək haqqı və son haqq hesabın ödənilməsi tələbi ilə bağlı mediasiyanın tətbiqi barədə təklifi xx.xx.2024-cü il tarixdə göndərilmişdir. Tərəflər arasında mübahisəni məhkəmədən kənar qaydada həll etmək mümkün olmamışdır. Cavabdeh QSC-nin İddiaçı ünvanlanmış 06 aprel 2024-cü il tarixli məktubu ilə sonuncunun xx.xx.2024-cü il tarixli məktubuna cavab olaraq əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi və əmək kitabçasının əsli ona təqdim edilir. İddiaçı aid ödəniş kartına dair xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixlərini əhatə edən çıxarışdan görünür ki, onun hesabına sonuncu dəfə xx.xx.2023-cü il tarixdə əmək haqqı - 451,50 manat mədaxil olmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 125-ci maddəsinin 7-ci hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. 25-ci maddəsinin İ hisəssinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. 127-ci maddəsinin İV hissəsinə əsasən ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 70-ci maddəsinin «ç» bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 2 və 3-cü hissələrinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, ehtiyatsızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 84-cü maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı, soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası,həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il,əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir. 84-cü maddəsinin ikinci hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. 200-ci maddəsinin 5-ci hissəsinə əsasən tam maddi məsuliyyət barədə müqavilə bağlanmadıqda əməlində cinayət tərkibi olan təqsirli hərəkətləri istisna olunmaqla qalan hallarda işəgötürənə vurulan ziyana görə işçi yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır. 203-cü maddəsinin 1 və 2-ci hissələrinə əsasən işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. 5-ci hisssinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin həmin Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki halların araşdıraraq, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilmək barədə qətnamə və ya bu maddənin ikinci hisəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, şəxsin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad edilməsi, digər sözlə ifadə etdikdə onunla bağlanmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 1) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməlidir; 2) Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallar mövcud olmalıdır. İşin faktiki hallarından göründüyü kimi, İddiaçı tərəfindən yuxarıda sadalanan hallardan heç birinə yol verilməmişdir. İşçinin işdən məhz Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində göstərilən əsaslardan hansına görə çıxarılması, hansı pozuntuya yol verilməsi və ümumiyyətlə əmrin verilməsinə əsas olan heç bir hal öz əksini tapmamışdır. Qanunvericiliyin tələbinə uyğun olaraq işçinin bu əsasla işdən azad edilməsi barədə əmrin verilməsinədək işəgötürən tərəfindən zəruri tədbirlər görülməmiş, əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamışdır. İşəgötürənin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında işçinin işdən çıxarılmasını onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən mənimsəmə və sair qanunsuz hərəkətlərə yol vermişdir. Məhkəmə vurğulayır ki, cavabdeh tərəfindən iddiaçının mənimsəmə və sair qanunsuz hərəkətlərə yol verilməklə işəgötürənə maddi ziyan vurduğu bildirilsə də, ehtimal edilən nöqsanlar onun işdən çıxarıldığı gündən, yəni xx.xx.2023-cü il tarixdən sonra və onun iştirakı təmin edilmədən araşdırılmış, işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüquqları təmin edilməmiş, işəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməmişdir. Bu isə işçinin hüquqlarının kobud surətdə pozulması kimi qiymətləndirilməlidir. Əmrin surəti, əmək kitabçası və son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) işçiyə sonuncu iş günü verilməli olduğu halda, əmrin surəti və əmək kitabçası yalnız onun müraciətindən sonra, yəni xx.xx.2024-cü il tarixdə işçiyə təqdim edilmiş, son haqq-hesab isə bu günədək ödənilməmişdir. Məhkəmə bu qənaətə gəlir ki, İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə azad edilməsi əsassız olduğundan, mübahisələndirilən əmr ləğv edilməli, iddiaçı işə bərpa edilməli, işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq iddiaçıya ödənilməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı işdən azad olunması barədə Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, 164ç nömrəli əmri ləğv edilməli, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətində satış təmsilçisi vəzifəsinə bərpa edilməli, xx.xx.2023-cü il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq İddiaçı ödənilməsi Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı işdən azad olunması barədə Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, 164ç nömrəli əmri ləğv edilsin. İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətində satış təmsilçisi vəzifəsinə işə bərpa edilsin. xx.xx.2023-cü il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq İddiaçı ödənilməsi Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-4110/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4110/2024
16.10.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver