Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-417/2022 11.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “əmək haqqı kartlarından oğurlanmış 2110 manat əmək haqqlarının geri qaytarılması, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və s.” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, onun əmək haqqı kartlarından oğurlanmış 2110 (iki min yüz on) manat məbləğində əmək haqqının Cavabdeh ASC-dən tutularaq ona geri qaytarılması, “Birkart” kredit kartından oğurlanmış 7940 (yeddi min doqquz yüz qırx) manat pul vəsaitinin kredit borcu kimi qiymətləndirilib həmin vəsaitlərin və ona hesablanmış faizlərin onun əmək haqqı hesablarından tutulması barədə cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və kredit borcu olaraq əmək haqqı kartlarından tutulmuş bütün vəsaitlərin cavabdehdən tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiyə edərək, öz izahatında bildirmişdir ki, 11 iyun 2021-ci il tarixdə özünü X2 (Ş/V № ********) kimi təqdim edən şəxs +**********6 mobil nömrəsindən votsap proqramı vasitəsilə onunla əlaqə saxlayaraq satış üçün internet elan saytlarında yerləşdirilən mebelləri almaq adı ilə Cavabdeh ASC-yə məxsus hər hansı bank kartına mebellərin dəyərini ödəyə biləcəyini bildirdikdən sonra, o, onun hesabında heç bir pul məbləği olmayan, faktiki olaraq boş vəziyyətdə olan sözügedən banka aid bir ədəd bank kartının üz tərəfinin şəkili WhatsApp proqramı vasitəsilə ilə ona göndərmişdir. Növbəti gün, yəni 12.06.2021-ci il tarixdə pul vəsaitinin köçürülüb-köçürülmədiyini yoxlamaq üçün bankomatda həmin kartı yoxlayarkən o, pulun köçürülmədiyini müşahidə etdi. Bundan sonra “Kapital Bank" ASC-yə məxsus növbəti əmək haqqı kartının bankomatda yoxlayarkən onda olan 400 manat civarında əmək haqqı məbləğinin mövcud olmadığını gördü və dərhal yenə həmin banka məxsus olan və içərisində pul vəsaitləri olmalı olan digər 2 ədəd maaş kartlarının da boş olduğunu müəyyən etdi. Elə həmin vaxt, yəni 12.06.2021-ci il tarixdə o, bankın 196 müştəri xidməti nömrəsinə zəng edərək məlumat verdi və kart hesablarına kənar müdaxilə olunduğunu bildirərək, onların bloklanmasını və məsələnin araşdırılmasını xahiş etdi. Qeyd olunanlarla yanaşı o, hüquq mühafizə orqanlarına da məlumat verdi və Bakı şəhəri Xətai rayon Prokurorluğu tərəfindən 17.07.2021-ci il tarixdə Azərbaycan Resublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə cinayət işi başlanılmış və cinayət işi üzrə istintaqın aparılması Xətai rayon Polis İdarəsinə həvalə olunmuşdur. Sonradan ona məlum oldu ki, naməlum şəxslər ona məxsus boş əmək haqqı kartının üz hissəsindəki məlumatlarından istifadə etməklə internet resursları vasitəsilə cavabdehə məxsus “BirBank” mobil tətbiqinin informasiya sisteminin mühafizəsinin zəifliklərindən yararlanaraq cavabdehin özü tərəfindən həmin mobil tətbiqə inteqrasiya olunmuş əmək haqqı kartlarındakı ümumilikdə 2110 (iki min yüz on) manat əmək haqqlarının və 12.09.2019-cu il tarixli “Kredit kartına dair müqavilə” əsasında da ona verilmiş "Birkart" kredit kartında kredit xətti olaraq ayrılmış 7940 manat pul vəsaiti oğurlanaraq xarici ölkələrdəki ona məlum olmayan bank hesablarına köçürülmüşdür. 2021-ci ilin iyul ayının sonlarında cavabdehə məxsus əmək haqqı kartına köçürülmüş əmək haqqı məbləğlərindən 418 manat tutulduğunu müşahidə etdikdən sonra banka müraciət etdikdə məlum oldu ki, cavabdeh qanunsuz və əsassız olaraq “Birkart" Kredit kartı hesabından öz təqsiri üzündən oğurlanmış vəsaiti kredit əməliyyatı kimi qiymətləndirərək həmin pul vəsaitlərinə də faiz hesablamaqla aylıq əsas və faiz ödənişlərinə bölmüş, həmin məbləğlərin ödənilməsi üçün onun əmək haqqı kartlarından tutmalar etməyə başlamışdır. Baxmayaraq ki, qeyd olunan kredit kartındakı pul vəsaitləri bankın öz təqsiri nəticəsində və onun sərəncamı olmadan, iradəsi əleyhinə kənar şəxslər tərəfindən istifadə olunmuşdur. Hesab edir ki, cavabdehə məxsus bank kartlarından kənar şəxslərin elektron informasiya resurslarından istifadə edilməklə oğurluq edilməsinə səbəb cavabdeh tərəfindən istehlakçılara təqdim edilən lazımi keyfiyyətdə olmayan “Birbank” mobil tətbiqi məhsulunun elektron informasiya sistemində təhlükəsizlik tədbirlərinin lazımi keyfiyyətdə təşkil edilməməsi ilə bağlı olmuşdur. Belə ki, qeyd olunan mobil tətbiq 2019-cu ildən onun mobil telefonuna yüklənmişdir. Həmin tətbiq yükləndikdən sonra onun "xxxx" ASC-yə məxsus bütün maaş kartları və onun adına verilmiş “Birkart” kredit kartı onun tərəfindən deyil, avtomatik olaraq bank tərəfindən həmin mobil tətbiqə inteqrasiya olunmuşdur. Cavabdehin kiber cinayətkarlığın geniş yayıldığı dövrə kənar şəxslərin elektron informasiya sistemləri vasitəsilə müdaxiləsinə imkan verən qüsurlu bank məhsulunu istehlakçılara təqdim etməsi onun qanunvericiliyə əsasən üzərinə götürdüyü informasiya sistemlərinin təhlükəsizliyinə dair öhdəliklərini lazımi qaydada icra etməməsindən irəli gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankının 10.06.2012-ci il tarixli 16/3 nömrəli qərarı ilə təsdiq edilmiş “Ödəniş kartlarının emissiyası və istifadə qaydalarının 7.1 və 7.2-ci bəndlərinə əsasən emitentin kartlarla aparılmış şübhəli əməliyyatların (həmçinin qısa vaxt kəsiyində müxtəlif ölkələrdə əməliyyatların aparılması, o cümlədən emitentin müəyyən etdiyi risk kateqoriyası yüksək olan ölkələrdə və təsərrüfat subyektlərində əməliyyatların aparılması) real vaxt rejimində aşkar edilərək vaxtında qarşısının alınması və bu tip əməliyyatlar üzrə risklərin effektiv idarə edilməsi üçün proqram təminatı olmalıdır. Emitent müvafiq proqram təminatı vasitəsilə kartlarla aparılmış şübhəli əməliyyatların aşkar edilməsi istiqamətində real vaxt rejimində monitorinq həyata keçirməlidir. Emitent qeyri-iş saatlarında bu tip monitorinqin keçirilməsini müqavilə əsasında kart təşkilatına həvalə edə bilər. Bu zaman emitent cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qanunvericilikdə, eləcə də kart sahibi ilə bağlanmış müqavilədə nəzərdə tutulmuş vəzifə və məsuliyyətdən azad edilmir. Göründüyü kimi cavabdeh “Kapital Bank" ASC emitent bank olaraq 1-2 gün ərzində həm əmək haqqı, həm də kredit kartından xarici ölkələrə 10 dəfədən artıq sifarişlə silinmiş pul vəsaitlərinin köçürülməsi əməliyyatların real vaxt rejimində manitorinqini aparmamışdır. Bununla yanaşı cavabdehin nümayəndələri tərəfindən ona təqdim olunmuş "ödəniş kartı üzrə çıxarış"dan da görünür ki, cavabdeh növbəti dəfə işə lazımınca yanaşmamış, 12.06.2021 -ci il tarixdə banka kart hesablarından qanunsuz istifadə olunması faktı barədə məlumat verilməsinə, hesabların və bütün əməliyyatların bloklanması barədə sifariş verməyimə baxmayaraq 14.06.2021 -ci il tarixdə Birkart kredit kartından 5269,9 (beş min iki yüz altmış doqquz manat doxsan qəpik) manat pulun oğurlanaraq xarici ölkədəki naməlum bank hesabına köçürülməsinin qarşısını almamışdır. Qeyd olunanlara əsasən hesab edir ki, cavabdeh "Kapital Bank” ASC lazımi keyfiyyətdə olmayan, qüsurlu bank məhsulu vasitəsi ilə onun əmək haqqı kartlarından oğurlanmış 2110 (iki min yüz on) manat əmək haqqlarını ona geri qaytarılmalı, həmçinin cavabdehin "Birkart” kredit kartından oğurlanmış 7940 (yeddi min doqquz yüz qırx) manat pul vəsaitinin kredit əməliyyatı kimi qiymətləndirilərək həmin pul vəsaitlərinin və ona hesablanmış faizlərin onun həmin bankda olan əmək haqqı hesablarından tutulması barədə hərəkətləri qanunsuz hesab edilməlidir. Qeyd olunanları nəzərə alaraq,iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddiaçının tələbləri tamamilə əsassızdır. Belə ki, kart məlumatlarının qarşı tərəfə verilməsinə görə iddaçı şəxsən özü məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-in 77.1-ci bəndinə əsasən, hər bir tərəf öz tələblərinin və etiazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, iddiaçının telefon danışıqları zamanı hansı məlumatları qarşı tərəfə ötürdüyü bilinmir. Hesab edirlər ki, qarşı tərəfə ötürülməməli olan məlumatları iddiaçı telefon danışıqları zamanı açıqlayıb. Bundan əlavə iddiaçı qeyd edir ki, 12.06.2021-ci il tarixdə banka kartlarının bloklanması barədə sifariş verdikdən sonra 14.06.2021-ci il tarixdə “BirKart” kredit kartından 5269,9 manat pul vəsaiti oğurlanmışdır. İddiaçının təqdim etdiyi ödəniş kartı üzrə çıxarışdan görünür ki, 14.06.2021-ci il tarixdə hər hansı məbləğdə əməliyyat aparılmamışdır. Belə ki, 12.06.2021ci il tarixdə aparılmış əməliyyatlar 14.06.2021-ci il tarixdə təsdiqləndiyi üçün iddiaçı 14.06.2021-ci il tarixdə əməliyyatın aparılmasını zənn edib. Belə ki, səs yazısından görünür ki, bankın əməkdaşı iddiaçıya 12.06.2021-ci il üçün kartda 320 manat pul vəsaitinin qaldığını bildirir. Nəzərə alınsa ki, kredit limiti 7940 manatdır, belə olan halda sonuncu 7619,90 manat borc məbləğinin yarandığı tarix 12.06.2021-ci il tarixi ilə ödəniş kartı üzrə çıxarışda eynilik təşkil edir. Buradan isə sübut olunur ki, ödəniş kartı üzrə çıxarışda olan birinci sütun əslində əməliyyatın təsdiqləndiyi tarixdir. Əməliyyatın aparıldığı tarix isə beşinci sütunda göstərilir. Qeyd olunanlara əsasən, İddiaçı Banka qarşı olan iddiasının rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatları dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. İş materiallarında olan 17 iyul 2021-ci il tarixli cinayət işinin başlanmasına dair qərarın ləğv edilməsi, cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, vət. İddiaçı müraciəti əsasında toplanmış material üzrə RPİ-nin 34-cü PŞ-nin PB-nin təhqiqatçısı, polis mayoru Ramil Əhmədovun 28 iyun 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı əsassız və qanunsuz olduğu üçün ləğv olunmuşdur. Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsilə cinayət işi başlanılmış, cinayət işi üzrə istintaqın aparılması üçün Xətai RPİ-nin İŞ-nə göndərilmişdir. İş materiallarında olan Cavabdeh ASC tərəfindən ünvanlanan mətn mesajlarının fotoşəklindən görünür ki, iddiaçıya məxsus kart hesablarından tutulmalar olmuşdur. İş materiallarında olan 21 fevral 2022-ci il tarixli 3029 saylı "xxxx" MMC-nin məhkəməyə göndərildiyi məktubundan görünür ki, məhkəmənin məktubuna əsasən qeyd olunan ********* saylı nömrəyə 11.06.2021-14.06.2021-ci il tarixlərində daxil olan zənq və SMS siyhısını, mövcüd olan SMS mətnlərinə və abunəçilərə dair məlumat təqdim edilir. Qeyd etdiyiniz **********6 nömrədən ********* nömrəyə göstərilən müddətdə zənq və SMS daxil olmamışdır. İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış BRED1465739A142 nömrəli kredit kartına dair müqavilənin 11-ci bəndinə əsasən, kredit xəttindən ilkin olaraq Müştəri tərəfindən istifadə edilə biləcək məbləğ Bank tərəfindən 7940 AZN müəyyən olunur. Tərəflər razılığa gəlirlər ki, Müştəri bu müqavilənin 22-ci hissəsində qeyd edilən mobil nömrəsinə SMS vasitəsilə göndərilmiş bildirişi (məlumatı) SMS-də göstərilmiş qaydada təsdiq etməklə, habelə ATM və ya Bankın mobil tətbiq və digər texnoloji (texniki) vasitələrindən (bundan sonra-texnoloji vasitələr) müvafiq qaydada istifadə etməklə, kredit xəttinin istifadə edilə biləcək məbləğini 15000 AZN-dək olan müvafiq məbləğ həddində, SMS və digər texnoloji vasitələrlə razılaşdırılmış məbləğdə və şərtlərdə artıra və ya azalda, həmçinin Müqavilənin digər şərtlərini dəyişdirə və ya ona xitam verə bilər. Müvafiq qaydada kredit xəttinin məbləğinin artırılması, azaldılması, habelə Müqavilənin şərtlərinin dəyişdirilməsi, ona xitam verilməsi və ya digər hərəkətlərin edilməsi yalnız Bank tərəfindən təsdiq edildikdə qüvvəyə minir. Müştəri və Bank təsdiq edir ki, SMS vasitəsilə göndərilmiş bildirişin Müştəri tərəfindən təsdiq edilməsi, habelə texnoloji vasitələrlə müvafiq hərəkətlərin (təsdiqləmələrin) edilməsi Müştəriyə məxsus şəxsi imzanın analoqu kimi qiymətləndirilir və onun şəxsi imzası ilə eyni hüquqi qüvvədədir. Müştəri anlayır və təsdiq edir ki, bu Müqavilənin üzrə əməliyyatların icrası ilə əlaqədar özünə aid eyniləşdirmə məlumatlarının məxfi saxlanılması, təhlükəsizliyinin təmin edilməsi, habelə üçüncü şəxslərə verilməməsi ilə bağlı tədbirlər görməlidir. Bank məlumat mübadiləsinin təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görəcəkdir, lakin Müştərinin təqsiri ucbatından həmin məlumatların üçüncü şəxslər tərəfindən istifadə edilməsi ilə bağlı Müştəriyə dəymiş zərərə (ziyana) görə Bank məsuliyyət daşımır. İş materiallarında olan Cavabdeh ASC-nin İddiaçı ünvanlanmış 17 iyul 2021-ci il tarixli məktubundan görünür ki, iddiaçı ilə Bankın “Gənclik mall” filialı arasında 19.09.2019cu il tarixdə limiti 7940 manat olan kredit kartına dair müqavilə rəsmiləşdirilmişdir. Müqavilədə tərəflərin hüquq və öhdəlikləri, öhdəliklərin icra qaydası və digər şərtlər razılaşdırılmışdır. Müqaviləyə əsasən əsas və faiz borcları qədər vəsait borcalanın sərəncamı olmadan onun istənilən bank hesabından akspetsiz qaydada tutula (silinə) bilər və ya borclar ödənilənədək borcların məbləği həcmində vəsait borcalanın istənilən hesabında bloklaşdırıla bilər. Müqavilədə faiz tətbiqinin dayandırılması, borcun və ya onun bir hissəsinin bağışlanması nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 390.1-ci maddəsinə əsasən fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 1096.1-ci və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı 11 iyun 2021-ci il tarixdə özünü X1 təqdim edən şəxs +**********6 mobil nömrəsindən votsap proqramı vasitəsilə onunla əlaqə saxlayaraq satış üçün internet elan saytlarında yerləşdirilən mebelləri almaq adı ilə Cavabdeh ASC-yə məxsus hər hansı bank kartına mebellərin dəyərini ödəyə biləcəyini bildirdikdən sonra, tərəfindən hesabında heç bir pul məbləği olmayan, faktiki olaraq boş vəziyyətdə olan sözügedən banka aid bir ədəd bank kartının üz tərəfinin şəkili WhatsApp proqramı vasitəsilə ilə ona göndərilmişdir. İddiaçı 12.06.2021-ci il tarixdə pul vəsaitinin köçürülüb-köçürülmədiyini yoxlamaq üçün bankomatda həmin kartı yoxlayarkən pulun köçürülmədiyini müşahidə etdi. Bundan sonra “Kapital Bank" ASC-yə məxsus növbəti əmək haqqı kartının bankomatda yoxlayarkən onda olan 400 manat civarında əmək haqqı məbləğinin mövcud olmadığını gördü və dərhal yenə həmin banka məxsus olan və içərisində pul vəsaitləri olmalı olan digər 2 ədəd maaş kartlarının da boş olduğunu müəyyən etdi. Elə həmin vaxt, yəni 12.06.2021-ci il tarixdə bankın 196 müştəri xidməti nömrəsinə zəng edərək məlumat verdi və kart hesablarına kənar müdaxilə olunduğunu bildirərək, onların bloklanmasını və məsələnin araşdırılmasını xahiş etdi. Eyni zamanda hüquq mühafizə orqanlarına da məlumat verildi və Bakı şəhəri Xətai rayon Prokurorluğu tərəfindən 17.07.2021-ci il tarixdə Azərbaycan Resublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə cinayət işi başlanılmış və cinayət işi üzrə istintaqın aparılması Xətai rayon Polis İdarəsinə həvalə olunmuşdur. Bundan başqa müəyyən edilmişdir, iddiaçının əmək haqqı kartlarındakı ümumilikdə iki min yüz on manat əmək haqqlarının və 12.09.2019-cu il tarixli “Kredit kartına dair müqavilə” əsasında da ona verilmiş "BirKart" kredit kartında kredit xətti olaraq ayrılmış 7940 manat pul vəsaiti oğurlanaraq xarici ölkələrdəki ona məlum olmayan bank hesablarına köçürülmüşdür. Məhkəmə baxışı zamanı "xxxx" ASC tərəfindən təqdim edilmiş İddiaçı bankın 196 müştəri xidməti nömrəsinə 12 iyul 2021-ci il tarıxdə daxil olan zəngi əks etdirən səs yazısının diski tərəflərin iştirakı ilə dinlənilmiş və müəyyən edilmişdir ki, 11-12 iyul 2021-ci il tarixlərdə İddiaçı məxsus kartlarından, həmçinin "BirKart" kredit kartından pul vəsaitləri silinmiş və həmin tarixdə onun "BirKart" kredit kartında 320 manat məbləğində pul vəsaiti qalmışdır. İddiaçı ona məxsus kartları dərhal bloklanmasını bankın əməkdaşından xahiş etmişdir. Göründüyü kimi, İddiaçı 11 iyun 2021-ci il tarixdə faktiki olaraq boş vəziyyətdə olan Cavabdeh ASC-yə aid bir ədəd bank kartının üz tərəfinin şəkili WhatsApp proqramı vasitəsilə ilə naməlum şəxsə ötürülmüş və bundan sonra onun Cavabdeh ASC-yə aid olan digər kartlardan müxtəlif məbləğlərdə pul vəsaiti naməlum şəxslər tərəfindən oğurlanmışdır. 12 iyun 2021-ci il tarixdə İddiaçı Banka zəng edərək, məlumat vermiş və bütün kartların bloklaşdirilmasını xahiş etmişdir. Beləliklə onun əmək haqqı kartlarından 2110 manat, "BirKart" kredit kartından isə kredit kartı olaraq ayrılmış 7940 manat məbləğində pul vəsaiti oğurlanaraq xarıci ölkələrdəki olan naməlum bank hesablarına köcürülmüşdür. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanılmış BRED1465739A142 saylı kredit kartına dair müqaviləyə əsasən İddiaçı özünə aid eyniləşdirmə məlumatlarının məxfi saxlanılmalı, təhlükəsizliyinin təmin edilməli, üçüncü şəxslərə verilməməsi ilə bağlı tədbirlər görməlidir. Lakin, İddiaçı adı cəkilən müqavilənin şərtlərinə əməl etməmiş, bir ədəd bank kartının üz tərəfinin şəkili WhatsApp proqramı vasitəsilə ilə naməlum şəxsə ötürmüş, özünə aid eyniləşdirmə məlumatlarını məxfi saxlamamış və nəticədə onun bank hesablarından 2110 manat və 7940 manat pul vəsaiti naməlum şəxs tərəfindən oğurlanmışdır. Beləliklə, iddiaçı, onun əmək haqqı kartlarından oğurlanmış 2110 manat məbləğində əmək haqqının Cavabdeh ASC-dən tutularaq ona geri qaytarılması, “Birkart” kredit kartından oğurlanmış 7940 manat pul vəsaitinin kredit borcu kimi qiymətləndirilib həmin vəsaitlərin və ona hesablanmış faizlərin onun əmək haqqı hesablarından tutulması barədə cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və kredit borcu olaraq əmək haqqı kartlarından tutulmuş bütün vəsaitlərin cavabdehdən tutularaq ona qaytarılması iddia etsə də, bununla bağlı sübutları məhkəməyə təqdim edə bilmədi və məhkəmə baxışı zamanı bu, öz təsdiqi tapmadı. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı “əmək haqqı kartlarından oğurlanmış 2110 manat əmək haqqlarının geri qaytarılması, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı “əmək haqqı kartlarından oğurlanmış 2110 manat əmək haqqlarının geri qaytarılması, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-417/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-417/2022
11.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver