Məhkəmə qərarları › İş №2(006)-4179/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4179/2022

11.11.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4179/2022 11.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi -Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı - İddiaçı, Cavabdeh “X6 və Ticarət Anonim Şirkəti”-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi – Nümayəndə, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi – X2 iştirakları ilə, İddiaçı cavabdeh “X6 və Ticarət Anonim Şirkəti”-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı «əmək müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “X6 və Ticarət Anonim Şirkəti”-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə qarşı «əmək müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X6 ve Ticaret Anonim şirketi” Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən elektron sistemə əlavə olunmuş əmək müqaviləsi bildirişinin etibarsız hesab edilməsi və işsiz qaldığı üçün iddiaçıya dəymiş maddi və mənəvi zərər üçün 200.000 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəylə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixli əmək müqaviləsinin, qeyd olunan müqavilənin elektron sistemə daxil edilməsinə dair xx.xx.2017-ci il tarixli xxxxxxx000500 nömrəli və qeyd olunan müqavilənin xitam edilməsinə dair sistemə əlavə edilmiş xx.xx.2018-ci il tarixli xxxxxxx0005X0 nömrəli bildirişlərin etibarsız hesab edilməsi, işsiz qaldığı üçün iddiaçıya dəymiş maddi zərər üçün 100.000 manat və mənəvi zərər üçün 200.000 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti cavabdehlər siyahısından çıxarılaraq mülki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2017-ci il dekabr ayının 23-də xəbəri olmadan cavabdeh “X6 ve Ticaret Anonim şirketi” Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən elektron sistemə əmək müqaviləsi bildirişi əlavə olunmuşdur. Bundan hər hansı məlumatı olmamışdır. Elektron sistemə baxdıqda görünür ki, 2018-ci il yanvar ayının 6-da əsassız olaraq elektron sistemə əlavə olunmuş əmək müqaviləsi bildirişinə Əmək Məcəlləsinin 72-ci maddəsinin "ç" bəndi ilə xitam olunmuşdur. Halbuki onun həmin şirkətdə heç bir fəaliyyəti olmadığı üçün adıçəkilən maddənin tətbiq edilməsi tamamilə qanunsuz və əsassızdır. Həmin əmək müqavilələrin bağlanması bildirişlərinin etibarsız hesab edilməsi barədə rəsmi qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X3 Xidmətinə bir neçə dəfə müraciət etmiş, müraciətlərinə cavab kimi tələb olunan sənədlərin təqdim olunması müəssisə tərəfindən təmin edilmədiyindən müraciətlərinin araşdırılmasının mümükün olmadığı bildirilmişdir. Beləliklə, əmək hüquqları pozulmuşdur və pozulmaqda davam edir. Heç bir yerdə əsas iş yeri üzrə rəsmi qaydada əmək müqaviləsi bağlaya bilmir. Çünki, cavabdehlə aktiv əmək müqaviləsi sistemdə görünür. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh “X6 və Ticarət Anonim Şirkəti”-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi Nümayəndə iddia tələbinin qismən təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi X4 iddia tələbi barədə qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iddiaçının, cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: Azərbaycanın Vahid Sosial Reyestrindən (e-sosial) çıxarışlardan görünür ki, cavabdeh tərəfindən iddiaçı xx.xx.2017-ci il tarixli xxxxxxx000500 nömrəli əmək müqaviləsinə əsasən çilingər-montajçı vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2018-ci il tarixdə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Sosial arayışdan görünür ki, iddiaçı xx.xx.2017-ci il tarixli xxxxxxx000500 nömrəli əmək müqaviləsinə əsasən cavabdehdə montajçı vəzifəsinə qəbul edilmiş və xx.xx.2018ci il tarixdə əmək müqaviləsi qüvvədən düşmüşdür. ИТ-İ seriyalı ******* saylı Əmək kitabçasından görünür ki, əmək kitabçasında iddiaçının cavabdehdə işə qəbul edilməsi və ya işdən azad olunması barədə qeyd yoxdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, cavabdeh tərəfindən iddiaçının xx.xx.2017-ci il tarixli xxxxxxx000500 nömrəli əmək müqaviləsinə əsasən çilingər-montajçı vəzifəsinə işə qəbul edilməsi və xx.xx.2018-ci il tarixdə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə Azərbaycanın Vahid Sosial Reyestrində (e-sosial) məlumatlar daxil edilmişdir. Lakin cavabdeh tərəfindən iddiaçının işə qəbul edilməsi və işdən azad edilməsi barədə əmrlər qəbul edilməmiş, iddiaçı cavabdehdə işləməmiş və aralarında hər hansı əmək münasibətləri mövcud olmamışdır. Eyni zamanda, iddiaçıya məxsus əmək kitabçasında da cavabdeh tərəfindən iddiaçının işə qəbul edilməsi və işdən azad edilməsinə dair hər hansı bir qeyd yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçı barəsində Azərbaycanın Vahid Sosial Reyestrinə daxil edilmiş işə qəbul edilməsinə dair əmək müqaviləsi və işdən azad olunmasına dair bildiriş həqiqətə uyğun olmadığından, etibarsız hesab edilməlidirlər. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). İddiaçı iddia tələbində maddi ziyana görə 100000 manat tələb etsə də, maddi zərərin nədən ibarət olmasını əsaslandıra bilməmiş, eyni zamanda göstərilən məbləğdə maddi zərərin dəydiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia maddi zərərə aid hissədə də təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. İddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsinə hüquqi qiymət verərək, məhkəmə aşağıdakıların qeyd olunmasını zəruri bilir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Konstitusiya Məhkəməsinin göstərilən Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Belə ki, Ali Məhkəmənin Plenumu qeyd olunan Qərarda göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı ona vurulmuş mənəvi zərərin nədən ibarət olmasını da əsaslandıra bilməmişdir. İş materiallarından göründüyü kimi, hazırda iddiaçı ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etsə də, mənəvi zərərin dəydiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia mənəvi zərərə aid hissədə də təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2017-ci il tarixli əmək müqaviləsi, qeyd olunan müqavilənin elektron sistemə daxil edilməsinə dair xx.xx.2017-ci il tarixli xxxxxxx000500 nömrəli və qeyd olunan müqavilənin xitam edilməsinə dair sistemə əlavə edilmiş xx.xx.2018-ci il tarixli xxxxxxx0005X0 nömrəli bildirişlər etibarsız hesab edilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. “X6 və Ticarət Anonim Şirkəti”-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin İddiaçı ilə bağladığı xx.xx.2017-ci il tarixli əmək müqaviləsi, qeyd olunan əmək müqaviləsinin elektron sistemə daxil edilməsinə dair xx.xx.2017-ci il tarixli xxxxxxx000500 nömrəli və qeyd olunan əmək müqaviləsinin xitam edilməsinə dair sistemə əlavə edilmiş xx.xx.2018-ci il tarixli xxxxxxx0005X0 nömrəli bildirişlər etibarsız hesab edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar