Məhkəmə qərarları › İş №2(006)-4262/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4262/2020

22.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4262/2020 22.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Ağayev Cavad Elşad oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsindən istifadə hüququnun olmamasının müəyyən edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xüsusi mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Asif Məhərrəmov küçəsi 64 saylı evin 57 saylı mənzilindən (yaşayış sahəsindən) istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xüsusi mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Asif Məhərrəmov küçəsi 64 saylı evin 57 saylı mənzilindən (yaşayış sahəsindən) istifadə hüququnun olmamasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri Nəsimi rayonu Asif Məhərrəmov küçəsi 64 saylı evin 57 saylı, 39,90 m2 ümumi sahədən, iki otaqdan ibarət olan mənzilini alğı-satqı müqaviləsinə əsasən xx xxxxxxx 2019-cu il tarixdə almışdır. Həmin müqaviləyə əsasən o, aldığı mənzilə dair Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX tərəfindən reyestr nömrəsi **********91-05101-093024 olan çıxarış almışdır. Həmin tarixdən etibarən mənzil onun xüsusi mülkiyyətindədir. Lakin əvvəllər mənzildə qeydiyyatda olan Cavabdeh mənzil onun mülkiyyətinə keçdikdən sonra da, həmin ünvanda qeydiyyatda qalmaqda davam edir. Əslində isə cavabdehin bu qeydiyyatı formal xarakter daşıyır. Eyni zamanda onun mülkiyyətçi kimi hüquqlarını pozur. xx xxxxxx 2019-cu il tarixdə cavabdehlə aralarında bağlanmış alğı-satqı müqaviləsinin 13-cü bəndinə əsasən satıcı və qeydiyyatda olan şəxslər xx.xx.2019-cu il tarixədək ailə üzvləri ilə birlikdə qeydiyyatdan çıxmağı öz öhdəsinə götürmüşdür. Cavabdehin qeydiyyatda qalması ona bir çox çətinliklər yaradır. Belə ki, o, cavabdehin əvəzinə kommunal xərclər ödəyir. İkincisi, cavabdeh qarşısında heç bir öhdəliyi yoxdur ki, sonuncunun onun mülkiyyətində olan mənzildə qeydiyyatda qalmasına razılaşa. Həmçinin, cavabdehin onun mənzilində qeydiyyatda qalması mənzil üzərində sərəncam vermək və sair hərəkətlər etmək hüquqlarını məhdudlaşdırır. Şəxsin pasport qeydiyyatı onun yaşayış yeri olmalıdır. Çünki, şəxsin öz yaşayış yeri üzrə qeydiyyatda olması şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi məsələsini asanlaşdırır. Bu səbəbdən, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 3 saylı Bakı «ASAN xidmət» mərkəzində notariat ofisində bağlanmış xx.xx.2019-cu il tarixli AN-İ seriyalı ******* saylı alğı-satqı müqaviləsindən görünür ki, Cavabdeh xüsusi mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Asif Məhərrəmov küçəsi 64 saylı evin 57 saylı mənzilini İddiaçı satmışdır. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Asif Məhərrəmov küçəsi 64 saylı evin 57 saylı mənzili xüsusi mülkiyyət kimi İddiaçı adına qeydiyyata alınmışdır. «Elektron notariat» AİS-dən çıxarışdan görünür ki, alğı-satqı müqaviləsinin bağlanmasından uzun müddət keçməsinə baxmayaraq Cavabdeh azyaşlı ailə üzvləri ilə birlikdə iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Cavabdehin qeyd olunan mənzildə qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqlarını, həmçinin mülkiyyət hüququnun tərkib hissəsi olan sərəncam hüququnu məhdudlaşdırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyanın alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunveiciliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarından göründüyü kimi, Bakı şəhəri Nəsimi rayonu Asif Məhərrəmov küçəsi 64 saylı evin 57 saylı mənzilinin keçmiş mülkiyyətçisi alğı-satqı müqaviləsinə əsasən həmin mənzili alıcı İddiaçı üçüncü şəxslərin hüquqlarından azad verməyi və müqavilə notarial qaydada təstiq olunduğu tarixdən razılaşdırılmış müddətdə satdığı mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Lakin mənzilin keçmiş mülkiyyətçisi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, özü və ailə üzvləri mənzili boşaldaraq alıcıya təhvil verib, başqa yaşayış yerinə getsələr də, keçmiş mülkiyyətçi mənzildən qeydiyyatdan çıxmamış və mənzil üçüncü şəxslərin hüquqlarından azad olunmamışdır. Hazırda keçmiş mülkiyyətçinin adına qeyd olunan mənzilin dövlət reyestrində qeydiyyat yazısı ləğv edilmiş və həmin mənzil mülkiyyət hüququ üzrə dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmışdır. Hazırda iddiaçının qanunla qorunan mülkiyyət hüquqları pozulduğundan, o, məhkəmədə haqlı olaraq iddia qaldırmaq məcburiyyətində qalmışdır. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri Nəsimi rayonu Asif Məhərrəmov küçəsi 64 saylı evin 57 saylı mənzilindən istifadə hüququnun olmaması müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri Nəsimi rayonu Asif Məhərrəmov küçəsi 64 saylı evin 57 saylı mənzilindən istifadə hüququnun olmaması müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar