Məhkəmə qərarları › İş №2(006)-413/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-413/2021

01.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-413/2021 01.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər X1, Cavabdeh3 və Cavabdeh2 qarşı "mənzildən istifadə hüququna xitam verilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X1, Cavabdeh3 və Cavabdeh2 qarşı "mənzildən istifadə hüququna xitam verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 iddiaçının paylı mülkiyyətindədir və bu hüququ Bakı Şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli, № 192674 Qeydiyyat Vəsiqəsi ilə təsdiq edilmişdir. Həmin mənzildə iddiaçı və digər ailə üzvləri yaşayır. Cavabdehlər iddiaçının ailə üzvləri olmadığına görə onunla birgə yaşamırlar və onların mənzilə olan qeydiyyatı formal xarakter daşıyır və eyni zamanda da iddiaçının mülkiyyətçi kimi hüquqlarını pozur. İddiaçı cavabdehlərin əvəzinə kommunal xərclərdə əlavə ödənişlər etməli olur. Bundan əlavə, iddiaçının cavabdehlərlə heç bir əlaqəsi yoxdur ki, xüsusi mülkiyyətində olan mənzilində qeydiyyatda qalmaları ilə razılaşsın. Həmçinin, cavabdehlərin sözügedən mənzildə qeydiyyatda qalmaları və istifadə hüquqlarının saxlanılması iddiaçının həmin mənzilə dair sərəncam vermək hüququnu məhdudlaşdırır. Belə ki, həmin mənzili özgəninkiləşdirmək istədikdə onların razılığının alınması iddiaçı üçün əlavə problemlər yarada bilər. Həmçinin, onlara aid sənədlər iddiaçının mənzilinə poçt vasitəsi ilə göndərilir ki, bu da ona əlavə problemlər yaradır. Göstərilənlərə əsasən cavabdehlər X2, Cavabdeh3 və Cavabdeh2 iddiaçının paylı mülkiyətində olan ünvan 1 ünvanında yerləşən mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər X2, Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişləri göndərilsə də, onların həmin ünvanda yaşamaması səbəbindən bildirişlər onlara çatdırılmadan məhkəməyə geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilə bilməz. Belə ki, iş materiallarındakı Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli, ÖM seriyalı, 192674 №-li qeydiyyat vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 93 saylı reyestr kitabının 14080 nömrəli vərəqində, 30/10089 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarındakı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı, xx.xx.2020-ci il tarixli arayışına əsasən X2, Cavabdeh3 və Cavabdeh2 xx.xx.2003-cü il tarixdən ünvan 1 ünvanında pasport qeydiyyatındadırlar. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, mübahisəli mənzil İddiaçı mülkiyyətindədir. İddiaçının iddia ərizəsində bildirdiyinə görə cavabdehlər onun xəbəri olmadan 2003-cü ildən ona məxsus olan mənzilə qeydiyyata düşmüşlər, eyni zamanda cavabdehlər həmin mənzildə faktiki yaşamırlar, orada formal olaraq qeydiyyatdadırlar. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri 2003-cü ildə, yəni, iddiaçının iddia ərizəsində göstərdiyi kimi cavabdehlərin mübahisəli mənzilə qeydiyyata alındıqları tarixdə yarandığından, hazırkı mübahisəyə Mülki Məcəllənin 228.1-ci maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Qeyd olunan Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşlarına çatmayan uşaqlarını həmin yaşayış sahəsinə köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan, notariat qaydada təsdiqlənən razılaşmanı nəzərdə tutur. Göründüyü kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan (yaşamış) hər bir şəxs deyil, yalnız ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Cavabdehlər isə mübahisəli mənzilin mülkiyyətçisi İddiaçı ailə üzvü hesab edilməsi üçün göstərilən şəxslər dairəsinə (ər, arvad, valideynlər, uşaqlar) daxil deyillər. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, cavabdehlər X2, Cavabdeh3 və Cavabdeh2 ilə İddiaçı arasında sonuncunun mülkiyyətində olan mübahisəli mənzilə dair istifadə hüququ haqqında müqavilə bağlanmadığından və belə bir müqavilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, cavabdehlərin mübahisəli mənzilə ümumiyyətlə istifadə hüquqları yaranmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlərin istifadə hüquqları olmadıqları mübahisəli mənzilə dair istifadə hüququnun itirilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən, iddia təmin edilə bilməz. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı cavabdehlər X1, Cavabdeh3 və Cavabdeh2 qarşı "mənzildən istifadə hüququna xitam verilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər X1, Cavabdeh3 və Cavabdeh2 qarşı "mənzildən istifadə hüququna xitam verilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar