Məhkəmə qərarları › İş №2(006)-4136/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4136/2020

27.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4136/2020 27.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "vurulmuş ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "vurulmuş ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İddiaçı tərəfindən hökmdən apelyasiya şikayəti verilmiş, Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2013-cü il tarixli qərarı ilə şikayəti təmin olunmamış və Ağdaş Rayon Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmışdır. Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2013-cü il tarixli qərarından iddiaçı tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilmişdir. İddiaçı şikayətində Ağdaş Rayon Məhkəməsinin hökmünü, eləcə də Şəki Apelyasiya Məhkəməsinin ilkin baxış və yekun baxış qərarının ləğv edilərək cinayət işinin Ağdaş Rayon Məhkəməsinə, hazırlıq iclası mərhələsinə göndərilməyini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası xx xxxxxx 2013-cü il tarixli qərarı ilə iddiaçının kassasiya şikayətini qismən təmin etmiş, Şəki Apelyasiya Məhkəməsinin xx xxx 2013-cü il tarixli ilkin baxış və xx xxxx 2013-cü il tarixli yekun baxış qərarları ləğv edilərək cinayət işi yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qərarı ilə iddiaçının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2 maddəsi ilə təqsirləndirilməyinə dair cinayət işi üzrə apelyasiya şikayətinə baxılmasına xitam verilmiş, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli hökmü ləğv edilmiş və cinayət işi yenidən baxılması üçün Ağdaş Rayon Məhkəməsinə, məhkəmə baxışı mərhələsinə göndərilmişdir. Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli hökmünə əsasən, iddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə yenidən təqsirli bilinərək 3 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İddiaçı tərəfindən hökmdən apelyasiya şikayəti verilmişdir. Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2014-cü il tarixli qərarına əsasən iddiaçının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2ci maddəsi ilə məhkum edilməyinə dair Ağdaş Rayon Məhkəməsinin hökmündən verilmiş apelyasiya şikayətinə baxılmasına xitam verilmiş, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli məhkəmənin hazırlıq iclası qərarı və xx xxxx 2014-cü il tarixli hökmü ləğv edilərək cinayət işi yenidən baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir. Həmçinin iddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və barəsində "başqa yerə getməmək barədə iltizam" qətimkanı seçilmiş, cinayət işi birinci instansiya məhkəməsinin hazırlıq iclası keçirilməsi mərhələsinə qaytarılmış, iddiaçı isə məhkəmə zalından azad edilmişdir. Qeyd olunan bu qərardan dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2014-cü il tarixli qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2014-cü il tarixli ilkin baxış qərarı dəyişdirilmədən saxlamış, kassasiya protesti təmin edilməmişdir. Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qərarı ilə iddiaçının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təqsirləndirilməyinə dair cinayət işinin baxılmasına xitam verilmiş və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. İbtidai istintaq orqanı tərəfindən iddiaçıya yenidən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə ittiham elan olunmuş və cinayət işi baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir. Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli qərarı ilə iddiaçı tərəfindən məhkəmənin bütün tərkibinə edilmiş etiraz məsələsinin həll edilməsi üçün cinayət işi Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apelyasiya Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli qərarı ilə iddiaçının etirazı təmin olunmuş, cinayət işi mahiyyəti üzrə baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir. Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli hökmü ilə iddiaçıya Azərbaycan Respublikası CPM-nin 42.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadığına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə bəraət verilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protestinə əsasən işə baxan Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxx 2016-ci il tarixli qərarı ilə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya protesti təmin edilməmişdir. Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti vermiş, kassasiya protesti təmin olunmamış və Şəki Apelyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır. Ümumilikdə iddiaçı 3 ay 20 gün "polis nəzarəti" altında, 1 il 6 ay 16 gün "başqa yerə getməmək barədə iltizam" qətimkan tədbiri altında, 1 il 7 ay 28 gün isə "həbs" qətimkan tədbiri altında qalmışdır. Bu müddətdə iddiaçının bir sıra konstitusion hüquqları pozulmuşdur. İddiaçı həbs olunarkən işgəncəyə məruz qalmışdır. Döyülən zaman iddiaçı çoxsaylı bədən xəsarətləri almışdır ki, bu da ekspertin rəyində öz əksini tapıb. Hökmdə bu barədə belə qeyd olunub: "Məhkəmənin qərarı ilə təkrar məhkəmə-tibb ekspertizası təyin edilmiş və onun bədəni üzərində çoxsaylı xəsarətlərin izlərinin olması ekspert tərəfindən müşahidə olunaraq, müvafiq rəy verilmişdir. Ekspert rəyindən də göründüyü kimi ittiham aktında qeyd olunanların əksinə olaraq, onun özü polis əməkdaşları tərəfindən qanunsuz şəkildə fiziki təsirə məruz qalıb, döyülərək,çoxsaylı yüngül bədən xəsarətləri almışdır". Polis əməkdaşları iddiaçını döydükdən sonra 14 saat əli-qolu bağlı vəziyyətdə Ağdaş RPŞ-nin növbətçi hissəsinin qarşısındaki dəhlizdə saxlamışlar.Hökmdə bu öz əksini belə tapmışdır: "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi kollegiyasının xx xxxxxx 2013- cü il tarixli Ql-001-13 nömrəli qərarı ilə təsdiq edilmiş,"Polis orqanlarının müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin mühafizəsi və müşayiəti qaydalarına dair təlimat"ın 1.5-ci bəndinə görə inzibati qaydada həbs edilmiş şəxslərin saxlanılması üçün xüsusi məntəqələr olmayan ərazidə yerləşən polis orqanlarında bu şəxslərin saxlanılması üçün müvəqqəti saxlama yerlərində kameralar ayrılır. Göstərilən şəxslər MSY-də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə və Daxili İşlər Nazirliyi tərəfindən təsdiq edilmiş qaydalara uyğun saxlanılırlar. İnzibati qaydada həbs edilmiş şəxslərin saxlanılması üçün Ağdaş rayon Polis Şöbəsinin inzibati binasında müvəqqəti saxlama yeri olduğu halda, İddiaçı xx xxxxxxx 2012-ci il tarixdə saat 17:00-da inzibati qaydada tutulduqdan sonra, əlləri və ayaqları qandallanaraq növbətçi hissənin qarşısındaki dəhlizdə saxlanılması yolverilməzdir. Hökmdə bu, bu cür əksini tapmışdır: "Zərərçəkmiş şəxs X12 rayon Polis Şöbəsinin rəisinə yazdığı raportdan, İddiaçı Azərbaycan Respublikası İXM-in 296-cı maddəsində nəzərdə tutulan xətanı törətməsinə dair Ağdaş RPŞ-nin İTB-nin polis sahə inspektoru, polis baş leytenantı X2 tərtib etdiyi inzibati xəta haqqında, eləcə də xx xxxxxxx 2012-ci il tarixdə saat 17:00-da inzibati qaydada tutulması haqqında protokollardan, qüvvədə olan Ağdaş Rayon Məhkəməsinin İddiaçı Azərbaycan Respublikası İXM-in 296-cı maddəsi ilə təqsirli bilinib 5 gün müddətinə həbs edilməsi və inzibati həbs etmənin əvvəlinin xx xxxxxxx 2012-ci il tarixdən saat 17:00-dan hesablanmasına dair qərarından, polis əməkdaşları zərər çəkmiş şəxslərin, şahid qismində dindirilən digər polis əməkdaşlarının məhkəmə istintaqında İddiaçı xx xxxxxxx 2012-ci il tarixdə saat 16:00 radələrində Azərbaycan Respublikası İXM-in 296-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə, həmin gün saat 17:00-da İddiaçı polis əməkdaşları tərəfindən ayaqlarının və qollarının qandallanaraq, növbətçi hissənin qarşısındaki dəhlizdə saxlanılmasına dair ifadələri ilə təsdiq edilməsinə baxmayaraq, Ağdaş RPŞ-nin İstintaq Qrupunun müstəntiqi, polis baş leytenantı Seyfəddin Bağırov İddiaçı inzibati qaydada 17:00-da tutulduqdan sonra sonuncunun həmin gün saat 17:20-də zərər çəkmiş şəxslər X7 və X4 qarşı 45 dəqiqə ərzində, digər polis əməkdaşları polis nəfərləri Elvin Mustafayev, Teymur Qəhrəmanov, sahə müvəkkili polis baş leytenantı Tural Hüseynov, təhqiqatçı Rəşid Musayev, pasport xidmətində xidmət edən Mais Əliyev, CAB-ın rəisi Nabir Əzməmmədovun, pasport xidmətinin baş inspektoru Qambay Qasımov, sahə inspektoru Ruzi Həsənovun yanında orta dərəcəli sərxoş vəziyyətdə Ağdaş RPŞ-nin növbətçi hissəsində inzibati protokol tərtib olunaraq məhkəməyə gedəcəyini bilib, heç bir əsaslı səbəb olmadan yüksək tonda məsul növbətçi, polis mayoru X7 və növbətçi köməkçisi polis baş serjantı X4 nalayiq söyüşlər söyməsi, bu vaxt məsul növbətçi Habil Əzizov onu nizamintizama dəvət etdikdə o, yenidən yüksək tonla nalayiq söyüşlərinə davam edərək heç bir əsaslı səbəb olmadan ictimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirərək ictimai qaydanın pozulmasının qarşısını almağa cəhd edən məsul növbətçi Habil Əzizovun və növbətçi köməkçisi Elşən Məmmədovun qanuni tələblərinə tabe olmaması və onlara zor tətbiq etməklə müqavimət göstərərək əl-qol atması, həmin vaxt onun səs-küyünə digər polis əməkdaşları xidməti otaqlarından növbətçi hissənin qarşısında toplaşaraq onu nizam-intizama dəvət etmələrinə baxmaması, o, daha da azğın formada nalayiq söyüşlərini davam etdirərək, növbətçi hissənin giriş qapısının 114x59 sm. ölçüdə ikiqatlı şüşəsinin 15 manat dəyərində olan bir qatını başı ilə vurub sındırması, bununla sakitləşməyərək növbətçi hissədə masanın üstündə olan telefon aparatlarını və digər əşyaları əli ilə, mizləri isə təpiyi ilə vurub dağıdaraq növbətçi hissənin iş fəaliyyətini 45 dəqiqə pozmaqla ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərməsi və ictimai qaydanı kobud sürətdə pozmaqla cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli xuliqanlıq əməllərinin inzibati həbsdə olan İddiaçı tərəfindən törədilməsi qeyri-mümkündür.” İddiaçıya qarşı Cinayət Məcəlləsində öz əksini tapmış ədalət mühakiməsi əleyhinə olan bir sıra cinayətlər törədilmişdir. İddiaçını cinayət məsuliyyətinə cəlb etmiş müstəntiq Azad Məmmədov onun əleyhinə Azərbaycan Respublikası CM-nin 290.1-ci (yəni təqsiri olmadığını bilə-bilə şəxsi cinayət məsuliyyətinə cəlb etmə), 292.1-ci (qanunsuz olaraq tutma,həbsə alma və ya həbs yerində saxlama) və 294.2-ci maddəsində (sübutları saxtalaşdırma) nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bundan əlavə, iddiaçının şikayətləri əsasında cinayət işi ibtidai araşdırmaya nəzarət edən prokurora qaytarılarkən eyni cinayət əməlini müstəntiq Seyfəddin Bağırov da törətmişdir. Bundan başqa, eyni əməlləri cinayət təqibi gedən zaman ibtidai araşdırmaya nəzarət edən və ittiham aktını təsdiq edən, o zaman Ağdaş Rayon Prokurorunun vəzifəsini müvəqqəti icra edən prokuror Elxan Pənahov və Ağdaş Rayon Prokuroru Seyfəddin Abdullayev törətmişlər. Bundan başqa, Ağdaş Rayon Məhkəməsinin hakimləri Nəsrullah Əliyev və Ruslan Əlizadə iddiaçıya 3 il müddətində azadlıqdan məhrumetmə növündə cəza təyin etməklə Azərbaycan Respublikası CM-nin 295.2-ci maddəsində nəzərdə tutulmuş, yəni, bilə-bilə ədalətsiz hökm çıxarmaqla cinayət əməli törətmişlər. Bundan başqa, Ağdaş RPŞ-nin ictimai asayiş bölməsinin rəisi Azər Hüseynli, məsul növbətçi Habil Əzizov və məsul növbətçi köməkçisi Elşən Məmmədov iddiaçını döyməklə, əl-ayağını ümumilikdə 4 qandalla bağlayaraq, 14 saat müddətində növbətçi hissənin qarşısındaki dəhlizdə saxlayaraq ona işgəncə vermişlər. Bununla da onlar Azərbaycan Respublikası CM-nin 293.2-ci maddəsində (yəni işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza) nəzərdə tutulmuş cinayət əməlini törətmişlər. Bundan başqa polis nəfərləri Elvin Mustafayev, Teymur Qəhrəmanov, sahə müvəkkili Tural Hüseynov, sahə inspektoru Ruzi Həsənov, təhqiqatçı Rəşid Musayev və CAB-in rəisi Nabir Əzməmmədov iş üzrə yalan ifadə verməklə iddiaçıya qarşı Azərbaycan Respublikası CMnin 297.1-ci maddəsində (yəni, bilə- bilə yalan ifadə vermə, yalan rəy vermə və ya yanlış tərcümə etmə) nəzərdə tutulmuş cinayət əməlini törətmişlər. İddiaçı fərdi əməklə məşğul olmuşdur. Onun minimum əməkhaqqı məbləği 2011-ci ilin dekabr ayınadək 95,50 manat, 2013-cü ilin sentyabr ayından isə 105 manat olmuşdur. 2012-ci ilin 8 ayı ərzində, 2013-cü ilin isə bir ili ərzində iddiaçıya vurulmuş 2024 manat maddi ziyan indeksləşmiş qaydada ödənilməlidir. Ağdaş RPŞ-də iddiaçıya işgəncə verilərək döyülən və əlləri-ayaqları qandallanaraq 14 saat müddətində şərəf və ləyaqəti alçaldılaraq saxlanılmağını 50.000 manat məbləğdə dəyərləndirir. İddiaçı öncə də qeyd etdiyi kimi 3 ay 20 gün "polis nəzarəti" altında,1 il 6 ay 16 gün "başqa yerə getməmək barədə iltizam" qətimkan tədbiri altında, 1 il 7 ay 28 gün isə "həbs" qətimkan tədbiri altında qalmışdır. Bu o deməkdir ki, 3 il 5 ay müddətində iddiaçı hər gün olaraq təşviş, iztirab və sarsıntı keçirmişdir. Bu zaman İddiaçı ona dəymiş mənəvi ziyanı 100.000 manat məbləğində dəyərləndirir. Göstərilənlərə əsasən qeyd olunan məbləğin, yəni 2024 manat indeksləşmiş qaydada və 150.000 manatın Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq iddiaçıya verilməsinin təmin edilməsi, iddiaçının həbsdə olduğu müddətin onun əmək stajına hesablanması, iddiaçının həbsində günahkar olan dövlət orqanlarının ondan yazılı surətdə üzr istəməsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi, iddiaçıya qarşı cinayət törətmiş müstəntiqlər Azad Məmmədov və Seyfəddin Bağırov, Ağdaş Rayon Prokurorunun vəzifəsini müvəqqəti icra edən Elxan Pənahov, Ağdaş Rayon Prokuroru Seyfəddin Abdullayev, Ağdaş Rayon Məhkəməsinin hakimləri Nəsrullah Əliyev və Ruslan Əlizadə, İTB-nin rəisi Azər Hüseynli, məsul növbətçi Habil Əzizov, məsul növbətçi köməkçisi Elşən Məmmədov, polis nəfərləri Elvin Mustafayev və Teymur Qəhrəmanov, sahə müvəkkili Tural Hüseynov, təhqiqatçı Rəşid Musayev, sahə inspektoru Ruzi Həsənov və CAB-ın rəisi Nabir Əzməmmədov barəsində Azərbaycan Respublikası MPM-nin 265.4-cü maddəsində nəzərdə tutulmuş qaydada xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları, iş materiallarında olan və təqdim edilən sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Göyçay Rayon Məhkəməsinin 1(046)-42/2015 saylı, xx.xx.2015-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadığına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə bəraət verilməsi, İddiaçı haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin ləğv edilməsi hökm edilmişdir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxx 2016-cı il tarixli, 1(107)-64/2016 saylı qərarı ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə bəraət verilməsinə dair Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli hökmünün dəyişdirilmədən, dövlət ittihamçısı Seymur Abbasovun apelyasiya protestinin isə təmin edilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2016-cı il tarixli, 1(102)-1311/2016 saylı qərarı ilə Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə bəraət almış İddiaçı barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxx 2016-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb olunmuş, Göyçay Rayon Məhkəməsinin 1(046)-42/2015 saylı, xx.xx.2015-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 2.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadığına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə bəraət verilmiş, İddiaçı haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilmişdir. Məhkəmə İddiaçı qanunsuz olaraq cinayət təqibinə məruz qaldığına görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikası Dövlət Büdcəsindən ona dəymiş maddi və mənəvi zərərə görə təzminat tələb etmək hüququndan istifadə edərək qaldırdığı iddiasına hüquqi qiymət verərək hesab edir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyri-maddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyri-mümkün və ya qeyri-adekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər. İnsan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi»nin 3-cü maddəsində göstərilir ki, «hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var». Bəyannamənin 9-cu maddəsinə müvafiq olaraq «heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz». Məhkəmə qeyd edir ki, zərər çəkmiş şəxsə kompensasiya ödənilməsi milli qanunvericilik normaları ilə aşağıdakı qaydada tənzimlənir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanunazidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56.0.2 və 56.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6—39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş və həmçinin, bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» xx xxxxxx 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Göstərilən Qanunun 4-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Göstərilənlərlə yanaşı məhkəmə hesab edir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Məhkəmə belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi təkcə onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi ilə yanaşı, ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyri-maddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür. Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsi - ziyanın təminindən ibarət olması kimi göstərilmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən «əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» xx xxx 2002-ci il tarixli qərarında qeyd etmişdir ki, şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərərin ödənilməsinin zəruriliyi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır. X1 Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətindən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, və ya əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» xx xxxx 2002-ci il tarixli qərarında da «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannaməyə istinad edilmişdir. Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır. Lakin nəzərə almaq lazımdır ki, iddiaçı ona maddi ziyan dəyməsinin məhkəmə tərəfindən müəyyən edilməsi üçün müvafiq sübutları təqdim etməlidir. X9 Məhkəməsi bir sıra hallarda ərizəçinin ona maddi ziyan dəyməsini sübuta yetirmədiyinə görə ona maddi ziyana görə kompensasiya ödənilməsindən imtina etmişdir. (Məsələn, «Güleç Türkiyəyə qarşı», xx xxxx 1998-ci il; «Dikmə Türkiyəyə qarşı» xx xxxx 2000-ci il). İddiaçıya vurulmuş maddi ziyanla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ona 2024 manat ziyanın vurulduğunu bildirsə də, iddiasını əsaslandıracaq sübutları məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi maddi ziyanın əvəzinin ödənilməsi hissəsində təmin oluna bilməz. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) Yuxarıda qeyd olunanlara baxmayaraq, məhkəmə hesab edir ki, iddiaçının əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması nəticəsində ona mənəvi zərər vurulmuşdur. Məhkəmə iddiaçıya vurulmuş mənəvi zərərin ödənilməsi məsələsini aşağıdakı qaydada həll edilməsini məqsədəmüvafiq hesab edir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X3rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə mənəvi zərərin iddia edilən məbləğdə təmin edilməsini mümkün hesab etməyərək, iddianın bu hissəsini qismən, yəni 3500 (üç min beş yüz) manat həcmində təmin olunmasını ədalətli hesab edir. Belə ki, iddiaçının 3 ay 20 gün "polis nəzarəti" altında, 1 il 6 ay 16 gün "başqa yerə getməmək barədə iltizam" qətimkan tədbiri altında, 1 il 7 ay 28 gün isə "həbs" qətimkan tədbiri altında olması ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər yetirsə də, bunun qarşılığının iddia edilən məbləğdə ödənilməsi ağlabatan deyildir. Məhkəmə iddia tələbinin “iddiaçının həbsdə olduğu müddətin onun əmək stajına hesablanması, iddiaçının həbsində günahkar olan dövlət orqanlarının ondan yazılı surətdə üzr istəməsinin təmin edilməsi” hissələri ilə bağlı qeyd edir ki, iddia tələbləri həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “iddiaçıya qarşı cinayət törətmiş müstəntiqlər Azad Məmmədov və Seyfəddin Bağırov, Ağdaş Rayon Prokurorunun vəzifəsini müvəqqəti icra edən Elxan Pənahov, Ağdaş Rayon Prokuroru Seyfəddin Abdullayev, Ağdaş Rayon Məhkəməsinin hakimləri Nəsrullah Əliyev və Ruslan Əlizadə, İTB-nin rəisi Azər Hüseynli, məsul növbətçi Habil Əzizov, məsul növbətçi köməkçisi Elşən Məmmədov, polis nəfərləri Elvin Mustafayev və Teymur Qəhrəmanov, sahə müvəkkili Tural Hüseynov, təhqiqatçı Rəşid Musayev, sahə inspektoru Ruzi Həsənov və CAB-ın rəisi Nabir Əzməmmədov barəsində Azərbaycan Respublikası MPM-nin 265.4-cü maddəsində nəzərdə tutulmuş qaydada xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsi” hissəsi ilə bağlı qeyd edir ki, göstərilən şəxslərin hərəkətlərində hər-hansı qanun pozuntusu aşkar olunmadığına görə vəsatət əsassız hesab edilərək rədd olunmalıdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə 3500 (üç min beş yüz) manat məbləğində mənəvi zərərin əvəzi ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Eyni Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmçinin, MPM-nin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə 3500 (üç min beş yüz) manat məbləğində mənəvi zərərin əvəzi ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar