Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4180/2022 28.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçın cavabdeh X4rşı "alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları 182 ünvanında yerləşən fərdi yaşayış evini iddiaçı 1989-cu ildə Oqenyan Yaşa adlı şəxsdən nəğd şəkildə pulunu ödəməklə almışdır. Həmin vaxt tərəflər arasında notariat kontoruna gedib alğı-satqını rəsmiləşdirmək barədə razılaşma olsa da, 1989-cu il hadisələri nəticəsində iddiaçının mənzili aldığı şəxsin Azərbaycanı tərk etməsi səbəbindən bu mümkün olmamışdır. İddiaçı tərəfindən 2003-cü ildə Nəsim Rayon Məhkəməsinə ərizə ilə müraciət edilərək həmin mənzilə istifadə hüququnun tanınması və ailə üzvləri ilə birlikdə həmin evə daimi pasport qeydiyyatına götürülməyi barədə qətnamə qəbul oluması xahiş edilmişdir. Məhkəmənin 2-2001 saylı qətnaməsi ilə iddiaçının iddia tələbi təmin edilmiş və bu barədə qətnamə qəbul olunmuşdur. Həmin fərdi yaşayış evinə dair bütün kommunal ödənişlər iddiaçı tərəfindən ödənilir və bununla bağlı müqavilələr iddiaçı ilə bağlanır. Göstərilənlərə əsasən, 1989-cu ildə İddiaçı ilə Yaşa Oqanyan arasında Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları 182 ünvanında yerləşən fərdi yaşayış evinə dair faktiki alğı-satqının bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
3. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə ilə müraciət edərək cavabdeh İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin əsl cavabdeh Yaşa Oqanyan ilə əvəz edilməsi və Yaşa Oqanyanın iş üzrə cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir.
4. Həmçinin iddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə ilə müraciət edərək bildirmişdir ki, iddia ərizəsi tərtib edilərkən texniki olaraq iddiaçı ilə cavabdeh bölmələrində səhv olaraq ərizəçi və maraqlı şəxs qeyd edilmişdir. İddia ərizəsində qeyd edilən ərizəçi qrafasını iddiaçı, maraqlı şəxs qrafasını isə cavabdeh kimi qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. Məhkəmə iclasında şahid X2 izahat verərək bildirmişdir ki, İddiaçı onun 1988-ci ildən bəridir qonşusudur. Onlar Ermənistandan qaçqın düşəndə hər ikisinin ailəsi yaşamaq üçün ev axtarırmışlar. Həmin vaxt Mustafa əslən erməni olan Yaşa Oganyandan ev almışdır. Sonradan onlara məlum olmuşdur ki, Yaşa Oganyan adlı şəxs ölkədəki qarşılıqlıq səbəbindən Azərbaycanı tərk etmişdir. O vaxtdan Mustafa ailəsi ilə birlikdə həmin evdə yaşayır.
7. Məhkəmə iclasında şahid X3 izahat verərək bildirmişdir ki, Mustafanı 1989-cu ildən bəridir qonşusudur. Onu tanıyan vaxtdan hazırki mübahisə edilən evdə ailəsi ilə birlikdə yaşayır. Onda olan məlumata görə Yaşa ilə Mustafa arasında həmin evlə bağlı pul haqhesabı olmuş və razılıq əldə olunmuşdur ki, ev Mustafaya satılsın. Bunun müqabilində də Mustafa tərəfindən Yaşaya pul ödənilmişdir. Onlar aralarında bağlanan müqaviləni təsdiqlətmək üçün notariusa getməyi planlaşdırsa da, Yaşanın təcili ölkəni tərk edərək Ermənistana köçməsi səbəbindən bu baş tutmamışdır.
8. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
9. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 08 sentyabr 2003-cü il tarixli, 2-2001 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, X1 Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları küçəsi, 182 saylı evdən istifadə hüququnun tanınması və o, ailə üzvləri ilə birlikdə həmin evə daimi pasport qeydiyyatına götürülməsi qət edilmişdir.
10. İş materiallarında olan “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” pasportun surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları küçəsi, 182 saylı ev X8 məxsusdur.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
11. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları küçəsi, 182 saylı evin sahibi X10 adlı şəxdir. İddiaçının nümayəndəsi və vəkilinin izahatına əsasən X10 ilə İddiaçı arasındakı razılaşmaya əsasən X10 həmin evi 1989-cu ildə İddiaçı satmışdır. Lakin X10 ölkəni tərk etməsi səbəbindən alğı-satqı müqaviləsini rəsmi olaraq bağlamaq mümkün olmamışdır. Hazırda İddiaçı onunla cavabdeh X10 arasında alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
12. Məhkəmə iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbləri ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
14. Məhkəmə hesab edir ki, tərəflər arasında münasibətlər 1989-cu ildə yarandığından hazırkı mübahisə xx.xx.2000-ci ilədək qüvvədən olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin normalarına əsasən həll edilməlidir.
15. Qeyd olunan Mülki Məcəllənin 39-cu maddəsinin 1-ci hissəsinə əsasən vətəndaşların və təşkilatların mülki hüquqlarının və ya vəzifələrin əmələ gəlməsinə, dəyişməsinə və ya xitam edilməsinə yönəldilmiş hərəkətləri əqd hesab edilir.
16. Həmin Məcəllənin 43-cü maddəsinin 1-ci hissəsinə görə əqdlərin notarial qaydada təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunla tələb olunan notariat formasına riayət edilməməsi əqdin etibarsızlığına səbəb olur.
17. Bu Məcəllənin 87-ci maddəsinə əsasən mülkiyyətçiyə qanunla müəyyən edilmiş həddə əmlaka sahiblik, əmlakdan istifadə və onun üzərində sərəncam vermək hüququ verilir.
18. Mülki Məcəllənin 100-1-ci maddəsinə əsasən mülkiyyətində mənzil, yaşayış evi, bağ, qaraj, başqa bina və tikililər olan vətəndaş həmin mülkiyyət barəsində öz istəyinə görə sərəncam vermək: bunları satmaq, bağışlamaq, vəsiyyət etmək, icarəyə vermək, bunlar barəsində qanuna zidd olmayan başqa əqdlər bağlamaq hüququna malikdir.
19. Qeyd olunan normaların hüquqi mənasına görə əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Belə ki, əvvəlki mülki qanunvericilik əqdin yazılı formasına riayət edilmədiyi halda tərəfləri səhv məhkəmə aktlarından qorumaq məqsədilə bir sıra digər təminatlar da nəzərdə tutmuşdur. Belə təminatlardan biri həmin Məcəllənin 42-ci maddəsində öz əksini tapmışdır. Bu normaya görə əqdin qanunla tələb olunan sadə yazılı formasına riayət edilməməsi, mübahisə zamanı tərəfləri, əqdi təsdiq etmək üçün şahid ifadələrinə istinad etmək hüququndan məhrum edir, qanunda bilavasitə göstərilən hallarda isə, bu Məcəllənin 44-cü maddəsində nəzərdə tutulan nəticələrlə əqdin etibarsızlığına səbəb olur. Həmin maddədə isə nəzərdə tutulmuşdur ki, qanunun tələblərinə müvafiq olmayan əqd etibarsızdır. Qanunla tələb olunan formaya riayət etməmək əqdin etibarsızlığına, yalnız belə nəticə bilavasitə qanunda göstərildiyi halda səbəb olur.
20. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2006-cı il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyindən göründüyü ki, göstərilən maddənin (43-cü maddənin) tələblərinə görə tərəflərin biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır. Konstitusiya Məhkəməsinin Plenumu özünün İ.K.Rəcəbovun şikayəti üzrə 22 mart 2006-cı il tarixli qərarındakı əqdin notarial formasına riayət edilməməsinin nəticələri ilə əlaqədar hüquqi mövqeyini bir daha təsdiq etməklə vurğulayır ki, göstərilən müddəanın mahiyyətinə görə əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Bu məqam qanunvericiliklə yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Yaşayış evinin alğı-satqısı haqqında müqavilə də belə əqdlərdən biridir.
21. Məhkəmə həmçinin şahid ifadələrinin sübut kimi qiymətləndirilə bilinməməsi ilə bağlı qeyd edir ki, bununla bağlı Azərbaycan Respublikasının Konstitusiyası Məhkəməsinin Ə.Ə.Nəsibovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 15 aprel 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 03 may 2012-ci il tarixli qərarındakı hüququ mövqe ondan ibarət olmuşdur ki, “Əvvəlki mülki qanunvericilik eyni zamanda əqdin yazılı formasına riayət edilmədiyi halda tərəfləri səhv məhkəmə aktlarından qorumaq məqsədi ilə bir sıra digər təminatlarıda nəzərdə tutmuşdur. Belə təminatlardan biri əvvəlki MM-in 42-ci maddəsində öz əksini tapmışdır. Bu normaya görə əqdin qanunla tələb edilən sadə yazılı formasına riayət edilməməsi, mübahisə zamanı tərəfləri, əqdi təsdiq etmək üçün şahid ifadələrinə istinad etmək hüququndan məhrum edir. “
22. Məhkəmə qeyd edir ki, iddiaçı mübahisəli mənzili 1989-cu ildə X5 aldığını iddia etsə də, tələbini əsaslandıra biləcək mötəbər sübutları (cavabdeh ilə aralarında bağlanmış ilkin yazılı sübutu) məhkəməyə təqdim edə bilməmişdir.
23. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi).
24. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz.
25. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
26. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
27. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
28. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir.
29. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
30. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, irəli sürülmüş iddia tələbi yalnız iddiaçının formal və heç bir dəlilə, sübuta əsaslanmayan mülahizəsindən ibarət olduğundan İddiaçın cavabdeh X4rşı "alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi" tələbinə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilə bilməz.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
33. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
34. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
35. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
36. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
37. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı halda iddia tələbi təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
38. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq,
QƏT ETDİ:
İddiaçın cavabdeh X4rşı "alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi" tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov