Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4146/2024 08.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinin bağlanması və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinin bağlanması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin onunla əmək müqaviləsi bağlaması və iddiaçının həmin Cəmiyyətin elektrik vəzifəsinə təyin edilməsi, əvvəlki əmək haqqının verilməsi öhdəliyinin qoyulması barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2023-cü ilin iyun ayında "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən inşa olunan yaşayış binasında işlərin görülməsi ilə bağlı Cavabdeh MMC iş icraçısı olaraq müəyyənləşdirilmişdir. Cavabdeh iddiaçı ilə əmək müqaviləsini bağlamış olmasa da İddiaçı və digər işçilər də orada 2023-cü ildə işləyən "xxxx" Ağ Şəhər Mənzil Tikinti Kooperativinin binasında elektrik və digər işləri yerinə yetirmişlər. Həmin vaxt iddiaçı Cavabdeh MMC-nin uniformasını geyinmiş və 70001344 nömrəli iş kartından (beydjik) istifadə etmiş, rəsmi bank kartı vasitəsilə əmək haqqı almışdır. İddiaçı işə gəldiyi zaman davamiyyət jurnalına imza çəkmiş, onun tibbi sığortası cavabdeh tərəfindən təmin edilmişdir. Əmək müqaviləsinin bağlanmasını çıxmaq şərti ilə digər əmək şəraitinin hamısına riayət olunmuşdur. İddiaçı 1 (bir) ildən artıq müddətdə Cavabdeh MMC-də işçi olaraq çalışmış, lakin 2024-cü ildə işdən kənarlaşdırılmış və cavabdeh tərəfindən əmək qanunvericiliyi kobud surətdə pozulmuşdur. Hətta əməllərində inzibati xətanın tərkibi yaranmışdır. Nəticədə faktiki olaraq əmək münasibətləri olduğu yerdə cavabdeh əmək müqaviləsini bağlamaqdan boyun qaçırmışdır. İddiaçı dəfələrlə əmək müqaviləsinin bağlanmasını xahiş etsə də, cavabdeh hər dəfə müxtəlif bəhanələrlə müqavilə bağlanmasından yayınmışdır. İddiaçı bu məsələ ilə bağlı Əmək Müfəttişliyi Xidmətinə də müraciət etmişdir. Faktiki olaraq İddiaçı Cavabdeh MMC-də işləsə də, onun bütün sənədləri - əmək kitabçası, son haqq-hesab sənədi "xxxx" Mənzil Tikinti Kooperativində saxlanılmışdır. Lakin iddiaçı işdən azad olunduğu zaman ona 2 aylıq əmək haqqı plastik kartına köçürülmüşdür. Bu hal bir daha iddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinin olmasını sübut edir. Cavabdeh MMC və "xxxx" Mənzil Tikinti Kooperativi faktiki olaraq eyni müəssisədir və eyni yerdir. Bunlar hüquqi cəhətdən fərqlənsələr də, faktiki olaraq eyni təşkilatdır. İddiaçı məsələni məhkəməyə qədər mediator vasitəsilə həll etmək üçün Mediasiya təşkilatına müraciət etmiş, mediator tərəfindən ona və cavabdehə mediasiya sessiyasının keçirilməsi haqqında məktub göndərilsə də, cavabdeh tərəf mediasiya sessiyasına gəlməmiş və iddiaçıya ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim olunmuşdur. Cavabdeh MMC tərəfindən məhkəməyə etiraz ərizəsi təqdim edilərək iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə "xxxx" MTK arasında xx.xx.2022-ci il tarixində bağlanmış 70001344 nömrəli əmək müqaviləsinə əsasən İddiaçı həmin MTK-ya istismar xidmətləri üzrə texnik vəzifəsinə işə qəbul olunmuşdur. Əmlak İdarəetmə Şirkəti olan Cavabdeh MMC ilə "xxxx" MTK arasında bağlanmış xx.xx.2023-cü il tarixli, PPM-KBR-01 saylı xidmət müqaviləsinə əsasən sonuncu, cavabdeh MTK-ya "xxxx" yaşayış kompleksinin davamlı fəaliyyətini təmin etmək üçün müxtəlif işlərin görülməsini və xidmətlərin göstərilməsini, habelə MTK-nı lazımi işçi qüvvəsi ilə təmin etməyi öhdəsinə götürmüşdür. Bu Xidmət müqaviləsinə əsasən "xxxx" yaşayış kompleksində çalışan bütün işçilər (MTK-nın işçisi olub-olmamasından asılı olmayaraq) vahid forma və giriş-çıxış kartları ilə təchiz edilmişdir ki, bu işçilərdən biri də məhz İddiaçı olmuşdur. Bundan əlavə qeyd edilən Xidmət müqaviləsinə əsasən Cavabdeh MMC "xxxx" MTK-ya xidmətlərin və işlərin icrası üçün lazımi qədər işçi qüvvəsi təmin etdiyi üçün MTK-nın əlavə işçi saxlamasının şirkətə əlavə maddi xərclərə səbəb olmasını, əməyin təşkilində dəyişikliklər edilməsi və optimallaşdırılması zərurətini nəzərə alaraq, "xxxx" MTK tərəfindən 2023-cü ilin may ayında bir sıra işçilər ilə əmək müqavilələrinə qanunverciliyə uyğun əsaslarla xitam verilmiş, həmin işçilər Cavabdeh MMC-yə işə qəbul olunmuşdur. Eyni vaxtda, "xxxx" MTK tərəfindən İddiaçı müraciət edilərək əmək müqaviləsinə qarşılıqlı razılıqla xitam verilməsi və Cavabdeh MMC-yə işə götürülməsi təklif edilsə də, iddiaçı bu təklifdən imtina etmişdir. Bir ildən artıq müddətdə iddiaçının "xxxx" MTK-nın işçisi kimi qaldığı dövrdə iddiaçının əmək haqqı xərclərinin MTK-ya əlavə maddi yükə səbəb olduğunu, MTK-da əlavə işçi qüvvəsinə ehtiyac olmadığını, bütün işçi qüvvəsinin kənar şirkətdən, yəni Cavabdeh MMC tərəfindən təmin olunduğunu nəzərə alaraq, MTK-nın “işçi sayının ixtisar edilməsi barədə” xx.xx.2024-cü il tarixli 003/24-k saylı əmri ilə İddiaçı əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə ləğv edilməsi qərara alınmışdır. İddiaçı eyni vaxtda e-2(006)-3604/2024 saylı mülki iş üzrə "xxxx" MTK-ya qarşı həmin MTK-nın ixtisar barədə müvafiq əmrinin ləğv edilməsi və işə bərpa ilə bağlı iddia qaldırmışdır. Belə çıxır ki, iddiaçı "xxxx" niyyətindədir. Ancaq aydındır ki, MTK-dan ixtisarla işdən ayrılan iddiaçının iddiası təmin olunduğu halda, onun bu iş üzrə iddiası təmin oluna bilməz, yaxud bu iş üzrə iddiası təmin olunduğu halda digər iş üzrə iddiası təmin oluna bilməz. Digər tərəfdən iddiaçı iddia ərizəsində özü etiraf edir ki, o, "xxxx" MTK ilə əmək müqaviləsi bağlamış və həmin MTK-nın işçisi kimi fəaliyyət göstərmiş, eləcə də əmək kitabçası, əmək haqqı aldığı bank kartı MTK tərəfindən rəsmiləşdirilmişdir. Bu halda başqa bir şəraitdə əmək müqaviləsi ilə çalışan işçi ilə Cavabdeh MMC əmək müqaviləsi bağlaya bilməzdi. Eyni zamanda, iddiaçının Cavabdeh MMC-nin loqosu olan uniformanı geyinməsi və eyni loqolu giriş-çıxış kartından istifadə etməsi iddiaçının cavabdeh ilə əmək münasibətlərində olduğunu göstərmir. İddiaçının Cavabdeh MMC-nin işçilərinin də fəaliyyət göstərdiyi "xxxx" yaşayış kompleksində hər kəs kimi uniformanı geyinməsi və eyni dizaynlı kartdan istifadəsi sadəcə texniki səbəblərlə bağlıdır. Belə ki, sadəcə 1 (bir) şəxs üçün ayrı dizaynlı uniforma və kart sifarişi maddi və texniki cəhətdən mümkün olmur. Bundan əlavə, iddiaçı iddia edir ki, əmək haqqını cavabdehdən alır. Halbuki, özünün təqdim etdiyi bank hesabından çıxarışdan görünüdüyü kimi orada heç bir yerdə Cavabdeh MMC-nin adı keçmir. Çünki iddiaçı əmək haqqını "xxxx" MTK-dan almış və son haqq-hesab da məhz MTK tərəfindən onun hesabına köçürülmüşdür. Digər yandan iddiaçının təqdim etdiyi davamiyyət cədvəllərindən də göründüyü kimi İddiaçı "xxxx" yaşayış kompleksində çalışmış, Cavabdeh MMC-yə aid hər hansı digər müəssisədə yox. Tibbi sığortanın Cavabdeh MMC adından təmin olunması məsələsi ilə bağlı isə bildirilmişdir ki, "xxxx" sığorta Şirkəti ASC 2023-cü ilin may ayında "xxxx" MTK-nın texniki iş heyətinin MTK-dan ayrılmasından sonra MTK ilə əməkdaşlığı dayanmışdır. Lakin MTK-nın işçisi olmasından asılı olmayaraq, iddiaçının eyni yerdə çalışan digər işçilərdən fərqləndirilməməsi, onun tibbi sığorta paketi ilə təmin olunması məqsədilə cavabdeh iddiaçını öz hesabına könüllü qaydada sığortalamışdır. İddiaçının xeyrinə ödənilən sığorta haqqı məbləği sonradan cavabdeh MMC ilə MTK arasında hesablaşılmaqda idi. İddiaçının təqdim etdiyi SƏTƏMM üzrə məlumat vərəqələri və iclasda iştirak vərəqələri ilə bağlı qeyd edilmişdir ki, MTK-nın ştatında SƏTƏMM təlimləri keçən heç bir işçi olmadığından MTK ilə cavabdeh arasında bağlanması qeyd edilən xidmət müqaviləsinə uyğun olaraq bütün SƏTƏMM təlimləri və təlimatları "xxxx" yaşayış kompleksində çalışan işçilər üçün cavabdeh tərəfindən təmin edilməkdədir. Digər tərəfdən iddiaçı iddia ərizəsində cavabdehin əməllərinin inzibati xəta tərkibi yaratdığını qeyd etmiş, ancaq bunun hansı xəta olduğunu açıqlamamışdır. Odur ki, bu hissədə də iddiaçının iddiasının əsassız olduğu ortaya çıxır. İddiaçı iddia ərizəsində həmçinin cavabdehin onunla əmək müqaviləsi bağlamaqdan bəhanələrlə yayındığını bildirmişdir. Cavabdehin iddiaçı ilə əmək müqaviləsi bağlamaq kimi bir öhdəliyi yoxdur. İddiaçının əmək münasibətləri MTK ilə olmuşdur və MTK ilə əmək müqaviləsinə də xitam verilmişdir. İddiaçı ilə cavabdeh arasında heç bir faktiki əmək münasibətləri mövcud olmamışdır. Göstərilənləri nəzərə alaraq, İddiaçı Cavabdeh MMC-yə qarşı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi X3 iddianı qəbul etməyib, təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və etirazı iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan: “Pasha Bank”ın xx.xx.2021-xx.xx.2024-cü illəri əhatə edən hesabdan çıxarış sənədlərindən görünür ki, Parviz Mammadova məxsus “540269******7250” nömrəli kart hesabına “əmək haqqı” məbləğləri köçürülmüşdür. “X2”in 70001344 nömrəli vəsiqəsindən görünür ki, “Parviz Mammadov, Maintenance Technician” qeyd edilmişdir. “5402********7250” nömrəli plastik kartdan görünür ki, kartın üzərində “Parviz Mammadov, X2” qeyd edilmişdir. CARD/1849513 nömrəli tibbi sığorta kartından görünür ki, İddiaçı xx.xx.2023-xx.xx.2024-cü illər ərzində Paşa Sığorta tərəfindən sığortalanmış, sığortalı Şirkət - Cavabdeh MMC, Sığorta növü – “könüllü”, ödəniş forması – “tam” qeyd edilmişdir. Cavabdeh MMC (icraçı) ilə "xxxx" MTK (sifarişçi) arasında xx.xx.2023-cü il tarixdə bağlanmış PPM-KBR/01 nömrəli xidmət müqaviləsindən görünür ki, icraçının “K.Residence Baku” yaşayış kompleksinin davamlı fəaliyyətini təmin etmək üçün işlərin təşkil edilməsi və dəstək olmaq, müvafiq işçi qüvvəsi ilə birlikdə Kompleksin ərazisindəki avadanlıqlara müntəzəm və dövri texniki xidmət üçün plan və cədvəllər hazırlamaq və s. xidmətləri göstərəcəkdir. xx.xx.2023-cü il tarixli “məlumatın alınması barədə” sənəddən görünür ki, İddiaçı “kiçik yanğın ilə nəticələnən hadisə (BCV)” mövzusu üzrə təlimdə iştirak etməsini imzası ilə təsdiqləmişdir. xx.xx.2024-cü il tarixli “iclasda iştirak vərəqindən (SƏTƏMM üzrə)” görünür ki, İddiaçı “əl yaraları” mövzusu üzrə təlimdə iştirak etməsini imzası ilə təsdiqləmişdir. xx.xx.2024-cü il tarixli “məlumatın alınması barədə” sənəddən görünür ki, M.Pərviz “günvurma, istivurma” mövzusu üzrə təlimdə iştirak etməsini imzası ilə təsdiqləmişdir. xx.xx.2023-cü il tarixli "xxxx" ərazisindən çıxış üçün bildirişdən görünür ki, texnik İddiaçı baş ofisə getməyi ilə əlaqədar ərazidən çıxmasının nəzərə və qeydiyyata alınmasını xahiş etmişdir. Çıxış saatları 15:55-dən 17:30-a kimidir. Bakı 13 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli MŞB/13/2024-01037 nömrəli ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayışından görünür ki, ilkin mediasiya sessiyasında İddiaçı iştirak etsə də, digər tərəf Cavabdeh MMC iştirak etməmişdir. Sorğu əsasında "xxxx" MTK tərəfindən məhkəməyə təqdim edilmiş əmək haqqı ödənişlərini təsdiq edən bank çıxarışlarından görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə 850.83 manat, xx.xx.2023-cü il tarixdə 846.12 manat, xx.xx.2023-cü il tarixdə 909.68 manat, xx.xx.2023-cü il tarixdə 909.68 manat, xx.xx.2023-cü il tarixdə 909.68 manat, xx.xx.2023-cü il tarixdə 1019.58 manat, xx.xx.2023-cü il tarixdə 959.61 manat, xx.xx.2024-cü il tarixdə 967.53 manat, xx.xx.2024-cü il tarixdə 909.68 manat, xx.xx.2024-cü il tarixdə 1205.86 manat, xx.xx.2024-cü il tarixdə 909.68 manat, xx.xx.2024-cü il tarixdə 3691.22 manat əmək haqqı ödənilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış məktublardan görünür ki: - İddiaçı müraciətində qeyd edilən pozuntuların dəqiqləşdirilməsi, onun izahatının alınması və onda olan sübutların təqdim olunması məqsədilə “DOST” mərkəzinə dəvət olunması ilə bağlı ünvanına (Xırdalan şəhəri, H.Əliyev prospekti 112, Şeron MTK 63, blok b, mənzil 20) 3-17-5/2-P-20582/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktub göndərilsə də, gəlməmişdir. Müraciətində qeyd edilən digər məsələlərlə bağlı "xxxx" MMC-nin ünvanına 3-17-5/2- 20583/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubla, "xxxx" MTK-nın ünvanına isə 3-17- 5/2- 20584/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubla müraciət olunaraq İddiaçı aid olan sənədlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi xahiş olunmuşdur. Məktublar poçt şöbəsi tərəfindən "xxxx" MMC-yə "xxxx" MTK-ya müvafiq olaraq xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində çatdırılmışdır. Lakin, tələb olunan sənədlərin təqdim olunması "xxxx" MMC və "xxxx" MTK tərəfindən sənədlər Dövlət əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinə təqdim ediləcəyi təqdirdə müraciətə yenidən baxılacağı və nəticəsi barədə məlumat veriləcəyi bildirilmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2024-cü il tarixinədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Müraciətdə qeyd edilən məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət hüququnun olması göstərilmişdir. - "xxxx" MTK-nın hüquqi ünvanına 3-17-5/2-23697/2023 nömrəli, xx.xx.2023-cü il tarixli (SS849200225AZ) məktubla müraciət olunaraq İddiaçı aid olan sənədlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi xahiş olunmuş, lakin poçt xidmətinə məxsus F-20 arayışında “bu ünvanda yoxdur” qeyd edilərək məktub geri qaytarılmışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2024-cü il tarixinədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Müraciətində qeyd edilən pozuntuların dəqiqləşdirilməsi, İddiaçı izahatının alınması və onda olan sübutların təqdim olunması məqsədilə “DOST” mərkəzinə dəvət olunması ilə bağlı ünvanına (Biləsuvar şəhəri, 1 May küçəsi, ev 24 ünvanı üzrə) 3-17-5/2-23699/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktub göndərilsə də, İddiaçı gəlməmişdir. Müraciətdə qeyd edilən məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət hüququnun olması göstərilmişdir. "xxxx" MTK (işəgötürən) ilə İddiaçı (işçi) arasında xx.xx.2022-ci il tarixdə bağlanmış 70001344 nömrəli əmək müqaviləsindən görünür ki, işçi razılaşır ki, onun əsas iş yeri işəgötürənin iş sahələri və ya vaxtaşırı olaraq işəgötürən tərəfindən işçinin təyin olunduğu digər yer(lər) yerləşəcək. İşçi İstismar xidmətləri üzrə texnik vəzifəsinə qəbul edilir. xx.xx.2023-ci il tarixli əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, işçi İddiaçı işəgötürən "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən “İstismar xidmətləri üzrə texnik” vəzifəsinə işə qəbul edilmişdir; "xxxx" MTK tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli "xxxx"ndən görünür ki, həmin MTK-da əməyin təşkilində dəyişikliklər edilməsi zərurətindən irəli gələrək “İstismar xidmətləri üzrə texnik” ştatı qanunvericiliklə müəyyən edilmiş qaydada ixtisar edilir. MTK-da əmək stajının bir ildən beş ilədək olduğu nəzərə alınaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə əsasən bu xəbərdarlıq məktubunu aldığı (tanış olduğu) vaxtdan etibarən İddiaçı azı dörd təqvim həftəsi qabaqcadan çalışdığı “İstismar xidmətləri üzrə texnik” ştatının ixtisar ediləcəyi barədə rəsmi xəbərdar edilir və həmin müddət ərzində əmək haqqı saxlanılmaqla hər iş həftəsində 1 (bir) gün iş axtarmağa ona imkan yaradılacaqdır. Xəbərdarlıq müddəti bitdikdən sonra İddiaçı ilə xx.xx.2022-ci il tarixində bağlanmış 70001344 nömrəli əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayı və ya ştat ixtisar edildikdə) əsasən xitam veriləcək və orta aylıq əmək haqqının azı 1.4 misli miqdarında ona işdən çıxarma müavinəti ödəniləcəkdir. AR ƏMnin 77-ci maddəsinin 4-cü hissəsinə əsasən İddiaçı razılığı ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının azı 0.9 misli ödənilməklə müvafiq əsasla əmək müqaviləsinə xəbərdarlıq müddəti gözləmədən xitam verilə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilərsə, xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli 003/24-k nömrəli əmrdən görünür ki, Knightsbridge Ağ Şəhər” bölməsində “İstismar xidmətləri üzrə texnik” vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış xxxxxxx000400 nömrəli əmək müqaviləsinə “AR ƏM-nin 70.”b” – işçilərin sayı və ya ştat ixtisar edildikdə” maddəsinə əsasən xx.xx.2024-cü il tarixindən xitam verilmişdir. "xxxx" MTK tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli “əmək kitabçasının poçt vasitəsilə göndərilməsi barədə” məktubdan görünür ki, onlar arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə (işçilərin sayı və ya ştat ixtisar edildikdə) xitam verilmişdir. Əmək müqaviləsinə xitam verildiyi gün (son iş günü) əmək kitabçasının götürülməsi nəzərə alınaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli Qərarının 6.2-ci bəndinə əsasən əmək kitabçasının poçt vasitəsilə göndərilməsinə razı olub-olunmaması barədə məlumat verməsi xahiş olunmuşdur. Bakı 9 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli MŞB/9/2024-00670 nömrəli ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayışından görünür ki, ilkin mediasiya sessiyasında İddiaçı iştirak etsə də, digər tərəf "xxxx" MTK iştirak etməmişdir. Təqdim edilmiş iddia ərizəsindən görünür ki, İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsinə dair” iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3604/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3604/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “işə bərpa” tələbinə dair iddiası rədd edilmişdir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, İddiaçı ilə "xxxx" MTK arasında xx.xx.2022-ci il tarixdə bağlanmış 70001344 nömrəli əmək müqaviləsinə əsasən onlar işçi və işəgötürən olmaqla əmək müqaviləsinin tərəfləri kimi əmək münasibətlərinə daxil olmuşlar. Həmin müqaviləyə görə işçinin iş yeri işəgötürənin iş sahələri və ya vaxtaşırı olaraq işəgötürən tərəfindən işçinin təyin olunduğu digər yer(lər)dir. İddiaçı gördüyü iş müqabilində işəgötürən "xxxx" MTK tərəfindən hər ay aylıq əmək haqqı ödənilmişdir. "xxxx" MTK-nın xx.xx.2024-cü il tarixli 003/24-k nömrəli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmiş və son haqq-hesabı ödənilmişdir. İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq əmri Nəsimi Rayon Məhkəməsində mübahisələndirmiş və həmin iddia ərizəsi məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Hazırda İddiaçı Cavabdeh MMC-dən onunla əmək müqaviləsi bağlamasını, elektrik vəzifəsinə təyin edilməsini və əvvəlki əmək haqqının verilməsini tələb edir. İddiaçı hesab edir ki, faktiki olaraq Cavabdeh MMC-də işləsə də, onun bütün sənədləri "xxxx" MTK-da saxlanılır. Lakin Cavabdeh MMC-nin uniformasını geyindiyinə, cavabdehin iş kartından istifadə etdiyinə, rəsmi bank kartı vasitəsilə əmək haqqı aldığına, davamiyyət jurnalına imza çəkdiyinə görə hesab edir ki, iddiaçının işəgötürəni Cavabdeh MMC-dir. İddiaçı, həmçinin, qeyd edir ki, həmin şirkətlər hüquqi cəhətdən fərqlənsələr də, faktiki olaraq bir təşkilatdır. Məhkəmə hesab edir ki, iddiaçının dəlilləri əsassızdır. Belə ki, İddiaçı "xxxx" MTK-nın işçisi olmuşdur. "xxxx" MTK ilə isə Cavabdeh MMC arasında xidmət müqaviləsi imzalanmışdır. Həmin xidmət müqaviləsinə görə Cavabdeh MMC “K.Residence Baku” yaşayış kompleksinin davamlı fəaliyyətini təmin etmək üçün işlərin təşkil edilməsi və dəstək olmaq, müvafiq işçi qüvvəsi ilə birlikdə Kompleksin ərazisindəki avadanlıqlara müntəzəm və dövri texniki xidmət üçün plan və cədvəllər hazırlamaq və s. xidmətləri göstərməyi öhdəsinə götürmüşdür. Yəni müvafiq iş yeri ərazisində "xxxx" MTK-nın işçiləri ilə Cavabdeh MMC-nin işçiləri birlikdə fəaliyyət göstərmişdir. İddiaçının öz iş yeri başqa olmuş və o, öz vəzifə funksiyalarını həyata keçirmişdir. Cavabdeh MMC isə xidmət müqaviləsinə əsasən müvafiq ərazidə öz hüquq və öhdəliklərini yerinə yetirmişdir. Lakin cavabdeh ilə iddiaçı arasında hər hansı əmək münasibətləri mövcud olmamışdır. İddiaçının işəgötürəni "xxxx" MTK olmuşdur. İş materiallarında olan hesabdan çıxarış sənədləri ilə sübut olunur ki, iddiaçı gördüyü iş müqabilində əmək haqqını Cavabdeh MMC-dən deyil, "xxxx" MTK-dan almışdır. Məhkəmə iddiaçının dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçının Cavabdeh MMCnin işçiləri ilə eyni uniformanı geyinməsi, eyni giriş kartından istifadə etməsi onun cavabdeh cəmiyyət ilə əmək münasibətlərinin olduğunu sübut etmir. Eyni zamanda sığortalı şirkətin Cavabdeh MMC olması da o demək deyil ki, iddiaçı ilə cavabdeh əmək münasibətlərinin tərəfləridir. Məhkəmə qeyd edir ki, əmək müqaviləsinin bağlanması barədə iddia tələbi o halda əsaslı olar ki, əmək müqaviləsi bağlanmadan və ya tərəflər arasında əmək müqaviləsi rəsmiləşdirilmədən tərəflər arasında faktiki olaraq işçi və işəgötürən kimi qarşılıqlı əmək münasibətləri mövcud olsun. Yəni, işçi faktiki olaraq işəgötürənin sərəncamında işləsin, lakin onların münasibətləri rəsmiləşdirilməsin. Hazırkı mübahisədə iddiaçının (işçinin) başqa işəgötürən ilə əmək müqaviləsi mövcud olmuşdur. O, öz funksiyalarını, vəzifə öhdəliklərini digər müəssisənin əməkdaşları ilə birlikdə həyata keçirsə də digər işçilərin ayrı işəgötürəni, iddiaçının isə ayrı işəgötürəni mövcud olmuşdur. Öz işəgötürəni tərəfindən də ona müvafiq əmək haqqı ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 35-ci maddəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 7-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir. 7-ci maddəsinin 2-ci hissəsinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır. 7-ci maddəsinin 2-3-cü hissəsinə əsasən, aşağıdakı hallarda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir: 2-3.1. müqavilənin məzmunu bu Məcəllənin 43-cü maddəsinin 2-ci hissəsinə, forması isə bu Məcəllənin 44-cü maddəsinin 2-ci hissəsi ilə müəyyən edilmiş formaya uyğun olduqda; 2-3.2. bu Məcəllənin 48-ci maddəsinə uyğun olaraq tərəflər arasında münasibətlərin rəsmiləşdirilməsi və müvafiq qeydlərin aparılması üçün əmək kitabçası təqdim edildikdə; 2-3.3. tərəflər arasında münasibətlər müvafiq peşə və ya vəzifəyə qəbul (təyin) edilmə, o cümlədən ödənişli seçkili və ya təyinatlı, habelə müsabiqə əsasında vəzifəni tutma, kvota üzrə işə düzəlmə, məhkəmənin qərarı ilə işə bərpa olunma ilə bağlı yarandıqda; 2-3.4. tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda; 2-3.5. tərəflər arasında münasibətlər işlərin (xidmətlərin) əvəzçilik və ya müvəqqəti əvəzetmə qaydasında yerinə yetirilməsi ilə bağlı yarandıqda; 2-3.6. yerinə yetirilməsi şərtlərinə görə iş (xidmət) müvəqqəti xarakterə malik olduğu halda müqavilənin müddətinin uzadılması bu Məcəllənin 73-cü maddəsinə uyğun tənzimləndikdə; 2-3.7. yerinə yetirilən işə (xidmətə) görə ödənilən haqqın tərkibi bu Məcəllənin 157-ci maddəsinin 3-cü hissəsində göstərilən aylıq tarif (vəzifə) maaşından, əlavədən və mükafatdan ibarət olduqda; 2-3.8. müqavilədə bu Məcəllənin 10-cu, 77-ci, 112-ci, 179-cu və 186-cı maddələrində nəzərdə tutulmuş məsələlərin tənzimlənməsi nəzərdə tutulduqda. 4.1-ci maddəsinə əsasən, Əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. 5-ci maddəsinə əsasən, əmək müqaviləsi – işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Məhkəmə qeyd edir ki, qanunverici şəxsin sərbəst iradə ifadəsi əsasında əməyə olan qabiliyyətinin realizəsi üzrə artıq yaratmış olduğu konkret münasibətlərdə məhz işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi, qanuni mənafelərinin qorunması məqsədilə həmin münasibətlərin əmək münasibətləri olaraq qəbul edilməsinin və əmək müqaviləsinin yazılı formada bağlanmasının məcburiliyini təsbit etmişdir. Əmək münasibətləri yazılı qaydada bağlanılmalı olan əmək müqaviləsi ilə rəsmiləşdirilməlidir. Əmək Məcəlləsində əmək münasibətlərinə verilmiş anlayışa əsasən, bu münasibətlərin xarakterik cəhətləri olaraq, ilk növbədə, bir tərəfin fiziki şəxs olması, onun, yəni işçinin müəssisədaxili intizam qaydalarına tabe olması, əmək müqaviləsi üzrə şərtləşdirilmiş əmək funksiyalarını müvafiq iş yerində şəxsən yerinə yetirməsi çıxış edir. Münasibətlərin digər subyekti olan işəgötürən isə işçini müvafiq işlə, habelə sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin etməli və onun əməyinin qarşılığını (əmək haqqını) ödəməlidir. Hazırkı mübahisədə iddiaçıya əməyinin qarşılığı məhz cavabdeh tərəfindən ödənilmir, sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin edilmir və iddiaçı müvafiq iş ilə təmin edilmir. Yəni, cavabdeh ilə iddiaçı arasında əmək münasibətlərinin yaranması üçün Əmək Məcəlləsi ilə tənzimlənən hər hansı hüquq və vəzifələr əmələ gəlməmişdir. İşçi başqa işəgötürən ("xxxx" MTK) ilə əmək münasibətlərində olmuş və öz vəzifə öhdəliklərini yerinə yetirmişdir. Belə olan halda cavabdehin iddiaçı ilə əmək müqaviləsi bağlamaq kimi bir öhdəliyi yaranmamış və buna zərurət olmamışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh MMC-nin üzərinə əmək müqaviləsi bağlaması öhdəliyinin qoyulması tələbinə dair iddia təmin edilməməlidir. İddianın əsas hissəsi təmin edilməməli olduğuna görə iddiaçının “elektrik vəzifəsinə təyin edilməsi və əvvəlki əmək haqqının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” tələbləri də təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinin bağlanması və s.” tələbinə dair iddiası təmin edilməməlidir. Müki Prosessual Məcəllənin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinin bağlanması və s.” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-4146/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4146/2024
08.10.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver